Qarabağla bağlı 25 illik fiasko, yaxud Minsk Qrupunun tərkibi dəyişsə...

Qarabağla bağlı 25 illik fiasko, yaxud Minsk Qrupunun tərkibi dəyişsə... ATƏT rəsmisinin vasitəçilik institutunu yeniləməklə bağlı anonsu nəyin xəbərçisidir, ABŞ-ın öz həmsədrini ixtisar eləməyə hazırlaşması sülhə nə verəcək?..

İki qardaş ölkənin - Azərbaycan və Türkiyənin ölkəmiz ərazisində ortaq hərbi təlimləri davam edir. Xəbər verdiyimiz kimi, sentyabrın 18-də başlayan və hərbi-hava qüvvələrinin birgə manevrlərini əhatə edən bu təlimləri Gürcüstandan gələn hərbi nümayəndə heyəti də izləyir. Diqqətçəkicidir ki, sabah başa çatacaq təlimlərin yekun mərasimində iştirak eləmək üçün Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyətinin sentyabrın 27-də, yəni dünən Azərbaycana səfər edəcəyi gözlənilirdi.


Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017" birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.

*****

Həm Türkiyə müdafiə nazirinin səfəri, həm də bütövlükdə iki qardaş dövlətin keçirdiyi növbəti birgə möhtəşəm təlim regiondakı xüsusilə hazırkı mürəkkəb vəziyyətdə məxsusi önəm daşıyır. Söhbət öncəliklə də İraq Kürdüstanında sentyabrın 25-də keçirilmiş müstəqillik referendumundan sonra bir az da ruhlanan erməni tərəfinə güc nümayişi və xəbərdarlıqdan gedir. Yəni bu təlimlə bir daha Ermənistana açıq mesaj göndərilir ki, Qarabağ məsələsində, ölkəmizin ərazi bütövlüyü məsələsində Türkiyə hər mənada yanımızdadır və işğalçı Ermənistan Azərbaycandan bir qarış torpaq da qopara bilməyəcək.

Bu təlimlər həmçinin onun anonsudur ki, əgər İrəvan tezliklə sülh danışıqlarında konstruktiv mövqe tutmasa, böyük müharibə qaçılmaz olacaq. Bu barədə son olaraq bir daha ABŞ-dakı “beyin mərkəz”lərindən biri srağagün xəbərdarlıqla çıxış edib. Böyük müharibəni aparmağa isə Ermənistanın nə iqtisadi, nə də insani resursları yetərlidir.

Qarabağa dair danışıqlar isə hələ ki dalana dirənib - yenə məhz Ermənistanın maksimalist tələbləri və təxribatçı mövqeyi üzündən. Erməni tərəfini ağla gətirmək isə ilk növbədə vasitəçi güclərin - ən əvvəl də Rusiyanın işidir. Hələlik bu yöndə də ciddi hərəkətlilik müşahidə olunmur - BMT Baş Məclisi çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşü nəzərə alınmazsa.

*****

Minsk Qrupundan söz düşmüşkən, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin Minsk Qrupunun tərkibinin dəyişə biləcəyini söyləyib. “Biz Azərbaycan tərəfinin Minsk Qrupunun fəaliyyətindən narazılığını başa düşürük, nədən ki, konfliktin nizamlanmasında faktiki heç bir irəliləyiş əldə olunmayıb. Gələn Minsk Qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla bağlı qrupun tərkibi dəyişə bilər”, - deyə ATƏT rəsmisi Bakıda Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələri ilə görüş zamanı qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münaqişəsini təkcə atəşkəs rejimi pozulan zaman deyil, daim diqqət mərkəzində saxlamaq lazımdır. ATƏT nümayəndəsi Dağlıq Qarabağ ixtilafının tezliklı həllinin vacibliyini də qeyd edib.

*****

Ancaq həll prosesinin sürətlənməsi özəlliklə aparıcı vasitəçi güclərdən, ələlxüsus da Rusiya və ABŞ-dan asılıdır. Bu mənada gələn il Minsk Qrupunun tərkibinin dəyişməsi də məsələdə müsbətə doğru kardinal dönüş yaratmaya bilər. Ona görə ki, yenə Moskva və Vaşinqtonun mövqeyi həlledici olaraq qalacaq.

Maraqlıdır ki, bu arada ABŞ-ın Minsk Qrupundakı təmsilçiliyinin ixtisara salınacağı haqda xəbər yayılıb. ABŞ dövlət katibi Reks Tillersonun bununla bağlı Senata göndərdiyi məktubda bildirilir ki, Amerikadan olan həmsədrin missiyası dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavininə həvalə oluna bilər. Bu “islahat”ın Qarabağ məsələsinə hansı müsbət və ya mənfi təsir göstərəcəyini, Moskvanın konfliktin həllində söz sahibliyini artıracağı və artırmayacağı isə yəqin ki, yaxınlarda bəlli olacaq.

*****

İstənilən halda, Qarabağ məsələsi ətrafında baş verən bu kimi gəlişmələr, eləcə də Azərbaycanın yerləşdiyi bölgədə “kürd məsələsi” ilə bağlı sürətlənən proseslər rəsmi Bakını daha ölçülü-biçili siyasət yürütmək və öz hərbi qüdrətini, döyüş hazırlıqlarını durmadan artırmaq zorunda qoyur. Bu isə Azərbaycanın Türkiyə, Pakistan, İsrail kimi müttəfiq və tərəfdaş dövlətlərlə strateji əməkdaşlığı dərinləşdirməyi diktə edir. Eyni zamanda İraqdakı “kürd referendumu”na münasibətdə rəsmi Bakının uzaqgörən yanaşmasını zəruri edir. Çünki söhbət artıq Qarabağ məsələsinə də dolayısıyla təsiri olan yeni bir situasiyadan gedir. Bu xüsusda Azərbaycandakı məmur aparatı mənsublarının da öz açıqlamalarında diqqətli olması zəruridir.

Məsələn, Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyevin özünün facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəkləyən status və İraq Kürd Muxtariyyətinin rəhbəri Bərzaninin fotolarını paylaşması Azərbaycan dövlətinin mövqeyi və milli maraqları ilə səsləşmir. Artıq Füzuli Tanirverdiyevin bu addımı ilə bağlı Baş Prokurorluq araşdırmalara başlayıb. Məmura ictimai təpkilər də artmağa başlayıb.

“Füzuli Tanirverdiyev anlamır ki, bu mövqeyi ilə Ermənistanın Azərbaycan torpaqlarına olan ərazi iddiası məsələsində erməniyə siyasi dəstək vermiş olur”. Bu sözləri axar.az -a deputat Aydın Mirzəzadə Füzuli Tanirverdiyevin Kürdüstanın “müstəqilliyi”ni dəstəkləyən foto və statuslar paylaşmasına münasibət bildirərkən deyib. Deputat ümid etdiyini bildirib ki, məsələyə hüquqi tərəfdən müvafiq orqanlar münasibət bildirəcək.

“Amma məsələnin mənəvi tərəfi də var. Laçın Rayon İcra Hakimiyyətinin məsul işçisinin bu hərəkəti heç bir çərçivəyə sığmır. Birincisi o, İraq dövlətinin vətəndaşı deyil, Azərbaycan vətəndaşıdır. Füzuli Tanirverdiyevin İraqın daxili məsələlərinə bu cür radikal mövqe tutması yolverilməzdir. Onun sadə bir vətəndaş kimi belə mövqedən çıxış etməsi normal qəbul edilə bilərdi. Amma dövlət qulluğunda çalışan şəxslər dövlətin rəsmi xəttinə uyğun hərəkət etməlidir. Digər tərəfdən isə İraq dövlətinin özü bu müstəqillik referendumunun əleyhinə çıxdığı halda, F.Tanirverdiyevin bu müstəqilliyi dəstəkləməsi prinsip etibarı ilə Qarabağdakı separatçıları dəstəkləməklə eyni vəziyyətdir. Çünki Dağlıq Qarabağda yaşayan erməni icması Ermənistanın dəstəyi ilə həmin zonanı Azərbaycandan ayırmağa və müstəqil dövlət yaratmağa cəhd edir. Belə halda sabah başqa bir Füzuli Tanirverdiyev kimi düşünən insan Ermənistanın oradakı işğalçılıq siyasətini də dəstəkləyəcək”, - deyə o qeyd edib.

A.Mirzəzadə baş verən hadisəyə təəssüfləndiyini də bildirib: “Dövlət məmuru öz hərəkətlərini, siyasi baxışlarını və fəaliyyətini dövlətin rəsmi siyasətinə uyğun olaraq qurmalıdır. Əgər həmin siyasətlə razılaşmırsa, onda dövlət işini tərk edərək, kənarda istədiyi mövqeni sərgiləməkdə azaddır. Təəssüf edirəm ki, aşağı mərhələdə olsa da, bir dövlət məmuru bu gün belə bir mövqe ortaya qoyub. Hətta müsahibəsində də yenidən elədiyi yanlışı müdafiə edib. Bu yolverilməzdir. Hər bir dövlət məmuru öz hərəkətlətində, baxışlarında kifayət qədər diqqətli olmalıdır”.

Öz növbəsində deputat Asim Mollazadə vurğulayıb ki, beynəlxalq məsələdə biliyi olmayan məmurlar sussalar, daha yaxşıdır.
Tarix: 28-09-2017, 09:15
Xəbəri paylaş





Xəbər lenti