Elçin Mirzəbəyli: “Rusiya üçün sərhədlərinin təhlükəsizliyi daha böyük əhəmiyyət kəsb edir...”
Ötən həftəsonu Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev Bakıda oldu. Səfərin detalları barədə tam məlumat verilməsə də, Patruşevlə bərabər ölkəmizə gələn qonaqlar içərisində Rusiya XİN-in, Kommunikasiya və Rabitə Nazirliyinin, Federal Təhlükəsizlik Xidmətinin və Rusiya Prezident Administrasiyasının nümayəndələrinin olması diqqət çəkdi.
Azərbaycan prezidenti İlham Əliyev Patruşevlə görüşü zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib, iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini, idxal-ixrac əməliyyatlarının yaxşı inkişaf dinamikasına malik olduğunu vurğulayıb.
Təhlükəsizlik sahəsində Azərbaycanla Rusiya arasında ənənəvi sıx əməkdaşlığın mövcud olduğunu deyən prezident qeyd edib ki, dünyada və regionumuzda təhdidlərin artdığı bir dövrdə ölkələrimizin yaxın təmasda olmasının önəmi artır və Nikolay Patruşevin ölkəmizə səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır. N. Patruşev təhlükəsizlik sahəsində Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
N.Patruşev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə də görüşüb. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, görüşdə regional təhlükəsizlik, dini ekstremizmə və terrorizmə qarşı mübarizənin qanunvericilik bazasının təkminləşdirilməsi, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinə baxılıb.
Politoloq Elçin Mirzəbəyli səfərlə bağlı geniş məlumatın verilməməsinə təbii baxır: “Patruşevin Bakıya gəlişi və bu gəlişin Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri ilə üst-üstə düşməsi müzakirə olunan mövzular baxımından müxtəlif, həm də çoxsaylı ehtimallara yol aça bilər. Onun Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlər barədə mətbuata ətraflı məlumat verilməməsinə gəldikdə isə, bu, təbii qəbul olunmalıdır. Patruşevin daşıdığı vəzifənin adı üstündədir - Təhlükəsizlik Şurasının katibi və onun Bakıda keçirdiyi görüşlərdə də şübhəsiz ki, əsasən təhlükəsizlik məsələləri müzakirə olunub. Belə təmaslarda müzakirə olunan mövzuların əsas detalları isə mətbuat üçün açıq ola bilməz. Səfərin səbəblərinə gəldikdə isə, düşünürəm ki, Azərbaycanla Rusiya arasında təhlükəsizliklə bağlı müzakirə oluna biləcək məsələlərin sayı olduqca çoxdur. Bu məsələlər arasında hər iki dövlətin üst-üstə düşən və düşməyən maraqları da yer alır. Müzakirə olunan məsələlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu müstəvidə işğalçı ölkənin məqsədyönlü hərəkətləri, o cümlədən kənar müdaxilələr nəticəsində baş verə biləcək təxribatların, müharibənin ekskalasiyasının qarşısının alınması və problemin həlli məsələləri, Şimali Qafqaz və digər yaxın ərazilərdə sabitliyə və təhlükəsizliyə zərbə vura biləcək təhdidlərin qarşısının alınması ilə bağlı əməkdaşlıq və digər mövzuların olması mümkündür. Qeyd edim ki, hər iki ölkə mühüm siyasi hadisə ərəfəsindədir. 2018-ci ildə həm Azərbaycanda, həm də Rusiyada prezident seçkiləri keçiriləcək. Belə mühüm siyasi hadisələr zamanı sabitliyin və təhlükəsizliyin qorunması mühüm amildir. Dünyada baş verən proseslər, Orta Şərqdə baş verən məzhəb çatışmalarının öz yerini etnik qarşıdurmalara verəcəyi ehtimalının güclənməsi, müsəlman şərqində və Avropada yeni separatizm dalğasının məqsədyönlü şəkildə körüklənməsi, Rusiya-Qərb münasibətlərindəki gündən-günə dərinləşməkdə olan ziddiyyətlər, şimal qonşumuza qarşı tətbiq olunan sanksiyalar, Qərbin öz milli maraqlarından çıxış edən, geosiyasi oyunlarda yer almayan, yaxud əks qütbdə dayanan ölkələrə qarşı təhdidlərinin, iqtisadi, siyasi təhdidlərinin artması, idarə olunan terrorizm faktoru, kiberterrorizm və digər problemlər təhlükəsizlik məsələlərini təkcə bizim region üçün deyil, bütün dünya üçün ön sıraya çıxarıb. Azərbaycan olduqca mühüm bir geosiyasi mövqeyə malikdir. Ölkəmiz mühüm enerji və nəqliyyat dəhlizlərinin qovşağında yerləşir və həm ixracatçı, həm də əsas ötürücü körpü funksiyasını yerinə yetirir. Enerji və nəqliyyat dəhlizləri isə dövlətlər üçün həyat yolu deməkdir. Eksterimal şəraitlərdə bu yollar enerji təhlükəsizliyindən başlamış ərzaq təhlükəsizliyinədək bütün sahələr üzrə həyati əhəmiyyət kəsb edir. Təbii ki, bütün bu amillər və yürüdülən siyasət Azərbaycanın rolunu daha da artırır və ölkəmizin daha geniş bir coğrafiyada mühüm aktera çevrilməsinə zəmin yaradır”.
Politoloq Patruşevlə bərabər səfərdə digər qonaqlarən iştirakı məsələsinə də aydınlıq gətirdi: “Görüşdə Rusiya Federasiyası Xarici İşlər, Kommunikasiya və Rabitə nazirliklərinin, FTX-nin və Rusiya Prezidenti Administrasiyasının nümayəndələrinin nümayəndələrinin iştirakı da aparılan müzakirələrin təhlükəsizliklə bağlı olduğunu təsdiqləyir. Çünki adıçəkilən strukturlar dövlət təhlükəsizliyinin sütunları hesab olunurlar. O ki qaldı təhlükəsizlik məsələlərindən kənar müzakirələrə, qənaətimə görə bu gün dünyada təhlükəsizlikdən kənarda ola biləcək heç bir məsələ yoxdur. Dövlət idarəçiliyinin bütün sahələrində təhlükəsizlik amili ön sırada dayanır. Əgər Nikolay Patruşevin səfəri zamanı müzakirə olunan məsələlərin bütün detalları barədə KİV-ə məlumat verilərdisə, o zaman bu səfərin də heç bir anlamı qalmazdı. Belə görüşlərdə münasibətlərin və əməkdaşlığın ən müxtəlif sahələri üzrə detallı və kompleks müzakirələr aparıla bilər və bu müzakirələr ümumi təhlükəsizlik çətiri altında aparıldığı üçün detallarının mətbuata açıqlanması mümkün deyil. Mümkün olanlar isə artıq açıqlanıb. Qərbdən Rusiyaya təzyiqlər daha çoxdur. İstər Rusiyaya, istərsə də Azərbaycana olan təzyiqlər arasında hər iki dövlətin maraqlarına toxunan və toxunmayan məqamlar var. Mən Rusiyaya və Azərbaycana edilən təzyiqləri vahid bir kontekstdən dəyərləndirmək istəməzdim. Məsələn, Azərbaycana qarşı olan təzyiqlərin əhəmiyyətli hissəsi işğalçı Ermənistanın himayə edilməsi, ölkəmizin təslimçi sülhə sövq edilməsi, mövqelərimizin zəiflədilməsi ilə bağlıdır. Bildiyiniz kimi, Rusiya da işğalçını himayə edən qüvvələrin sırasında və ön cərgəsindədir. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi və münaqişədə mövcud status-kvonun qorunmasının əsas səbəbkarıdır. Təbii ki, bu müstəvidə Azərbaycanla Rusiya arasında təzyiqlərə qarşı vahid mövqenin müəyyənləşdirilməsindən söhbət gedə bilməz. Amma Rusiya postsovet məkanındakı münaqişələrin ədalətli həllinə əməli dəstək verməklə özünə ciddi və səmimi tərəfdaşlar qazana, təzyiqlərə qarşı hərəkət etmək potensialı qazana bilər. Doğrusu, indiki halda mən Rusiyanın Azərbaycana dəstəyinin nədən ibarət ola biləcəyini təsəvvür edə bilmirəm. Rusiyanın Azərbaycana dəstəyi o ola bilər ki, Ermənistanı işğala son qoymağa məcbur etsin. Bu məsələdə beynəlxalq hüquq da Rusiyanın yanında olar. Yəni heç bir bəhanəyə də ehtiyac qalmaz. Digər məsələlərdə dəstəyə gəldikdə isə, düşünürəm ki, indi Rusiya üçün sərhədlərinin, xüsusilə də etnik baxımdan həssas olan subyektlərinin təhlükəsizliyi daha böyük əhəmiyyət kəsb edir”.
Cavanşir ABBASLI
Tarix: 3-10-2017, 09:34