Korrupsiya müasir dünyanın sosial problemlərindəndir

Korrupsiya müasir dünyanın sosial problemlərindəndir

Vətəndaşların müəyyən hissəsi rüşvət verməkdə, təklif
etməkdə və vasitəçilikdə maraqlı olur, korrupsiya
cinayətlərinin iştirakçılarına çevrilirlər

Korrupsiya və rüşvətxorluq müasir cəmiyyətin çox ciddi və sosial problemlərindəndir. Bütün dünyada korrupsiya və rüşvətxorluqla aparılan mübarizənin sərtliyinə baxmayaraq coğrafiyası genişlənməkdə davam edir. Lakin aşkar olunan korrupsiya rəqəmləri həqiqəti əks etdirmir.

Azərbaycan dövləti korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin edir. Ölkə prezidenti dəfələrlə dövlət orqanlarının məmurlarına xəbərdarlıq, vətəndaşlara isə bu mübarizədə fəal olmalarını tövsiyə etmişdir. Deməli, vətəndaşlar çəkinmədən korrupsionerlər barədə şikayət edə bilərlər. Dünya təcrübəsindən belə qənaətə gəlmək olar ki, korrupsioner vəzifəli şəxslərin sayı və dairəsi çoxaldıqca, bu qəbildən olan faktların aşkar olunması məsələsi də çətinləşir. Bu baxımdan vətəndaşlar əldə etdikləri məlumatların ötürülməsində prinsipal və maraqlı olmalıdırlar.
Ötən il Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər əhəmiyyətli səviyyədə həyata keçirilmiş, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması səmtində müəyyən işlər görülmüşdür. Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri iqdisadi sahədə aparılan islahatları tamamlamış, dayanıqlı iqdisadi inkişaf üçün yeni imkanlar yaradılmışdır. Korrupsiyaya qarşı mübarizə və bu problemin aradan qaldırılması dövlət siyasətinin prioritet istiqaməti kimi, antikorrupsiya islahatlarının innovativ xarakter daşıması ilə yadda qalır. 2016-cı il ərzində korrupsiyaya qarşı beynəlxalq standartlara cavab verən genişmiqyaslı institusional islahatlar aparılmışdır. İqdisadiyyatın keyfiyətcə yeni mərhələsinin formalaşması və hayata keçirilən islahatların davamlılığını təmin etmək məqsədi ilə Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə iqdisadiyyatın əsas sektorları üzrə 12 strateji yol xəritəsi təsdiq edilmişdir. Qeyd edilən çox şaxəli islahatlar ölkə üçün yeni perspektivlər və imkanlar yaradır. Dünyada mövcud qlobal iqdisadi böhrana baxmayaraq, 2016-cı ilin yekunlarına əsasən ölkədə qeyri neft sənayesi inkişaf etmişdir. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planları”nın yekun qiymətləndirilməsi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət tərəfindən müdafiəsi müfaviq qanunvericilik aktları ilə təmin edilmişdir.
Vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən monitorinqlərin nəticəsində məlum olur ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsindəki tədbirlər səmərə verməkdə davam edir.
Bu sahədə olan müsbət dinamika beynəlxalq anti-korrupsiya reytinqlərində də öz əksini tapmışdır. Belə ki, “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan sonuncu “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləmiş, “Beynəlxalq Şəffaflıq” təşkilatının digər ənənəvi hesabatında “2016-cı il Qlobal Korrupsiya Barometri” üzrə ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişə nail olmuş, korrupsiyanın səviyyəsinin azalması göstərilmişdir.
Azərbaycan Respublikası baş Prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2016-cı il hesabatında qeyd olunan 6 əməliyyat tədbiri nəticəsində 6 nəfər korrupsioner cinayət başında yaxalanmışdır. Baş idarənin əməliyyat heyəti tərəfindən faktlar üzrə 32 cinayət işi başlanılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya cinayətləri ilə bağlı axtarışda olan 24 şəxs tutulmuşdur. Hesabat dövründə 480 cinayət işi üzrə 313 vəzifəli şəxs barədə 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Cinayət işləri üzrə vurulmuş 202 milyon 629 manat məbləğində olan ziyanın 33 milyon 249 manat və ya 16,6%-nin ödənilməsi təmin edilmiş, 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulmuşdur. Istintaqı aparılmış cinayət işləri üzrə 220 –dən çox vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunmuşlar. Onlardan 110 vəzifəli şəxs qulluq mövqeyindən sui-istifadə dələduzluq etmiş, 34 nəfər vəzifə səlahiyyətlərini aşmış, 10 nəfər rüşvət almağa görə təqsirlənmiş, 14 nəfər rüşvət verməyə görə məsuliyyətə cəlb olunmuşlar. Göründüyü kimi vətəndaşların rüşvət verməyə meyli hələ də az deyil. Bu çox ciddi faktordur və korrupsiyanı doğuran səbəblərdəndir. Vətəndaşlardan gələn rüşvət təklifi bu sahə ilə mübarizədə vətəndaş təşəbbüslərinə ciddi ziyan vurur. Korrupsiya hallarına qarşı çıxmaq əvəzinə vətəndaşlar bu cinayətin iştirakçılarına çevrilməsi dövlətin cinayətkarlıqla mübarizə siyasətinə zərər vurur.
Azərbaycan Respublikasının Baş Prokurorun yanında yaradılan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətə başladığı gündən bu günə qədər 1800-dən çox cinayət işi, aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir. İcraatda olan cinayət işləri sırasında 70 faktdan çox rüşvətxorluq; vəzifəsindən sui-istifadə halları üzrə 150-dən çox; qulluq mövqeyindən istifadə etmək və qarətlə müşayət edilən 500-dən çox cinayət iş materialları olmuşdur.
Bu cinayətlər nəticəsində dövlətə 200 milyon AZN-dən çox ziyan dəymiş, 122 mln manatın büdcəyə keçirilməsi təmin edilmişdir. Təbii ki, rəqəmlər düşünməyə və cəzanın sərtləşdirilməsinə əsas verir.
Ümumiyyətlə korrupsiya faktları barədə məlumat verən vətəndaşların dövlət tərəfindən müdafiəsi belə cinayətlərin qarşısını almağa kömək edə bilərmi? – Sualı da yerində səslənir. Düşünürəm ki, böyük təsiri ola bilər. Vətəndaşlar bu növ cinayətkarlıqla, onun mütəşəkkil növləri ilə mübarizədə dövlət orqanlarına dəstək verməlidirlər. Bu, onların vətəndaşlıq borcu və hüququdur. Dövlət başcısı bu istiqamətdə ötkəm və prinsipialdır. Belə mövqe hər bir vəzifəli şəxsə ciddi mesaj verir. Zənnimcə vətəndaşlar tərəfindən vəzifəli şəxslərin ələ alınmasına çalışmasının özü korrupsiyaya şərait yaratmaqdır. Rüşvət tələb olunsa da, verilməsə və hüquqlarının müdafiəsinə çalışsalar korrupsiya dəhlizini daraltmaq olar. Amma bəzən KİV-də dərc edilən faktlara reaksiyanın verilməməsi baş verən hərəkət və ya hərəkətsizliklərlə “barışmaq”,”razılaşmaq” meylini təsdiqləyir.
Bakı Metropolitenin sabiq rəisinin MTN-ə rüşvət verməsi faktının KİV-də bəyan etməsi ciddi korrupsiya əlamətidir. Və yaxud Rabitə və İnformasiyaları Texnoloğiyaları sabiq naziri Əli Abbasovun “rüşvət verməsi” və “alması” da belə şəxslərin zəif təfəkküründən, ya da qeyri peşəkarlığından xəbər verir. Hərəkətlərinin, danışdıqlarının ya fərqinə varmırlar, ya da dediklərini anlamırlar. Qeyd olunanlar dövlətin korrupsiyaya qarşı mübarizə siyasətinə də xələl gətirir.
Ailə və qadın işləri üzrə komitənin aparat rəhbərinin S.İmanovun, MTN-də baş verənlər, Təhsil Nazirliyinin Sumqayıt şəhər Təhsil İdman Mərkəzinin sabiq direktorunun vəzifələrində sui-istifadələri bu istiqamətdə mübarizənin canlı təzahürüdür. Belə qənaət hasil olur ki, dövlət qulluqçuları içdikləri anda sədaqət göstərsələr əhəmiyyətli səviyyədə korrupsiya faktları azala bilər. Söhbət vətənə və etibar edilən etimada sədaqətdən gedir. Digər tərəfdən əmək haqlarının artırılmasına ciddi ehtiyac var.
Ötən il ərzində 13 hakim korrupsiya hüquqpozmalarına görə intizam məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə hakimiyyətində davam edən demokratik islahatlar dövlətin daxili siyasəti ilə üst-üstə düşür, səmərə verir. Son illər yalnız hüquqi erudiyasına, daxili inamına, bilik səviyyəsinə, peşəkarlığına və qabiliyyətinə görə hakim korpusuna daxil olanların sayı artır. Ədliyyə Nazirliyinin kollegiyası sözün həqiqi mənasında obyektiv, ədalətli və şəffavlıq prinsiplərinə üstünlük verməklə islahatları davam etdirir.
İctimai münasibətlərə zidd hərəkətləri törədənlərə qarşı cəza sərtliyi ilə yadda qalmalı, vətəndaşlarda ikrah hissi oyatmamalıdır. Korrupsiya ölkə daxilində iqdisadi inkişafa real əngəl yaradır, onun buxovlayır, cəmiyyəti maliyyə böhranına aparır. Məmur nüfuzu korrupsioner hərəkətlərin qurbanına cevrilir.
Korrupsiya, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyəsi və terrorçuluq cinayətləri mütəşəkkil cinayətkarlığın bir-birilə sıx bağlı sahələridir, belə cinayətlərlə mübarizə bütün dünyada problem olaraq qalır. Mütəşəkkil qrup və dəstələrin siyasi himayədarları, hərbi və maliyyə imkanları çox geniş, (hətta bank hesabları) olduğuna görə mübarizə tam səmərə vermir. Ona görə də, dünya ictimaiyyəti bu işdə maraqlı olmalıdırlar.
Bəs inkişaf etmiş ölkələrdə vəziyyət necədir?
RF-nın sabiq Maliyyə Naziri A.Kudrin qeyd edir ki, ölkədə il ərzində korrupsion rüşvətxorluğun həcmi 300 mlrd. dollar təşkil edir. Hər il büdcəyə ciddi ziyan dəyir.

Mütəxəssislərin qənaətinə görə korrupsiya demək olar ki, dünyada bütün sahələrin fəaliyyətinə sirayət edir. Rüşvətin müəyyən faizi məmurların vəzifələrinə olan xəyanətləri ilə bağlıdır. Rusiya Federasiyası DİN-nin statistik rəqəmlərinə görə, korrupsiyanın ümumi həddi 2 hissəyə bölünür: məmurların rüşvətxorluğu ümumi rüşvətxorluğun 20% təşkil edirsə, yerdə qalan 80% aşağı hissələrdə baş verən korrupsiyaya aiddir.
Bu sırada həkimlər, müəllimlər, hüquq-mühafizə orqanalarının əməkdaşları durur. Vəziyyətin təhlilindən belə qənaətə gəlmək olar ki, Rusiyada yüksək çinli məmurların rüşvəti il ərzində 9 mln rubldan çox olur. Lakin, aparılan mübarizənin də səmərəsi azdır. RF dünyada korrupsiyanın səviyyəsinə görə 127-ci yerdədir. Narahatlıq doğuran məsələ ondan ibarətdir ki, vətəndaşların ¼ hissəsi rüşvətxorluqda, rüşvət verməkdə, təklif etməkdə və vasitəçilikdə şəxsən maraqlı olurlar. Bu istiqamətdə də mübarizə ciddi olmalı, maarifləndirmə işi gücləndirilməlidir. Əhalinin müəyyən hissəsinin hüquqi dövlətin və vətəndaş cəmiyyətin prinsiplərinin qorunmasında iradə nümayiş etdirməməsi, ictimai nəzarətin təşkilində iştirakın olmaması korrupsiyaya şərait yaradan amillərdəndir.
Müqayisə üçün korrupsiya reytinq üzrə sonuncu yeri KXDR, Somali və Əfqanıstan 8 balla yer tutur. Ən yaxşı göstəricisi Danimarka və Yeni Zellandiyaya şamil olunur. 107 ölkə üzrə 114 min insanlar arasında keçirilən sorğunun nəticəsinə görə dünyada hər dörd nəfərdən biri (114 min nəfərin 27%) heç olmasa bir dəfə rüşvət verməsini təsdiq etmişlər. Aparılan tədqiqat əsasında korrupsiyanın dünyada ciddi problem kimi qalması təsdiq edilmişdir
Ukrayna dövlətində ictimai rəyə əsasən Viktor Yanukoviçin prezident olduğu son illərdə korrupsiya görünməmiş həddə olmuşdur. Hər il 160 mlrd. qriven leqal dövriyyədən məmurların cibinə axırmış. Statistik xidmətin təhlilinə görə təkcə korrupsiya istiqaməti üzrə Ukrayna dövləti il ərzində 137 mlrd qriven itirərdi. Gömrük sahəsində olan sui-istifadələrə görə (2013-cü il ərzində) 40 mlrd qriven büdcədən kənar məmurların cibinə, gömrükdə malların qeydiyyatı zamanı məbləğin yalnız 50% büdcəyə daxil olurdu, qalan hissə müəyyən şəxslərin sərəncamına keçirmiş. Torpaq sahələrinin icarəsi zamanı verilən rüşvətin məbləği 2013-cü ildə 4.7 mln qrivenə çatırdı. Vergi sahəsində korrupsiyanın məbləği 40 mlrd qriven təşkil edirdi və s.
Deməli korrupsiya ilə mübarizə bir dövlətin coğrafiyasında yox hamılıqla, birləşmiş qaydada həyata keçirilməlidir ki, nəticəsi olsun. Bu, ümumibəşəri sosial bir problemdir.


Şəmsəddin Əliyev
Hüquqşünas
Tarix: 29-09-2017, 21:48
Xəbəri paylaş





Xəbər lenti