Netanyahu BMT-də: "Azərbaycanla əməkdaşlığı genişləndirmişik"
İsrail Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə əməkdaşlığı genişləndirib.
APA-nın məlumatına görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu ötən gün BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib. İsrailin müsəlman ölkələri ilə münasibətlərindən söz açan Binyamin Netanyahu, ölkəsinin Azərbaycanla əlaqələrini nümunə gətirib: “Biz, Azərbaycan və Qazaxıstandakı müsəlman dostlarımızla əməkdaşlığımızı genişləndirmişik”.
Netanyahu, İsrailin Fələstin də daxil olmaqla, bütün ərəb qonşuları ilə sülhə nail olmaq istədiyini qeyd edib: “Biz İordaniya və Misirlə sülhə nail olduq. Dünən burada Misir prezidenti Abdel-Fəttah əl-Sisi ilə görüşdüm. Mən onun sülhün bərqərar olunmasına verdiyi dəstəyi alqışlayıram və sülhün daha da genişləndirilməsinə dair onunla, eləcə də regionun digər liderləri ilə sıx əməkdaşlıq edəcəyimizə ümid edirəm”.
Tarix: 20-09-2017, 07:41