Rəsulzadə və Nərimanovun Aşura haqda fikirləri: “Kərbəla şəhidini rahatsız etmək…”

Rəsulzadə və Nərimanovun Aşura haqda fikirləri: “Kərbəla şəhidini rahatsız etmək…” Aşura İslam tarixinin ən böyük faciəsi hesab edilən Kərbəla müsibətinin ən pik nöqtəsidir. “Aşura” ərəbcə, “onuncu gün” deməkdir. Yezid ibn Müaviyə İslamı tamam yox etmək üçün peyğəmbər ailəsinin üzvləri ilə həddindən artıq qeyri-bərabər döyüşdə qarşılaşır. Kərbəla düzündə min bir əziyyətə düçar olan İmam Hüseyn və 72 tərəfdarı məhərrəmlik ayının onuncu günündə şəhid olurlar.
Bu gün də bəzi İslam ölkələrində məhərrəmlik matəm ayı kimi qeyd olunur, aşura xüsusi şəbihlərlə xatırlanır. Təbii ki, bəzi ölkələrdə, eləcə də Azərbaycanda uzun illər aşura günü ifrat “şəriət qaydaları” ilə müşahidə olunub. İmamların böyük xarakterinin tərənnümü, təəssüf ki, ayrı bir müstəvidə insanlara çatdırılıb. Bu barədə danışmağa, yazmağa dəyməz. Yazıldıqda yazılıb, deyildikcə də deyilib. Aşura günü ilə bağlı Azərbaycan Cümhuriyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin və Azərbaycan SSR-nin ilk dövlət və hökumət başçısı Nəriman Nərimanovun qeydlərini diqqətinizə çatdırırıq.
“İqbal” qəzetinin 1914-cü il, 14 noyabr sayında işıq üzü görən məqalədə Böyük Öndər M.Ə.Rəsulzadə yazırdı (müəllifin dəsti-xəttini saxlayırıq): “Vaqieyi-Kərbəlanı çox eşitmişik. Əhli-beytin məzlumiyyətlərini, min dürlü şəkil və növdə dinləmişik. Aşura gününün məzaliminə hər sənə göz yaşı və baş qanı tökərək gəlmişik. Gözlərimizlə bədənimizi zorlayaraq bu xüsusda əcirlər gözətləmişik. Yalnız bu, qiyamətə qədər böyük bir tufani-müsibət qoparan vaqeə haqqında ən az işlətdiyimiz bir şey vardır: əql!
Halbuki, bu kimi ictimai və siyasi vaqeələrdən istifadə edə bilmək və hikmətinə lüzumunca aşina ola bilmək üçün hissiyatı bihudə yerə sərf edən göz yaşlarından ziyadə bundan faydalı nəticələr istehsal edə biləcək əqllə göz yaşlarını siləcək və millətlərə təskinlik bəxş edəcək bu böyük qüvvətə müraciət etməli və Aşura vaqeəsi üzərində düşünülməlidir.”
“Hüseyni məzlum bilib də halına ağladığımız halda hər qism bəla və müsibətləri ancaq ağlamaq və yalnız ağlamaq təriqi ilə istiqbal etmək məzlumiyyətinə öyrənən bizlər, imamın bu böyük ruhu ilə aşina olub ona imtisal etmək xəyalında heç olmuyoruz. Bəlkə də bu hal Kərbəla şəhidini məzarında da rahatsız etməkdədir. Əqidə, amal və məsləki yolunda ölümünə razı olub da nəfsini fəda edən kim olursa olsun böyükdür!”
Nəriman Nərimanovun V.Stalinə “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı məşhur məktubundand Kərbəla olayları haqqında qeyd var. Nərimanov yazır: “Bu, Yezidə qarşı mərdanə çıxış etmiş adamın həyatından bütöv bir facisidir. Min illərdir ki, müsəlman kütləsi Məhəmmədin ən sevimli nəvəsi İmam Hüseynin işgəncəli ölümü günü matəm yürüşü keçirir və ən dəhşətli şəraitdə düşmənlərin əlinə keçən Hüseyn və onun ailəsinə məhəbbət və rəğbət əlaməti olaraq, bu və ya digər yolla bu hadisələrə öz münasibətlərini bildirirlər. Bu, öz gücsüzlüyünü bilərək, Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızıla almaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir.. İmam Hüseyn tabe olsun və vicdanını qızıla satsın deyə, Yezid bütöv bir vilayəti idarə etməyi ona təklif edirdi. O bunu etmədi, həlak oldu…” (moderator.az)
Tarix: 2-10-2017, 10:21
Xəbəri paylaş





Xəbər lenti