Ermənistanın “İran nəfəsliyi” kəsilə bilər- düşmən ölkənin qorxusu

Ermənistanın “İran nəfəsliyi” kəsilə bilər- düşmən ölkənin qorxusu İşğalçı ölkə Kürdüstan “dövləti” ilə bağlı qorxaq mövqe sərgilədi və Qarabağ separatçılarının arxasında gizləndi; politoloq: “Şimali İraqdakı referendumu izləyənlər arasında Ermənistan Demokrat Partiyasının sədri Aram Sərkisyan da olub”

İraq Kürdüstanında keçirilən “müstəqillik” referendumu işğalçı Ermənistanı çıxılmaz vəziyyətdə qoyub. İlkin baxışda güman etmək olar ki, yeni presedent yarandığı üçün Ermənistan və onun himayədarları vəziyyətdən məmnun olmalıdır.


Amma dərinliyə varanda, vəziyyəti ətraflı təhlil edəndə görürük ki, məsələ heç də sadə deyil. Belə ki, Ermənistanın “müstəqil Kürdüstan” yaradılması təşəbbüsünü dəstəkləməsi onun başına bəla aça bilər. Məsələ burasındadır ki, İraqın parçalanması və kürd dövlətinin yaradılması planı təkcə İraq və Türkiyəni narahat etmir, həm də İranın maraqlarına ziddir. Tehranın ilk gündən məsələyə sərt reaksiyası, Ankara ilə ortaq məsləhətləşmələri, hərbi təlimlərə start verməsi, həmçinin İraqla sərhədi qapaması bunun sübutudur. Təsəvvür edin ki, İrəvan birmənalı şəkildə “xalqların öz müqəddəratını təyinetmə hüququ var” kimi ənənəvi bəyanatını verir, o halda Tehranın Mehri dəhlizini, Ermənistanın yeganə nəfəsliyini bağlaması işğalçı ölkənin boğulması üçün kifayətdir. Qarabağ müharibəsinin ilk günlərində Ermənistanı məhz İran nəfəsliyinin xilas etdiyini on illər öncə keçmiş prezident Levon Ter Petrosyan da təsdiqləmişdi. Bu mənada İrəvan Tehranı qəzəbləndirə biləcək hansısa addıma getməz. Xatırladaq ki, yay aylarında İsraildən nazir səviyyəsində İrəvana səfərin həyata keçirilməsinə İrandan kəskin etiraz ola biləcəyindən ehtiyatlanan Ermənistan iqtidarı dərhal müsəlman ölkəyə heyət yolladı və gərginliyə imkan vermədi.

İndiki situasiyada isə “Kürdüstan dövləti” ideyasını müdafiə edən istənilən dövlət İranın maraqlarını tapdamış olacaq. Təkcə ona görə yox ki, Qərbin hazırlayıb həyata keçirdiyi bu layihənin gerçəkləşməsi ABŞ hərbi bazalarının İran qonşuluğunda qurulması ilə nəticələnəcək. Həm də ona görə ki, kürd dövlətinin yaradılmasının ardınca Türkiyə ilə yanaşı, İrana qarşı da ərazi iddialarının irəli sürüləcəyi şübhə doğurmur. Digər tərəfdən, Kürdüstan dövləti ideyasını açıq və birmənalı dəstəkləyən tək dövlət İsraildir və bu, Tehranı qıcıqlandıran digər amildir. İsraili yer üzündən silməyə hazır olduğunu bəyan edən Tehranın indi qonşuluqda özünə təhlükə yarandığını sinirməsi mümkünsüz görünür və deməli, istənilən dövlətin kürd dövləti ideyasına dəstəyi Tehranın sərt təpkisinə səbəb olacaq.

Bu mənada İrəvandan Kürdüstandakı referenduma gecikmiş və ehtiyatlı reaksiyanın verilməsi anlaşılandır. “Ermənistan XİN Kürdüstandakı referendum ətrafındakı situasiyanın sülh yolu ilə çözüləcəyinə inanır”. Belə bir açıqlama ilə işğalçı ölkənin XİN başçısı Edvard Nalbəndyan 27 sentyabrdakı mətbuat konfransında çıxış edib. Onun sözlərinə görə, Ermənistan İraq hökumətinin və Kürdüstanın regional hökumətlərinin gərginlikdən yayınacağına və məsələlərin tənzimlənmnəsi imkanlarını tapacağına ümid edir.

Xatırladaq ki, İran müstəqillik referendumu keçirilmiş İraqın kürd muxtariyyəti ilə sərhədlərdə əlavə raket sistemləri yerləşdirərək mühafizəni gücləndirib. “Hətəm əl Ənbiyə” aviabazasının komandanı general Əlirza Əlhami bildirib ki, əlavə zenit-raket sistemlərinin yerləşdirilməsi İrana qarşı istənilən “təcavüz aktı”na qətiyyətli cavab verməyi təmin edəcək. Həmçinin hazırda ölkənin qərb sərhədləri yaxınlığında hərbi təlimlər keçirilir. İran kürd muxtariyyəti ilə hava əlaqəsini də dayandırıb. Ermənistan belə situasiyada sözsüz ki, Kürdüstanın yanında yer almaz.

Bu məqamda diqqəti cəlb edən bir nüans var. Belə ki, Ermənistanın ehtiyatlı davranışlarına rəğmən, Qarabağ separatçıları Kürdüstan layihəsini daha açıq və ürəklə müdafiə edirlər. Heç şübhəsiz ki, bu, düşünülmüş oyundur. Düzdür, “Böyük Kürdüstan” ideyasını yayan sərsəmlərin tirajladığı xəritələrə Azərbaycanın bəzi əraziləri də daxil edilib. Özü də bu, həmin ərazilərdir ki, “Böyük Ermənistan” yaratmağa iddialı olan xəstə ermənilər də həmin ərazilərə sahiblənmək istəyirlər. Kəsəsi, Azərbaycanın tarixi torpaqları uğrunda iki separatçı qüvvələr mübarizəyə girişiblər. Məntiqlə, onların maraqları toqquşmalıdır. Lakin görünür, indiki halda işğal altındakı Qarabağda mövcud olan erməni separatçılarına kürd separatçılığından stimul almaq hava və su kimi ehtiyac olduğundan onlar digər məsələləri kənara qoyub Kürdüstan iddiasını müdafiə edirlər. Əks təqdirdə, Dağlıq Qarabağdakı oyuncaq “XİN”in rəhbəri bununla bağlı müdafiə bəyanatı yaymazdı. İrəvan Dağlıq Qarabağ separatçılarının arxasında gizlənməklə həm İran təhlükəsindən yayınmağa çalışır, həm də beynəlxalq aləmdə önə çıxmağa ehtiyatlanır. Məsələ burasındadır ki, indiki halda BMT Kürdüstandakı referendumu qanunsuz sayıb, bu təşkilatın qərarına qarşı çıxmaq Ermənistanın hünəri deyil. Əks təqdirdə, sabah BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsinin icrası gündəmə gətirilə bilər. Amma Qarabağ separatçılarının mövqeyi o qədər də ciddiyə alınmır, olsa-olsa Kürdüstan tərəfdarlarında məmnunluq doğura bilər. Həm də ermənilər tarixən ikili oyun oynamağa adət ediblər. Elə son aylarda İrəvanın NATO və Rusiya arasında vurnuxmasının şahidiyik. İndi də İran nəfəsliyi boğazında ilişib qalan Ermənistan odla su arasında vurnuxduğundan Qarabağ separatçılarını irəli verib.

“İrəvan Kürdüstan məsələsi ilə bağlı müstəqil olaraq heç bir qərar verməyəcək. Çünki verəcəyi hər hansı qərar onun müttəqfiqlərinin maraqlarına zidd ola bilər. Bu, ilk növbədə İrandır”. Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bunu bildirdi. Ekspertin dediyinə görə, məlum məsələdir ki, İran, ümumiyyətlə, Kürdüstan adlı qurumu dəstəkləmir və hətta qatı düşməni olan İraqla bu məsələdə müttəfiq olmağa hazırdır: «Buna sübut kimi İraq müdafiə nazirinin İrana səfərini göstərmək olar. Digər tərəfdən, Türkiyə bu problemə çox həssas yanaşır və Kərkük və Ərbil məsələsi sona qədər öz həllini tapmayıb, hətta Mosul problemi də var. Yəni Ermənistan hər hansı addım atsa, Türkiyə ilə daimi düşmənə çevrilə bilər. Zənnimcə, Ermənistanın atacağı hər hansı bir addım Putin-Ərdoğan görüşündən sonra bəlli olacaq. Rusiyanın Kürdüstanla bağlı verəcəyi bəyanatlar Ermənistan üçün çox vacib məsələdir. Təbii ki, İsrail faktoru Ermənistanı nəyəsə vadar edə bilməz. Çünki onların yaxınlaşması bu gün mümkün deyil". A.Nağıyev Ermənistan hətta qondarma “Dağlıq Qarabağ”ı tanımaqdan çəkinir. Ola bilsin ki, müəyyən məqsədlər üçün bu kartdan istifadə etsin, lakin supergüclərin maraqları baxımından Ermənistanın rəyi, ümumiyyətlə, nəzərə alına bilməz".

Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a bildirdi ki, sentyabrın 25-də Şimali İraqda Kürdüstanın müstəqilliyi ilə bağlı keçirilən referendum Ermənistanda və işğal altındakı Dağlıq Qarabağda müsbət qarşılanıb: “İrəvan Şimali İraqdakı prosesləri diqqətlə izləyir və gələcəkdə ondan öz məqsədləri üçün istifadə etməyin planlarını cızır. Şimali İraqdakı referendumu izləyənlər arasında Ermənistan Demokrat Partiyasının sədri Aram Sərkisyan da olub. O, referendum keçirilən gün Şimali İraqın paytaxtı Ərbildə olub. Aram Sərkisyan keçmiş prezident Robert Köçəryanın müşaviri olub. Hazırda özünü müxalifət nümayəndəsi kimi təqdim etməsinə baxmayaraq, prezident Serj Sərkisyan hakimiyyəti ilə əlaqələri mövcuddur”. Ekspert şübhə etmir ki, A.Sərkisyan Ərbilə öz qərarı ilə getməyib: “Onu Ərbilə Ermənistan hakimiyyəti göndərib. İrəvan Aram Sərkisyanı Ərbilə göndərməklə bir tərəfdən kürdlərin müstəqillik istəyinə dəstək ifadə edib, digər tərəfdən İraqın sözdə ərazi bütövlüyünə qarşı çıxmadığını göstərib. Yəni İrəvan Bağdada deyə bilər ki, bəs Aram Sərkisyan rəsmi şəxs deyil və o öz təşəbbüsü ilə referendumu izləyib. Bağdadın buna inanmayacağı aydındır. Bağdad İrəvanın belə bir açıqlamasına həm də ona görə inanmamalıdır ki, Ermənistan hakimiyyətinin idarə etdiyi Dağlıq Qarabağ separatçıları Kürdüstanın müstəqilliyinə dəstək ifadə ediblər”.

E.Şahinoğlu İrəvanın susduğu halda, Dağlıq Qarabağ separatçılarının “Xarici İşlər Nazirliyi”nin sentyabrın 26-da bəyanat yayaraq Kürdüstanın müstəqilliyi ilə əlaqədar keçirilən referendumu dəstəklədiyini bəyanlamasını təsadüfi saymır: “Bəyanatda belə bir cümlə yer alıb: ”Kürdüstanın müstəqilliyini qazanması onun müstəsna hüququdur". Ermənistan hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü susur. Çünki Ermənistan XİN də oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərlə münasibətləri gərginləşdirəcək. İraq yenə də İrəvan üçün dözümlüdür, Kürdüstana görə İranla münasibətləri gərginləşdirmək isə Ermənistanın başını ağrıda bilər. Buna görə də İrəvan Qarabağdakı tərəfdarlarını irəli verib. Əslində rəsmi Bakı bu amildən istifadə edərək Tehrandan soruşa bilər ki, budurmu sıx təmasda olduğun ermənilərin sənə töhfəsi, İrəvanın Kürdüstana dəstəyi İranın parçalanmasına dəstək deməkdir". Politoloqun sözlərinə görə, bu vəziyyətdə Azərbaycan XİN-in bu mövzuda açıqlama verməməsi təəssüf doğurur: “Cənablar, İraqın ərazi bütövlüyünü birmənalı dəstəklədiyinizi və Şimali İraqdakı referendumun yanlış olduğunu açıqlayın, ermənilərin ikili oyun oynadığını faş edin. Belə bir açıqlama həm ona görə lazımdır ki, yerli milli azlıqların azsaylı radikalları Şimali İraqdakı referendumundan həvəslənməsinlər. Azərbaycan XİN-in bəyanatı iki məqsəd daşımalıdır: birincisi, Azərbaycan hər bir dövlətin, o cümlədən İraqın ərazi bütövlüyünü dəstəklədiyini və hər cür separatizmə qarşı olduğunu bir daha gur səslə bəyan etməlidir. Bu, həm də Azərbaycanın heç bir zaman Dağlıq Qarabağda ”müstəqilliklə bağlı referenduma" icazə verməyəcəyini beynəlxalq aləmin diqqətinə bir daha çatdırmaq üçün fürsətdir. İkincisi, XİN bu bəyanatla Şimali İraqda yaşayan türkmənlərin təhlükəsizliyinə biganə olmadığını da vurğulamalıdır. Həmin türkmənlər illərdir Türkiyə ilə yanaşı, Azərbaycandan da dəstək gözləyirlər. Türkiyə son illər bu dəstəyi verməyə başlayıb. Azərbaycan isə proseslərə qarışmır. Halbuki türkmənlərə humanitar yardımların çatdırılması və ya orada bir neçə məktəb binasının tikilməsi Azərbaycan üçün problem yaratmaz".

Elşad Paşasoy
Tarix: 29-09-2017, 09:55
Xəbəri paylaş





Xəbər lenti