Ölkəmiz əleyhinə yeni qarayaxma dalğası təkcə okeanın o tayındakı məlum şəbəkədən qaynaqlanmır; prosesdə Rusiya da var - ilginc motiv...
Bu ilin sentyabrı Azərbaycan-Qərb əlaqələrinin perspektivi baxımından növbəti bir sınaq ayı oldu. “The Organized Crime and Corruption Reporting Projekt” təşkilatının (OCCRP) məlum materialının açıqlanmasından dərhal sonra o, sürətlə beynəlxalq mediada yayılmağa başladı və rəsmi Bakının əleyhinə ciddi ittihamlar irəli sürüldü. Azərbaycan hakimiyyəti də bu hücumları cavabsız qoymadı. Bəyan edildi ki, bu, milyarder Corc Sorosun, məlum anti-Azərbaycan şəbəkəsinin və ermənilərin durduğu növbəti təxribatdır.Ancaq əksər ekspertlərə görə, məsələnin kökləri daha dərindədir və bunu sadəcə, Corc Sorosun Azərbaycana münasibəti ilə və ya təkcə ermənilərlə bağlamaq doğru olmazdı. Bu qənaətin doğruluğu üçün hadisə və faktların qarşılıqlı əlaqəsi və məntiqi ardıcıllığına diqqət çəkmək kifayətdir.
Məlum dolduğu kimi, Barak Obamanın prezidentliyi dövründə Amerika-Azərbaycan münasibətləri ciddi çat vermişdi. Bu, artıq müzakirə mövzusu da deyil ki, o vaxt rəsmi Bakıya qarşı Vaşinqtondan idarə olunan kampaniyanın başında ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, ştatlı tənqidçilər Devid Kramer və Riçard Kozlariç (Azərbaycandakı keçmiş səfir - red.), Avropada isə Avropa Şurasının insan haqları üzrə komissarı Nils Myujnieysk kimi xadimlər dururdu. Aşağı cərgələrdə isə Rebekka Vinsent və başqa “nasionalfəalların həvəskarları” yer almışdı. Bura geniş media şəbəkəsi və QHT-ləri də əlavə eləsək, o zaman Azərbaycana qarşı qara PR kampaniyanın miqyas və təsir gücünü təsəvvür eləmək çətin olmaz.
2016-cı ildə Donald Tramp ABŞ prezidenti seçiləndən sonra ümid artdı ki, Vaşinqtonun ənənəvi siyasətində, o sırada onun Azərbaycana münasibətində köklü dəyişiklik baş verəcək. Fəqət, bu məsələ Trampın özünün ABŞ prezidenti olaraq hədəfə alınması və hücumlara məruz qoyulması ilə mürəkkəbləşdi. Buradan belə qənaətə gəlmək olar ki, Azərbaycana qarşı başladılan geniş kampaniyanın arxasında nə Ağ Ev, nə də Dövlət Departamenti dayanır.
*****
Sirr deyil ki, OCCRP - ABŞ-ın layihəsidir. Nə vaxt ki, Amerikadakı müəyyən dairələrin bu və ya başqa ölkədə maraqlarına əngəl yaranır, o zaman məhz belə üzdəniraq strukturlar vasitəsilə dövriyyəyə xüsusi xidmət orqanlarının dezinformasiyaları ilə yoğrulmuş məlumatlar ötürülür. “Guardian”ın, BBC-nin, “Le Monde”nin və başqa bu kimi KİV-lərin belə materialları ictimailəşdirməkdə maraqları aydındır - hər halda Bakıda I Avropa Oyunları zamanlı bunun, beynəlxalq media və QHT şəbəkəsinin eyni qaydada Azərbaycan əleyhinə necə işlədiyinin şahidi olmuşuq.
Sual olunur: bəs nədən “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyi və “Kommersant” qəzeti də dost ölkə əleyhinə bu çirkin kampaniyanı dəstəklədi? Əgər söhbət Bakının enerji layihələri və bu layihələrdəki tərəfdaşlardan söhbət getsəydi, o halda İtaliyada TAP qaz kəməri inşasına qarşı aparılan kampaniyanı və keçmiş komik Beppe Qrillonun əbəs fəallığını yenə hardasa anlamaq olardı. Nədən ki, Avropanın enerji təchizatında şimal qonşumuzun öz maraqları var. Bəs, daim Qərb dairələri tərəfindən insan haqlarının pozuntusuna, korrupsiya və s-ə görə ittiham edilən Rusiyanın Azərbaycan əleyhinə kampaniyada iştirakı nə dərəcədə məntiqli saymaq olar? Üstəgəl, bu olaya kimi, bolqar qəzeti “Trud”da sənədli material əsasında Azərbaycan aviaşirkətinin silah alverində iştirakı barədə materialın məhz Rusiya xüsusi xidmətlərinin səyləri hesabına dərc edildiyi iddia olunurdu. Başqa yandan, Rusiya ilə isti münasibətlərdə olan avropalı siyasətçilərin, o cümlədən Avroparlamentdə və AŞ PA-da Moskva ilə dostluğu şübhə doğurmayan şəxslərin Azərbaycana hücumlarını necə başa düşək.
*****
Məsələn, son vaxtlar AŞ PA-nın baş katibi Törbörn Yaqland az qala, hər çıxışında Azərbaycanı tənqid edir. Sentyabrın 13-də isə o, REAL sədri İlqar Məmmədovun azad edilməməsinə görə ölkəmizə qarşı indiyədək görünməmiş bir hüquqi hərəkəti reallaşdırmağa çağırıb - hansı şəxslə bağlı ki, Avropa İnsan Haqları Məhkəməsinin bəraətverici qərarı var. Söhbət Avropa Məhkəməsinin 46.4-cü maddəsindən gedir. Bu maddənin tətbiqi yekun etibarilə Azərbaycanın Avropa Şurasından çıxarılmasına gətirə bilər.
Buna qədər - OCCRP-nin məlum materialı yayılana kimi, hətta daha öncə Yaqland dəfələrlə və əsassız şəkildə Azərbaycanı tənqid edib. Ancaq iş Rusiyaya gələndə cənab Yaqland səylərini daha çox problemin qarşılıqlı anlaşma yolu ilə həllinə yönəldir ki, bu da təəccüb doğurmaya bilməz.
2009-cu ildə Avropa Şurasının baş katibi seçilən T. Yaqland, demək olar, hər il Rusiyada olub. İnternetdə onun 2013-16-cı illərdə Moskvada, Sankt-Peterburqda Rusiya rəhbərliyi və vətəndaş cəmiyyəti təmsilçiləri ilə səmimi görüşləri barədə yetərli məlumatlar var. Ancaq əgər Rusiya nümayəndə heyəti ilə birgə Suriyada prezident Bəşər Əsədə baş çəkmək AŞ PA sədri Pedro Aqramunta baha baş gəldisə və o, ruslarla əməkdaşlıqda ittiham edildisə, o zaman niyə analoji ittihamlar davamlı olaraq Rusiyaya baş çəkən Yaqlandın ünvanlına səslənmir? Kim zəmanət verə bilər ki, cənab Yaqland ruslara işləmir?
*****
Bəllidir ki, 2014-cü ildə Krımın və Sevastopolun Rusiyaya ilhaqından sonra AŞ PA-da Rusiyaya qarşı sanksiya qəbul edilib və həmin qərar bu günədək qüvvədədir. İndi isə belə bir vəziyyətdə cənab Yaqlandın davranışına diqqət edək.
2016-cı ilin dekabrında Moskvaya səfəri zamanı o, Rusiya prezidenti Vladimir Putinə dedi ki, Rusiya ilə Avropa Şurası arasında əməkdaşlıq fundamental olaraq zərər görməyib. Bu sözlər o vaxt deyilmişdi ki, bütün Qərb Rusiyaya hücum edərək, ona qarşı sanksiyalar tətbiq eləmişdi. Bu ilin avqustunda Fransa prezidenti Emmanuel Makronla görüş zamanı isə cənab Yaqland bəyan elədi ki, Rusiyanı Avropa Şurasının tamhüquqlu üzvü görmək istəyir.
Yaqland öz fikrini belə əsaslandırır ki, 140 milyon insanı Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından kənarda saxlamaq düzgün olmaz. Belə çıxır ki, Yaqland Avropa Şurasının üzvü olan bir ölkənin ərazisinin bir hissəsini işğal eləmiş və həmin ölkənin başqa ərazilərində münaqişə ocaqları yaratmış Rusiyanı strukturun tamhüquqlu üzvlüyünə qaytarmaq istəyir. Amma bir nəfərə görə Azərbaycanın Avropa Şurasından çıxarılmasına, beləliklə də 10 milyon insanın öz hüquqlarını Avropa Məhkəməsində qorumaq hüququndan məhrum edəcək təklifi sanksiyalaşdırmağa çağırır.
Bundan əlavə, məlumdur ki, 2014-cü ildə Krımda keçirilən referendum şübhə doğurmuş, beynəlxalq nəzarət altında təkrar səsvermə çağırışı səslənmişdi. Yaqland isə bəyan eləmişdi ki, heç kim belə bir referendumun keçirilməsinə hazır deyil. O, məsləhət görürdü ki, Ukraynada daxili islahatlar keçirilsin və Kiyev bu yolla Moskvaya qarşı qarşıdurmada daha güclü olsun. Bütün bunlar Rusiya mövqeyinin məqsədli müdafiəsi və ona sadiqlik anlama gəlmirmi?
*****
2017-ci il yanvarın 19-da Rusiyanın Konstitusiya Məhkəməsi hökumətə Avropa İnsan Haqları Məhkəməsinin YUKOS-la bağlı qərarını yerinə yetirməməyə icazə verdi. 2015-ci ildə qəbul edilmiş qanuna əsasən isə Rusiya Konstitusiya Məhkəməsinin qərarı beynəlxalq məhkəmələrin qərarlarından üstün hesab edilir. Beləcə, Avropa Məhkəməsinin onlarla qərarı, o sırada siyasi motivli qərarları Rusiya tərəfindən icra olunmur və cənab Yaqland da bütün bunları görməzlikdən gəlir. Amma Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarı yetərli imiş ki, baş katib Avropa Şurasından çıxarılması üçün hərəkətə keçsin. Məgər bu, Yaqlandın ikili standart yanaşmasının və Rusiya maraqlarına sədaqətinin göstəricisi deyilmi?
Və sonra bir az da çox.Sirr deyil ki, Rusiyada beynəlxalq QHT-lərin fəaliyyəti qadağan olunub və praktik olaraq, bütün Qərb təşkilatları ölkədən qovulub. Yerli QHT-lərin xaricdən maliyyələşməsi qanundan kənar elan edilib. Ölkədə heç bir müstəqil KİV, ictimai və siyasi təşkilat yoxdur. Hakimiyyətin vurulmuş blogger Aleksandr Navalnıya qarşı davranışı Rusiyada müstəqil ictimai fəaliyyətin nəyə başa gəldiyinin parlaq nümunəsidir. Doğrudanmı Rusiyaya xüsusi diqqət cənab Yaqlandın gözünü o dərəcədə kor edib ki, bu kimi ap-aydın şeyləri görmür və ya görmək istəmir?
*****
Son hadisələrə gəlincə, faktlar, hadisələrin inkişafı, həmçinin iştirakçıların arealı sübut edir ki, Rusiya artıq OCCRP kimi təşkilatlarla sıx əlaqələr qurub və bu yöndə öz maraqlarını irəli aparmaqdadır. Əslində isə Lük Volontenin, Eduard Lintnerin və Azərbaycan maraqlarının lobbiçiliyində suçlanan digərlərinin fəaliyyətini öyrənmək və onların hansı ölkənin şəbəkəsinə aid olduğunu, hardan maliyyələşdiyini müəyyənləşdirmək lazım idi. Belə bir təhqiqat hətta ABŞ-dakı və Avropadakı seçki prosesinə müdaxilədə ittiham olunan Rusiyanın geniş əlaqələrini üzə çıxara bilər. Bu suala da aydınlıq gələ bilər ki, Moskva Fransada Mari le Penin, Belçikada Geret Vildersin, Avstriyada Norbert Xoferin və s.-lərin hakimiyyətə gətirilməsində hansı rıçaqlardan istifadə edir? Azərbaycan isə o zaman ən azından dost-rəqiblər sarıdana öz işini bilmiş olardı.
*****
Göründüyü kimi, Azərbaycan əleyhinə yeni dalğa təkcə okeanın o tayından məlum şəbəkədən qaynaqlanmır. Bu prosesdə bilavasitə Rusiya da iştirak edir. ÜAK-ın ləğvi, Rusiya XİN-dən Azərbaycana verilən ultimatumlar, Moskvanın nəzarətindəki Qərb mediası, QHT və ekspertlərdən Bakı əleyhinə çıxışlar bu iddianın əsassız olmadığını təsdiqləyir.
Görünür, anti-Tramp və eyni zamanda anti-Azərbaycan şəbəkəsinin Bakıya münasibətdə mövqeləri Moskvanın maraqları ilə üst-üstə düşür. Kremlin motivləri burada kifayət qədər aydındır: Azərbaycanın qlobal energetik layihələrinə mane olmaq, Bakı ilə Avropa Birliyi arasında strateji tərəfdaşlıq haqda sazişin imzalanmasına imkan verməmək, Bakını Avrasiya İqtisadi Birliyi və KTMT-yə cəlb eləmək və bütövlükdə tamamən Azərbaycanı öz orbitində saxlamaq, onu Qərbdən izolə eləmək.
Aydın olmayan yalnız odur ki, bununla, görəsən, anti-Tramp şəbəkəsi nə udur? Gerçəkdənmi erməni loyallığı və dostluğunu? Xeyr. Şübhəsiz ki, manevr imkanlarından məhrum olan Azərbaycan həm də bu şəbəkənin özəl maraqlarını təmin eləməli olacaq. Görəsən, bu haqda Qərb nə düşünür?
Siyasət şöbəsi
Tarix: 29-09-2017, 09:53