2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək.Sayca 8-ci dəfə keçiriləcək prezident seçkiləri ictimaiyyət tərəfindən böyük maraqla gözlənilir.Vaxta xeyli qalmasına baxmayaraq, artıq müxalifəti təmsil edən real siyasi təşkilatlar və hakim partiya (Yeni Azərbaycan Partiyası) hazırlıqlara start verib. YAP namizədini açıqlamasa da seçkilərdə iştirak edəcəyi dəqiqdir. Ənənəvi müxlifətin isə hansı formada seçkilərə qatılacağı naməlumdur.Daxili siyasi qüvvələrlə yanaşı, kənar qüvvələrin də fəallığı hiss olunur. Yenə də seçkilərə müdaxilə edib hakimiyyətə gəlməyə şansı yüksək olan qüvvələrə təsir etmək istəyən qüvvələrin ünvanları dəyişməzdir: Rusiya və Qərb.
Rusiyanın təzyiqləriİlk təzyiqlər Şimal qonşumuzdan - Rusiyadan hiss olunmağa başladı. Federasiyada fəaliyyət göstərən və Azərbaycanın ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi ilə başlayan təzyiqlər, Kremlin ənənəvi “oyun kartı” - Dağlıq Qarabağ münaqişəsinin masaya atılması ilə davam etdirildi. Moskvadan edilən bu açıq təzyiqlər 2013-cü ilin seçkilərin Millli Şura ilə qatılmış Milyarderlər İttifaqının fəallaşması ilə müşayiət olunurdu.Lakin Qərbdən Azərbaycan hakimiyyətinə edilən gizli təzyiqlər açıq müstəviyə çıxan kimi Rusiya təzyiqləri yumşaltdı.Qərb qarşısında rəsmi Bakını müdafiə edən Moskva Azərbaycanı öz müttəfiqi adlandırdı. Üstəgəl, Dağlıq Qarabağ münaqişəsinin həllində loyal mövqe tutduğunu gizli şəkildə bəyan edən Rusiya ətraf rayonların Azərbaycana qaytarılacağı mesajını verdi. Hazırda da ikitərəfli münasibətlər yumşalan xətt üzrə inkişaf edir və bu məqamda Azərbaycan hakimiyyəti Şimaldan gələcək təhdidlərdən sığortalanmış kimi görünür.
Qərbin təzyiqləriQərbin rəsmi Bakıya təzyiqləri daha sərt idi.Rusiyadan fərqli olaraq, iqtidara təzyiqləri siyasi məhbus problemi, insan haqları və demokratiya üzərində quran Avropa İttifaqı ölkələri və ABŞ Azərbaycana qarşı sanksiyalar məsələsini gündəmə gətirdi.“Turan” İnformasiya Agentliyinin rəhbəri, jurnalist Mehman Əliyevin həbsi ilə gərginləşən münasibətlər sanksiyaları labüd edirdi.Hətta, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququndan məhrum edilməsi məsələsi gündəmə gəlmişdi.Lakin Mehman Əliyev və “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin azadlığa buraxılması və prezident İlham Əliyevin Amerikaya səfəri ilə münasibətlər öz normal məcrasına qayıtdı.Bu baxımdan rəsmi Bakı Qərbdən ediləcək təzyiqlərdən də indiki məqamda özünü yayındırmış kimi görünür.
Qərb, yoxsa, Rusiya?Amma bundan əvvəlki seçkilərdən öncə də bu kimi vəziyyətlər yaranmışdı.Seçkilərdən əvvəl Qərb və Rusiya ilə münasibətləri normal görünən rəsmi Bakı seçkilərin baş tutacağı ərəfələrdə yenidən hər iki cəbhədən edilən hücumlarla üz-üzə qalırdı. 2018-ci il seçkilərində də bu halın yenidən təkrarlanacağı labüddür. Lakin hansı kənar qüvvənin daha fəal olacağı və Azərbaycandakı mövqeyini möhkəmləndirmək üçün hansı vasitəyə əl atacağını indidən demək mümkün deyil.Sürprizlər də istisna edilmir.
“Müdaxilələrin olacağı istisna deyil”Politoloq Arzu Nağıyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan dövlətlərlə münasibətlərində öz balans siyasətinə sadiqdir. Politoloq xarici siyasətdə dost-qardaş anlayışının olmadığını düşünür:
“Burada müəyyən maraqların toqquşması məsələsi ola bilər. Düşünürəm ki, nə Qərb, nə də Rusiya ilə bölüşəcəyimiz prinsipial mövqeyimiz yoxdur.Rusiya və Qərbdən asılacağımız, həmçinin onların bizim yürütdüyümüz siyasəti dəyişəcək arqumentləri yoxdur.Bizim ən böyük problemimiz, Dağlıq Qarabağ münaqişəsidir.Əsas siyasətimiz də bu problemin həllinə yönəlib.Bunu həm cəmiyyət, həm Qərb, həm də Rusiya bilir. Bu fonda iqtisadi sektorda gedən inkişaf da hiss olunur. Amma dolayı yolla hansısa müdaxilələrin olacağı istisna deyil.Kənar qüvvələr öz istəklərini həyata keçirmək üçün müəyyən addımlar atmağa cəhd edə bilərlər.Amma hesab etmirəm ki, Rusiya və Qərb yüksək səviyyədə müdaxilələr edəcək”.
“Ciddi rəqabət var”Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ilk növbədə Azərbaycan xalqı bu seçkidə fəal iştirak etməlidir. AMİP yetkilisinin sözlərinə görə, əgər seçimi özümüz ediriksə, xalqın səsi ilə hakimiyyəti legitimləşdirirksə, bu həm dövlətçiliyimizin möhkəmlənməsinə, həm də həmin hakimiyyətin xalqın maraqlarından çıxış edəcəyinə dəlalət edir:
“Bu zaman Qərb, yaxud Rusiyadan edilən müdaxlə cəhdləri ikinci plana keçir və bunların heç bir təsirləri də olmur. Amma bu bir həqiqətdir ki, Rusiya və Qərb arasında region uğrunda ciddi rəqabət var. Amma proseslərə indiki hakimiyyətin xarakterindən baxsaq, deyə bilərik ki, Moskva seçkilərdə daha fəal “iştirak edəcək””.
Mənsur Rəğbətoğlu
Tarix: 1-10-2017, 14:18