Böyük güclərin məkrli “Kürdüstan projesi” - əsas hədəf

Böyük güclərin məkrli “Kürdüstan projesi” - əsas hədəf Bu planın Azərbaycana təsiri də istisna deyil; ekspertdən şok açıqlamalar və çıxış yolları...

Şimali İraq Regional Administrasiyasının keçirdiyi “Kürdüstanın müstəqilliyi referendumu”nun ilkin nəticələri açıqlanıb. Nəticələrə görə, iştirak edənlərin 93%-dən çoxu regionun müstəqilliyinin lehinə səs verib. Yekun nəticənin sentyabrın 28-də açıqlanacağl bildirilir.

Məlumdur ki, İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri muxtariyyətin lideri Məsud Bərzani ilə görüşərək referendumun təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb. BMT Baş katibi Antonio Quterreş isə referendumun bölgədə qeyri-stabillik yaradacağından narahatdır. BMT İraqın ərazi bütövlüyünü dəstəkləyir.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə deyib ki, Türkiyə kürd, ərəb qardaşlarının sülh, dinclik və təhlükəsizlik şəraitində yaşamasını istəyir və bunun üçün əlindən gələn hər şeyi etməyə hazırdır: “Hətta lazım gələrsə, əl-ələ verib eyni torpaqda qanımızı birlikdə axıtmağa da hazırıq. Yetər ki, birlik, qardaşlıq yolundan ayrılmayaq. Türkiyənin gücü bütün təhdidlərə qarşı mübarizə aparmağa yetərlidir. Bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Bu yol da bağlansa, o halda əlimizdəki imkanlardan istifadə üçün tərəddüd etməyəcəyik. Bizim kifayət qədər gücümüzün olduğunu unutmasınlar. İraq Kürdüstanı ilə iqtisadi əməkdaşlıq, təhlükəsizlik və digər məsələlər hazırda müzakirə edilir. Ümid edirəm ki, bunların heç birinə ehtiyac qalmaz. İraq Kürdüstanı hökuməti ağlını başına yığıb, bu sonu qaranlıq olan macəradan əl çəkər”.

Müstəqil Kürdüstan planının memarlarının isə referendumdan bir neçə gün əvvəl Kərkükdə gizli görüşdükləri barədə xəbərlər yayılıb. Türkiyə KİV-də yayılan xəbərlərə görə, sentyabrın 22-də keçirilən görüş Məsud Bərzaninin məsləhətçisi Xoşyar Zebarinin evində olub. Toplantıda “İsrailin dostu” kimi tanınan, ABŞ-ın İraqdakı keçmiş səfiri Zalmay Xəlilzadla birgə ABŞ işğalından sonra hazırlanan 2005-ci il konstitusiyası ilə İraqın bölünməsini təmin edən və Bərzaniyə muxtar bölgə statusu qazandıran ABŞ diplomatı Peter Vudard Qalbrait və Fransanın sabiq XİN rəhbəri Bernar Kuşnerin də iştirak etdiyi bildirilir. Mediaya sızan xəbərlərdə qeyd edilir ki, gizli yığıncaqda Kərkükün paytaxt edilməsi, PKK ilə ortaq ordu qurulması, sərhədin aradan qaldırılması, Mosul və bir çox iri şəhərlərin Regional Hökumətin tərkibinə qatılması məsələləri müzakirə edilib. Bundan başqa, Məsud Bərzaniyə verilən təlimatlarda kütləvi köç də yer alır. Belə ki, son 10 ildə 2 milyona yaxın ərəb və türkmənə yönəlmiş köç siyasəti davam etdiriləcək. Onu da qeyd edək ki, ABŞ referenduma qarşı olduğunu açıqlasa da, Qalbrait ölkəsinin bu mövqeyini dəyişəcəyini bildirib.


ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert isə dünən bəyan edib ki, keçirilən referendum bölgədə qeyri-sabitliyin artmasına və sakinlərin vəziyyətinin çətinləşməsinə səbəb olacaq: “ABŞ-ın İraq kürdləri ilə tarixən qurulmuş əlaqələri 25 sentyabrda keçirilən və heç bir əsası olmayan referendum fonunda dəyişə bilməz. Amma biz inanırıq ki, bu addım qeyri-sabitliyin artmasına, regionun və onun əhalisinin vəziyyətinin daha da çətinləşməsinə səbəb olacaq”. Noyert həmçinin referendumun kürdlərlə mərkəzi hakimiyyət arasındakı münasibətləri kəskinləşdirəcəyini, məsələnin həllində şiddət və birtərəfli addımlar atılmasını dəstəkləmədiklərini bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar vahid, demokratik və firavan İraqın olmasını həmişə dəstəkləyir.

Dünən o da məlum olub ki, 500 PKK silahlısı peşmərgəyə dəstək məqsədilə Qəndildən Kərkükə gəlib. Yayılan videoda PKK-çıların peşmərgə tərəfindən çoşqu ilə qarşılandığı əksini tapır. PKK-çılar Kərkük küçələrində üzərində liderləri Abdulla Öcalanın şəkli olan plakatlar asıblar.



Referendumun təsirləri artıq İranda da özünü göstərməyə başlayıb. İranda minlərlə kürd Sənəndəc, Mahabad və başqa şəhərlərin küçələrində Kürdüstanın müstəqilliyinə dəstək olaraq kütləvi aksiyalar keçirib. İran politoloqu Qadir Qorkarian virtualaz.org-a bildirib ki, aksiyalar hər hansı qeyri-adi hadisə baş vermədən keçir. İran hökuməti, separatizmdən ehtiyat edərək, artıq elan edib ki, referendumun nəticələrini və Kürdüstanın müstəqilliyini tanımır. Yerli KİV-in məlumatına görə, yürüşlərdə demək olar ki, İranın Kürdüstan əyalətinin 80% əhalisi iştirak edib.

Sözügedən referendumun keçirilməsinə Azərbaycanda da sevinən və dəstək verən tapılıb. Belə ki, Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşıb. Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, bu məsələ nəzarətdədir, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.


Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Şimali İraqda keçirilən referendum regionda onsuz da mövcud olan böhranlı münasibəti daha da mürəkkəbləşdirəcək və təhlükə potensialını artıracaq: “Strateji baxımdan, yəni uzunmüddətli qiymətləndirmə aparsaq, doğrudan da narahatlıq yaradan bir vəziyyətdir. Birincisi, artıq ciddi dairələrə, o cümlədən region dövlətlərinə, onların xüsusi xidmət orqanlarına da bəllidir ki, burada ABŞ-ın, İsrailin, bəzi Avropa dövlətlərinin çox ciddi planları var. Yəni keçirilən referendum bu ciddi planlarda, meqagepolitik layihələrdə, sadəcə, bir mərhələdir. Bu plan Orta Şərqdə yeni bir dövlətin yaradılmasıdır. Şərti olaraq buna ”ikinci İsrail" də deyilir. Çünki İsrailin Yaxın və Orta Şərqin idarəçiliyi üçün potensialı demək olar ki, tükənib. Yeni bir geopolitik idarəçilik alətinə ehtiyac var. Bu alət də görünür ki, Kürdüstan olaraq düşünülüb. Bu, çox ciddi, uzun müddətdir həyata keçirilməsi üçün hazırlığı aparılan proyektdir. İndi onun reallaşdırılması mərhələsidir. Onsuz da həssas, böhranlarla dolu olan bir regionda yeni dövlətin yaradılmasının özü çox böyük təhlükə potensialı daşıyır. “Kürd kartı”nın arxasında əvvəlcə SSRİ dayanırdı. SSRİ dağılandan sonra bu kart ABŞ-ın və İsrailin əlinə keçdi. Əslində İngiltərə də burada var, sadəcə, arxa plandadır. Bu kartdan regionun idarəçiliyi üçün istifadə eləməyə çalışırlar".

AzDP sədri vurğuladı ki, yeni yaradılması nəzərdə tutulan dövlət regionun 4 dövlətinin ərazisini əhatə edir: “Plana görə, coğrafi olaraq Kürdüstan adlandırılan bölgə Türkiyənin, İranın, Suriya və İraqın bir sıra ərazilərini əhatə edir. Əgər keçən il 15 iyulda Türkiyədə hərbi çevriliş baş tutsaydı, Türkiyənin də bir sıra ərazilərində Kürdüstan dövləti elan olunacaqdı və son hədəf kimi İranın bölünməsi nəzərdə tutulurdu. İran planında İranın ərazilərinin bir hissəsinin, o cümlədən Cənubi Azərbaycanın böyük bir hissəsinin, hətta Azərbaycan dövlətinin Naxçıvan bölgəsinin Kürdüstan dövlətinə daxil edilməsi nəzərdə tutulurdu. Sadəcə olaraq, keçən il böyük türk xalqı bu planı pozdu. Ona görə də indi həmin planı həyata keçirmək istəyən dairələrdə Türkiyəyə qarşı Ərdoğanı bəhanə edərək böyük nifrət yaranıb. ABŞ və İsrail Şimali İraq və Şimali Suriyada yaradacaqları PKK Kürdüstanı üzərindən İrana qarşı vəkalət müharibəsi başlatmağı planlayırlar”.

S.Əkbərin sözlərinə görə, ABŞ-ın indiki halda Şimali İraqda referendum keçirilməsinə qarşı çıxmasının başlıca səbəbi odur ki, onlar Məsud Bərzaninin dönəmində belə bu referendumu istəmirdilər: “Böyük ehtimalla Bərzani hakimiyyətdən götürüləcək. Bərzani referendumu ona görə tezləşdirdi ki, adını tarixə yazsın. 2013-cü ildə onun hakimiyyət müddəti bitmişdi. Şimali İraq regional Administrasiyasının Məclisində onun partiyası məsələ qaldırdı ki, səlahiyyət müddəti iki il uzadılsın və 2015-ə qədər uzadıldı. Amma 2015-ci ildə yenidən uzatmaq istəyəndə digər partiyalar qarşı çıxdılar. Bundan sonra Məclis buraxıldı və bu vaxta qədər Bərzani qeyri-legitim olaraq iş başında qalır. Qarşıda nəzərdə tutulan seçkilərdə Bərzaninin uduzmaq ehtimalı yüksək idi. Bütün bunları nəzərə alan və tarixə düşmək istəyən Bərzani bütün çağırışları heçə sayaraq referenduma getdi. Bərzani anlayır ki, İŞİD məsələsinə son veriləndən sonra onu administrasiyanın rəhbəri vəzifəsindən uzaqlaşdıracaqlar. Ona görə də zamanı öz siyasi maraqları baxımından düzgün qiymətləndirdi və referendum keçirdi”.

“Suriya və İraqın durumu bəllidir, param-parça vəziyyətdədirlər. Bəs Türkiyə və İran həmin böyük planın öz sərhədlərindən içəri daxil olmasının qarşısını ala biləcəklərmi” sualına S.Əkbər belə cavab verdi: “Çox çətin olacaq, amma qarşısını çətin də olsa ala bilərlər. Burada Rusiya və ABŞ-ın da maraqları toqquşur. Maraqların toqquşmasından Türkiyə və İran istifadə etməlidirlər. Türkiyə və İran aralarındakı dərin fikir ayrılığına səbəb olan məzhəb məsələsini ortadan qaldırmalıdırlar. Bunun da yolunu vaxtında Nadir şah təklif edib - Cəfəriliyin beşinci məzhəb kimi qəbul edilməsidir. Bunu edərlərsə, Türkiyə və İran birlik qura bilərlər. İndiki halda isə onlar bir-birilərinə inanmırlar, strateji güvən yoxdur. Strateji fikir birliyi yaranmasa, uzun müddətli birlik yaranmayacaq, müşahidə olunan birlik müvəqqəti taktiki xarakter daşıyacaq, hərə öz oyununu oynayacaq. Hərə öz oyununu oynayanda isə böyük güclər bundan istifadə edəcəklər. Böyük güclərin planının qarşısını hərə öz oyununu oynamaqla almaq mümkün deyil. Türkiyə və İran strateji əməkdaşlığa başlasalar və ardınca strateji müttəfiqlik qursalar, onları hədəfə alan məlum planın qarşısını ala bilərlər. Amma şübhəsiz ki, ABŞ, İsrail və Avropa yüz illik planlarından vaz keçəsi deyillər. Ona görə də İran və Türkiyə anlamalıdır ki, bu, uzunmüddətli mübarizədir. Uzun müddətli mübarizə də strateji yetərli güc tələb edir. Bunu yalnız gücləri birləşdirməklə əldə etmək mümkündür”.

S.Əkbər onu da dedi ki, problemi Türkiyənin bölgəyə hərbi güc yeritməsi ilə həll etmək mümkün deyil: “Nəzərə almaq lazımdır ki, Şimali İraq Regional Administrasiyasının 115 min nəfərlik peşmərgəsi var, hələ mən PKK-nı nəzərə almıram. İkincisi, Suriyadakı PYD-nin 80 minlik silahlı gücü var və bu gücün arxasında ABŞ və İsrail kimi ciddi hərbi güclər dayanır. Ona görə də hər hansı hərbi plan hazırlanarkən bu faktorlar mütləq nəzərə alınmalıdır. Amma Kərkük və Mosul məsələsində mən nə Türkiyənin, nə İranın, nə də mərkəzi İraq hökumətinin güzəştə gedəcəyini düşünmürəm. Hər üç tərəf Şimali İraqın təcrid olunması siyasətini koordinasiya edəcəklər. Hərbi sanksiyalara gəldikdə isə burada ön plana Mərkəzi İraq hökuməti və ”Həşdi-şabi" qüvvələri çıxarılacaq. İran və Türkiyə isə Mərkəzi İraq hökumətinə hərbi yardım edəcək".

“Kürdüstanın müstəqilliyi adı ilə keçirilən referendumun Dağlıq Qarabağ məsələsinə hansısa şəkildə təsiri ola bilərmi” sualına isə S.Əkbər belə cavab verdi: “İstənilən separatizm hərəkatının uğuru bütün dünya ölkələrində olan separatçılara ruhlandırıcı təsir göstərir. Haqqında söhbət gedən hadisə də Azərbaycana bu və ya başqa şəkildə müəyyən təsir edəcək. Ona görə də Azərbaycan bu məsələdə çox həssas olmalıdır. Separatçılığa hər hansı formada dəstək verən şəxslər nəzarətdə saxlanmalıdır. Azərbaycan türkləri ayılmalıdırlar”.

Etibar SEYİDAĞA
Tarix: 27-09-2017, 10:13
Xəbəri paylaş





Xəbər lenti