2018 bonusu - Əliyev “rus əlcəy”ini atıb Trampın əlini sıxdı - Səfərin pərdəarxası

2018 bonusu - Əliyev “rus əlcəy”ini atıb Trampın əlini sıxdı - Səfərin pərdəarxası Rusiya hərbi gəmilərinin Bakı buxtasını “su yolu”na döndərdiyi ərəfədə Azərbaycan prezidenti Bakını çoxdan tərk eləmişdi.
Bu zaman İlham Əliyev Nyu-Yorkda keçirilən BMT-nin iclasında çıxış edirdi, axşam tərəfi isə dövlət rəhbərinin ABŞ lideri Donald Trampla görüşünün fotosu yayıldı.
Tramp və Əliyev ailəsinin birgə çəkdirdiyi foto rus donanmasının Bakı limanında olduğu tarixdə elə tarixi bir hadisə idi.

Anaxeber.Az-ın Analitik Mərkəzi ötən günün hadisələrini təhlil edib. Mərkəzin analitikləri Trampla Əliyevin görüşünə işıq salaraq Azərbaycan hakimiyyəti üçün seçkiqabağı bir tramplin olduğu qənaətinə gəliblər.
Təhlilçilərin fikrincə, Azərbaycan iqtidarı tarixi fürsəti əldən qaçırmadı və ABŞ prezidenti ilə görüş məhz Qərbdən gələn tənqidlərin ağzını yummağa xidmət elədi.
Təkcə bumu?- Yox. Əvvəla, İ.Əliyev Barak Obama administrasiyası dövründə Vaşinqtonla yola getmirdi.

“Ağ ev”in qaradərili sahibi rəsmi Bakının gününü qara eləmişdi. ABŞ Dövlət Departamentindən açıq və sərt tənqidlər səslənirdi.
Bu bəyanatlar həbslərin şiddətli dövrünə təsadüf edirdi: hakimiyyət “Azadlıq” radiosunun ofisini bağlamışdı, MDİ, ATƏT, “Norveç evi” və digər beynəlxalq təşkilatlar ölkədən çıxarılmışdı, QHT-lərin bank hesabları bağlanmışdı, Qərb donorlarından qrant alan hüquq müdafiəçiləri həbs edilmişdi, cinayət işi başlanmışdı.
Obama dönəmində rəsmi Bakı ilə ABŞ arasındakı münasibətlər o dərəcədə korlanmışdı ki, deputat Rövşən Rzayev Amerikaya sanksiya tətbiq etmək barədə sənədin hazırlanmasını Milli Məclisdə təşəbbüs olaraq qaldırmışdı.
Ardınca “Azadlıq” qəzeti bağlandı, xaricdən maliyyələşən KİV-lərin məhkəmə qərarı ilə elektron versiyaları bloklandı, nəhayət sonuncu dmalanı daşıran hadisə “Turan” İnformasiya Agentliyi direktoru Mehman Əliyevin həbsi oldu.
Lakin Trampın ölkələrin daxili işlərinə qarışmayacağına əsassız yerə sevinmiş hökumət rəsmiləri M.Əliyev məsələsində barmaqlarını dişlədilər.
Qərbdən gələn təzyiqlər və tənqidlərdən sonra hakimiyyət onu azad etməli oldu. Sonra “Əsrin müqaviləsi” təzələndi və çox çəkmədi ki, Əliyevlər Nyu-Yorka getdilər.
Əliyevlərin Amerikada olduğu vaxtda isə “Turan”a qarşı vergi sanksiyaları bir günlük bərpa edildi, ertəsi yenə ləğv olundu.

Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, bu evcik-evcik oyunu məhz rus gəmilərinin Bakı buxtasında olduğu ərəfədə gerçəkləşdi.
M.Əliyevin həbsindən tutmuş Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə qədər təzyiq rıçaqlarını işə salmış Moskvanın cəza ekspedisiyası Azərbaycanı strateji seçim etmək qarşısında qoyurdu.
İ.Əliyev isə I vitse-prezidentlə Nyu-Yorka getməklə, ailənin BMT-də keçirilən iclasda iştirakı, Trampla görüşü və neft müqaviləsini təzələməsi ilə nəinki Kremlə, bütün dünyaya strateji seçiminin hara olduğunu nümayiş etdirdi.
Bakı hər nə qədər şimal qonşunun şah damarına basmamaq üçün pəncələri üstündə gəzsə də, ən gərgin məqamda Qərb və ABŞ-a yaxın olduğunu göstərməkdən çəkinmir.
Azərbaycan hakimiyyəti enerji siyasətində də Qərblə müttəfiqdir və strateji əməkdaşlıq edir. Ona görə də baş verənləri Moskvadan təzyiqlər olanda Vaşinqtonun yanına qaçmaq kimi qiymətləndirmək olmaz.
M.Əliyevin azad edilməsi, ardınca ötən gün ANS-in prezidenti Vahid Naxışın müsahibəsində telekanalın fəaliyyətini bərpa edəcəyini deməsi, “Turan”a qarşı sanksiyanın bir gün sonra ləğvi, Milli Şuranın mitinqinə icazə verilməsi hakimiyyətin yeni “demokratik açılım”a gedəcəyini deməyə əsas verir.
Əliyevin Trampla görüşündən sonra ANS-in açılması, “Azadlıq” radiosunun yerli ofisinin fəaliyyətini bərpa etməsi, REAL sədri İlqar Məmmədovun azad olunması gözləniləndir. Hakimiyyət 2018 seçkiləri ərəfəsində bonuslar qazanmağa davam etməkdədir.
Eyni zamanda Rusiyadan gələn təzyiqlərin, hərbi gəmilərin Bakı buxtasında olduğu tarixdə Əliyevin Trampla şəkil çəkdirməsi, Amerikadakı yəhudi komitəsi ilə görüşməsi ABŞ-a dost əlini uzatmaqdır.
İqtidar bu siyasi gedişlərlə gələn ilki seçkilərin müqəddəratını həll edir. İ.Əliyevin yanında M.Əliyevanın və qızları Leyla Əliyevanın olması da həm xarici, həm daxili auditoriyaya mesajdır.
Əliyev hakim komandaya eyham vurur ki, onların idarəçilikdə təsir imkanları azaldılacaq, dünyaya isə I vitse-prezidentin islahatların avanqardı olduğunu göstərir.
Beləliklə, Trampla Əliyevin görüşü Rusiyanın Bakıdakı 5-ci kolon şəbəkəsinə solaxayy şillə idi. Əliyev heç bir təzyiqin onu Qərbə doğru getməkdə mane ola bilməyəcəyini söyləməyə çalışıb.
Trampla görüşdə nələrin müzakirə olunduğu detallı bəlli olmasa da, iqtidar içindəki ruspərəstlərin təmizlənməsi siyasətinə başlanacağı istisna deyil.
Lakin bu anlama gəlməməlidir ki, Azərbaycan Rusiyaya arxa çevirir. Sadəcə, Bakı balanslaşdırılmış xarici siyasətin pozulduğu hiss edirdi və onu bərpa istiqamətində işləyir.

Bu balans da neft müqaviləsinin yenilənməsi ilə bərabər Xəzərin Bakı sahillərində rus donanmasına yaradılan şəraitdir. Yəni, Moskvanı incik salmırlar. Hətta ÜAK-a görə də Kremli qınamadılar, Sorosa dələduz desələr də...
Rusiya və Fransa alimlərinin araşdırmalarına görə, Xəzərin Rusiya və Qazaxıstan akvatoriyası 75 ilə quruyacaq. Belə şəraitdə Bakının önəmi artır - həm indiki dövr, həm də perspektiv baxımından.

Bakı keçmişdə olduğu kimi Rusiyanın Xəzər donanmasının mərkəzi bazasına çevrilməsə belə, Moskva ən azı maraqlıdır ki, onun gəmiləri istənilən zaman Bakıya yanaşmaq, burada texniki xidmət, təmir və s. ehtiyaclarını təmin etmək imkanı əldə etsin.
Bu, həm də Kremlin Azərbaycan üzərində təsir imkanlarının artması anlamına gəlir. Azərbaycan-ABŞ əməkdaşlığının Xəzər komponentinin geriləməsi ortadadır.
Bu geriləmə Rusiyanın irəliləməsi ilə müşayiət olundu. Rusiyanın ötən aylarda Xəzərdən qanadlı raketlərlə Suriyaya zərbələr endirməsi onun həm də Xəzərə hakim olmasının nümayişi idi.
Beləcə Bakı suda rusu, quruda amerikalıları razı salmaq siyasətini davam etdirir. Bu isə o deməkdir ki, təzyiqlər nələrisə qoparmağa hesablanır və davam edəcək. Ancaq seçkilərdə hakimiyyət üçün aşılası hasarlar qalmır...

Anaxeber.Az
Turan
Tarix: 21-09-2017, 09:01
Xəbəri paylaş





Xəbər lenti