Müxalifət dirçəlmək istəyir-yeni birlik müzakirələri
İqbal Ağazadə: “Blok yaratmağın fayda verəcəyini düşünmürəm, amma...”; Pənah Hüseyn: “Təşəbbüs göstərilsə...”
Payız fəsli yaxınlaşdıqca ölkə müxalifətinin fəaliyyətində canlanma müşahidə olunur. Yay passivliyini demokratik düşərgə geridə qoymaqdadır. Bunu siyasi partiyaların keçirdikləri tədbirlərlə, birliklərin fəaliyyətlərini yenidən bərpa etmələri ilə izah etmək olar.
Sentyabrın 13-də KXCP qərargahında partiya sədri Mirmahmud Mirəlioğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Azadlıq Partiyasının sədri Əhməd Oruc arasında görüş keçirilib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub, uzun müddətdir fəaliyyətini dayandıran Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin bərpası qərara alınıb. Maraqlıdır ki, digər siyasi qurumlar iclasda iştirak etməyiblər. Yalnız üç liderin iştirakı ilə mərkəz bərpa olunub.
KXCP sədri M.Mirəlioğlu “Yeni Müsavat”a açıqlamasında iclasda mərkəzin bərpası, fəaliyyətinin genişləndirilməsi, qarşıdakı zamanlardakı planlarının müzakirə edildiyini bildirdi. Digər müxalif qurumların nə üçün iclasda iştirak etməmələri ilə bağlı sualımızdan partiya sədri demək olar ki, yayındı: “Uzun müzakirələrdən sonra bu nəticəyə gəlinmişdi. Yəqin ki, bu və ya digər səbəblər var idi. Bu da zamanında açıqlanar”.Bundan əlavə, digər siyasi partiyalar var ki, yeni birliklərin yaradılması təşəbbüsü ilə çıxış edirlər. Əvvəllər fəaliyyət göstərən və hazırda fəaliyyətsiz olan blokların da bərpasının vacibliyi barədə çıxış edənlər də var. Mitinq təkliflərini irəli sürən müxalif qurumlar da var.
Vaxtilə ADP ilə birlikdə “Qarabağ” bloku yaradan Ümid Partiyasının sədri İqbal Ağazadə qurumu bərpa etmək fikrində olmadıqlarını bildirdi: “Heç bir blokda təmsil olunmuruq. Amma funksional əməkdaşlığı partiyalarla davam etdiririk. Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində təmsil olunanlar da dostlarımızdır. Gələcəkdə orada olub-olmamağımıza baxarıq, indiki mərhələdə bu barədə düşünmürük. ”Qarabağ" bloku bir dönəm fəaliyyət göstərib. Amma indi “Qarabağ” bloku bir tarixdir. Partiyalar arasında funksional əməkdaşlığın normal şəkildə təşkil olunması böyük fayda verərdi. Blok yaratmaq tezdir. İndiki mərhələdə münasibətlərin bu şəkildə olduğu vaxtda blok yaratmağın fayda verəcəyini düşünmürəm. Amma davamlı və sistemli funksional əməkdaşlıq böyük fayda verər".
AXP sədri Pənah Hüseyn birliklər yaratmaq, yaxud vaxtilə fəaliyyət göstərmiş qurumları bərpa etməyin siyasi partiyaların hüquqları olduğunu söylədi: “Hər bir partiyanın öz daxili işi var. Hansısa bir partiyanın ünvanına nəsə deməyi doğru saymıram. Bizim də təmsil olunduğumuz antiböhran koalisiyası xeyli vaxtdır fəaliyyət göstərmir. Faktiki olaraq koalisiya hazırda mövcud deyil. Birliyin bərpa olunması gündəmimizdə deyil. Əvvəlki aylarda KXCP qərargahında siyasi partiya liderləri toplanırdıq. Qurum olmasa da, məşvərət xarakterli idi. Baş verən müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparırdıq. Yayda bu cür iclaslara bir qədər ara verdik. İndi təşəbbüs göstərilsə, yenə toplanarıq. Amma bu, institutlaşmış format deyil”.
Cavanşir ABBASLI
Tarix: 15-09-2017, 09:56