Fazil Mustafa: “Müstəqilliyimizə və ərazi bütövlüyümüzə qarşı yönələn hər hansı çağırışlara ən sərt formada dirəniş göstərməyə hazır olmalıyıq”
Deputat “President-hotel”dəki müzakirələr barədə Musavat.com-a danışdı
Bu həftə Rusiya paytaxtında “Moskva-Bakı oxu: Qafqazda yeni geosiyasətə doğru” mövzusunda keçirilən konfrans geniş müzakirələrə səbəb oldu. Şimal qonşumuzdan təkcə son aylarda Azərbaycana yönəlik ən müxtəlif təzyiq rıçaqlarına əl atılması fonunda belə bir tədbirin düzənlənməsi, açıq müzakirələrin aparılması, Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsinin və inkişaf perspektivlərinin müzakirə edilməsi təbii ki, ümumən müsbət dəyərləndirildi.Ən azı ona görə ki, Bakı-Moskva münasibətlərindəki gərginlik yalnız bizim düşmənlərimizin maraqlarına xidmət edir və işğalçı ölkə davamlı şəkildə Rusiya ilə Azərbaycan arasında nifaq toxumu səpməyə çalışır. Bəs, keçirilən müzakirələr perspektiv üçün nə vəd edir? Moskva konfransı ilə əalqədar nümayəndə heyətinin üzvü, deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa ilə danışdıq.
“SSRİ-nin bərpasını istəyənlər, arzulayanlar, nəinki Rusiyada, elə bizdə də var, ancaq indi 1917-ci il deyil”
- Fazil bəy, Rusiyadakı konfrans təşəbbüsü hansı tərəfdən gəldi? Bu, qabacadan planlaşdırılmış konfrans idi, yoxsa qısa müddətdə reallaşdırıldı?- Rusiyada belə bir konfransın keçirilməsi təşəbbüsü Rusiyadakı vətənpərvərlik və dövlətçilik mövqeyindən çıxış edən, bu ölkənin Türk dövlətləri ilə münasibətlərini avrasiyaçılıq platforması üzərində yenidən qurmasına çalışan Proxanov, Duqin kimi tanınmış simalar tərəfindən səsləndirilmişdi. Onların da mövqelərinin birbaşa təmasda öyrənilməsi bizim marağımıza uyğun gəldiyinə görə, tədbirin formatı Azərbaycan tərəfindən də təbii ki, razılıqla qarşılandı. Çünki belə bir konfransın keçirilməsi Rusiya ilə münasibətlərimiz barədə mövqeyimizin daha açıq şəkildə səslədirilməsinə fürsət yaradırdı. Belə bir təşəbbüs istənilən Rusiyadakı başqa ciddi siyasi qüvvə tərəfindən gəlsəydi belə, yenə də buna müsbət baxılacaqdı. Çünki bizim öz haqlı mövqeyimizi aydınlatmaq üçün qarşımıza çıxan bütün platformalardan istifadə etməyimiz zəruridir. Heç bir hallda müzakirə mühitindən yayınmaq olmaz, hər yerdə sözünü, mövqeyini deməlisən, etirazını bildirməlisən, öncədən formalaşmış yanlış fikirləri dəyişdirməyə çalışmalısan.
- Adətən, “President-hotel”də keçirilən konfrans Rusiya hakimiyyətinin iradəsi və nəzarəti ilə həyata keçirilir. Sizcə, Kremlin burada məqasəd-məramı nədən ibarət idi?- Haqlısınız, burada Rusiya hakimiyyətinin iradəsindən kənar hansısa ciddi siyasi proses baş vermir. Eyni zamanda hamıya aydındır ki, hər bir tədbirin mütləq hansısa məqsədi olur. Eləcə də burada iştirak edən tərəflərin də konkret məqsədi olur. Rusiya kimi bizim də məqsədimiz var. Rusiyanın məqsədi keçmiş postsovet ölkələrini öz cazibəsində saxlamaqdır. Kimini silah gücünə, kimini dolaşıq problemlərlə, kimini də dostluqla. Hər bir halda Rusiya bizdən qat-qat güclü dövlət olduğuna görə ilk öncə onun məqsədi önə çıxır. Bizim isə əsas məqsədimiz müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumaqdır. Ermənistan öz işğalçılığı ilə bizə böyük problem yaradıb, Rusiya da bir müttəfiq kimi bu prosesdə Ermənistanı dəstəkləyir. Bizim məqsədimiz Rusiya ilə münasibətlərimizi məhz dostluq müstəvisinə yönəltmək olmalıdır. Müstəqilliyimizə, ərazi bütövlüyümüzə xələl gətirməyən dostluq! Ona görə də hər bir tərəf öz məqsədini gerçəkləşdirmək üçün çalışır. Burada isə ancaq müzakirələr yolu ilə nə istədiyimizi geniş rus auditoriyasına çatdırmaq mümkündür.
- Tədbirdə Aleksandr Duqin kimi ölkəmizin siyasi çevrələrində yaxşı tanınan və ara-sıra Qarabağ, Azərbaycanla bağlı diqqətçəkən ekspertlərin olması gözlənilməz deyildi. Bəs, səsləndirilən bəyanatlar necə, sizinçün gözlənilməz olmadı ki? Məsələn, 5 rayon qaytarılmalıdır” kimi bəyanat...
- Burada Duqin, Züqanov, Kalaşnikov, Markov kimi ekspertlərin səsləndirdiyi fikirləri Kremlin mövqeyi kimi dəyərləndirmək olmaz. Kremlin mövqeyini prezident Putin ifadə edir, digər ekspert rəylərinin də bu mövqeyə nə dərəcədə təsir edib-etmədiyi bizim biləcəyimiz məsələ deyil. Əsas odur ki, Rusiyada problemin həll yolları ilə bağlı nüfuzlu şəxslər tərəfindən fikirlər, variantlar səsləndirilir. Bu, bizim maraqlara uyğundur, uyğun deyil, bu başqa məsələdir. Duqin 5 rayonun dərhal qaytarılması məsələsini deyir. Bu, ilk səsləniş olaraq normal, ancaq hələ ki, əvəzində nə verəcəyimiz deyilməyibsə, deməli, bizim razılaşacağımız məqamdan söhbət gedə bilməz. Azərbaycanın dəyişməz prioritetləri var, bizlər də onun müdafiəçisi olmalıyıq. Ancaq Rusiya reallığında Azərbaycana yönəlik pozitiv dəyiişikliklərin yaranması üçün də bu cür müzakirələrdən faydalanmağa çalışmalıyıq. Bu addımlar həm də Ümumrusiya Azərbaycanlıları Konqresinin də normal məcrada işinə davam etməsinə müsbət təsirini göstərə bilər. Çünki oradakı azərbaycanlıların hansısa formada siyasi hədəfə çevrilməsi bizim üçün arzuolunmaz risklər yarada bilər. İranda olduğu kimi, Rusiyadakı, Gürcüstandakı azərbaycanlılar bizim soydaşlarımızdır, onların mədəni varlığının qorunması bizim üçün həyati məsələ sayılır. Bununla belə, həm də anlamalıyıq ki, onlar həmin ölkələrin vətəndaşlarıdır və biz özümüzə aid mükəlləfiyyətləri onlara yükləyərək, vətəndaşı olduğu dövlətin içində problemlər yaşamasına bəhanə verməməliyik.
- Necə bilirsiniz, Rusiya belə bir tədbirlə Azərbaycanı Avrasiya Birliyinə qoşmaq istəyir, yoxsa məqsəd Avrasiya Birliyindən çıxamaq istəyən, Qərbə yaxınlaşmağa fürsət gəzən Ermənistana mesajdır?- Anladığım budur ki, Rusiya Azərbaycanı harasa qoşmaq üçün xüsusi bir siyasət aparmır. Ona qalarsa, Azərbaycanı 24 ildir MDB-yə qoşulub, ancaq bizim müstəqilliyimizin konturlarında dəyişən heç bir şey yoxdur. Avrasiya Birliyi ilə bağlı da qarşımızda məcburi dillemma qoyulmayıb. İqtisadi baxımdan belə bir birliyin avantajlarından neçə illərdir söhbət gedir. Yenə də vurğulayıram, müstəqilliyimizə və ərazi bütövlüyümüzə qarşı yönələn hər hansı çağırışlara ən sərt formada dirəniş götərməyə hazır olmalıyıq. Eyni zamanda anlamalıyıq ki, Rusiya, əsasən qonşuluğunda olan ölkələrin özünə qarşı üçüncü qüvvənin təhlükə zolağına çevrilməməsini istəyir və əslində açıq münaqişədə olduğu Ukrayna, Moldova və Gürcüstan kimi dövlətlərə də qarşı məhz bu təhlükəni əsas gətirərək sərt siyasət həyata keçirir. Azərbaycan onsuz da müstəqil siyasət aparır və bütün güclərlə bərabər məsafəsini qoruyur. Bir reallığı da qəbul etməliyik ki, bu gün dünyada Qərbyönümlü və ya Rusiyayönümlü siyasət bölgüsü ciddi qəbul olunmur, ortada dolaşan bir ad var, o da özünü təhlükədən qorumaq syasətidir. Qərb dəyərləri şübhəsiz ki, Azərbaycan dövləti və cəmiyyəti üçün prioritetdir, ancaq söhbət özünü qarışıqlıqdan, xaosdan, beynəlxalq güclərin münaqişə məkanına çevrilməkdən uzaq tutma siyasətindən gedirsə, burada kiminlə fotoqraf çəkdirməyimizin elə bir əhəmiyyəti yoxdur. Biz İranla da siyasətimizə bu aspektdən yanaşırıq. Nə Rusiyanın, nə də İranın dəyərlərini götürmürük, sadəcə bir-birimizə təhlükə yaratmayan dürüst qonşuluq siyasətinə sadiqliyimizi göstəririk.
- Duqin, Züqanov və digər şəxslərlə şəxsi təmasınız oldumu? Rus ekspertlər Qarabağla bağlı səmimi söhbətlərdə nə deyirdilər, yenə də “açar”ın Moskvada olduğunu təkrar edirdilərmi?- Züqanov konfransı çıxışdan sonra tərk etdiyinə görə təmas imkanımız olmadı. Ancaq Duqinlə və başqa iştirakçılarla konfransdan sonra yemək masası arxasında müəyyən məsələlər barədə ümumi müzakirələr oldu, Dağlıq Qarabağ məsələsinə də toxunuldu, açar barədə soruşmadıq, çünki mənim anlayışım budur ki, Qarabağ məsələsinin açarı ümumiyyətlə, yoxdur. Sadəcə qarşımızda bir Qordi düyünü var, belə bir düyünü açmaq imkanı yoxdur. O düyünü tarixi şans və yetərli hazırlığımız olarsa, kəskin alətlə kəsərək çözməliyik. Ya da zəifliyimizi etiraf edib əbədi düyünü illərcə boynumuzda gəzdirməliyik. Duqinlə daha çox onun əsərləri barədə söhbətimiz oldu. Onun əksər əsərlərini oxuduğuma görə intellektini yüksək qiymətləndirirəm. Xüsusilə də “Siyasətin fəlsəfəsi” əsəri öz orijinallığı və düşüncə zənginliyi ilə seçilir. Siyasi baxışlarının bir çox məqamları ilə razılaşmamağım da dövlət maraqlarımızdan doğan bir təzahürdür.
- Fazil bəy, Moskva səfərin müşahidələri və məlumatlarınız nə deyir: Azərbaycan öz ərazilərini hərbi yolla azadetmək istəsə, Rusiya Ermənistana dəstək verəcəkmi?- Bizim Dağlıq Qarabağla bağlı atacağımız istənilən sərt addımın qarşısında Ermənistan ayrıca bir güc kimi durmaq iqtidarında deyil. Bu ölkə işğalçılıq siyasətinə arxayınlıqla davam etməsinə görə hərbi cəhətdən Rusiyaya, iqtisadi cəhətdən İrana, siyasi-diplomatik cəhətdən isə ABŞ və Fransaya arxayındır. Bir müttəfiq kimi Rusiyanın Ermənistanı dəstəkləməsi azı nəzəri baxımdan bir qaçılmaz reallıqdır. Ancaq Ermənistanın dəstəklənməsi siyasətinə yalnız Rusiya üzərindən baxmaq olmaz. Biz bütün hallarda Rusiyaya onu təlqin etməliyik ki, sizə nökər lazımdırsa, Ermənistandan istifadə edin, ancaq sizə həm də dost lazımdır, bizimlə dost olmaq sizə ancaq fayda verə bilər. Yəni Rusiyaya nökərlə dost arasında fərqi çatdırmağa çalışmalıyıq. Ağırdır, çətindir, ancaq strateji düşüncəmizin sistemli çalışması ilə bunu etmək mümkündür. Çünki siyasətdin konturları əbədi deyil, dinamik və dəyişkəndir. Rusiyanın Ermənistan siyasətində əleyhimizə yerləşdirimiş minaların bir qisminin belə təmizlənməsi yenə də faydamıza olardı.
- Rusiyanın paytaxtından necə görünürdü: Azərbaycana təhlükəli ölkə kimi gördünüzmü şimal qonşumuzu?- Paytaxtdan görünən Rusiya o qədər də təhlükəli deyil. Öz günlük yaşamında, Qərbə qarşı dirənişində, təbliğatında. Bizim üçün təhlükəli tarixdən görünən Rusiyadır. Tarixdən biz əsasən 1920-ci ildə müstəqilliyimizə son qoyan bolşevik Rusiyasını, yaxud da 1990-cı ilin 20 yanvarında, Xocalıda bizə acılar yaşatmış Sovet Rusiyasını görürük. Bir az da Türkmənçayla, Qori seminariyası ilə, rus-tatar məktəbləri ilə bizim müstəqilliyimiz üçün zəmin yaratmış, Qərb dəyərlərinə çıxış üçün yol vermiş Rusiyanı görməmiz lazım. Yerləşdiyimiz məkan olaraq, etnik kimlik olaraq biz nəinki çevrəmizdə olanlar üçün, okeanın o tayından belə arzuolunmaz görünə bilərik. Ancaq öz varlığımızı,. öz yerimizi qorumaq və bunun üçün də özümüzdən güclülərlə dil tapmaq yalnız bizim vəzifəmizdir.
- Rusiyada hakimiyyət dəyişikliyinin simptomları müşahidə olunurmu?- Rusiyada hakimiyyət dəyişikliyinin simptomları görünmür və siyasi sabitlik müşahidə olunur. Putun hakimiyyətinin ideoloji gücü özünü qoruyub saxlayır. Qərbin sanksiyaları bu ölkənin iqtisadi gücünü zəiflətməyə yönəlik olduğuna görə, burada proseslərin necə getməsi siyasi hakimiyyət məsələsinə təsir edən əsas amil ola bilər. Müxalifətdə olan Navalnıdan az-çox danışılır, ancaq hakimiyyətə alternativ real qüvvənin olduğu sezilmir. Fikrimcə, bütün hallarda Rusiyada sabitliyin olmasına oradakı soydaşlarımızın mənafeyi və bölgəmizin xaosa sürüklənməməsi baxımından ən çox biz maraqlı olmalıyıq.
- ÜAK-ın taleyi ayrıca müzakirə olundumu?- ÜAK-ın da məsələsi konfransda dilə gətirildi, bağlanmasının yanlış olduğu söylənildi. Bu qurumun rəhbəri Fazil Qurbanov da mövzu ilə bağlı əsaslandırılmış bir çıxış etdi, konqresin Rusiya üçün əhəmiyyətini anlatdı. Fikrimcə, ÜAK-nə qarşı olan düşüncələr bu konfransdan sonra mütləq dəyişəcək. Hər halda 19 sentyabrdə appelyasiya şikayətinə baxışın nəticəsini gözləməliyik.
- Bəs, “beşinci kolon”la bağlı deyilənlər nə dərəcədə realdır?- Hər nə qədər “beşinci kolon”un gücündən danışılsa da, tarixə ekskurs edəndə görürsən ki, Azərbaycanın müstəqilliyini qorumağa şərəf məsələsi kimi baxan samuraylar lazımi tarixi anda meydana çıxıb güclərini ortaya qoya bilirlər. Oana görə də tez-tez “beşinci kalon” ifadəsini işlətmək də, bu kolonun şüurumuzda legitimləşməsinə imkan yaradır.
- Gəldiyiniz qənaət maraqlıdır, bundan sonrakı dönəmlərdə biz Ruisya ilə necə davranmalıyıq?- Rusiyaya bir gerçəklik kimi baxmalıyıq, oradakı prosesləri əzbərlədiyimiz mətnlərdən kənara çıxaraq anlamağa çalışmalıyıq. Müdriklərdən birinin sözünü xatırlatmaq yerində olar: “Gerçkliklə odla davaranan kimi davranmalısan; çox yaxına getsən, yandırar, çox uzaqlaşsan, üşüyərsən”. Müstəqilliyimizə, ərazi bütövlüyümüzə zərər vurmayacaq çərçivədə Rusiya ilə də, İranla da, ABŞ-la da, Avropa Birliyi ilə də dost olmağa çalışmalıyıq, Türkiyə ilə qardaşlığımızı daha da gücləndirməliyik, eyni zamanda Qərbin demokratik dəyərlərinə inteqrasiyamızda da israrlı olmalıyıq. Sadə formul budur, məncə.
- Rusiyada olduunuz gün Bakıda Qərb şirkətləri ilə neft müqavləsi imzalandı. Moskvada reaksiya necə oldu?- Azərbaycanın müstəqil xarici siyasəti var. Qərblə hansısa iqtisadi əlaqəmiz Rusiyaya qarşı yönəlməyibsə və bizim öz iqtisadi maraqlarımıza uyğundursa, Rusiya nə deyə bilər? Bizim Rusiya ilə də birlikdə kifayət qədər böyük enerji layihələrində əməkdaşlığımız var, bunlar iqtisadi maraqlar əsasında çözülən məsələlərdir və bu kimi addımlarımız münasibətlərimizə hər hansı təsir göstərə bilməz. Bu məsələdə ölkə prezidentinin düşünülmüş, ölçülü siyasəti həqiqətən də alternativsizdir.
- Sanksiyalarla üz-üzə qalan Rusiya sizdə hansı təəssürat yaratdı? “Yeni SSRİ” yarana bilərmi, bu durumda?- Qərbin sanksiyalarının Rusiyaya təsirini baxışla müəyyənləşdirmək doğru olmaz, iqtisadi rəqəmlərlə bunu təhlil etmək lazımdır. Əlbəttə, sanksiyaların mənfi təsirini insanların yaşamından hiss etmək, rastlaşdığın insanların söyləntilərindən sezmək mümkündür. Ancaq bir reallıq var ki, Rusiya azman bir xammal ölkəsidir və çatışmazlıqları ört-basdır etmək imkanları, resursları da yetərincədir. Yəni Rusiyanın dağılması barədə illüziyalar ciddi görünmür. Hər zaman və həmin yerdə başqa bir formada Rusiya həmişə mövcud olacaq. Ancaq SSRİ-nin bərpasını istəyənlər, arzulayanlar, nəinki Rusiyada, elə bizdə də var, ancaq indi 1917-ci il deyil və ən azı texnoloji baxımdan kimlərinsə Lenin və Trotski kimi Qış Sarayına gizlincə soxulmasının qarşısını almaq üçün anında tədbirlər görmək mümkündür. Bizim əsas problemimiz müstəqilliyimizi öz vətəndaşımız üçün cazibəli etməklə bağlıdır. Əgər Azərbaycan vətəndaşlarının böyük çoxluğu müstəqilliyin faydasını öz mənəvi, sosial, iqtisadi və siyasi durumunda hiss edəcəksə, yüz SSRi yaransa da, vətəndaş özü istənilən qüvvənin qarşısında bu müstəqilliyi qorumaq üçün istənilən fədakarlığı edəcək.
Elşad PAŞASOY,
Tarix: 17-09-2017, 13:17