İrəvanın dəyişməyən “qibləsi” – Kreml...

İrəvanın dəyişməyən “qibləsi” – Kreml... Dünən Ermənistan parlamenti bu kvazi-dövlətin Avrasiya Birliyindən çıxması təklifini rədd edib. Xarici əlaqələr komissiyası təklifi səsə qoyanda bəlli olub ki, cəmi 1 nəfər lehinədir. Beləcə, məsələ qapanıb və heç parlamentin gündəliyinə gedib çıxa bilməyib.

Guya nə cür olacaqdı ki? Amma burada incə bir detal var. Bu da odur ki, erməni cəmiyyətində həqiqətən rusofobiya ovqatı mövcuddur və xüsusən də son vaxtlar bu əhval xeyli güclənib. Əlbəttə ki, ən əvvəl Moskvanın Bakı ilə silah ticarəti içində olmasına görə. Guya Rusiya bunu ermənilərin acığına edir, halbuki Moskva sadəcə, öz maraqlarını güdür: silah satışından babat paralar qazanır və bir az da Azərbaycanı müəyyən mənada öz yanında saxlamaqda Bakını maraqlı etmək niyyəti güdür.

Sözü ona gətirirk ki, əgər Ermənistanın təzəcə formalaşmış parlamenti (aprel, 2017) gerçəkdən də erməni xalqının iradəsini ifadə edirsə və bu naşükür xalq da Rusiyadan narazıdırsa, nə əcəb Avrasiya Birliyindən imtina təklifini heç olmasa, 3-4 deputat dəstəkləməyib? Demək, aprel seçkiləri ya saxtalaşdırılıb və orda oturanların mütləq əksəriyyəti rusyanlılardır, ya da Moskva xofu öz sözünün deyib. Sözsüz ki, hər ikisi var.

İş də ondadır ki, cilovu bütünlüklə Kremlin, Putinin əlində olan, xarici siyasət kursunun tezisləri belə Moskvada müəyyənləşən Ermənistan nə karədir ki, belə strateji məsələlərdə özbaşına qərar versin. Bu, gözlənilmirdi də. Serj Sərkisyan yatanda belə başını “qiblə” olaraq Kremlə tərəf tutursa, o sahibi Putini qəzəbləndirən addıma gedərmi?

İrəvan üçün ən açınacaqlısı odur ki, əslində bu dəqiqə tanınmayan “Kürdüstan dövləti” Ermənistandan daha müstəqildir. Hər necə olmasa, Bərzaninin “dövləti” xarici aləmlə hələ ki Türkiyə hesabına da olsa, sərbəst iqtisadi-ticari əlaqələri davam etdirir, neft satır, hətta özünün silahlı qüvvələri var və muxtariyyətin sərhədlərini özü qoruyur.

Amma guya BMT üzvü olan Ermənistanın əsas xarici sərhədlərini (İran və Türkiyə) on illərdir rus hərbçiləri mühafizə edir, ölkənin hava məkanı, silahlı qüvvələri belə Rusiyanın nəzarətindədir. İrəvan hətta istədiyi dövlətlə, təşkilatla (Avropa Birliyi, NATO və s.) Kremldən icazəsiz şəkildə əməkdaşlıq və təmas qura, hətta Moskvanın izni olmadan İrandan təbii qaz belə ala, Dağlıq Qarabağdakı separatçı rejimi tanıya bilməz.

Bu nə dövlətdi ki belə?! Belə dövlətdənsə, elə Rusiyanın tərkibində daha geniş səlahiyyətlərə malik muxtar qurum olmaq daha məqbul olmazdımı? Misal üçün, Çeçenistan kimi, Tatarıstan kimi. Rusiyanın satelliti, vassalı olan bir ölkənin BMT-də “Ermənistan” adında kreslo “zanyat” etməyin anlamı nə - əgər bütün qərarlar onun əvəzinə Moskvadan verilirsə?..

Sözsüz ki, müasir dünyanın yazılmamış qanunları var və bu qanunlara görə, kiçik dövlətlər öz varlıqlarını qorumaq üçün böyük dövlətlərdən biri ilə müttəfiq olmaq və ya NATO timsalında hansısa nüfuzlu hərbi-siyasi birliyin üzvü olmaq zorundadır. Ancaq daha Ermənistan kimi kölə olmaq yox ki?..

Gürcüstan da, Azərbaycan da müstəqil dövlətlərdir və müəyyən mənada iri dövlətlərin, ələlxüsus Rusiyanın bölgədəki maraqlarını gözləmək zorundadır. Amma və lakin Bakı və Tiflisin İrəvandan fərqli olaraq pis-yaxşı müstəqil xarici siyasət kursu, iqtisadi siyasəti var. Onlar Rusiyadan fərqli olaraq istənilən ölkədən silah-sursat da ala bilər və alırlar da.

Yeri gəlmişkən, dünən işğalçı Ermənistanın blokadasını sərtləşdirəcək daha bir iri regional layihə işə düşüb: Bakı-Tiflis-Qara dəmiryolu nəhayət, istifadəyə verilib. Bu layihə Azərbaycan, Gürcüstan və qardaş Türkiyənin iqtisadi müstəqilliyinin nə qədər güclənidirəcəksə, aydındır ki, Ermənistanın Rusiyadan kölə asılılığını bir o qədər artıracaq...

*****

Nə əlavə eləmək olar? Bataqlığı seçənin günahı bataqlığı seçəndədir. Ən qəribəsi və absurdu odur ki, işğalçı Ermənistan bu bataqlıdan hələ də öz təbii coğrafi qonşuları olan Azərbaycan, Türkiyə və Gürcüstan hesabına deyil, onun bataqlıqda olmasında maraqlı olan Rusiya sayəsində çıxmaq istəyir.

Hələ ermənilər həyasızcasına üstəlik, Moskvaya güvənib ikinci erməni dövləti xülyası ilə yaşayırlar. Guya birini qurub qurtarıblar, qalıb ikincisi...

Zahid SƏFƏROĞLU
Tarix: 28-09-2017, 15:18
Xəbəri paylaş





Xəbər lenti