İqbal Ağazadə: Ölkədə 26-larla bağlı qadağa varsa, Səməd Vurğun gərək onda vətən xaini elan oluna

İqbal Ağazadə: Ölkədə 26-larla bağlı qadağa varsa, Səməd Vurğun gərək onda vətən xaini elan oluna “Ölkədə 26-larla bağlı qadağa varsa, Səməd Vurğun gərək onda vətən xaini elan oluna və ümumiyyətlə ədəbiyyatımızdan çıxarıla”

2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə bir ildən bir az artıq vaxt qalır. Geniş imkanlarına rəğmən hakim Yeni Azərbaycan Partiyası hələ yay aylarından seçki hazırlıqlarına start verib. Maraqlısı budur ki, müxalif düşərgədə hələ də susqun vəziyyət hökm sürməkdədir və növbəti ən böyük siyasi hadisəyə hazırlıqlar müşahidə olunmur. Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə ilə söhbətimizdə əvvəlcə bu barədə danışdıq:


- İqbal bəy, bütün seçkilərdə aktivlik göstərən Ümid Partiyası nədənsə gələnilki prezident seçkiləri ilə bağlı aktivlik nümayiş etdirmir. Bunun səbəbi nədir? Ümumiyyətlə, seçkidə iştirak edəcəksinizmi?

- Seçkidə iştirakla bağlı qərarı 2018-ci ilin ilk aylarında keçiriləcək qurultayımız verəcək. Hazırda qurultaya hazırlıq gedir. Ona qədər təbii ki, yerlərdə partiyanın hesabat-seçki konfransları keçirilir. Həm qurultaya nümayəndələr, həm hazırlıq, təşkilati məsələlər müzakirə olunur. Bu da əslində həm də seçkiyə hazırlıq kimidir. Amma ictimai-siyasi vəziyyətdən, vətəndaşların proseslərə dinamik yanaşmasından asılı olaraq seçkidə iştirak edib-etməməyimizi qurultay həmin tarixdə müəyyən edəcək.

- Müxalifətin vahid namizədi ilə bağlı yeni müzakirələr başlayıb. Bu müzakirələrə münasibətiniz necədir?

- Müzakirələr mümkündür. Bütün seçkiöncəsi vahid namizəd haqqında müzakirələr gedir. Amma bunlara münasibət nə dərəcədə pozitiv olacaq, deyə bilmərəm. Hələlik vahid namizəd məsələsi bizimçün aktual məsələ deyil. Bizimçün prinsiplər və demokratik dəyərlər aktualdır. O istiqamətdə də biz partiyaların bir-birinə və gələcək seçkilərə münasibətinin formalaşmasını arzulayırıq. Amma vahid namizəd müəyyən olunsun, bu, nəyi dəyişir ki? Bugünkü sistemdə onun yeri o qədər də uğurlu deyil ki, vahid namizəd müəyyən olunsa, müxalifət nəyəsə nail olacaq. Ümumilikdə demokratik ab-hava və seçki ab-havası zəifdir. Bu seçki ab-havasının zəif olması proseslərin özünü geriyə atır, müxalifətin və yaxud fərqli namizədlərin uğur qazanmasına mane olur. Amma bütövlükdə deyək ki, müxalifətin namizədi üçün hər hansı bir problem yoxdur, demokratik seçki ab-havası və seçici dinamikliyi olsa, istənilən seçkini udmaq, yaxud da yetərincə səs qazanmaq mümkündür.

- Digər müxalifət partiyaları ilə münasibətləriniz necədir?

- Hamısı ilə normal münasibətlərimiz var. Hesab edirəm ki, funksional əməkdaşlıq istiqamətində heç bir problem yoxdur.

- Amma sizi son vaxtlar müxalifətin hansısa toplantısında görməmişik...

- Müxalifətin toplantısı olmur axı, ona görə.

- Özünüz də toplantı keçirmək təşəbbüsü göstərmirsiniz.

- Yox. Elə bir təşəbbüsdə bulunmaq niyyətində deyilik.

- Sabah (bu gün-red.) Milli Şuranın mitinqidir. İştirak edəcəksiniz?

- Yox, iştirak etməyəcəyəm. Təşkilatçısı olmadığımız bir məsələdə iştirakımız bizimçün o qədər də aktual deyil və açığı, heç vaxt da olmayıb.

- Son vaxtlar bir neçə tanınmış şəxsin həbsdən buraxılması bəzi müşahidəçilərdə yeni mərhələnin başlanması ilə bağlı nikbin rəylər yaratdı. Baş verənlərə sizin yanaşmanız necədir?

- Deyə bilmərəm yeni mərhələ başlayıb, başlamayıb. Prezidenti Amerikaya səfəri öncəsi bu addım atılmışdı. Prezidentin səfərdən geri dönüşündən sonra aparılacaq siyasətdə bu barədə hansı müsbət tendensiyalar varsa, ondan sonra çıxış edib demək olar ki, bunlar davamlıdır, yoxsa təsadüfi xarakter daşıyır.

“Şeyxi uzun illərdir tanıyıram, dövlət üçün, Vətən üçün kritik məqamlarda həmişə mövqe qoymuş insandır”
- Dövlət başçısının ABŞ səfəri və BMT tribunasından çıxışını necə qarşıladınız?


- Normal. Dövlət başçısı istənilən halda hər bir tribunadan millətinin, xalqının, dövlətinin problemini səsləndirmək üçün maksimum istifadə etməlidir.

- Bundan sonra Qarabağla bağlı rəsmi Bakının mövqeyi sizcə, necə olacaq?

- Azərbaycanın mövqeyi dəyişməyəcək. Heç Ermənistanın da mövqeyi dəyişməyəcək. Tribunalardan səslənən fikirlərin hamısı hakimiyyət mövqelərini möhkəmləndirməyə xidmət edən addımlardır. Ermənistan prezidenti də, Azərbaycan prezidenti də bilir ki, Dağlıq Qarabağ probleminin həlli beynəlxalq güclərin bu məsələyə münasibətindən və yanaşmasından asılıdır. Onlar isə heç biri fundamental şəkildə beynəlxalq təşkilatların və yaxud da iri dövlətlərin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövqeyini birmənalı olaraq öz tərəflərinə dəyişə bilməyiblər. Nə Azərbaycan haqlı mövqeyinə görə onlardan o dəstəyi ala bilir, nə də Ermənistan işğal etdiyi torpaqların üzərindəki nəzarətini hüquqi müstəviyə daşıya bilir. Ona görə də vəziyyət dəyişməz qalacaq. Səslənən bəyanatlar və mövqelər, müharibə hədə-qorxularından tutmuş, “heç kimə heç nə verməyəcəyik”, bütün bunların hamısı daxili auditoriyaya, seçiciyə hesablanmış addımlarıdır.

- Son vaxtlar Rusiya gəmiləri Bakı limanlarını “su yolu”na döndəriblər, vaxtaşırı sahillərimizə yan alırlar. Bunun anlamı nədir?

- Rusiya üçün təsadüf heç bir şey yoxdur. 20-ci ildə Çingiz İldırımın qarşıladığı rus gəmilərinin yerinə Rusiya gəmisi gəlirsə, burada təsadüfi heç nə yoxdur. Təbii ki, Azərbaycanın müstəqilliyinə xələl gəlməsindən, yaxud da yeni işğal faktorundan danışmaq absurddur, məntiqdən uzaqdır. Amma zəiflətmək, öz iradəsinə tabe etdirmək, özünün idarəetmə orbitinə salmaq üçün cəhdlər var. O cəhdlər də davam edəcək.

- Bu arada “26-lar” mövzusunun gündəmə gəlməsi hansı anlamı daşıyır? Deyəsən, heç 26-lar kafesi haqda danışmadınız...

- Yox. Danışmadım.


- Niyə susdunuz?

- Vallah, mən Hacıbala müəllimin bu qədər vətənpərvər olduğunu heç ağlımın ucundan da keçirtmirəm. Hacıbala müəllimin verdiyi bəyanat ki, “Bakının mərkəzində 26-lar kafesi...”, “ay qoyma, qaçdı, 26-lar bu şəkildə davam edir”, bunlar hamısı mənə ironik gəlir. Çünki Bakının mərkəzində kimlərin heykəlləri yoxdur? Ayna Sultanovadan tutmuş, Nəriman Nərimanova qədər hər kəsin heykəli var. Məgər bunlar eyni əqidənin daşıyıcıları, Azərbaycanın müstəqilliyinin əleyhinə olan, “11-ci qırmızı ordu”nun Bakıya gəlməsinə şərait yaradan adamlar deyil? Dünənə qədər metrostansiyaların adlarından tutmuş, hər şeyə qədər var idi, bunu kimsə görmürdü? 26-lar kafesinin də məhz 26 Bakı komissarının adı ilə bağlı olmasını heç ağlımın ucundan da keçirtmirəm. Hətta Ermənistanın özündə belə, 26 Bakı komissarının onlara fayda verdiyi, yaxud onların qəhrəmanı olduğu anlayışı yoxdursa, bizdə nədən o anlayış olsun? Fərdlər ola bilər və o tək-təklərin də içərisində kafe-restoran adı seçə biləcək adam onun üzərindən piar qurub da bir xatirə kimi camaatın gözündən qaçsın, belə bir restoran yaratsın, bu, ağlımın ucundan keçmir. Dünyada 26-larla bağlı məşhur restoranlar, PAB şəbəkəsi var. Bütün bunlar hamısı mövcuddur və kifayət qədər məşhurdurlar. Amma burada biznes maraqları, yaxud da o kafeni işlədənlərin hansısa hakimiyyət qayda-qanunları - hüquqi qayda-qanunları yox - pozduğu qənaətindəyəm. Hesab edirəm ki, ora müdaxilə qeyri-qanuni idi. Hətta onlar cinayət işlətmiş olsa, belə, onların qapadılması, əmlakının qəsb olunması, əmlakının müsadirə olunması məhkəmə yolu ilə qanuni şəkildə həyata keçirilməli idi. Yoxsa bir icra strukturu gəlsin desin “qapadın, əmlakı müsadirə edin, bunlar düşməndir...” Kim müəyyən edib? Onun düşmənçiliyini müəyyən edən hüquqi faktor Cinayət Məcəlləsidir və konkret maddələrə görə də adam ittiham olunmalıdır. Bunun heç biri yoxdursa, vergi orqanları şirkətin, hüquqi şəxsin üzərinə hər hansı bir məsuliyyət qoymayıbsa, necə kimsə gəlib bağlaya bilər?

- Amma bu hadisənin ardınca 26 komissarın məzarlarının bir qrup adam tərəfindən ziyarət olunması da diqqət çəkdi...

- Vallah, mən o şəkilləri gördüm. 2-3 adam kimlərsə ziyarət edirdi. Bilmirəm, o təşkil olunmuş idi, ya yox. Bunun üçün də qadağa yoxdur e. Ölkədə 26-larla bağlı qadağa varsa, Səməd Vurğun gərək onda vətən xaini elan oluna və ümumiyyətlə ədəbiyyatımızdan çıxarıla. Bu adamlar da ondan tərbiyə almış adamlardır, pis-yaxşı. Azərbaycan ədəbiyyatında, mədəniyyətində, tarixində bir sovet dövrü olub. Sovet dövrünün atributlarından biri də 26-lar idi də. Biz Şaumyanı, 26-ları düşmən elan edirik. Amma bu ideologiyanın içərisində tərbiyə almış, hətta yaddaşının harasındasa müsbət mənada ilişib qalan birini də düşmən elan etməyəcəyik ki. Bu, ideolojilərdir. Bu ideolojilərdə kommunistlər var. Parlamentin, icra strukturlarının yarısı dünənki kommunistlərdir, neyləyək indi? Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş nə qədər adam bu gün dövlət vəzifəsindədir. Nə edək indi? O dövrdə elə düşünürdü, amma bu dövrdə düşünmür. Müstəqilliyi “xülya” hesab edirdi. Hesab edirdi ki, biz SSRİ-dən ayrıla bilmərik, bu, bizim başımıza faciə gətirəcək. Amma indi müstəqildir və o da bir görəvdə oturub. Belə bolşevik yanaşmasının tərəfdarı deyiləm.

- İqbal bəy, Şeyx ətrafında baş verənlər barədə fikriniz nədir? Başlanmış kampaniyada hətta Rusiya izinin olması barədə iddialar var. Siz nə düşünürsünüz?

- Mən Şeyxi uzun illərdir tanıyıram. Dövlət üçün, Vətən üçün kritik məqamlar olanda Şeyx hər zaman mövqe qoymuş insandır. 20 Yanvarda Şeyxin qoyduğu mövqe, onun müraciətləri və s. Bu, bir tarixdir və bu tipli tarixlərdə insanlar öz mövqeləri ilə seçilə bilirlərsə, o adamlar tarixdə qalacaqlar. Şeyx kimi vəzifəsini yaxşı icra edirmi, etmirmi? Proseslərə Şeyxülislam və yaxud da bir din idarəsi acısından baxmaq lazım deyil. Proseslərə ölkə miqyasından baxmaq lazımdır. Ölkədə proseslər fərqli yerə gedirsə, yaxud fərqli şəkildə inkişaf edirsə, Şeyxin də başqa bir şey gözləməyə dəyməz. Hesab edirəm ki, Şeyx yerində olan adamdır və funksiyasını yerinə yetirir. Niyə üzərinə düşüblər, nədən üzərinə gəlirlər, bu, artıq hakimiyyətdaxili mübarizəninmi, yoxsa ayrı-ayrı fərdlərinmi yanaşmasıdır, bu, artıq məni o qədər də ciddi maraqlandırmır. Mən hesab edirəm ki, bu tipli geniş əlaqələri və ölkənin kritik məqamlarında mövqe ifadə edən adamlar dəyərli adamlardır və üzərinə getməklə nəyisə dəyişmək, nəyisə fərqli istiqamətə yönəltmək müsbət bir şey vermir. Bilirsiniz, Azərbaycan cəmiyyətinə bütöv halda baxmaq lazımdır. Bəzən biz müxalifətin, QHT-lərin, KİV-in, iqtidarın, ziyalıların mövqeyini təftiş edirik, birini pisləyirik, birini “vətən xaini” çıxarırıq. Bu, bir orqanizmdir, Azərbaycan cəmiyyətidir. Cəmiyyətin bütün sferalarında bu tipli hadisələr varsa, onda birini ayırıb da müqəddəsləşdirmək və ya birini ayırıb “vətən xaini” elan etmək doğru deyil. Kompleks şəkildə baxanda biz Azərbaycan cəmiyyəti buyuq. Hər yer düzələndə o sferalar da yavaş-yavaş öz yerini alacaq. Çətinliklər var deyə, insanlar bir-birinin üzərinə daha çox gedir. Ölkə olaraq istər sosial, istər vətəndaş həmrəyliyi istiqamətində, istər beynəlxalq aləmlə bağlı, istər demokratikləşmə ilə bağlı çox ciddi problemlərimiz var. O problemlər də bizi bu şəkildə bir-birimizin üzərinə getməyə vadar edir. Mən hesab edirəm ki, bütün məsələlərin hamısı masa arxasında çözülməlidir, bunu hər kəs qəbul etməlidir. Çünki çətin bir dövrə qədəm qoymuşuq, istər sosial cəhətdən, istərsə də dünyada baş verən hadisələr fonunda...

Elşad PAŞASOY
Tarix: 23-09-2017, 09:00
Xəbəri paylaş





Xəbər lenti