QMİ-nin bazasında Dini Nazirlik yarana bilər - İDDİA

QMİ-nin bazasında Dini Nazirlik yarana bilər - İDDİA Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə uzun illərə dayanan karyerası, zəngin təcrübəsi və geniş əlaqələri və nüfuzuna görə hər zaman diqqət mərkəzində olub. Xüsusən də son illərdə dini vəziyyət, həmçinin müsəlman dünyasında baş verən proseslər Şeyxi və rəhbərlik etdiyi sahəni diqqət mərkəzinə çəkib.

Ancaq bu dəfə Şeyxülislamın gündəmə gəlməsi gözlənilməz oldu. Əvvəlcə, ötən həftə Şeyxülislamın qudası Qalib Salahzadə mətbuata açıqlama verərək QMİ sədrinin varisinin oğlu ola biləcəyini bildirdi. Təxminən eyni günlərdə Şeyxin və qardaşının Çexiyadakı daşınmaz əmlakı barədə sənədlər internetə və daha sonra mediaya sızdı. Həftəsonu isə Şeyxin adı varis olaraq hallandırılan oğlunun ölkəni tərk edərək ailəsi ilə birlikdə İstanbula köçməsi xəbəri yayıldı. Bu xəbəri də qəribə də olsa varis iddiasını ortaya atan Qalib Salahzadə açıqladı. Ancaq Şeyx ətrafında xəbərlər bununla da yekunlaşmadı, bazar ertəsi Qalib Salahzadənin oğlu (sonradan məlum oldu ki, Şeyxin kürəkəni deyilmiş-M.) hakimiyyət nümayəndələrinə müqavimət ittihamı ilə həbs olunub.

Həmin gün QMİ mətbuat xidməti açıqlama yayaraq “Azərbaycanın dini liderinə qarşı dezinformasiya axınını” pisləyib, bunun hətta “erməni kəşfiyyat orqanları tərəfindən təşkil olunmasını” istisna etməyib.

İndi hamını daha çox “nə baş verir” sualı maraqlandırır. Bu xəbərlər hamısı, Çexiyada əmlakların siyahısı, oğlunun varis olacağı, daha sonra ölkəni tərk etməsi və qudasının oğlunun həbs olunması təsadüfdürmü? İlk baxışdan bu hadisələr sırf təsadüfə bənzəmir. Sanki kimlərsə Şeyxülislamın əsəblərini yoxlamağa çalışır. Məsələn, dövlətlə hər zaman ehtiyatlı, məsafəli davranan Şeyxülislamın keçən həftə Məhərrəm ayının girməsi ilə bağlı QMİ-də keçirilən toplantıda dövlətin qanuni səbəb olmadan məscid ərazisinə müdaxilə etməsini tənqid edib. Sitat: “Cinayət tərkibli, terror və s. bu tipli hadisələr olmadığı təqdirdə dövlət məscid ərazisinə müdaxilə etməməlidir. Məscid dindarlara, din xadiminə verilən yerdir. Orada ibadətin necə ediləcəyi onlardan asılıdır, kənardan müdaxilə düzgün deyil”.

Sirr deyil ki, son illərdə hökumət Şeyxülislamın sahəsinə açıq şəkildə müdaxilə edir. Doğrudur, formal olaraq ölkədə dini sahədə lider Şeyxülislamdır, dini fətvalar, icmaların qeydiyyatı, məscidlərə axund təyinatı QMİ-nin razılığı ilə aparılır. Ancaq dini idarənin əsas səlahiyyəti olan dini maarifçilik təbliğatı demək olar ki, QMİ-nin nəzarətindən çıxıb. Məscidlər tikili olaraq bələdiyyə və müvafiq dövlət qurumlarının nəzarətindədir, icmalar isə DQİDK tərəfindən idarə olunur. Şeyxülislam isə sadəcə, imam təyinatını həyata keçirir. Nəzərə alsaq ki, ölkədə 2200 məsciddən 1500-nün imam təyinatı rəsmiləşməyib, o zaman QMİ-nin nə qədər təsirli olduğunu anlamaq olar. Bundan başqa, son illərdə Azərbaycanda tikilən ən böyük ibadət evi olan “Heydər məscidi”nin də paytaxtdakı digər əsas ibadət evləri kimi idarəçiliyi QMİ-yə deyil, BŞİH-ə verildi. Son illərdə dövlət qurumları, faktiki olaraq, dini maarifçilik, dini qaydaların tətbiqi kimi işlərdə QMİ-ni demək olar ki, küncə sıxışdırıb. “İslam həmrəyliyi”, “Multikulturalizm”in təbliği kimi kampaniyalar faktiki olaraq QMİ-dən kənarda qalıb. Şeyxülislamın bu şəkildə sıxışdırılması təbii ki, onu narahat etməyə bilməz. Bu səbəbdən də QMİ sədri bir neçə dəfə etirazını, narazılığını müxtəlif formalarda büruzə verib.

Bu dəfə də qəribə də olsa Şeyx haqqında xəbərlər və onun qəzəbli reaksiyası eyni vaxta təsadüf etdi. Məsələ ondadır ki, hökumət faktiki olaraq QMİ-ni və onun sədrini dini fəaliyyətdən kənarda qoymağa çalışır. Son illər verilən sərəncamlar, qanunlarda edilən dəyişikliklər QMİ-nin bir idarə olaraq səlahiyyətinin dövlət orqanları ilə paylaşmasına xidmət edib. Hökumət həssas sahə hesab etdiyi dini sahəni QMİ-nin təsirindən çıxarmağa çalışır. Məsələ ondadır ki, QMİ özü də hələ əvvəldən dini maarifçilik, yerli dini prosesləri əlində saxlamaq üçün ciddi şəkildə çalışmayıb. Ancaq indi hökumətin din sahəsində dominantlıq etməsi Şeyxin mövqelərinin sıxışdırılması ilə nəticələnir.

Məlum olduğu kimi, QMİ qeyri-dövlət təşkilatı olsa da, dövlət tərəfindən dini icmalar üstü bir səlahiyyətə sahibdir. QMİ ölkə məscidlərinə ruhani kadrlar təyin edir, dini təhsil müəssisələrinin yaranması və idarəsinə müvafiq razılıq verir. Faktiki olaraq, dini təhsil müəssisələri QMİ-nin nəzarətindədir. Bundan başqa, ən mühümü Şeyxülislam faktiki olaraq dövlətin əsas şəxslərindən biri statusuna sahibdir. Türkiyədə Diyanət İşləri başqanına dövlətin tanıdığı imtiyazlar Şeyxülislama da tanınıb. Ancaq Şeyxdən sonra oxşar səlahiyyətin başqasına veriləcəyi inandırıcı deyil.

Görünür ki, Şeyx ətrafında xəbərlərin intensivləşməsi, varisi haqda iddialar və varisi olaraq adı hallanan şəxsin dərhal ölkəni “birdəfəlik” tərk etməsi məhz QMİ-nin gələcək rəhbərinin adı ilə bağlıdır. Azərbaycanın bir nömrəli dini mərkəzinin növbəti rəhbərinin kimliyi məsələsi son illərdə ara-sıra gündəmə gəlib. Şeyxülislamla hökumət arasında gizli münaqişə, Şeyxin özünün yaşlanması, müalicə alması kimi məsələlər onun istefa verə biləcəyi və ya vəzifəsindən kənarlaşdırılacağı haqda xəbərlərə səbəb olub.

Ancaq bizdə olan bilgilərə görə, hökumət növbəti Şeyxülislam mövzusunda tərəddüdlüdür və daha çox “alternativ” variantları düşünür. QMİ-nin növbəti sədrinin hazırkı sədr qədər səlahiyyətlərinin olmayacağı, QMİ-nin və onun rəhbərinin səlahiyyətlərinin böyük hissəsini hökumət qurumları ilə bölüşdürməsi barədə fikirlər var. Bunun üçün DQİDK-nın səlahiyyətlərinin daha da genişləndirilməsi, dini təhsil, maarifçilik, dini hökmlərin verilməsi ilə bağlı Şuranın dövlət qurumu tərkibində olması kimi təkliflər var. QMİ və Şeyxülislamlıq postu Azərbaycan üçün müəyyən bir tarix və ənənəni əks etdirdiyi üçün onun qorunub saxlanacağı, ancaq əsas səlahiyyətlərin dövlətə verilməsi gözlənilir. Bu məqsədlər DQİDK-nın böyüdülməsi, yoxsa yeni Dini İşlər və ya Vəqf Nazirliyinin (Türkiyə formatında - M.) yaradılması ilə bağlı fikirlər var. Yeri gəlmişkən, Vəqf Nazirliyinin yaradılması və dini işlərin dövlətin nəzarətində olması haqda təkliflər AXC hakimiyyəti illərində olsa da, sonradan bu plan baş tutmayıb.

Böyük ehtimalla Şeyxin yerinə kimin olması məsələsi, ardınca adı hallanan “varisin” ölkəni tərk edib getməsi “Şeyxdən sonra” mövzusunun gizli şəkildə müzakirə olunduğunu təsdiqləyir. Digər tərəfdən, bu cür informasiyaların Şeyxi incitdiyi, narahat etdiyi məlumdur. Şeyx isə şəxsi olaraq hələ də böyük nüfuza malikdir. Birbaşa ölkə prezidentinə çıxış imkanına sahibdir. Bundan başqa, qonşu ölkələrin, o cümlədən İran və Rusiya rəhbərliyi, dövlət başçıları ilə şəxsi münasibətləri var. Bu baxımdan, onun meydandan asanlıqla və tezliklə çəkilməyəcəyini düşünənlər də var... \\musavat.com\\
Tarix: 20-09-2017, 10:00
Xəbəri paylaş





Xəbər lenti