Əiyevdən klanlari bitirən "ABŞ dosyesi" - Detallar

Əiyevdən klanlari bitirən "ABŞ dosyesi" - Detallar İndi qarşıda bu sual dayanır: prezident İlham Əliyev Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla görüşdən nə ilə qayıdır...Yerli KİV İ.Əliyevin BMT-dəki qətiyyətli çıxışına diqqət çəkir.
Onun erməni həmkarı Sərkisyanı Xocalı genosidinin müəllifi adlandırmasından yazır. Lakin Trampla görüşün siyasi motivləri arxa planda qalıb.
Əliyevin Bakıya dönüşündən sonra siyasi hakimiyyətin davranışlarında hansı dəyişikliklər olacağı gözləntilərinə toxunulmur.

Anaxeber.Az-ın iqtidardakı qaynaqlardan əldə etdiyi məlumata görə, Trampla görüşdən sonra Azərbaycanda siyasi islahatların başlanması sürətlənə bilər.

İlk növbədə vitse-prezidentlərin təyinatı gözləniləndir. Artıq bu institutun işlək hala gətirilməsi çiban kimi yetişib. Hakimiyyət referendumdan sonra vəd etdiyi reformaları gerçəkləşdirməlidir.
Çünki gedişat ölkəni və iqtidarı mürəkkəb vəziyyətlə qarşılaşdırıb. Vitse-prezidentlərin təyinatı ilə Nazirlər Kabinetinin lazımsızlaşması start götürə bilər.
Bu halda islahatların düşməni və qənimi kəsilmiş NK sıradan çıxarılır və 2018-ci ilin ilk aylarından başlayaraq yeni siyasi modelin tətbiqi reallaşır. Bu proqram oktyabrda keçiriləcək prezident seçkilərinə qədər sürətlə icra olunacaq.
Bura daxildir: ədalətsiz məhkəmə qərarlarının dəyişdirilməsi, siyasi dustaqların azad olunması, mülkiyyət və s. sosial sahələrdə problemlərin həlli, müxalifətlə dialoq, yumşalma siyasəti...
Hətta yeni ilin ilk aylarında - seçkiyə qədər nazirlərdən birinin başının kötüyə qoyulması da mümkündür. Hakimiyyətin səs-küylü istefalarla gündəm yaratması belə istisna edilmir.

Əliyevin Trampla görüşündən sonra vitse-prezidentlərin təyinatı klanlararası mübarizənin də səngiməsi ilə nəticələnə bilər.
Şübhəsiz ki, ölkə başçısı tərəfləri neytrallaşdırmaq strategiyasını yürütmək üçün hər iki cinahdan vitse-prezident təyin etməklə xarici siyasətdəki mövcud balansı daxili idarəetməyə də transformasiya edəcək.
Buna səbəb seçkilər yaxınlaşdıqca klanların açıq müharibəyə keçməsidir. Bu çəkişmələr isə Əliyevin siyasi şantajla qarşılaşmasına gətirib çıxarır.
Belə vəziyyətdə monolit olmayan komanda ilə seçkiyə getmək risklidir. Üstəlik, klanların savaşı media, QHT sektoruna da təsir edir, xalqın iqtisadi şəraitinə zərbə vurur.
Seçkilərə az qalmış isə qruplaşmaları sakitləşdirmək və prezidentliyə namizədliyi rahat şəkildə irəli sürməyin yeganə yolu vitse-prezidentlər təyinatında balans saxlamaqdır.
Seçkilərdən sonra isə qarşıda 7 illik proqram dayanır. O zaman Əliyev hansı siyasi klanla işləmək istədiyini özü müəyyən edəcək.
Doğrudur, indiki halda Paşayevlərin idarəçilikdə avanqard olacağı müşahidə edilir və Naxçıvan qruplaşması da açıq savaşla öz müqavimətini göstərməkdədir.
Amma yekunda hansı qrupun lokomotiv olacağını demək hələ tezdir. Sadəcə, Trampla görüşdən sonra idarəçilikdə yeni metodlar işləyəcəksə, vitse-prezidentlik institutu aktivləşəcəksə, mütləq şəkildə Paşayevlərin əli və diktəsi ilə mümkünləşəcək.
Odur ki, Əliyev Nyu-Yorkdan mövsümi islahatlar paketi ilə geri qayıdır. Sonra yeni dalğa, yeni həbslər, yeni kəmərsıxma və qaykaları bərkitmə əməliyyatları başlanacaq.

Anaxeber.Az-ın iqtidardakı qaynaqlardan əldə etdiyi məlumata görə, 2018 seçkilərində müxalifətə də geniş meydan veriləcək. Həmçinin, efir azadlığı təmin olunacaq.
Bu dekorativ demokratiya planı 7 illik prezident seçilməsində mühüm rol oynayacaq. Müxalifətin şəhərin mərkəzində meydanlara çıxmasına da şərait yaradıla bilər.
Bu idarə olunan proses seçkilərə rəng qatacaq. Bir tərəfdən də Qərb və Rusiyanı neytrallaşdırmaq üçün müxalifətin iştirakı mütləqdir.
Qərbə demokratiya görüntüsü təqdim eləmək, Kremlə isə amerikapərəstlərin, liberalların ölkədə aktiv və təhlükə olduğunu nümayiş etdirmək lazımdır.
Bu halda Moskva hakimiyyəti seçkiqabağı çox da sıxışdırmaya bilər. Üstəlik, Rusiyanın Azərbaycanda heç bir siyasi çevriliş planı yoxdur.
Əliyev iqtidarı Moskvanı qane edir. Nədə ki, qeyri-müəyyənliklər var, Putin seçkiqabağı bir-iki həmlə ilə istəklərinə nail olacaq.
Rusiya özü yaxşı anlayır ki, Azərbaycanı çox sıxışdırmaq da olmaz. Rəsmi Bakı bu şəraitdə dərhal ABŞ və Avropa ilə yaxınlaşır.
Məsələn, sentyabrın sonu Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə sahəvi müzakirələr olacaq.
Bu görüşdə investisiya, siyasət və təhlükəsizlik məsələlərindən əlavə, digər məsələlər də müzakirə olunacaq.
Həmçinin Brüsseldə yeni tərəfdaşlıq prioritetləri müzakirə olunacaq. Bu, yeni addımdır. Sentyabrın 27-də isə Brüsseldə Aİ ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək.
Oktyabrın ikinci yarısında isə təhlükəsizlik və insan hüquqları üzrə alt komitənin iclası nəzərdə tutulub. Enerji məsələləri üzrə alt komitənin iclasının tarixi "Şərq Tərəfdaşlığı" sammitinə hazırlığa görə hələlik dəqiqləşməyib.
Göründüyü kimi, rəsmi Bakı Aİ ilə əlaqələri genişləndirmək kursu götürüb və strateji baxımdan olan təzyiqlər də yolundan döndərmir.
Anaxeber.Az
Turan
Tarix: 22-09-2017, 09:12
Xəbəri paylaş





Xəbər lenti