Ağ Evdə Qarabağ planı: Rusiya qapı arxasında qalır?
ABŞ-ın Minsk Qrupundakı təmsilçiliyinin ixtisara salınacağı qeyd olunması barədə xəbərlər yayılıb.
Cebhe.info xəbər verir ki, AXCP sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə qeyd edib ki, bununla bağlı ABŞ dövlət katibi Reks Tillersonun Senata göndərdiyi məktubda yazılır.
Amerikalı həmsədrin missiyası dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavininə həvalə oluna bilər:“ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanmasında Minsk qrupunun formatı çərçivəsində həll prosesindən uzaqlaşması göstərir ki, bu format artıq öz missiyasını itirib. Həmçinin görünür , ABŞ artıq Rusiya ilə eyni masada konfliktin həllini mümkün görmür və bu istiqamətdə müzakirə aparmaq istəmir. Vurğulamaq lazımdır ki, ABŞ və Rusiya arasında ciddi siyasi-iqtisadi problemlər yaşanır. Ona görə də iki ölkənin eyni masada əyləşib, konfliktin həllində danışıqlar aparması mümkün deyil. Bunu dəfələrlə qeyd etmişik. Beynəlxalq konyukturada rəqib olan və soyuq savaş aparan iki ölkənin münaqişənin həllinə baxışı eyni ola bilməz. ABŞ Minsk qrupunun sabiq həmsədri Hoqland vasitəsilə münaqişəyə öz siyasi baxışını vurğulayıb. Bu, Azərbaycanın milli maraqlarına cavab verə bilən mərhələli həll planıdır. Görünür, ABŞ -ın “mərhələli həll” planını qabartması, Rusiyanın isə "paket həll" variantına üstünlük verməsi belə bir sınmanı sürətləndirib. Həmsədrlərin iştirakı ilə Nyu-Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündən sonra, ABŞ-ın Minsk qrupunda daimi təmsilçilikdən ayrılması təsadüfi deyil və görünür, münaqişə ətrafında çox ciddi fikir ayrılıqları var. Rusiya tam şəkildə Ermənistanın yanında olduğu üçün danışıqları səmərəsiz hesab edib”.
Politoloqun sözlərinə görə, Minsk qrupu formatı artıq tükənib: “Bundan sonra, Rusiya çalışacaq ki, münaqişənin həllində irəliləyiş əldə olunmasın, status-kvonu qorusun. Azərbaycan mütləq şəkildə Qarabağ probleminin həllində Rusiyaya ümid bağlamamalıdır. Qərblə sıx diplomatik əlaqələri inkişaf etdirməli, Türkiyə ilə hərbi-texniki əməkdaşlığı genişləndirməlidir. Münaqişənin həlli ilə bağlı danışıqlar Moskva ilə birbaşa deyil, Ankara ilə birgə aparılmalıdır. Belə bir danışıqları aparmaq üçün Ankara-Bakı Qarabağla bağlı "ortaq işçi qrupu" yaratmalıdır. Çünki Azərbaycanın Rusiya ilə təkbaşına danışıqları fayda verməyəcək. Rəsmi Kreml çox çətin şərtlərlə qarşımıza çıxacaq. Artıq Qarabağ münaqişəsinin nizamlanmasında danışıqlar formatı dəyişməlidir. İyirmi ildən artıq davam edən danışıqlar heç bir nəticə verməyib. Bakı-Ankara birgə formatı yaradılmalı, Moskva ilə diplomatik danışıqlar başlamalıdır. Türkiyə ilə Rusiya arasında siyasi münasibətlər normallaşıb. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün müqavilələr imzalanıb. Artıq siyasi-iqtisadi əməkdaşlığın inkişafı hərbi sahədə əməkdaşlığa gətirib. Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər sistemində Qarabağ konfliktinin həlli üçün geniş imkanlar var. Ermənistanın yerinə əsas söz sahibi məhz Rusiyadır”.
Alçina Amilqızı
Tarix: 29-09-2017, 15:27