Müxalifətin 2018 planları - prezidentliyə iki namizəd irəli sürülüb

Müxalifətin 2018 planları - prezidentliyə iki namizəd irəli sürülüb İqbal Ağazadə: “Müxalifətin problemi proseslərə düzgün yanaşılma və düzgün taktika aparılması sahəsindədir”


Azərbaycanda keçiriləcək növbəti prezident seçkisində iştirakla bağlı artıq bəzi partiyalar namizədlərini elan ediblər. Prezidentliyə namizədini ilk irəli sürən Müsavat Partiyasıdır. Müsavat Partiyası 2014-cü ilin 27 sentyabrında keçirdiyi qurultayda lideri İsa Qəmbərin 2018-ci il prezident seçkilərinə namizədliyini irəli sürmək qərarı verib. Qərar hələ qüvvədədir və böyük ehtimalla forsmajor nə isə baş verməsə, Müsavat seçkiyə İsa Qəmbərin namizədilə qatılacaq.

Namizədini irəli sürən ikinci partiya Vətəndaş və İnkişaf Partiyasıdır. Bu partiya 2017-ci il mayın 28-də keçirdiyi qurultayında sədri Əli Əliyevin növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyini rəsmiləşdirib.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bir müddət əvvəl bildirib ki, prezident seçkilərində namizədliyini irəli sürəcək. Partiyanın hələ ki rəsmi qərarı olmasa da Tural Abbaslı mövqeyində qəti olduğunu deyib.



Digər partiyaların isə hələ ki namizəd irəli sürməklə bağlı qərarları yoxdur. Onların sədrlərinin özlərinin şəxsi mövqeyinə gəlincə, KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, rəhbərlik etdiyi partiyada prezident seçkiləri və namizəd məsələsi hələ müzakirə olunmayıb: “Müzakirələr olacaq. Seçkidə iştirakla bağlı qərar verməyə partiyanın qurultayının və Ali Məclisinin də səlahiyyəti var”.

“İndiyə qədər prezidentliyə namizəd olmayan M.Mirəlioğlunun bu dəfəki seçkidə namizədliyinin irəli sürülməsi gözlənilirmi?” sualına KXCP sədri belə cavab verib: “Seçkilərdə namizədliyimin irəli sürülməsi dəfələrlə müzakirə mövzusu olub. 2003-cü ildə, 2008-ci ildə namizədliyim irəli sürülüb, lakin özüm razı olmamışam. Hesab eləmişəm ki, silahdaşlarım bu məsələdə bir az tələsirlər və sair. Zaman da göstərib ki, mənim mövqeyim doğrudur. İnşallah, gələn illərdə baxarıq. Vəziyyətdən asılı olaraq qərarımız olar”.

Müxalifətin 2018 planları - prezidentliyə iki namizəd irəli sürülüb

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, rəhbərlik etdiyi partiyanın prezident seçkilərində iştirakını və namizədini müəyyənləşdirməyi qurultay həll edir. Nizamnaməyə görə, Ümid Partiyasının qurultayı gələn il keçirilməlidir: “Ona görə də biz seçkiyə siyasi partiya kimi hazırlaşırıq. Amma iştirak və namizədlə bağlı qərarı gələn il keçiriləcək qurultay verəcək. Qurultay nə qərar verəcəksə, ona uyğun hərəkət edəcəyik”.



İ.Ağazadə qeyd edib ki, müxalifətin problemi vahid namizəd və ya namizəd bolluğu məsələsi deyil. Müxalifətin problemi proseslərə düzgün yanaşılma və düzgün taktika aparılması sahəsindədir: “Çox namizəd də ola bilər, ələ-ələ verib demokratik seçki üçün çalışmaq olar. Vahid namizəd də olar, lakin hər kəs vahid namizədi ortada buraxar və yanlış taktika nəticəsində demokratik seçkiyə heç bir xeyir olmaz”.



AXP sədri Pənah Hüseyn də hələlik seçkilərlə bağlı müzakirə aparmadıqlarını bildirib. Şəxsən özünün namizədliyini irəli sürüb-sürməmək barədə isə düşünmədiyini deyib: “AXP-də prezident seçkiləri ilə bağlı müzakirə aparılmır. Hələlik bu seçkilər və orada iştirakımızla bağlı deyə biləcəyimiz bir şey yoxdur. Əgər yaxın gələcəkdə dəyişən nə isə olarsa, o zaman bu barədə media vasitəsilə ictimaiyyətə məlumat verəcəyik. Hansısa partiyaların indi namizədlərini irəli sürməsinə gəlincə, hər bir partiyanın özünün taktikası var”.



ADP sədri Sərdar Cəlaloğlu isə bildirib ki, namizədliyin indidən irəli sürülməsinin tərəfdarı deyil: “Prezidentliyə namizədliyi seçki kampaniyası başlayanda da vermək olar. Çünki o zaman situasiya aydın olacaq və bu situasiyaya uyğun da namizədliyi irəli sürmək və ya sürməmək olar. Ona görə də biz seçkidə namizədliyimizlə bağlı indidən qərar vermək istəmirik. Gözləyəcəyik, görək hadisələr necə inkişaf edir. Atacağımız addımlar iqtidarın davranışından da asılı olacaq”.

S.Cəlaloğlu hesab edir ki, müxalifətin vahid namizədlə seçkiyə getməsi bugünkü vəziyyətdən yanaşdıqda mümkün görünmür. Bunun da bir sıra səbəbləri var. Kim ki, vahid namizəd olmaq istəyir, gərək vahid namizəd psixologiyasına malik olsun, hər kəsə eyni yanaşsın, öz partiyası ilə digərlərinin arasında fərq qoymasın. Azərbaycanda müxalifətin vahid namizədi olmaq istəyən şəxslərin isə nə davranışları, nə düşüncələri, nə xarakterləri onların vahid namizəd olmasına imkan vermir.
AMİP-də də hələ ki prezidentliyə namizəd məsələsi müzakirə edilmir. Bu barədə məlumat verən AMİP katibi Əli Orucov deyib ki, AMİP-in Etibar Məmmədov kimi nüfuzlu lideri var, Etibar Məmmədov seçkidə iştirak etmək istədiyi halda partiya onun namizədliyini irəli sürəcək. Lakin hələ Etibar Məmmədov belə bir istəyinin olub-olmadığını bildirməyib.

E.SEYİDAĞA
Tarix: 26-09-2017, 08:26
Xəbəri paylaş





Xəbər lenti