İran - İsrail münasibətləri Bakıya nə vəd edir...

İran - İsrail münasibətləri Bakıya nə vəd edir... İsrail və ABŞ qarşıdakı dövrdə İranla kəskin münaqişənin anonsunu verdi; Netanyahunun dost adlandırdığı Azərbaycan üçün çətin sınaq dövrü başlayır?

BMT-də baş tutan çıxışlarda ABŞ və İsrail liderləri İranı tənqid edib. İlk dəfə BMT tribunasından dünyaya xitab edən ABŞ prezidenti Donald Trampın hədəf göstərdiyi ölkələrdən biri də İran olub. ABŞ prezidenti İranı “günahsız müsəlmanları öldürüb, sülhsevər ərəb və İsrail kimi qonşularına hücum edən terrorçuları və Hizbullahı dəstəkləməkdə” günahlandırıb. Tramp eyni zamanda Obama zamanında İranla əldə olunmuş anlaşmanı ABŞ-ın imzaladığı ən pis və tək tərəfli anlaşma adlandırıb. Eyni zamanda bildirib ki, “iranın terrora dəstəyinin qonşularının terrora mübarizədəki əzmkarlığı ilə ziddiyyət təşkil etdiyini” bildirib.

ABŞ prezidentinin bu çıxışına İran XİN rəhbəri Cavad Zərif reaksiya verib. Zərif Trampın çıxışını “cahil və düşmənçilik” adlandırıb. Eyni zamanda əlavə edib ki, Trampın çıxışı orta əsrlər tipindədir və cavab verməyə lüzum yoxdur.

İranı BMT ali tribunasından hədəfə alan ikinci ölkə İsrail olub. Baş nazir Netanyahu çıxışının böyük hissəsini İrana həsr edib. Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə yaxın münasibətlər qurduqlarını deyən baş nazir ərəb dövlətləri ilə də münasibətləri istiləşdirmək yolunda önəmli addımlar atdıqlarını deyib. Ancaq Netanyahu İranın hələ də dağıdıcı fəaliyyət göstərdiyini qeyd edib. İranın nüvə proqramının Şimali Koreyanın nüvə silahı ələ etməsi ilə oxşar olduğunu deyən Netanyahu ciddi dəyişiklik olmasa İranın nüvə proqramının Şimali Koreyanın nüvə proqramı kimi olacağını deyib.
İsrail baş naziri deyib ki, İran Yaxın Şərqi ələ keçirməyə çalışır. Nazirin sözlərinə görə, Tehran ballistik raket sınaqları keçirir. Nüvə silahı əldə etməyə çalışır. O deyib ki, sanksiyalar ləğv olunduqdan sonra İran “ac pələng” kimi dünya ölkələrinə hücum edəcək. Onun sözlərinə görə, hazırda Suriya. Livan və İraqda terror və dəhşət saçmaqda davam edir. Eyni zamanda əlavə edib ki, İsrail İranın Suriyada daimi hərbi bazalar qurması və İsrailə qarşı ölümcül silahlar istehsal etməsinin qarşısını almaq üçün hərəkətə keçəcək.

Qeyd edək ki, həm ABŞ liderinin çıxışındakı ton, həm də İsrail baş nazirinin açıq koordinat göstərməklə İrana qarşı mövqelərini ortaya qoyublar. Tramp prezident seçildikdən sonra İrana qarşı mövqeyini ortaya qoysa da, BMT tribunasında Şimali Koreya və İranı hədəfə alması Amerikanın həm də yaxın dövrdəki siyasi xəttini ortaya qoyub. Obama zamanında İranla əldə olunmuş anlaşmalar Tramp tərəfindən faktiki olaraq şübhə altına alınıb. Hətta anlaşmaların bir qisminin ləğv olunacağı gözlənilir. Nyu-Yorka səfəri zamanı İran prezidenti də bəyan edib ki, anlaşmalar ləğv olunsa bu, Amerikanın ziyanına olacaq. Məsələ ondadır ki, İran və ABŞ hazırda Yaxın Şərqdə qarşı-qarşıyadır. Çünki həm İraqda, həm Suriyada, həm də bölgənin digər münaqişə bölgələrində İran və ABŞ maraqları toqquşur. Hər iki ölkənin dəstəklədiyi qüvvələr bir-biri ilə savaşır.

Bu arada İran ordusu komandanı, general Əbdülrəhim Musəvi, İsrailin qarşıdakı 25 il ərzində mövcud olacağına zəmanət vermədiklərini açıqlayıb.

General bildirib ki, İsrailin ən kiçik səhvi, Hayfa və Təl-Əviv şəhərlərinin yerlə bir edilməsinə səbəb ola bilər. Qeyd edək ki, İranın dini lideri Ayətullah Əli Xameneyi də 2015-ci ildə buna bənzər ifadələr işlədib. Bu da bir mənada İsrail baş nazirinin narahatlığının əsassız olmadığını göstərir. Yeri gəlmişkən.

Iki həftə əvvəl İsrail təyyarələri Suriyanın şimal-şərqinə doğru Hama vilayətində hərbi hissəni bombalayıb. Daha sonra bəzi regional media orqanlarında bombalanan ərazinin İranın qurduğu raket fabriki olduğu haqda məlumatlar yayılıb. Yəni Netanyahunun işarə etdiyi kimi, İsrail İranın Suriyadakı fəaliyyətindən narahatdır və onun qarşısını almağa çalışır. Bu isə həm də o deməkdir ki, yaxın illərdə İran və İsrail arasında yeni bir qarşıdurma baş verəcək. Bu qarşıdurmanın birbaşa, yəni İran və İsrailin hərbi münaqişəsi olması ehtimalı azdır, böyük ehtimalla İsrail Hizbullah və HAMAS-la yeni müharibəyə başlayacaq. Eyni zamanda İranda kürd silahlılarının fəallığı artacaq.

Ancaq bu açıqlamada Azərbaycanla bağlı narahatlıq doğuran bir detal var. Netanyahu Azərbaycan və Qazaxıstanı İsrailin yaxın əməkdaşlıq etdiyi dövlətlər adlandırıb. Bu isə istər-istəməz 5-6 il əvvəl baş verənləri yada salır. Həmin vaxt məhz İsraillə Azərbaycan arasında əməkdaşlıq haqda dünya mediasına yol tapmış xəbərlər Tehran və Bakı arasında soyuq küləklər əsməsinə səbəb olmuşdu. Doğrudur, indi hakimiyyətdə olan qüvvələr daha realist yanaşır və münaqişəyə maraqlı deyil. Ancaq istənilən halda İsrail və İran arasında kəşfiyyat və vəkalət müharibəsi şiddətlənəcəyi təqdirdə bunun təsiri Azərbaycanda da özünü göstərəcək. Xüsusən də indiki vaxtda ermənilərin bu gərginlikdən faydalanmağa çalışması yüksək ehtimaldır. Bu mənada qarşıdakı illərdə Azərbaycanın İsrail və İran gərginliyi arasında həssas xətti qoruyub saxlamasına ehtiyac olacaq. //Musavat//
Tarix: 20-09-2017, 22:34
Xəbəri paylaş





Xəbər lenti