Avropa İttifaqının Moskvadakı səfiri “The Observer” qəzetində yazır ki, Rusiya və Aİ arasındakı münasibətlər “dərin və kəskin” böhran içindədir və prezident Vladimir Putin vəzifəsindən getməyincə və nəticədə Ukraynadakı münaqişə çözülməyincə yaxşılaşmayacaq.
Bu iki hadisə, Aİ-nin Moskvada missiyasını başa çatdıran səfirinin sözləri ilə deyilsə, çox da yaxın vaxtda baş verməyə bilər.İttifaqın 2013-cü ildən bəri Moskvada səfiri olan Vygaudas Ušackas deyib ki, Aİ Kiyevi tamamilə Moskvanın nəzarətinə çəkməyə çalışan Rusiyanın bu səylərinə son qoymaq istəyirsə, Ukraynanın yolunu açaraq onun ittifaq üzvü olmasına imkan verməlidir.
“Mən öz postumu tərk edərkən bildirirəm ki, bizim Rusiya ilə yaxın gələcəkdə normal partnyorluğumuzun ola biləcyinə bədbin yanaşıram, – yazıb Ušackas oktyabrın 1-də Observer qəzetində dərc edilmiş açıq məktubunda, – Bizim aramızdakı fikir ixtilafı nəhəngdir və Avropanın təhlükəsizlik prinsipləri üçün təhlükə yaradır”.
Səfir məktubunda Rusiya tərəfindən demokratiyanın “təməl Avropa dəyərlərinə”, söz azadlığına və qanunun aliliyinə artan hücumlardan təfərrüatı ilə yazır və bildirir ki, Kremlin idarəçilik aparatının bütün diqqəti Putinin 2018-ci ildə yenidən prezident edilməsi üzərində cəmləşib. Səfir yazır ki, Kreml bunu ətraf dünyaya “rəvan və qanuni” proses kimi təqdim etmək istəyindədir.
“Bunun ardınca başlanan yeni altı illik prezidentlik dövründə, belə görünür ki, Moskva ilə Qərb arasında qarşıdurma davam edəcək” – yazır səfir. Onun fikrincə Rusiya həmin dövrdə də Avropa daxilindəki fikir ayrılıqlarından ona zərbə vurmaq üçün istifadə edəcək.
Diplomatın qənaətinə görə, Rusiya Qərbdəki seçkiləri və siyasətləri təbliğat vasitəsilə təsirləndirə bilir, lakin həm də Aİ-ni parçalamaq üçün biznes sazişlərindən faydalanmağa çalışır.
Məktubda deyilir ki, Moskva Avropada Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxan ölkələri mükafatlandırır.
“Bizim gücümüz birliyimizdədir. Rusiya Aİ modelini gözdən və hörmətdən salmaq üçün məhz bizim aramızdakı ixtilaflardan faydalanır” – yazır Ušackas.
Diplomatın firkincə, Aİ-yə üzv ölkələr özlərini qorumaq üçün kifayət qədər çalışmırlar. Bundan istifadə edən Rusiya özünün Şimal Axını 2 qaz kəmərini həyata keçirir. Halbuki bu kəmər, Rusiyanın enerji asılılığından azad olmağa çalışdığını deyən Aİ-ni Moskvanın asılılığına daha dərindən salacaq.
Ušackas yazır ki, Avropa səylərini Brexit prosesinin və qaçqın böhranının həllinə yönəltməlidir, çünki Rusiya bu iki problemdən fürsətlənməyə çalışır.
Səfir qeyd edir ki, bir də Avropa liderləri Rusiya tərəfindən hücuma məruz qalan insan hüquqlarının müdafiəsinə qalxmalıdır.
“Bir sovet dissidenti və aparıcı insan haqları müdafiəçisi kimi Lüdmila Alekseyeva mənə bu yaxınlarda demişdi: “Lütfən Brüsselə deyin ki, rus xalqını tək qoymasın”.
Ušackas bu qənaətdədir ki, Moskva bundan sonra da Ukrayna və Gürcüstan üzərində daha böyük nəzarətə malik olmaq istəyəcək.
“Rusiya öz qonşularının suverenlik və ərazi bütövlüyünə yalnız o zaman hörmət edir ki, həmin ölkələrin geosiyasi seçimi Moskvanın maraqları ilə üst-üstə düşsün” – yazır səfir.
Diplomat Avropa İttifaqını Ukraynada sülh prosesinə dair danışıqları intensivləşdirməyə və bu ölkəyə özünün xüsusi səfirini təyin etməyə çağırır. ABŞ Ukraynada artıq öz xüsusi səfirinə malikdir.
“Biz Ukraynada münaqişəyə son qoyulması üçün səylərimizi artırmalıyıq, çünki əks halda münasibətlərin normallaşdırılması çətin olaraq qalacaq” – yazır Ušackas .
Səfirin fikrincə, münaqişəyə son qoyulmasının yollarından biri də Aİ-nin qapılarını üzvlük üçün Ukraynanın qarşısında açmaqdır.
Diplomat yazır ki, məhz bu, Rusiyaya Aİ-nin Ukrayna və Gürcüstan demokratiyalarına sadiqliyini nümayiş etdirər. Belə bir mövqe Ukrayna və Gürcüstanı da islahatları daha ürəklə həyata keçirməyə ürəkləndirər.
Ušackas-ın fikrincə Aİ Rusiyaya göstərməlidir ki, “Avropaya gedən yol Kiyevdən və onun Avropa seçiminə hörmətdən keçir”
BBC Azərbaycanca
Tarix: 1-10-2017, 20:11