Sərdar Cəlaloğlu: “Qərb 2018 seçkilərində müxalifətin üzərində heç bir plan qurmur”

Sərdar Cəlaloğlu: “Qərb 2018 seçkilərində müxalifətin üzərində heç bir plan qurmur” “Rəsul Quliyevə o qədər yanlış informasiyalar verirdilər ki, qorxuya düşdü və bu qorxunun təsiri altında hakimiyyətə gəlmək imkanını əldən verdi”

ADP sədri Sərdar Cəlaloğlu günün bir sıra aktual suallarını “Yeni Müsavat”a müsahibəsində cavablandırıb. Sərdar Cəlaloğluna ilk sualımız son günlər müxalifət düşərgəsində müzakirə olunan mitinq və bundan ortaya çıxan müxalifətdaxili gərginliklə bağlı oldu.

- Müxalifətin birgə mitinqinin keçirilməsi məsələsi Müsavat Partiyasında gündəmə gətirilib. Müsavat Məclisinin üzvləri tərəfindən təklif irəli sürülüb ki, mitinqin təşkilatçısı, məsələn, NİDA Vətəndaş Hərəkatı olsun, Müsavat, AXCP və digər partiyalar isə mitinqdə iştirak etsinlər. Müsavatçılar tərəfindən irəli sürülən bu təklif Milli Şura tərəfindən dərhal vuruldu. Milli Şura özünün mitinq keçirəcəyini bəyan etdi və mitinqin tarixini təyin etmək üçün xalqa sosial şəbəkədə müraciət ünvanlandı. Siz tərəflərdən hansının mövqeyinin doğru olduğunu düşünürsünüz?

- Əvvəla, onu deyim ki, iqtidar illərdir müxalifətin mövcudluğunu xalqa unutdurmaq istəyir. Eyni zamanda çalışırlar ki, müxalifət partiyaları kiçik QHT-lər şəklinə düşsün. İndi müxalifət düşərgəsindən irəli sürülən təkliflər də dolayısı ilə hakimiyyətin bu istəyi ilə üst-üstə düşür.
Milli Şuranın xalqa mitinqin vaxtını təyin etməklə bağlı müraciəti də, Müsavatın mitinqin təşkilatçılığını hansısa QHT-nin həyata keçirməsi barədə ideyası da bu baxımdan zərərlidir. İndiki vəziyyətdə Milli Şura neçə dəfə mitinq keçirsə belə, uğursuzluğa düçar olacaq. Milli Şuranın heç bir kənar siyasi partiya ilə mitinq keçirməməsi, heç bir qüvvə ilə siyasi əməkdaşlıq etməməsi, özündən başqa heç kimi müxalifət saymaması əslində müxalifətin bir araya gəlməsində ən ciddi problemlərdən biridir. Milli Şuranın rəhbərliyi bu mövqeyini açıq şəkildə ifadə edib. Bunu Müsavat Partiyası dolayısı, Milli Şura-AXCP isə açıq ifadə eləyib. Onlar deyirlər ki, bizdən başqa müxalifət yoxdur. İndi Müsavat Partiyasından irəli sürülən təklifdən belə çıxır ki, partiyalar hansısa QHT-nin ətrafında birləşməlidir. Siyasi partiyaların QHT ətrafında birləşməsi anormal haldır. Məni maraqlandıran odur ki, nə üçün Müsavat və AXCP müxalifətin adı altında və müxalifətin birgə mitinqlərinin keçirilməsinə razı deyillər. İndiyəqədərki çoxsaylı təcrübələrdən də qeyri-siyasi şəxslərin və təşkilatların ətrafında yaradılan birliklərin böyük uğursuzluğa düçar olduğunu görmüşük. Mən hesab edirəm ki, əgər kütləvi aksiyalar keçiriləcəksə, bu, müxalifətin ümumi aksiyası kimi olmalı, bütün müxalif partiyalar orada iştirak etməlidir. Əgər belə olmayacaqsa, heç bir ictimai təşkilatın adı altında siyasi müxalifətin aksiyalar keçirməsi düzgün olmayacaq.

Kütləvi aksiyaların keçirilməsi sosial sifarişin olmasını tələb edir. Əgər bu gün biz kortəbii kiçik çaplı aksiyaların keçirilməsini görmürüksə, deməli, biz təşkil olunmuş böyük mitinqlər keçirə bilmərik. Çünki sosial sifariş yoxdur. Sosial sifariş yoxdursa, buna uyğun olmayan hansı təklif irəli sürülsə, xalq tərəfindən qəbul olunmayacaq, bir müddət əvvəl keçirilən son mitinqlərdə olduğu kimi 1000 nəfər adam qatılacaq və sən də mitinq keçirmək qərarından imtina edəcəksən.

- Prezident seçkilərinə 1 il qalıb. Seçki ilində müxalifətin birliyi, seçkidə vahid namizədlə iştirakı mümkün olacaqmı?

- Bu, asılı olacaq bizim seçkilərdə hansı prinsiplə iştirak etməyimizdən. Seçkilərdə iki prinsiplə iştirak edilir. Birincisi, nəyin bahasına olur-olsun seçkidə iştirak. İkinci prinsip isə seçkidə iştirak xatirinə iştirak. Əgər müxalifət nəyin bahasına olur-olsun seçkidə iştirak etmək prinsipi ilə seçkiyə qoşulacaqsa, o zaman çox ciddi şəkildə kimin liderliyi altında seçkiyə getmək məsələsi müzakirə olunmalıdır. Həm liderin şəxsi reputasiyası çox yüksək olmalıdır, həm xüsusi resurslar olmalıdır. Əgər müxalifət seçkilərdə iştirak xatirinə seçkiyə qatılmaq prinsipi ilə seçkiyə gedəcəksə, o zaman bütün müxalifətin bir lider ətrafında birləşməsinin elə də əhəmiyyəti olmaz. Ona görə də belə vəziyyətdə müxalifətdən 3-4 nəfər tanınmış namizəd çıxmalıdır və seçki kampaniyasının verdiyi imkanlardan istifadə eləyib ölkənin, xalqın problemlərinə diqqəti yönəltməlidir, həll yollarını göstərməlidir. İndiki halda Azərbaycanda indiki müxalif siyasi liderlərdən heç kəs nəyin bahasına olur-olsun prinsipi ilə seçkidə iştirak etməyə nə hazırdır, nə də buna resursların olması və digər məsələlər baxımından əsas var. Ona görə düşünürəm ki, indiki vəziyyət dəyişməsə, müxalifət seçkidə iştirak xatirinə seçkiyə qatılacaq. Belə halda isə müxalifəti bir araya gətirməyə ehtiyac olmayacaq.

- Sizin dediyiniz birinci prinsip əsas götürüləcəksə, hər kəsin ətrafında birləşəcəyi müxalifət lideri bu gün mövcuddurmu?

- Bu prinsiplə seçkiyə gedilsə, lider də olacaq.

“İndiki vəziyyətdə Milli Şura neçə dəfə mitinq keçirsə belə, o mitinq uğursuzluğa düçar olacaq”


- 2018-ci ildə də 2013-cü il seçkiləri zamanı işə salınan ssenarilər mümkündürmü?

- Hakimiyyət seçkilərdə lider dəyişikliyinə getmək istəsə, 2013-dəkinə bənzər ssenarilər işə salına bilər. Bu ssenariləri xarici güclər hazırlayıb işə salacaqlar. Bu dəfə seçkiqabağı vəziyyət olduqca mürəkkəbdir. Ola bilsin ki, xarici qüvvələr daha radikal ssenarilər işləyə və addımlar ata, hətta 2013-cü ilin Milli Şura oyunundan da radikal bir oyun qura bilərlər.

- 2013-cü il seçkiləri öncəsi daha çox Rusiyanın önə çıxdığı müşahidə edilirdi,bu dəfə, sizcə, necə olacaq?

- Lider dəyişikliyi dediyim məsələ Rusiya ilə Qərbi çox ciddi şəkildə üz-üzə gətirə bilər. Belə halda Qərblə Rusiya Azərbaycana bütün təsir mexanizmlərini işə sala bilər. Açıq şəkildə görünür ki, Qərb 2018-ci il seçkilərində müxalifətin üzərində hər hansı plan qurmur.

- Bu, müxalifətə inamsızlıqdan irəli gəlir?

- Sadəcə olaraq, Azərbaycandakı indiki status-kvo Qərbin maraqlarına uyğundur. Azərbaycan müxalifətinin durumu elə Qərbin özünün Azərbaycandakı siyasəti ilə bağlı bu vəziyyətə düşdü. Biz Qərblə çox ciddi şəkildə əlaqələr qurmadığımız vaxtlarda indikindən qat-qat güclü idik.

- Ötən həftə Qərb mediasında Azərbaycanla bağlı ard-arda bir neçə sərt yazıların meydana gəlməsi bəzi müxalifət çevrələrində “Seçki yaxınlaşdıqca Qərbdən hakimiyyətə təzyiqlər artacaq” kimi ümid yaradıb. Sizin dediklərinizdən belə qənaətə gəlmək olur ki, bu ümidlər doğrulmayacaq..
.
- Təzyiq iki məqsəd üçün edilir. Məqsədlərdən biri bu olur ki, Azərbaycan iqtidarı Qərbin hansısa maraqlarına uyğun addımlar atsın. Digər məqsəd isə ölkədə siyasi situasiyanı köklü dəyişmək olur. Qərbin indiyə qədər etdiyi heç bir təzyiq situasiyanı demokratiyaya doğru köklü dəyişmək məqsədi güdməyib. Həmişə birinci dediyim məqsəd güdülüb, indi də həmin məqsəd güdülür. Bu baxımdan, mən Qərbin hakimiyyət dəyişikliyi üçün təzyiq edəcəyinə inanmıram. Buna ümid edənlərin də ümidinin doğrulmayacağını düşünürəm.

- İqtidar düşərgəsindəki durumu necə şərh edərdiniz?

- Hadisələr göstərir ki, qruplararası tarazlaşdırılmış balans siyasətindən birtərəfli siyasi xəttə meyllənmə var. Buna cəhdlər var və bu cəhdlərdən razı olmayanlar da var. Bu proses dərinləşsə, çat böyüyəcək.

- Eks-spiker Rəsul Quliyev “Yeni Müsavat”a son müsahibəsində Azərbaycanda üzdə olan müxalifət partiyaları liderlərinin cəminin tərəfdarlarından çox sosial bazası olduğunu deyib. Rəsul Quliyev uzun müddət ADP-nin sədri olub və onun ictimai nüfuzunun səviyyəsi barədə, hər halda, siz daha çox məlumatlısınız. Bu gün durum Rəsul Quliyev dediyi kimidir?

- Əvvəlki illərlə müqayisədə Rəsul müəllimin elektoratında ciddi aşınmalar olub. Rəsul Quliyevin 2005-ci ildəki kimi nəhəng elektoratı bu gün yoxdur. Amma kifayət qədər tərəfdarları var. Rəsul Quliyev real şəkildə Azərbaycana qayıdacağı halda bu elektoratın həqiqətən artacağını gözləmək olar. Amma Rəsul müəllim Saakaşvilidən fərqli olaraq o qədər də qətiyyətli siyasi lider obrazını yarada bilmədi. Ona görə də düşünürəm ki, tərəfdarları çox olsa da Rəsul Quliyev siyasi məqsədlərə çatmaq baxımından Azərbaycan daxilindəki siyasi liderlərdən üstün mövqeyə malik deyil.

- Rəsul Quliyev və bəzi başqa siyasətçilər Saakaşvilinin Ukraynaya məlum gəlişini şou hesab edir. Bəzi siyasətçilər isə bildirirlər ki, Mixail Saakaşvili qətiyyət nümayiş etdirir və son addımı onun Ukraynada hakimiyyətə gəlməsi üçün atılan uğurlu addımdır. Siz necə hesab edirsiniz?

- Ukraynada baş verən hadisələr kifayət qədər mürəkkəb prosesdir. Prezident Poroşenko özü inqilabi prosesin nəticəsi olaraq hakimiyyətə gətirilib. Müstəqilliklə demokratiya eyni şey deyil. Çox təəssüf ki, bəzən müstəqillik insanlara demokratiya, azadlıq gətirməyə də bilir. Demokratiya müstəqillik adı altında boğulur. Ukraynada belə bir hal yaşanmağa başlayıb. Saakaşvili Gürcüstanda müstəqillik hərəkatından sonra demokratik hərəkata rəhbərlik edib. Bu gün Ukrayna xalqının da ehtiyac duyduğu məhz demokratiyadır, real demokratik hərəkatdır. Düşünürəm ki, Mixail Saakaşvilinin də arxasında böyük güclər durur. Mixail Saakaşvili nə ukraynalıdır, nə Ukrayna vətəndaşıdır. Buna baxmayaraq, o, Polşanın sərhədlərindən keçir, Ukrayna sərhədinə gəlir və sərhədi keçir, Ukraynanın polisi, sərhəd qoşunu onun qarşısını ala bilmir. Ona görə də belə görünür ki, bu proses-Sakaşvilinin Ukraynaya gəlişi, revanş götürməsi Ukraynada hakimiyyət dəyişikliyinin Qərb tərəfindən dəstəklənən ciddi modellərindən biridir. Hakimiyyətin də Mixail Saakaşviliyə qarşı çox sərt addımlara getməməsinin səbəbi onun arxasında çox böyük güclərin durması ilə bağlıdır. Saakaşvili şübhəsiz ki, qətiyyətli, qorxmaz siyasi liderdir, ancaq o, Ukraynaya şəxsi qəhrəmanlığına arxalanaraq gəlməyib.

- 2005-ci ildə Rəsul Quliyevə də dediyiniz böyük güclərin dəstəyi olsaydı, onun Azərbaycana gəlməsi mümkün olacaqdı?

- Onun da arxasında böyük güclər dayansaydı, hakimiyyət ona heç bir şey edə bilməzdi. Etsəydilər belə, atılan addımlar Rəsul Quliyevin xeyrinə, hökumətin isə əleyhinə yönələrdi. Biz o vaxt da Rəsul müəllimə demişdik ki, heç nədən çəkinməsin və gəlsin. Biz siyasətçi olaraq düşünsək ki, ay aman tutula bilərik, öldürülə bilərik onda gərək siyasətlə məşğul olmayaq, evdən çölə çıxmayaq. Gərək siyasətçi başına gələ biləcək bütün hadisələrə hazır olsun. Rəsul Quliyev Saakaşvili kimi qətiyyətli olsaydı, 2005-ci ildə prezidenti olacaqdı. O vaxtkı şərtlər də elə idi ki, beynəlxalq güclər Rəsul Quliyevə dəstək verəcəkdi. Rəsul müəllim qətiyyət nümayiş etdirə bilmədi. Hakimiyyət onun ətrafında müəyyən adamlar yerləşdirmişdi. Həmin adamlar Rəsul Quliyevdə yersiz xof, vahimə yaradırdılar. Deyirdilər ki, Azərbaycana gəlmə, səni öldürəcəklər, işgəncə verəcəklər. Rəsul Quliyevə o qədər yanlış informasiyalar verirdilər ki, qorxuya düşdü və bu qorxunun təsiri altında hakimiyyətə gəlmək imkanını əldən verdi. Bundan sonra bir də o cür imkan yaranıb-yaranmayacağını deyə bilmərəm.

Etibar SEYİDAĞA
Tarix: 15-09-2017, 08:40
Xəbəri paylaş





Xəbər lenti