“İsrail qüdrətli dövlətdir, ancaq bunun böyük əksəriyyətini təbliğat təşkil edir”
Hazırda dünyada nüvə gərginliyi artmaqdadır. Real hərbi əməliyyatlarda bu silahdan yalnız bir dəfə - 1945-ci il avqustun 6-sı və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində istifadə olunub. ABŞ təyyarələrinin Yaponiyanı sülhə təhrik etməsi üçün bu dəhşətli silahı tətbiq etməsi nəticəsində 300 min insan həlak olub.Elə buna görə də dünyada bir sıra ölkələr, eləcə də terrorçu qruplaşmalar bu silahı öz arsenalında görmək istəyir. BMT-nin təşəbbüsü ilə imzalanan “Nüvə silahının yayılmaması barədə müqavilə”yə əsasən, nüvə dövlətləri 1967-ci il yanvarın 1-nə qədər nüvə sınaqları keçirən ölkələr hesab olunur. Bu tarixdən sonra sınaq keçirən ölkələrin nüvə dövləti olması qanunsuz elan olunub. Lakin 1967-ci ildən sonra da nüvə silahını sınaqdan keçirən ölkələr az deyil. ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin nüvə silahının yayılmaması sazişini imzalayıblar. Yerdə qalan dörd ölkə - Hindistan, Pakistan, İsrail və Şimali Koreya nüvə silahına sahib olsa da, sazişi imzalamaqdan boyun qaçırıb.
Maraqlıdır ki, bu ölkələr arasında İsrail nüvə silahına sahib olduğunu heç vaxt rəsmən etiraf etməyib. Lakin Təl-Əvivin bu silaha sahib olduğu iddia edilir. İsrail - 1979-cu il sentyabrın 22-də qeyri-rəsmi nüvə sınağı keçirib. Xarici kəşfiyyat məlumatlarına əsasən, 50-dən çox nüvə başlığı olan yəhudi dövləti rəsmi şəkildə bunu təsdiqləmir.
Bəs İsrail nə üçün nüvə silahı olduğunu gizlədir?Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq
Mübariz Əhmədoğlu bildirib ki, əslində nüvə silahının olması ilə bağlı məlumatları elə İsrailin özü yayır: “Heç kim deyə bilməz ki, İsraildə nüvə silahı var, yoxsa yox. Yayılan məlumatların kökü elə İsrailin özünə bağlıdır. Fikrimcə, İsraildə nüvə silahının olması qeyri-mümkündür. Çünki onlar bu silahı istifadə edə bilməzlər. Əgər işlədə bilməyəcəksə, o zaman bu silah İsrailin nəyinə lazımdır? Nəzərə alaq ki, İsrail ərazi baxımından Yaxın Şərqə çox yaxın məsafədə yerləşib, həmçinin ətrafındakı dövlətlərlə demək olar ki, düşmən vəziyyətindədir. Ona görə də hansı düşməninə qarşı nüvə silahını işlədəcəksə, bunun zərbə dalğası, radioaktiv şüası yəhudi xalqının özünü də məhv edəcək. Ona görə də İsraildə nüvə silahının olması ilə bağlı fikirləri təbliğat xarakterli məlumatlar hesab edirəm. İsrail qüdrətli dövlətdir, ancaq bunun böyük əksəriyyətini təbliğat təşkil edir. Doğrudan da İsrail elmi şəkildə təbliğat işini qura bilib. Bütün dünyada da hər kəs inanır ki, İsrail xalqı dünyanın ən elmli, bacarıqlı xalqları arasındadır. Ona görə də İsrail dövlətinin başında duranlar yəhudi xalqı haqqında dünyada yaranmış imicdən istifadə edib, özlərinin ideal gücə malik olduqlarını nümayiş etdirirlər. Nüvə dövləti olması hücumla yanaşı, həm də strateji müdafiə deməkdir. Hansısa ərəb dövləti İsrailə hücum edəcəksə, bu zaman düşünəcək ki, nüvə obyektlərinə toxuna bilər. Bax, əsas məsələ də budur. Ona görə nüvə silahı məsələsini ortaya atırlar ki, hansısa dövlət İsrailə hücum etməyi ağlına belə gətirməsin”.
Politoloq Fərhad Mehdiyev isə “Yeni Müsavat”a bildirib ki, İsrail nüvə silahının olduğunu etiraf edərsə, məlum olar ki, onlara bunu verən Amerikadır: “İsrailin özündə nüvə silahı istehsal edə biləcək infrastruktura bəlli deyil. Sual ortaya çıxar ki, onlar bunu nə zaman başlayıb, nə vaxt qurtardılar? İsraildə 50-yə yaxın nüvə başlığının olduğu bildirilir. Ancaq əlbəttə ki, bu da dəqiq deyil. İddia olunur ki, bu nüvə başlıqlarını onlara Amerika verib. İsrailin özünün təkbaşına nüvə silahı yaratması ehtimalı yox idi. Əslində belə bir hal olmayıb ki, hansısa ölkə digərinə nüvə silahı versin. Adətən nüvə silahına sahib olan dövlətlər bunu özləri üzərində işləyərək ortaya çıxarıblar. Doğrudur, ola bilər ki, hansısa dövlət digərinə bu məsələdə dəstək olsun. Məsələn, bildirilir ki, Şimali Koreya SSRİ-nin dəstəyi ilə nüvə silahını əldə edib. Ancaq birbaşa olaraq təsdiqlənməyib ki, SSRİ onlara nüvə silahı verib. Amerikanın isə bütün Yaxın Şərq siyasəti məhz İsrailin ətrafında qurulub. İndi Amerika bunu siyasi, yoxsa dini məqsədlərlə edir, orası başqa mövzudur. Bütün müharibələrdə də Amerika ciddi formada İsraili dəstəkləyib. Amerikanın xarici siyasətində İsrail çox ciddi mövqeyə sahibdir. BMT Təhlükəsizlik Şurasında İsrail əleyhinə qoyulan qərar layihələrinə hər dəfə Amerika veto qoyub. Yəni Amerikanın İsrail sevgisi uzun zaman öncədən məlumdur. Burada bir məsələ var ki, ola bilər elə Amerika İsrailin Yaxın Şərqdəki planlarını yerinə yetirir. Deyim ki, İsrailin nüvə silahı varsa, bunu Yaxın Şərqdə istifadə edə bilər. Onların müharibələrdə davranışları bunu deməyə əsas verir. İsrail beynəlxalq hüquqa çox da riayət etmir. Götürək elə ”Nüvə silahının yayılmaması barədə müqavilə"ni. Bu müqaviləyə tərəf olan dövlətlər öhdəliyə girirlər ki, heç zaman nüvə silahını düzəltməyəcək və istifadə etməyəcək. Azərbaycan da bu müqaviləyə tərəfdir. İsrail isə ümumiyyətlə, buna imza belə atmayıb. Bu da onu göstərir ki, İsrail görsə dövlət kimi varlığı təhlükə altındadır, düşünmədən nüvə silahından istifadə edəcək".
Əli RAİS
Tarix: 27-09-2017, 09:09