Niyə “hər şeyin təzəsi, hökumətin köhnəsi!” - deyib durmuşuq?

Niyə “hər şeyin təzəsi, hökumətin köhnəsi!” - deyib durmuşuq? Azərbaycanda yeni hökumətin təşkilini aktuallaşdıran yalnız ölkə iqtisadiyyatının vəziyyəti deyil. Ən azı ona görə ki, makro və mikroiqtisadi göstəricilərin durumu ilə bağlı ciddi söz demək üçün özümüzü ixtisaslaşmış fərd kimi təsəvvür etmirik və elə bu səbəbdən də bu iki amili birmənalı şəkildə bir-birilə bağlamaq niyyətimiz yoxdur.

Bircə onu deyə bilərik ki, bir -iki il bundan əvvəl daha gərgin vəziyyət proqnozlaşdırılırdı və əgər bu, baş vermədisə, manat və bütövlükdə ölkə iqtisadiyyatı duruş gətirdisə, deməli hökumətin işi elə də pis qurulmayıb.

Amma bir ciddi nüans var və onu burada mütləq qeyd etməliyik. Əvvəlcə onu deyək ki, biz məsələyə yalnız bir vətəndaş və istehlakçı kimi qiymət vermək iqtidarındayıq. Bu aspektdən yanaşanda isə etiraf etməli olursan ki, milli valyuta məzənnə baxımından güclənməyə davam etsə də, onun alıcılıq gücü gündən-günə aşağı düşməkdədir. Bazar və mağazalarda elə bir vəziyyətdir ki, adamın sabitlikdən danışmağa dili belə gəlmir, çünki qiymətlər demək olar ki, hər ay, bəzən də hər həftə artır.

Bəlkə də təkcə belə bir vəziyyət artıq yeni hökumətin təşkilini zəruri edə bilərdi. Amma nə qədər qəribə olsa da, ölkədə yeni kabinetin təşkili bir Konstitusiya və həm də zaman məsələsidir. Ali Qanuna son dəyişikliklər ediləndən indiyədək hökumətin yeni bir struktura transformasiya edəcəyi haqda söhbətlər bitib-tükənmir.

Neçə dəfə konkret tarix də dilə gətirilibdir, amma bunların heç biri özünün təsdiqini tapmayıbdır. Təbii ki, bu, heç də o demək deyildir ki, səhifəni çevirmək lazımdır. Yox, məsələ nə vaxtsa həllini tapmalı və ali icra hakimiyyəti Ali Qanunun tələblərinə uyğunlaşdırılmalıdır.

Zaman məsələsinə gəldikdə isə, o, da yeni bir problem deyildir və dəfələrlə bu və ya digər şəkildə gündəmə gətirilib. Məsələ bundadır ki, hökumətin bir yaş baxımından da yenilənməsinə ehtiyac var.

Düşünürük ki, bu keçid də ağrısız və problemsiz baş tuta bilər, çünki indi hökumətin strukturunda yetərincə gənc insanlar var və onları birinci vəzifələrə təyin etməklə də yeni hökumət kabinetinin təşkilini başa çatdırmaq mümkün bir məsələdir.

Amma bu xüsusda hələki bir söz deyilmir. Bəlkə də hakimiyyət özü bu məsələni bir o qədər də aktual hesab etmir. Bizə də elə gəlir ki, əslində vitse - prezidentlik institutunun yaradılması ilə bir az tələskənliyə və hətta dolaşıqlığa yol verildi. Prinsipcə, başqa ölkələrdə olduğu kimi bir vitse - prezidentlə kifayətlənmək olardı. Belə olsaydı Ali Qanunla ali icra hakimiyyətinin indiki strukturu arasında ciddi uyğunsuzluq yaranmazdı.

Amma bir daha deyirik ki, zaman faktoru da var. Biz sanki “Hər şeyin təzəsi, hökumətin köhnəsi!”-deyib durmuşuq. Amma həyat və zaman bir başqa şey deyir. Üstəlik bəzən həyatın və ya zamanın diqtəsi bütün digər amillərdən daha kəsərli olur.

İndi necə olacaq? İqtisadiyyatın nisbi sabitliyini qoruyub saxlamaq mümkün olacaqmı? Təəssüf ki, birmənalı söz demək olmur. Hökumət bir qayda olaraq dünya iqtisadiyyatının durumuna apelyasiya edir. Gəl ki, dünya iqtisadiyyatında elə bir təlatüm duyulmur, sadəcə neftin qiyməti aşağı düşübdür və bu, zənnimizcə, digər sahələrin inkişafını stimullaşdıran amildir.

Elə dünya ölkələrinə baxanda da ən çox problemlər yaşayan ölkələr məhz neft ölkələridir. Azərbaycan da neft ölkəsidir və bəlkə də buna görə burada bədbin proqnozlar sarıdan heç bir kasadlıq duyulmur, gah bu, gah da ki, digər “mütəxəssis” ən böyük problemlərin hələ qarşıda olduğunu “müjdələməyi” özü üçün bir “vətəndaşlıq borcu” hesab edir...

Əslində belə “proqnoz”ların stimullaşdırıcı tərəfləri də var, onlar daim bazardakı tarazlığı pozurlar. Çox təəssüf ki, bu “proqnoz”ları səsləndirən adamlar özləri bunun fərqinə varmırlar, amma “stimullaşdırıcı infliyasiya” deyilən bir anlayış da var. Adi bir “proqnoz”la da bazarda çaxnaşma və ya həyəcan yaratmaq mümkündür, xüsusən də o halda ki, bazarlar və elə bütövlükdə ölkə də nisbi, dayanıqsız tarazlıq halında olur.

Qərəz, böyük narahatlıqlar üçün əsas olmasa da, böyük rahatlıq və arxayınlıq üçün də zəmin yoxdur. Bu mənadan yanaşanda hökumət daim işləməlidir. Onun işinin effektli olması isə həm də hökumət üzvlərinin yaşından, nə qədər çevik və işgüzar olmasından asılıdır - bunu bir daha diqqətə gətirmək zorundayıq...



Hüseynbala Səlimov
Tarix: 21-09-2017, 09:08
Xəbəri paylaş





Xəbər lenti