Rus orbitindən qopma - Əliyevin xanımı ilə ABŞ-a səfəri kimlərə mesaj idi? - Pərdəarxası

Rus orbitindən qopma - Əliyevin xanımı ilə ABŞ-a səfəri kimlərə mesaj idi? - Pərdəarxası Azərbaycan hökuməti son 20 gündə rus orbitindən uzaqlaşdırıldı. Bu, Qərbin və ABŞ-ın çoxşaxəli təzyiqləri nəticəsində baş verdi.

İzolyativ siyasət

Anaxeber.Az-ın Analitik Şöbəsi yazır ki, Rusiyanın təsir imkanlarının getdikcə artmağa başladığı regionlarda izolyativ siyasətdən qopma meyillərinə start verildi.
Eyni vaxtda Ukrayna, Azərbaycan və Ermənistan Qərbin siyasi həmlələri ilə qarşılaşdı. Saakaşvilinin əli cibinə salıb turist kimi ölkəyə girişi, məktəblərdə rus dilinin ləğv edilməsi Poroşenko iqtidarının ayağını Moskvaya sürüşdürməsinə cavab idi.
Hətta Pyotr özü də maraqlıdır ki, Mişa Kiyevə gəlsin və ölkənin rus təsirindən xilas eləsin. Yəni, buna göz yumdu.
Ermənistana gəlincə, Sərkisyan Nyu-Yorkda, BMT-nin Baş Assambleyasının sessiyasında iştirak edib. Bu o dövrə təsadüf edir ki, Azərbaycan prezidenti də ABŞ-a səfər edib.


Lapşin və yəhudi komitəsi ilə görüş

Sentyabrın 17-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Nyu York şəhərinə səfər ediblər.
Diqqətçəkən odur ki, S.Sərkisyanın ABŞ-a səfəri barədə son ana qədər məlumat verilmirdi. Lakin Azərbaycan prezidentinin ABŞ-a yollanmasından sonra o da Nyu-Yorka səfər etdi.
Bu arada, ABŞ-da Qarabağla bağlı prezidentlər səviyyəsində görüşün keçirilə biləcəyi ehtimalı olsa da, bu, real görünmür.
Səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə bir araya gəlib.
Sentyabrın 18-də Nyu-Yorkda Amerika Yəhudi Təşkilatının, Dünya Yəhudi Konqresinin, “Bnai Brith International”ın, Avrasiya Yəhudilərini dəstəkləyən Milli Koalisiyanın, Şimali Amerika Yəhudi Federasiyalarının, Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının, “Vaad L`Hatzolas Nidchei Yisroel” yəhudi təşkilatının rəhbərlərinin daxil olduğu Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb.
Azərbaycanın İsraillə münasibətləri, Lapşinin azad olunmasında bu əlaqələrin rolu, Amerikadakı yəhudi komitəsinin Əliyevlə sıx təmaslarının olmasının seçkilərə təsiri danılmazdır.
İ.Əliyevin siyasi dəstək aldığı ən güclü dairə yəhudi komitəsidir. Hətta bəzi məlumatlara görə, Masson lojasında Azərbaycana kuratorluq yəhudilərə tapşırılıb.
Prezidentin ABŞ-a hər səfərində də yəhudi komitəsi ilə görüşməsi növbəti dövrə üçün siyasi dəstək alması xarakteri daşıyır.

Həbslər, 3 milyard, sanksiya və “Yeni əsrin müqaviləsi”…

Və Nyu-Yorkdakı sessiya “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad olunması, Qərb mediasında yayılmış materialların ajiotajı, 3 milyard qalmaqalı, ABŞ senatının sanksiyalar sənədini hazırlaması, ardınca “Yeni əsrin müqaviləsi”nin imzalanmasından sonraya təsadüf edir. Təsadüfdirmi?
Anaxeber.Az-ın Analitik Şöbəsi yazır ki, Əliyevlərin Amerika səfərinin xarici amilləri ilə yanaşı daxili konyukturada da təsirləri az olmayacaq. İlk növbədə diqqət eləmək lazımdır ki, Əliyev Nyu-Yorka xanımı ilə gedib.
Bu, siyasi mesajdır - prezident və I vitse-prezident referendumdan sonra Amerikaya gedir. Digər tərəfdən hakim komandada islahatların aparılması zəruriliyinə işarədir.
Əliyev belə komanda işləmək istəmədiyinə eyham vurub. Məhz Əliyev və Əliyevanın birgə gedişi göstərir ki, islahatların lokomotivi olacaq komanda yoxdur.
Əslində, M.Əliyevin həbsi də isbat etmişdi ki, klanların konflikti qarşıdurmaya səbəb olur, qurbanlar seçilir və Azərbaycan hakimiyyətinin beynəlxalq imici zərbə altında qalır.
O baxımdan İ.Əliyevlə M.Əliyevanın Nyu-York səfəri hakim komandadakı qüvvələrə bir göz dağı oldu. Prezidentin ABŞ-dan qayıtdıqdan sonra hansı siyasi xətti götürəcəyi çox əhəmiyyətlidir.
Bura həm siyasi məhbusların azad olunması, İlqar Məmmədovun buraxılması daxildirsə, həm də Moskvanın rəsmi Bakı ilə siyasətə yenidən baxacağı gözləniləndir. Hətta bir neçə nazirin dəyişdirilməsi də istisna deyil.

15 minlik ordu heyəti niyə qaldırılıb?

AnaXeber.Az yazır ki, dövlət başçısı Nyu-Yorka gedərkən ordunu hərəkətləndirir. Prezidentin Nyu-York səfəri fonunda Azərbaycan Silahlı Qüvvələrinin 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatlarının iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlaması diqqət çəkir.
Təlimlər güman ki, əvvəldən planlaşdırılırdı, elə Prezidentin səfəri də. Lakin bu iki məqamın üst-üstə düşməsi ötən ilin “aprel döyüşləri”ni yada salır.
Bakı İrəvanın təxribat planlarından xəbərdardır və buna qarşı tədbirlərini gücləndirir.
Bununla yanaşı, Azərbaycan liderinin Nyu-York səfəri ərəfəsində ordunun poliqona yeridilməsi, eləcə də Türkiyə ilə birlikdə “TurAz Qartal -2017” təlimlərinin başlanması Bakı və Ankaranın ermənilərin “böyük vətən” planına dəstək verən amerikalı konqresmenlərə yerini göstərmək məqsədi daşıyır. Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Nyu-Yorkda səfərdədir.
Üstəlik, erməni xarici işlər naziri şok açıqlama verib. “Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində “Qarabağ zonası üçün təhlükə yaratmayacaq” ərazilərin qaytarılmasını müzakirə edir”- Edvard Nalbandyan belə deyib.
Deməli, Nyu-Yorkda ciddi nəticələr ola bilər. Bir sözlə, Əliyevlərin ABŞ səfərinin nəticələri bir neçə bənddən ibarət olacaq.

Kremlin yeni “razborka” bəhanəsi – neft müqaviləsi

Bura enerji siyasəti, insan haqları məsələsi, Kremllə münasibətlər və hakim komandaya əl gəzdirilməsi daxildir.
Azərbaycan hakimiyyətinə son 20 gün ərzində olan güclü təzyiqlər, Sorosun dələduz adlandırılması, sanksiyaların başlanacağı və ümumi gərginliyin leytmotivi də ondan ibarət idi ki, yeni neft müqaviləsi bağlansın, Nyu-Yorka dəvət alan Əliyev və Sərkisyan Rusiya siyasətinə yenidən nəzərə yetirsin.
Bax, bundan sonra Moskvadan hansı güclü təzyiqlər gələcəyi ağıla belə gəlmir. Çünki seçkilərin yaxınlaşması dövründə Qərblə korlanmış münasibətləri qaydaya salan rəsmi Bakının Rusiya ilə həll edilməmiş problemləri qalmaqdadır.
Qərb Azərbaycan hakimiyyəti ilə münasibətlərdəki gərginliyi də növbəti mərhələlərdə azaldaraq, eniş edərək əməkdaşlığı davam etdirəcək.
2018 seçkiləri ərəfəsində imzalanan “Əsrin müqaviləsi” həm də siyasi iqtidarın ömrünü uzatmağa görə bağlanmış bir saziş idi.
Əlbəttə, Azərbaycan Qərblə enerji siyasətində əməkdaşlıq edərkən Rusiyanın mövqeyini də nəzərə alır. Baxmayaraq ki, balans siyasəti çoxdan pozulub.
Lakin hələ ki, qırmızı xətt keçilməyib. Rəsmi Bakı Moskvanı qıcıqlandırmır. Hətta ÜAK-a görə də Rusiya birmənalı şəkildə ittiham olunmadı və ermənipərəst dairələrin işi kimi qiymətləndirildi.
Yəni, hökumət adamları Avropanı və ABŞ-ı, Sorosu dələduz adlandırıb söyərkən Kreml barəsində ölçülü-biçili danışırlar. Ona görə də “Yeni Əsrin müqaviləsi”ndən sonra Rusiyadan Azərbaycana təzyiqlərin yeni dalğası gələ bilər.

Tarix: 19-09-2017, 10:21
Xəbəri paylaş





Xəbər lenti