Elçin Mirzəbəyli: “İki pisdən daha yaxşısını seçmək də mümkün deyil”
Vaşinqton Rusiyada prezident seçkisi ərəfəsində etiraz aksiyalarını maliyyələşdirə bilər. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergeyi Ryabkov bildirib. “İstisna etmirik ki, Vaşinton seçki ərəfəsində etiraz aksiyalarının dəstəklənməsi üçün əhəmiyyətli maliyyə vəsaitini göndərməyə çalışacaq”, - agentlik diplomatdan sitat gətirib.
S.Ryabkov proqnozlaşdırıb ki, seçki yaxınlaşdıqca ölkə daxilində də vəziyyətə təsir etmək və sabitliyi pozmaq cəhdləri azalmayacaq: “Belə cəhdlər güclənəcək. Biz bu prosesə tam hazır olmalıyıq”.Siyasi şərhçilər Rusiya XİN-in narahatlığının əsassız olmadığını deyirlər. Bu ilin martından Rusiyada korrupsiya əleyhinə mitinqlərin keçirildiyi və getdikcə etirazların geniş vüsət aldığı, proseslərin gedişatında Aleksey Navalnı kimi siyasi bir liderin üzə çıxdığı önə çəkilir. Məhz Amerikanın bu etirazlardan və Navalnı fiqurundan istifadə edəcəyi, Rusiyada sabitliyi pozmaq üçün əlindən gələni edəcəyi vurğulanır.
Müzakirələrdə Azərbaycanda gələn ilin oktyabrında keçiriləcək seçkilərə də burada diqqət çəkilir. Belə ki, Azərbaycanda da müxalifətin fəallaşması gözlənilir, iqtidar isə Qərbin seçkilərə müdaxilə edə biləcəyini istisna etmir.
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Rusiya rəsmisinin açıqlaması uğurlu gediş deyil: “Sergey Ryabkovun açıqlamasını bir neçə kontekstdən dəyərləndirmək olar. Əvvəla, qeyd edim ki, belə bir açıqlamanın dövlət rəsmisi tərəfindən dilə gətirilməsi heç də uğurlu gediş deyil. Çünki bütün hallarda Rusiyanın daxili siyasətində ciddi boşluqların olması zəiflikdən doğan narahatlığın etirafı kimi qiymətləndirilə bilər. Bu açıqlamanın digər tərəfi isə çox güman ki, Rusiyada seçkiqabağı repressiyalar üçün bəhanə yaratmaqla bağlıdır. Daha doğrusu, bu, gözlənilən bəhanənin anonsudur. Nəzərə alsaq ki, Rusiyada ölkə xaricindən maliyyələşə biləcək siyasi qüvvə demək olar ki, yoxdur, mərkəzi hakimiyyət etirazçıların bütün maliyyə kanallarını bağlayıb və yollarını kəsib, o zaman Ryabkovun anonsunu Rusiya ilə qonşuluqda olan ölkələrlə də əlaqələndirmək mümkündür. Məsələn, bəzi rus ekspertləri Mixail Saakaşvilinin Ukraynaya qayıdışını 2018-ci ildə Rusiyada keçirilən seçkilərlə əlaqələndirirlər. Onların qənaətinə görə, seçki öncəsi və seçki zamanı daxili proseslərə müdaxilə məhz Ukrayna vasitəsilə həyata keçiriləcək. Moldova ilə bağlı da ehtimallar dilə gətirilir. Görünən odur ki, Rusiyanın hakim dairələri yenə də ”cadugər ovu"na çıxıblar. Və bu cadugərlər Kremlin qaralamaq istədiyi bütün postsovet respublikalarında peyda ola bilər. Şübhəsiz ki, Vaşinqton seçkilərə müdaxilə etməyə və hakim komandanın seçkidən zəifləmiş, parçalanmış şəkildə çıxmasına çalışacaq. Amma məsələ burasındadır ki, hazırda bu müdaxiləni siyasi texnologiyalar yolu ilə həyata keçirmək üçün heç bir mexanizm yoxdur. Rusiyada siyasi institutlar çoxdan sıradan çıxarılıb və ən yaxşı halda marginallaşıblar. Belə olduğu zaman müdaxilə fərqli və heç də arzuolunmayan müstəvilərdə baş verə bilər. Rusiya federal dövlətdir və federasiyanın subyektlərinin inkişaf səviyyəsi bir-birindən kəskin şəkildə fərqlənir. Ola bilsin ki, Ryabkovun açıqlamasında bu amil daha çox rol oyanyıb".
Politoloq Rusiya daxilindəki proseslərə təsir etməyin çətin olduğunu düşünür: “Sanksiyalar Rusiyaya ciddi təsir göstərib və getdikcə bu təsir daha qabarıq şəkildə nəzərə çarpacaq. Ən təhlükəli məqam odur ki, Rusiya sanksiyalar nəticəsində itirdiklərini postsovet məkanındakı təhdid və təzyiq xarakterli manevrləri hesabına kompensasiya etməyə çalışır. Sanksiyaları tətbiq edən tərəflər isə bu manevrlərinin qarşısını almaq üçün heç bir prinsipial addımlar atmırlar. Əksinə, müstəqil siyasət yürütməyə can atan dövlətləri hədəfə almaqla Rusiya üçün daha əlverişli təzyiq imkanları yaratmağa çalışırlar. Postsovet respublikalarının əlini gücləndirmədən, onların təhlükəsizliyinə təhdid yaradan amilləri neytrallaşdırmadan Rusiya daxilindəki proseslərə ciddi təsir göstərmək mümkün deyil. Məsələ burasındadır ki, Sovet İttifaqı dağıldıqdan sonra Qərbin yürütdüyü çoxsifətli siyasət bu qütbün postsovet məkanına təsir imkanlarını xeyli zəiflədib. Hazırda postsovet məkanında Qərbin ideoloji müttəfiqi yoxdur. İnteqrasiya üçün ortalıqda iki pis var və onların heç biri digərindən fərqli deyil. Bu səbəbdən də iki pisdən daha yaxşısını seçmək də mümkün deyil. Beynəlxalq müstəvidə olduğu kimi, regionda da hər kəs vəziyyətin aydınlaşmasını gözləyir. Aydınlaşacaqmı? Bu suala indi cavab vermək çox çətindir. Lakin Qərbin ikiüzlü siyasəti və regionu yenidən qarşıdurmalara sürükləmək niyyəti davam etdikcə hətta əksliklər belə vəhdətdə olmaq məcburiyyətində qalacaqlar.
Navalnı isə Rusiyanın indiki hakimiyyətinə ciddi problem yarada biləcək gücdə və potensialda olan bir lider deyil. O, 2018-ci ildə keçiriləcək seçkilər öncəsi narazı kütləni idarə etmək üçün düşünülmüş növbəti layihədir. Rusiyanın hakim komandası parçalanmayacağı təqdirdə bu ölkədə yaxın zaman ərzində dəyişikliyə nail olmaq inandırıcı görünmür. Mən Amerikanın Rusiyada hakimiyyət dəyişikliyində maraqlı olduğuna da inanmıram. Çünki Rusiya və təbii ki, Putin təhlükəsi ABŞ və müttəfiqlərinin arasında bir vaxt daha qabarıq görünən ziddiyyətləri kölgədə qoyub. Putin təhlükəsi Qərbi birləşməyə vadar edib. Amerikanın dünya miqyasında hegemonluğunu möhkəmləndirmək üçün əlverişli zəmin yaradıb. Rusiyanın indiki hakimiyyəti ölkənin iqtisadi potensialını Qərb dövlətləri ilə rəqabət halına gətirmədən silahlanma yarışına, geosiyasi maraqlar savaşına qalxıb. Öz-özünü zəiflədən hakimiyyətin dəyişməsində Qərb niyə maraqlı olmalıdır ki? Rusiyanın sivil, demokratik, modern dövlətə çevrilməsi Ermənistan istisna olmaqla, bütün postsovet respublikalarının marağındadır. Lakin bu, ölkənin daxili resursları hesabına, məqsədyönlü şəkildə aparılan islahatlar hesabına baş verə bilər. Kənardan müdaxilə ilə Rusiyada heç bir müsbət dəyişikliyə nail olmaq mümkün deyil. Rusiya kimi nəhəng bir dövlətin xaosa sürüklənməsi isə bütün Avrasiya materikinin idarəolunmaz bir hala gəlməsi deməkdir. Düşünürəm ki, bu reallığı hər kəs başa düşür. Bu baxımdan, 2018-ci ildə Rusiyada keçiriləcək seçkinin ölkənin daxili siyasətini qarışdıra biləcək səviyyədə gərginliklə müşahidə olunacağına inanmıram. Azərbaycanda isə bütün proseslərin normal məcrada inkişaf edəcəyini gözləyirəm. Bunun əksi üçün heç bir əsas və zəmin yoxdur. Regionda qüvvələr balansının qorunması isə hər kəsin xeyrinədir”.
Cavanşir ABBASLI
Tarix: 27-09-2017, 08:31