Sanksiya hədələrinə amerikalı tədqiqatçıdan maraqlı analiz:"Azərbaycanı Putinin ixtiyarına vermək istəyənlərin əli güclənəcək"

Sanksiya hədələrinə amerikalı tədqiqatçıdan maraqlı analiz:"Azərbaycanı Putinin ixtiyarına vermək istəyənlərin əli güclənəcək" Stefen BLANK,

Amerika Xarici Siyasət Şurasının elmi tədqiqatçısı

"The Washington Times"



Konstitusiyamıza görə, xarici siyasətin yürüdülməsi hakimiyyətin icraedici orqanına həvalə edildiyi bir halda, bu sahəyə müdaxilə etmək eşqinə düşmüş Konqresimiz Amerikanın Qafqazda olan maraqları baxımından ciddi səhvlərə yol verməyə çox yaxındır.

Bu yaxınlarda Konqres Azərbaycanda insan hüquqları sahəsində olan çatışmamazlıqlara görə bu ölkəni sanksiyaların tətbiqi ilə hədələmiş, eyni zamanda Dağlıq Qarabağda minatəmizləmə işlərinə kiçik məbləğin ayrılmasına icazə vermişdir.


Bu addım öz növbəsində bir sıra Azərbaycan rəsmilərinin sanksiyaların tətbiqi təqdirində ölkələrinin NATO ilə əlaqələri kəsəcəyinə dair xəbərdarlıq etməsi ilə nəticələnmişdir. İran və Rusiya ilə bağlı sanksiyaların ABŞ xarici siyasətinin səmərəli məqsədlərinə xidmət etdiyi bir halda, Azərbaycanın daxil siyasəti ilə bağlı sanksiyaların tətbiqi heç də çıxış yolu sayıla bilməz. Ermənistana isə sözdə və minimal vəsaitlə olsa bel, yardım göstərilməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Aydındır ki, Konqres bu sənədi tez-tələsik qəbul etmək üçün Qafqazın incəliklərini nəzərdən keçirməyib. Dağlıq Qarabağda minatəmizləmə işlərinə icazə verilməsi sənədində belə, bu bölgə "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi" adlandırılır, halbuki həmin ərazi Ermənistan tərəfindən işğal edilib. Yəni, bu qətnamə xarici siyasətdən çox, ABŞ-ın daxili siyasətinin məhsuludur – ermənilərin çoxluq təşkil etdiyi dairəni təmsil edən bir konqresmenin qarşıdan gələn seçkilərdə seçicilərinin dəstəyini əldə etməyə ehiyacı var.

Eyni zamanda, bu, Konqres səviyyəsində qeyri-adekvat reaksiyanın təzahürüdür. Çünki bu addım ABŞ maraqlarının təmin edilməsi və ya strateji qazancın əldə olunması məqsədinə xidmət etmədiyindən, burada Azərbaycanla yalnız düşmənçilik yaranır. Bu, həm də Konqresin real vəziyyətdən xəbərsiz olması faktına xəyanətdir.

Məlumat qıtlığı və ya qeyri-adekvat məlumatlanma şəraitində belə sərt siyasətin yürüdülməsi istər insan haqları, istərsə də Qafqazda sülhün möhkəmləndirilməsi baxımından ABŞ-ın maraqlarını təmin etmir. Dağlıq Qarabağın işğalına laqeyd qalaraq, insan hüquqları mövzusunda Bakını kəskin tənqid edən Konqres, bəlkə də bilməyərəkdən Azərbaycanın gündəliyində olan məsələ və problemlərin ABŞ-ı maraqlandırmadığı mesajını göndərir.

Həmin mesaj Azərbaycanın daxilində olan və Moskvaya meyl etməyə hazır olan mühafizəkarları yalnız ruhlandırır. Onların Azərbaycanın Rusiyanın tabeçiliyində olması ilə nəticələnəcək belə bir vəziyyətin əsaslandırılması üçün istifadə etdikləri arqument isə belədir: Vaşinqtondan əldə edəcəyimiz heç nə yoxdur, nə də ki ondan qorxmağa ehtiyac var, çünki o, açıq-aydın Azərbaycanın əleyhinədir.

Bu arqumentin Azərbaycanın Rusiyadan müstəqil qalmaqla bağlı həqiqi maraqlarını təhlükəli şəkildə təhrif etdiyi halda, Konqres tərəfindən belə yanlış addımların atılması, Azərbaycanın Vladimir Putinin ixtiyarına vermək istəyini gizlətmək və buna bəraət qazandırmaq arzusunda olan insanlara fürsət yaradır.

Yəni, belə sanksiyalar ABŞ-ın maraqlarına ziddir, çünki bu, Rusiyayönümlü olacaq Azərbaycanı insan hüquqları ilə bağlı ABŞ-ın tənqidindən daha da qoruyacaq, habelə Qafqazda sülhün bərqərar olunması məsələsini Moskvanın öhdəsinə buraxacaq. Bu isə orada sülhün olmayacağına bir zəmanətdir. Edvard Lutvak kimi politoloqla razılaşmalı və anlamalıyıq ki, ABŞ-ın maraq və dəyərlərinin təmin olunması baxımından insan hüquqları məsələsi güclü və həssas bir alətdir.

Bu səbəbdən istədiyimiz nəticələri əldə etmək üçün biz həmin alətdən ağılla istifadə etməliyik. Məlumatsız moralizm və düşmənçilik xarici siyasətin formalalaşdırılması üçün möhkəm zəmin ola bilməz. İnsan hüquqları sahəsində Azərbaycanın daha yaxşı siyasət yürütməsini istəyiriksə, biz Bakının siyasətinə rəğmən onu təcrid etməməməli, ona nümayiş etdirməliyik ki, çatışmamazlıqlar aradan qalxdıqda o, bundan nəsə qazanacaqdır. Çünki əks təqdirdə, biz heç nə əldə etmir və Bakının Rusiya alternativindən istifadə etməli olduğu fikirini müdafiə edənlərin mövqeyini daha da gücləndirmiş oluruq. Bununla yanaşı, düşünülmüş siyasət özündə Dağlıq Qarabağ münaqişəsinin həlli və ümumilikdə Qafqazın təhlükəsizliyi məsələsinə ABŞ-ın daha ciddi marağını ehtiva etməlidir.

Eyni zamanda, burada Vaşinqton üçün faydanın daha da aydın ifadə olunmasına ehtiyac var, çünki Prezident Trampın Əfqanıstanla bağlı yeni siyasəti orada bizim fəaliyyətimizin əsas loqistik qovşağı olan Pakistan rolunu açıqcasına şübhə altına alır. Buna cavab olaraq, Pakistan həmin loqistik kanalı bağlamaq qərarına gələrsə, bir sıra ölkələrlə yanaşı, bilavasitə Azərbaycan üzərindən keçən hava dəhlizi istifadə oluna bilinəcək yeganə kanal olacaqdır.

Bakının təhlükəsizlik mövzusunda real gündəliyinin nəzərə alınmaması və insan hüquqları sahəsindəki səhvlərə görə cəzalandırılması heç də İslam terrorizmi ilə mübarizədə insan hüquqlarının və beynəlxalq maraqların müdafiəsi üçün ölkənin hava məkanından istifadə imkanının əldə olunması üçün münasib üsul deyil. Yəni, ABŞ-ın siyasətinin məqsədi insan haqları məsələsinə xidmət etməkdirsə, bu, daha ağıllı şəkildə olmalı, strateji əhəmiyyət və problemlərimiz olduğu ölkələrin regional dinamikası daha dolğun dərk edilməlidir.

Nəticədə, bu, təkcə maraqlarımızın təmininin deyil, hər zaman bəyan etdiyimiz, hər bir insanın sahib olmalı dəyərlərin yayılması istiqamətində irəliləyişin əldə olunmasının da daha səmərəli yolu olacaqdır. Biz sadəcə qəzəbimizi ifadə etməklə və bunu edərkən regional təhlükəsizlik məsələlərindən bixəbər olmağımızı nümayiş etdirməklə, nə insan hüquqlarını təmin edəcək, nə də Amerika yönümlü hökumətlərin və ya sülhün mövcudluğuna nail olacağıq. Biz həqiqətən də yaşamaq hüququna hörmətlə yanaşırıqsa, uzunsürən regional münaqişələrdən əziyyət çəkən bölgələrdə sülhün bərqərar olunması ABŞ-ın mühüm maraqlarına xidmət edir. Bu isə öz növbəsində, sülh və yaşamaq hüququndan irəli gələn bütün digər insan hüquqlarının təmin edilməsi deməkdir.

Mənbə: Newtimes.az
Tarix: 3-10-2017, 21:23
Xəbəri paylaş





Xəbər lenti