Türkiyənin müdafiə naziri Nurəddin Canikli böyük bir nümayəndə heyəti ilə birgə Azərbaycanda səfərdədir. Xəbər verdiyimiz kimi, bu gün hərbi nazir iki qardaş ölkənin sentyabrın 18-də başlamış və Hərbi-Hava Qüvvələrinin kontingentlərinin qatıldığı birgə təlimlərin bağlanış mərasiminə qatılacaq. Dünən isə o, səfər çərçivəsində Bakıda rəsmi xarakterli bir sıra mühüm görüşlər keçirib, önəmli açıqlamalar verib.“Azərbaycan ərazisi olan Qarabağın işğaldan azad edilməsi qaçılmazdır”. Musavat.com-un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında türkiyəli nazir deyib. N.Canikli əmindir ki, Azərbaycan əraziləri gec-tez erməni işğalından azad ediləcək. Bakı ilə Ankara arasında hərbi-texniki əməkdaşlığın mövcud durumundan danışan qonaq daha sonra deyib: “Türkiyə və Azərbaycan ən ağır məqamlarda xarici dövlətlərdən silah alınması problemi ilə üzləşib. Ona görə də biz müdafiə sənayesi sahəsində səylərimizi gücləndirməliyik”.
Nazir həmçinin iki ölkə arasında ortaq hərbi təlimlər praktikasının davam etdiriləcəyinə diqqət çəkib. “Biz Azərbaycanla vahid dövlət kimi hərəkət edirik. Bizim gücümüz - Azərbaycanın gücü, Azərbaycanlın gücü - Türkiyənin gücüdür. Hərbi təlimlər əməkdaşlığımızın yalnız bir hissəsidir. Belə təlimlər daha böyük sayda hərbi qüvvə və texnikalar cəlb olunmaqla artacaq və davam edəcək. Biz Azərbaycana bütün sahələrdə dəstək verməyə hazırıq. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri vahiddir. Bunu hər kəs bilməlidir. Silahlı Qüvvələrimiz lazım gələn anda bir-birinə hər cür dəstək verməyə hazırdır”.
*****
Nazirin yuxarıdakı açıqlamalarında ən azı, üç məqam xüsusi diqqət çəkir və onların hamısı əslində işğalçı Ermənistanı ayıldıcı mesaj qismindədir.
Bunlardan biri - iki qardaş ölkənin xaricdən silah asılılığını aradan qaldırmaq üçün hərbi-sənayenin inkişafına xüsusi diqqət verməsinin vacibliyinin qeyd edilməsidir. Nə yaxşı ki, bu yöndə görülən işlər getdikcə daha böyük bəhrələr verməkdədir. Hər necə olmasa, silah ticarətinin o biri “başı” da var - alıcı satıcının hərbi sənayesindən, demək, həm də siyasi iradəsindən asılı duruma düşmüş olur.
İkincisi, nazirin Türkiyənin Azərbaycana hər cür dəstək verməyə hazır olmasının vurğulamasıdır. Təbii ki, bura hərbi və hərbi-texniki dəstək də daxildir. Söz düşmüşkən, qardaş ölkə onsuz da hərbi təlimatçılar səviyyəsində, ikitərəfli razılaşmalar və müqavilələrin imkan verdiyi digər forma(t)larda Azərbaycan ordusunun daha modern hala gəlməsi üçün bizə kömək edir. Türkiyədən müasir hərbi texnika və döyüş sistemlərinin (məsələn, “Qasırğa” və s.) alınması, o sırada məxsusən Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi, getdikcə daha geniş miqyas alacaq birgə hərbi təlimlərin intensivləşməsi də öz yerində.
Üçüncüsü və daha önəmlisi isə N. Cankilinin Türkiyə və Azərbaycanın vahid tamın tərkib hissəsi olmasını xüsusi vurğulayaraq, “Bizim gücümüz - Azərbaycanın gücü, Azərbaycanın gücü - Türkiyənin gücüdür” deməsidir. İki qardaş ölkənin silahlı qüvvələrini də vahid tamın tərkib hissəsi kimi təqdim eləməsidir.
*****
İkitərəfli münasibətlərdəki bu və digər mühüm nüanslar dünən türkiyəli hərbi nazir və onun başçılıq elədiyi nümayəndə heyəti ilə Azərbaycan prezidenti İlham Əliyev arasında baş tutmuş yüksək səviyyəli görüşdə də diqqət mərkəzində olub. Dövlət başçısı öncə N.Caniklini Türkiyə milli müdafiə naziri kimi yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb (APA).
Azərbaycan prezidenti eyni zamanda N. Caniklinin yeni vəzifəyə təyin olunduqdan sonra qısa müddət ərzində Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edərək bildirib ki, ölkələrimiz qardaş ölkələrdir və o üzdən iki ölkə nazirləri ilk səfərlərini qardaş ölkələrə edirlər. İki qardaş ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə çox yaxşı əməkdaşlığın və iş birliyinin mövcud olduğunu vurğulayan Azərbaycan prezidenti hərbi-texniki sahədə birgə fəaliyyətin geniş olduğunu söyləyib.
Ölkə başçısı ardınca qeyd edib ki, hərbi texnikanın Türkiyədən alınması bizim gücümüzü daha da artırır. Həm Azərbaycanda, həm də Türkiyədə tez-tez birgə hərbi təlimlərin keçirilməsini yüksək qiymətləndirən İlham Əliyev bildirib ki, bu, Türkiyə-Azərbaycan birliyini daha da gücləndirir, habelə bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə xidmət edir.
Öz növbəsində qonaq Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu və əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq qeyd edib ki, məqsəd - bu əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və möhkəmləndirməkdir. N. Canikli Türkiyənin FETÖ ilə mübarizəsinə ölkəmizin verdiyi dəstəyə görə də minnətdarlıq bildirib. Prezident İlham Əliyev isə bu yaxınlarda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkdakı görüşünü məmnunluqla xatırlayıb.
*****
Həm türkiyəli nazirin, həm də Azərbaycan prezidentinin qeyd elədiyi kimi, iki qardaş ölkə arasında hərbi və hərbi-texniki sahədə strateji əməkdaşlığın güclənməsi, onların vahid dövlət kimi hərəkət eləməsi təbii ki, ən çox işğalçı Ermənistanı narahat edir. Bu xüsusda, yəni Türkiyə hərb nazirinin Bakı açıqlamaları fonunda “Daşnaksütyün” rəsmisi Kiro Manoyanın fikirləri diqqət çəkir.
Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, daşnak deyib: “Azərbaycan böyük hərbi əməliyyatlara hazırlaşır. Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Məclisində ”davakar çıxışı" (dırnaqlar bizimdir - A.X.), nəhayət, bizə əsas verir ki, Ermənistanla “Dağlıq Qarabağ Respublikası” arasında hərbi-siyasi müqavilə imzalayaq. Çünki bütün bu hazırlıqlar - hansını ki, onlar həm Naxçıvanda, həm də Ermənistanla sərhəddə və “DQR”lə təmas xəttində aparırlar, Bakının böyük miqyaslı hərbi əməliyyatlara hazırlıqlarından xəbər verir. Hərçənd, bu, hələ o demək deyil ki, müharibə mütləq olacaq".
*****
Müharibə doğrudan da olmaya bilər. Yalnız bir halda - türkiyəli nazirin də qeyd elədiyi kimi, əgər Azərbaycan əraziləri nə qədər gec deyil, işğaldan azad edilərsə. Əks halda, İrəvan sülhü deyil, müharibəni gözləməlidir - öz qarşısında Türkiyə ilə birgə... \\musavat.com\\
Tarix: 29-09-2017, 09:30