Kataloniya və Kürdüstanın “müstəqilliyi”- Qarabağın taleyi necə olacaq...
Ekspertlər düşünür ki, Azərbaycan bu təhlükəyə çoxdan hazırdır
Son günlərin əsas müzakirə mövzularından biri Şimali İraq Kürd Muxtariyyətində və Kataloniyada “müstəqillik” referendumunun keçirilməsi ilə bağlı gedən ciddi proseslərdir. Artıq hər iki bölgədə referendum keçirmək üçün konkret gün müəyyən olunub. Kürdüstan qurmaq üçün kürdlər separatçı referendumlarını sentyabrın 25-nə təyin ediblər. Kataloniya hökuməti isə oktyabrın 1-də referendum keçirmək niyyətindədir.
Siyasi ekspertlər hesab edirlər ki, Şimali İraq Kürd Muxtariyyətində və Kataloniyadakı proseslər dövlətlərin qurulması ilə nəticələnəcəyi halda, bu, Azərbaycanın əleyhinədir. Belə ki, ermənilər də öz çirkin niyyətlərini həyata keçirmək üçün qondarma “Dağlıq Qarabağ Respublikası”nda da separatçı referendum keçirmək üçün fəallaşa bilər. Bunun üçün də rəsmi Bakının indidən proseslərə hazırlıqlı olmasının vacibliyi vurğulanır.Politoloq Elçin Mirzəbəyli istənilən halda yeni yarana biləcək “dövlətlər”in müstəqilliklərinin tanınmayacağını ehtimal edir: “Kataloniya və İraq Kürd Muxtariyyətinin ərazisində keçirilən referendum, hətta separatçıların istəyinə uyğun nəticələnsə belə, bunun heç bir effekti olmayacaq. Nə Kataloniyanın, nə də Kürd Muxtariyyətinin müstəqilliyi tanınmayacaq. Nəticədə Kataloniya və Kürd Muxtariyyətinə qarşı sanksiyalar tətbiq olunacaq və hər iki separatçı bölgə qısa müddətdə acınacaqlı duruma düşəcək. Hər iki separatçı bölgənin öz müstəqilliklərini elan etməsi Ermənistana heç bir perspektiv vəd etmir. Əvvəla, qeyd edim ki, Ermənistanın hərbi-siyasi müttəfiqi olan Rusiya artıq Kataloniyada və Kürd Muxtariyyətində keçirilməsi nəzərdə tutulan referendumların nəticələrini tanımayacağını bəyan edib. Suriyanın ərazi bütövlüyünün qorunmasını böhranın həllində ön şərt kimi irəli sürən Moskva indiki halda fərqli mövqe sərgiləyə də bilməz. Bu yerdə ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasında səsləndirdiyi fikirləri də diqqətə almaq lazımdır. Tramp bəyan etdi ki, ”Ukraynadan Cənubi Çin dənizinə qədər ərazidə olan ölkələrin suverenliyini qorumalıdır". Bu isə artıq Kürd Muxtariyyətinə, Rusiyaya və Ermənistana açıq mesaj kimi qəbul olunmalıdır".
Politoloq Dağlıq Qarabağ məsələsinə də toxundu: “Gələcəkdə Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi ilə bağlı referendumun keçirilməsi münaqişənin həlli ilə bağlı aparılan danışıqların predmetlərindən biridir. Bununla bağlı razılaşma, yaxud referendumun necə, hansı şəraitdə və necə keçirilməsi ilə əlaqədar razılaşdırılmış məqamlar olmasa da, hər halda, beynəlxalq vasitəçilərin təqdim etdiyi bütün həll variantlarında bu məqam yer alıb. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı həll variantları mərhələli olsa da hər bir mərhələ ümumi həll variantının tərkib hissəsi kimi qəbul olunur. Yəni ilk işğalçı qüvvələr geri çəkilir, məcburi köçkünlər geri qayıdır, təhlükəsizlik beynəlxalq zəmanətlə təmin olunur və Dağlıq Qarabağın aralıq, sonra isə yekun statusu müəyyənləşir. İstər Kataloniyada, istərsə də Kürd Muxtariyyətində vəziyyət fərqlidir. Dağlıq Qarabağda separatçı rejim başqa bir dövlətin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində baş verib. Nə Kataloniyada, nə də Kürd Muxtariyyətində buna bənzər məqamlar yoxdur. Azərbaycan danışıqlar prosesinin tamamilə iflasa uğrayacağı təqdirdə atacağı addımları müəyyənləşdirib. Əgər Ermənistan işğal etdiyi əraziləri hüquqi cəhətdən özününküləşdirməyə cəhd edərsə, müharibə dərhal başlayacaq. Ermənistanda da bunu yaxşı bilirlər. Azərbaycan bu təhlükəyə çoxdan hazırdır”.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, Qarabağ probleminin Azərbaycanın xeyrinə həll edilməməsi vaxtı uzandıqca zaman düşmənlərimizə işləyir: “Kosovo müstəqil olduqda da ermənilər ümidlənmişdilər. Ardınca Abxaziya və Cənubi Osetiyanın Rusiya və bir - iki ölkə tərəfindən müstəqilliyinin tanınması yenə düşmənlərimiz üçün bir fürsət yaratmışdı, dünya tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsini qaldırmağa. İndi də Kürdüstan və Kataloniyanı bəhanə edərək ermənilər üçün yeni bir fürsət yaranıb. Bu məsələdə kürdlərin ”müstəqilliyini" əldə etməsi daha realdır. Düzdü, Türkiyə, İran və İraq bunun qəti əleyhinədir. Əgər bu üç dövlət tərəfindən hərbi müdaxilə edilməsə, Kürdüstan qurulacaq. Bu da müsəlman coğrafiyasında ikinci İsrail deməkdir. İkinci İsrail də bu dəfə hədəf olaraq əsas Türkiyəyə qarşı qurulur. Türkiyəyə qarşı hədəf olaraq hər hansı bir ölkə qurulursa, bu həm də ermənilərin xeyrinədir. Ermənilərin xeyrinə hər hansı bir şey isə Azərbaycanın əleyhinədir. Ona görə xüsusən müstəqil Kürdüstanın qurulması Azərbaycanın milli maraqlarına ziddir. Və yaxşı olar ki, Azərbaycan hakimiyyəti bütün region üçün bu taleyüklü məsələdə susmasın və öz mövqeyini dünyaya çatdırsın. Mövqe isə Türkiyənin yanında Kürdüstana qarşı olmalıdır. Əgər İraq və İspaniyada referendum keçirilsə və müstəqil Kürdüstan elan edilsə, Kataloniya isə müstəqilliyinə bir addım da yaxınlaşsa, heç şübhəsiz ki, bu vəziyyətdən ermənilər yararlanmağa çalışacaqlar. BMT-nin son iclasında Sərkisyan bir daha Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasının mümkünsüzlüyünü vurğuladı. Bu o deməkdir ki, Dağlıq Qarabağda hər an referendum keçirilə bilər və bu referendumun nəticəsi kimi də ən azı Ermənistan tərəfindən tanına bilər. Bunun qarşısını ancaq hərbi güc ala bilər".
Cavanşir ABBASLI
Tarix: 22-09-2017, 10:01