Lapşin Akif Çovdarovla türmə söhbətlərindən danışdı

Lapşin Akif Çovdarovla türmə söhbətlərindən danışdı Azərbaycanda 3 il azadlıqdan məhrum olunan və sentyabrın ortalarında prezident İlham Əliyevin əfv etdiyi blogger Aleksandr Lapşin müsahibə verib. A.Lapşın “sizinlə həbsxanada necə davranırdılar” sualına belə cavab verib:

“Həbsxana mühafizəçiləri mənimlə çox korrekt davranırdı. Adamı tək kamerada 7 ay saxlamaq isə ayrı məsələdir. Bu, qanunsuz və qəddardır. Qanunla bir adamı tək kamerada 21 gündən çox saxlamaq olmaz. Həbsxana rəhbərliyi izah edirdi ki, məni məmurlarla və generallarla bir kameraya salmaq olmaz, çünki çıxanda bundan yaza bilərəm. Quldurlarla isə məni bir kameraya salmaq, ümumiyyətlə, olmaz. Ancaq qarşı kamerada keçmiş MTN generalı Akif Çovdarov yatırdı. Gəzinti vaxtı bəzən onunla ünsiyyətdə olurduq. Aclıq elan edirdi. Özünü günahkar saymırdı”.

A.Lapşin AzadlıqRadiosuna bildirib ki, hazırda sənəd toplayır və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Lapşinin iddialarını cəfəngiyyat adlandırıb. Deyib ki, həbsdə olduğu müddətdə Lapşini həyat yoldaşı, anası, vətəndaşı olduğu ölkənin səfirliklərinin nümayəndələri bir neçə dəfə ziyarət edib. Hətta onların istəyi ilə Lapşinin müayinəsinə kənardan həkimin gətirilməsinə də razılıq verilib. Və bu müddət ərzində onunla görüşən heç kəs bloggerin saxlanma şəraitindən, ona qarşı zoakılığın, işgəncənin olmasından bir kəlmə belə danışmayıb. Aleksandr Lapşin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır. İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora gedib. İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloggeri 3 il azadlıqdan məhrum etmişdi. Sentyabrın 11-də Azərbaycan prezidenti onu əfv etdi.

E.HÜSEYNOV
Tarix: 22-09-2017, 08:32
Xəbəri paylaş





Xəbər lenti