Kristofer Smit və onun uşaqları: Azərbaycana hücumun hədəfləri - TƏHLİL

Kristofer Smit və onun uşaqları: Azərbaycana hücumun hədəfləri - TƏHLİL Okeanın o tayında Azərbaycana qarşı Obamadan qalma hücum planı yenidən işə düşür. Xeyr, söhbət Trampın sələfinin “qara yalan” ssenarisini dövr alaraq, Bakının üzərinə “ağzı köpüklü adamları” göndərməsindən getmir. Əksinə, Trampın Bakıya isti münasibətlərdən bəhs etdiyi məktublar göndərdiyi vaxt ABŞ konqresmenləri – Kristofer Smit və Cim Makqovern “Azərbaycanda insan haqları fəalları, jurnalistlər və dini liderlər susdurulur...” deyə qətnamə layihəsi hazırlayır və Bakıya qarşı vaxtilə rusların buxovlanması üçün hazırlanan, sonradan qlobal müstəviyə daşınaraq, “tabe olmayan” xalqların başı üzərində “Domokl qılıncı” kimi əsən “Qlobal Magnitski Qanunu”nu tətbiq etməyə çağırır.

...XXI əsrdə müharibələrin təpədən dırnağa silahlanmış əsgərlərlə yox, sanksiyalar, qətnamələr, informasiya təbliğatı ilə aparılır və Amerikanın qonşularımıza – Rusiya və İrana qarşı müharibə təcrübəsi də bunu göstərir. Maraqlıdır, ABŞ-ın strateji tərəfdaş adlandırdığı Azərbaycana qarşı eyni motivli müharibəni kim(lər) başladır?


Geosiyasi proseslər fonunda hesab etmək olar ki, Moskva və Tehranla eyni anda döyüş meydanına girən Vaşinqton bu bölgədə ən vacib ölkə olan Azərbaycanı öz cəbhəsinə çəkmək istəyir. Rəsmi Bakı balans siyasətindən imtina etmək istəmədiyi üçün də “müasir müharibə üslubu” işə düşür və Azərbaycana qarşı sanksiyalar gündəmə gətirilir. Qanun layihəsini hazırlayan Kristofer Smitin respublikaçı olması da bu ehtimalı gücləndirə bilər. Lakin Bakı-Vaşinqton xəttində hazırki münasibətlər, həmçinin, ABŞ-ın xarici siyasətində Azərbaycanın strateji mövqeyinə verilən qiymət bu hücumda Tramp Administrasiyasının əsas qüvvə olduğu ehtimalını azaldır.

Donald Tramp prezident səlahiyyətlərinin icrasına başlayandan indiyə kimi Azərbaycan Prezidenti İlham Əliyevə iki dəfə məktub ünvanlayıb və hər iki məktubda iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. ABŞ və Azərbaycan lideri bir həftə öncə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında bir araya gəldilər. Bundan əvvəl isə Trampın Səudiyyə Ərəbistan səfəri zamanı Ər-Riyadda keçirilən “Ərəb-İslam-Amerika” konfransına Prezident İlham Əliyevin dəvət olunması da Bakı-Vaşinqton münasibətlərinin Obama dövründə düşdüyü “soyuq qış”dan “bahara” keçdiyini göstərir. İki ölkə arasında münasibətlərin ən yaxşı dövründə okeanın o tayından Azərbaycana qarşı ağır sanksiya təklifləri irəli sürülür və nə təsadüf ki, bu məsələ Prezident İlham Əliyevin ABŞ səfərindən bir neçə gün sonra – sentyabrın 26-da gündəmə gəlir. Burada təsadüflərə yer yoxdur və məqsəd açıq-aşkar ortadadır: Anti-Azərbaycan qüvvələr hücuma keçib və ortada ABŞ-Azərbaycan münasibətlərinin pozulmasından tutmuş rəsmi Bakıya qarşı təzyiq cəhdlərinə qədər müxtəlif qaranlıq ssenarilər var.

“Azərbaycanda insan haqları fəalları, jurnalistlər və dini liderlər susdurulur...”. Smit və Makqovernin bu iddiasında ilk iki nüans klassik üslubdur. İnsan haqları fəalları və jurnalistlər (söhbətin kimlərdən getdiyi məlum deyil) Azərbaycana qarşı olan qüvvələrin illərdir üz tutduğu leksikondur. Şübhəsiz ki, bu leksikon Azərbaycan daxilindəki “maşaların” ötürdüyü dezinformasiyalar əsasında hazırlanır. Lakin bu leksikona “dini liderlər”in də əlavə olunması diqqətdən yayınmır. Söhbətin hansı “dini lider”dən getdiyi açıqlanmasa da, tüstünün son dövrlər dini siyasiləşdirən və bundan divident qazanmağa cəhd edənlərin mətbəxindən buxarlandığı məlumdur. Milli Şuranın mitinqlərdə radikal dindarları öz ətrafına toplayaraq, Azərbaycan dövlətçiliyinə qarşı çıxdıqları üçün həbs olunanların tərəfdarlarından istifadə etmək cəhdi buna açıq misaldır. Məsələni daha da konkretləşdirsək, söhbətin Nardaran hadisələrini törədən Tale Bağırzadə və tərəfdarlarından getdiyini deyə bilərik. Halbuki, bu şəxslər heç də Smitin iddia etdiyi kimi təzyiqlərə məruz qalmayıb, tam əksinə, Azərbaycan dövlətçiliyinə qarşı sui-qəsd cəhdlərinə görə milli qanunvericilikdə nəzərdə tutulan maddələrlə həbs olunub. Və burada demokratiya ilə kamuflyaj edilmiş anti-Azərbaycan hücumunun təhlükəli hədəflərindən biri aydın görünür.

Təsəvvür edin: bizə deyirlər ki, Azərbaycanın dövlət quruluşunu qəbul etməyən və ilk fürsətdə bunu məhv etməyə cəhd edən “dini liderləri” azad edin, əks təqdirdə, sizə qarşı sanksiyalar tətbiq ediləcək.

Bu, Azərbaycan hakimiyyətini hədəf göstərib, əslində birbaşa Azərbaycan dövlətinə qarşı sui-qəsd planı deyilmi?!

“Siyasi manipulyasiya” – bu, anti-Azərbaycan şəbəkəsinin oyun qaydalarıdır və proseslərin analizi göstərir ki, sanksiya planı ölkədə xalqın seçdiyi iqtidara hücum edərək, dövlət quruluşunu məhv etməyə hesablanıb.


Azərbaycan dünyanın bütün ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə malikdir və heç bir ölkə ilə düşmən deyil, təkcə torpaqlarımızı işğal edən Ermənistandan savayı... Azərbaycanın dövlət quruluşunu məhv etmək istəyən yeganə ölkə də Ermənistandır. Məhz Kirtofer Smitin kimliyi və onun əlaqələri sanksiya planını ABŞ-dakı erməni lobbisinə qədər aparıb çıxarır.

“Cənab prezident sizə müraciət edərək erməni soyqırımının tanınmasını xahiş edirəm. Bu faciənin 100 illiyi ilə əlaqədar biz həqiqəti səsləndirərək Almaniya hökuməti və Papa Fransiskə qoşulmalıyıq. Mən, soyqırımı tanıması və üzr istəməsi ilə bağlı Türkiyə hökumətinə müraciət edirəm. Suriya və İraqda kütləvi zorakılıq hallarının baş verdiyi dövrdə dünyanın qonşuları ilə konstruktiv əlaqələrə malik Türkiyəyə ehtiyacı var. Türkiyə rəhbərliyi öz keçmişini dürüst şəkildə qəbul etdikdən sonra məhz buna nail ola bilər”, - deyə K.Smit “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində Vaşinqtonda keçirilən tədbirdə keçmiş prezident Barak Obamaya müraciət edirdi.

K.Smit 1992-ci ildə erməni lobbisini təşəbbüsü ilə qəbul olunan və ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımına qadağa qoyan “907-ci düzəliş”in (azadlığa dəstək aktı) əsas müəlliflərindəndir. İndiyə qədər qondarma “DQR”-in müstəqilliyinin tanınması üçün əlindən gələni edir.
Bu, konqresmen həmçinin, qondarma “erməni soyqırımı”nın tanınması üçün fəal iş aparır.


Onun siyasi həyatında qaranlıq maxinasiyaların olmasına dair iddialar da Amerika mediasında gündəmə gəlib. Nyu-Cersidən seçilən bu konqresmen 34 ildir postunu təhvil verməyib. ABŞ demokratiyasında bir şəxsin üç onillik boyunca eyni postda qalması istər-istəməz şübhələr yaradır. Amerikalı mütəxəssislərin fikrincə, Smitin arxasında böyük maliyyə qaynaqları var. Onlar həmin qaynaqları konkret göstərməsə də, Nyu-Cersi ştatında ermənilərin kompakt şəkildə yaşaması maliyyə qaynağı haqda ilkin fikir yaradır. Smitin siyasi fəaliyyəti isə onun erməni lobbisi ilə əlaqələrinə şübhə yeri qoymur.

Bir neçə il öncə Amerika erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan “Twitter” səhifəsində yayımlanan foto isə bu əlaqələri gün üzünə çıxartdı. Hamparyan “Twitter” səhifəsində konqresmen K.Smitlə birgə paylaşdığı fotonu “Kristofer Smitin işini dəstəkləmək üçün onunla görüş” deyə təqdim edirdi. Bu fotofakt fonunda K.Smitin Konqresdə rəhbərlik etdiyi Qlobal İnsan Haqları Palatasında Ermənistanla bağlı indiyə qədər bircə dəfə də olsun heç bir məsələnin gündəmə gəlməməsi də təsadüfi deyil.

Erməni lobbisi 2015-ci ildə Smitin əli ilə “Azərbaycanda Demokratiya Aktı” layihəsini gündəmə gətirdi. Həmin layihədə irəli sürülən sanksiya təklifləri belə idi: Azərbaycanda yüksək vəzifəli şəxslərə və onların ailə üzvlərinə viza verilməsi qadağan edilsin; Azərbaycan hökuməti ilə bütün iqtisadi əlaqələr, o cümlədən enerji sektorundakı əməkdaşlıq münasibətləri dayandırılsın; ABŞ-ın İnkişaf və Ticarət Agentliyinin Azərbaycandakı fəaliyyəti qadağan edilsin; Azərbaycanın beynəlxalq maliyyə-kredit institutlarındakı (BVF, Dünya Bankı və digər) bütün maliyyə layihələrinə veto qoyulsun; Azərbaycanın yüksək çinli şəxsləri ABŞ və Avropaya yalnız Qarabağ danışıqları aparmaq üçün gedə bilərlər.

Bu, Azərbaycanın iqtisadi dayaqlarının laxladılması və Qarabağ danışıqlarında “təslimçi sülhə” məcbur etmək cəhdi idi. Yəni Azərbaycan rəhbərliyinə “yalnız Qarabağ məsələsində ermənilərin xeyrinə olan şərtlərlə razılaşdığın təqdirdə viza veriləcək” mesajı idi. Həmin vaxt bu cəhdlər baş tutmadı, daha sonra Obama dönəmi başa çatdı və yeni başlanan Tramp dönəmində Azərbaycana qarşı yersiz hücumlara son qoyulacağı ümidi yarandı. Tramp Ağ Evin dəhlizlərinə qədər sızan və xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərə zərbə vuran erməni lobbisini qapının arxasında saxladı.

Bu ilin yanvar ayında “California Currier” qəzetinin redaktoru Arut Sasunyan şikayətlənirdi ki, erməni lobbisinin bu günə qədər Trampla görüşmək təşəbbüsləri nəticəsiz qalıb: “Buna görə də Trampın Ermənistanla bağlı planları müəmmalı olaraq qalır. Belə demək mümkünsə, gələn kimi qapıları bağlayıb”.

Görünür, bağlı qapılar arxasında qalan ermənilər illərdir “cibinə pul qoyduları” Kristofer Smit və “onun uşaqları”nı dövriyyəyə salıb. “Qlobal Maqnitski Qanunu”nun gündəmə gətirilməsi və Smitin “bizim ölkələrimiz arasında təhlükəsizlik və iqtisadi bağların mövcud olması məlumdur, lakin bu pozuntular diqqətdən kənarda qala bilməz” sözləri hədəfin nə olduğunu aydın göstərir.

- Hazırda isti münasibətlərə malik olan Vaşinqton-Bakı xəttində çatlar yaratmaq və erməniləri qapı arxasında saxlayan Trampın Ermənistana dəstəyinə nail olmaq.

- Azərbaycan rəsmilərinə qarşı “Maqnitski Qanunu” tətbiq etməklə, yəni ABŞ və Avropaya gedişinə qadağa qoyulmaqla, Qarabağ məsələsində “təslimçi sülh” ssenarisini həyata keçirmək. Konkret desək, erməni lobbisi Qarabağ məsələsində Azərbaycan liderini məğlub edə bilməyəcəklərini anladıqları üçün onun şəxsini və komandasını hədəf olaraq seçir.

Təbii ki, bu hücumda Azərbaycanı buxovlamaq istəyən anti-Azərbaycan şəbəkəsi ilə erməni lobbisi birgə hərəkət edir və bu müharibədə əsas silah informasiyadır. Yeganə çıxış yolu Azərbaycan liderinin ətrafında cəmiyyət olaraq daha sıx birləşmək və “demokratiya oyunlarında” oyuncaq olmamaqdır. Çünki təhlükənin miqyası kifayət qədər böyük və qorxuludur.

Asif Nərimanlı
Tarix: 29-09-2017, 22:07
Xəbəri paylaş





Xəbər lenti