Azərbaycanın keçmiş baş prokuroru Əli Ömərov Milli Şuranın 23 sentyabra təyin etdiyi mitinqi dəstəkləyən açıqlama ilə çıxış etməsinə və hakim Yeni Azərbaycan Partiyasından istefa verməsinə aydınlıq gətirib.
Ə.Ömərov “Ölkə.Az”-a açıqlamasında deyib ki, bəzi qəzetlərdə onun haqqında yalan və cəfəngiyyat yazılar dərc olunub:
“Bəzi qəzetlər yazır ki, guya mənim biznes marağıma və sairəyə görə YAP-dan istefa vermişəm. Ancaq bütün bunlar yalan və böhtandır. Mənim heç bir biznesim yoxdur. Mən sıravi təqaüdçüyəm. YAP-dan da narazı olub çıxmamışam. Sadəcə olaraq, YAP-ın iclaslarına çağırılmadığım üçün partiyanı tərk etmişəm. Ancaq prezident İlham Əliyev hakimiyyətini sonadək dəstəkləyəcəm”.Ə.Ömərov “Yeni Müsavat” qəzetinin yazarı Etibar Seyidağanın onun haqqında yazdığı məqaləyə də cavab verib:
“Etibar Seyidağa yazır ki, Əli Ömərov 1994-cü ildə baş prokuror vəzifəsində işləyərkən mitinq etmək istəyən AXC-nin qərargahından silah-sursat tapıldığını, buna görə cinayət işi açıldığını bəyan etmiş, dövlət televiziyasına bu mövzuda müsahibə vermişdi. Hətta o zaman AXC rəhbərlərindən olan Əli Kərimli həbs edilib təcridxanaya salınmışdı. İndi həmin adamın xalqı eyni təşkilatın mitinqinə çağırması, bir zamanlar həbs etdirdiyi şəxsə dəstək verməsi müxalifət camiəsində belə, təəccüb və istehza doğurur.Buna cavab olaraq bildirirəm ki, silah-sursatı prokurorluq yox, Səbail rayon polis şöbəsi tapmışdı və o barədə istintaqı onlar aparırdı. Ümumiyyətlə o tip işlərlə (cinayətkarın tapılıb istintaqa təhfil verilməsi, silah-sursatın aşkar olunaraq müsadirə olunması və s.) DİN məşğul olur. Prokurorluq orqanları isə sui-qəsdlər, rüşvətxorluq və s. ağır cinayətlərlə məşğul olur. Mən isə Baş prokuror kimi məruzə edilən işin vacibliyini nəzərə alaraq TV-də çıxış etmişəm. Əli Kərimlini isə o məsələ ilə bağlı mən həbs etməmişəm, onu polis təcridxanaya salmışdı. Mən Əli Kərimlini həbs yox, tam əksinə, azad etmişəm. Əli Kərimli sağdı, ondan soruşa bilərsiniz. Əminəm ki, haqqı danmayan insandır və düzünü deyər. Bundan başqa bildirirəm ki, mən heç kimi heç bir mitinqə çağırmamışam. Bununla bağlı da məcburam ki, cavabımdan bir hissəni yenidən diqqətinizə çatdıram:
Bir daha qeyd edirəm ki, qanuni şəkildə və kimliyindən asılı olmayaraq təşkil edilən mitinqləri dəstəkləyirəm və dəstəkləyəcəm.
İkincisi bugün ki, qəzetinizdə çap elədiyiniz müsahibədə mənə göndərdiyiniz sualları dəyişilmiş şəkildə, mənim cavablarımı qısaldaraq vermisiniz və bununla da siz əsil haqq-ədalətə ləkə salmısınız.
Belə ki, mənə göndərdiyiniz suallar: Mitiniq dəstəkləməyinizdə hansı amillər rol oynadı? YAP-dan istefanız, incikliyiniz rol oynayırmı? Qəzetdə isə yazıbsınız ki, Milli Şuranın mitinqini dəstəkləməyində hakim partiyadan istefası, inciklik düşməsi rol oynayıbmı?
Göründüyü kimi, sualları birləşdirərək və dəyişərək tam başqa məna vermək istəyi açıq-aydın özünü büruzə verir. Həmin suala mənim cavabım isə aşağıdakı kimi olmuşdur və cavabım da tam və dolğun verilməyib:
YAP-dan istefamın səbəbləri barədə də “Facebook” səhifəmdə paylaşdığım ərizədə hərtərəfli, geniş və müfəssəl şəkildə yazılıb. Buna görə də ərizəmin sürətini əlavə etsəniz siz və bütün Azərbaycan xalqı görər ki, istefamın səbəbi nədir.
Sonda isə özünüzdən şərh vermisiniz ki, guya “bu çılğınlığı sırf fərdi biznes maraqlarından doğan hərəkətdir. Onun və ailə üzvlərinin biznes şəbəkəsini genişləndirmək istəkləri baş tutmayıb və səbəbdən də Ömərov hökumətdən bu yolla acıq çıxır”.
Bildirirəm ki, bəli mən və ailə üzvlərim “Four seasons” və “Sheraton” hotellər şəbəkəsinin “sahibiyik” üçünçü oteli açmaq istəyimizə “yox” cavabı aldığımıza görə “incik düşmüşük”.
Bütün bunlara cavab olaraq, Prezidentə yazdığım Ərizənin surətini (görünür sizə bunu etmək çox çətin idi) bir daha əlavə edirəm ki, istefamın səbəbləri dəqiq bilinsin:
Məlumunuz olduğu kimi, 3 il öncə (yəni noyabr 2014-cü ildə) Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmaq haqqında ən yüksək səviyyədən mənə gələn təklif əsasında bir zamanlar azsaylı və cəsarətli insanlarla birgə yaradılmasında əməyi olanlardan biri kimi böyük məmuniyyət hissi ilə Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan YAP-ın üzvlüyünə daxil oldum. Lakin daxil olduğum gündən bu günə kimi partiyanın ictimai-siyasi həyatında iştirakım təmin olunmamış, partiyanın keçirtdiyi heç bir tədbir və yığıncağına dəvət almamışam və bununla da mənim partiya üzvlüyüm formal xarakter daşıyıb. Bununda səbəbini onda dərk edirəm ki, vaxtı ilə Heydər Əliyevə qarşı çıxan və onun tərəfdarlarına qənim kəsilən insanların dövlət idarəçiliyi strukturlarında və həmçinin YAP-ın idarəçilik və rəhbər orqanlarında özlərinə yer edərək kök salmış natəmiz insanların olmasıdır.
Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq böyük təəssüf hissi ilə bildirmək istəyirəm ki, belə bir vəziyyətdə mənim bir nəfərlik YAP üzvlük yerini formal olaraq tutmağım bir məna kəsb etmir. Ona görə də xahiş edirəm mənim YAP-ın üzvlüyündən istefamı qəbul edəsiniz. Yəgin ki, bu da bir nəfər gəncin YAP-ın üzvlüyünə daxil olmasına zəmin və şərait yaradar.
Bundan sonra Etibar Seyidağaya mənim yazılarıma şərh verməyi qadağan edirəm. Əgər sizin nəslinizdə seyid varsa sizi onun cəddinə tapşırıram”.
Ə.Ömərov ömrünün sonunadək Milli Şurada təmsil olunmayacağını da deyib:
“Hər kəs tam əmin olsun ki, əgər Milli Şura və ya digər hər hansı müxalif partiyadan mənə üzv olmaq üçün dəvət gələrsə, qəti şəkildə rədd edəcəm. Mən heç zaman Milli Şuraya dəstək verməmişəm. Bundan sonra da verməyəcəm. Sadəcə olaraq, normal şəkildə qanuni, dövlətin icazə verdiyi mitinqi dəstəkləmişəm. Mənim kimi deputat Qüdrət Həsənquliyev də bu mitinqi dəstəkləyib. Mən istənilən qanuni, icazəli mitinqi dəstəkləyirəm. Bunu ayrı cür yozmaq doğru deyil”.
Sabiq baş prokuror Milli Şuranın mitinqində hakimiyyət və nümayəndələri əleyhinə radikal çağırışlar edən şəxslərin də cəzalandırılmasını istəyib:
“Mən açıq şəkildə deyirəm ki, əgər Milli Şuranın mitinqində kimsə hakimiyyət əleyhinə radikal və qanunsuz çağırışlar edərsə, təhqiredici ifadələr səsləndirərsə, onlar cəzalandırılmalıdır. Mən bunu bir hüquqşünas kimi açıq şəkildə bəyan edirəm”.
Xatırladaq ki, bir neçə gün öncə Əli Ömərov üzvü olduğu Yeni Azərbaycan Partiyasından istefa verib və Milli Şuranın sentyabrın 23-də təyin etdiyi mitinqə dəstək açıqlaması səsləndirib.
Tarix: 21-09-2017, 13:50