İlqar Məmmədovu həbsdə saxlamaq israrı: səbəb nədir?

İlqar Məmmədovu həbsdə saxlamaq israrı: səbəb nədir? Zahid Oruc: “İlqar Məmmədov olmasa da, başqa bir adamı tapıb, ölkəmiz əleyhinə sanksiyalar düşünəcəkdilər”

Həbsdə olan REAL sədri İlqar Məmmədov vəkillərindən imtina edib. Bu barədə vəkil Fuad Ağayev “Amerikanın səsi”nə bildirib. Vəkil söyləyib ki, İ. Məmmədov onların fəaliyyətini yüksək qiymətləndirir, onların fədakarlığını, əziyyətlərini vurğulayır: “Hesab edir ki, hazırda işin Avropa Məhkəməsi, Avropa Şurası Nazirlər Komitəsi ilə bağlı olduğu mərhələdə başqa vəkillərin xidmətlərinə ehtiyac yoxdur”.

İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı rayonunda kütləvi etiraz aksiyası ilə bağlı hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, xuliqanlıq ittihamları ilə həbs edilib. 2014-cü il martın 17-də 7 il müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Haqları Məhkəməsinin onun azadlığa buraxılması barədə bir neçə qərarı var. İş o yerə çatıb ki, artıq Azərbaycanı Avropa Şurasından çıxarmaq belə istəyirlər. Lakin buna baxmayaraq, hökumət İlqar Məmmədovu həbsdə saxlamaqda israrlı görünür.

Azərbaycanın Avropa Şurası ilə münasibətlərinin gərgin olduğu bir ərəfədə İlqar Məmmədovun həbsdə saxlanma səbəbi nədir? O, ölkə üçün hansı təhlükələr törətməyə qadirdir?


“Yeni Müsavat”a danışan deputat Zahid Oruc bildirib ki, doğrudan da indiki halda Avropa Şurası ilə Azərbaycan arasında yaranmış vəziyyət o qədər də təqdir oluna bilməz: “Çünki biz yeni müstəqillik qazandıqdan sonra beynəlxalq təşkilatlar vasitəsilə müstəqilliyimizi daha geridönməz xarakterdə saxlamaqda maraqlı idik. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev həmin qurumun tribunasından bu halı Azərbaycan xalqının 100 illərlə gözlədiyini bəyan etdi. Avropa ailəsində olmaq heç şübhəsiz ki, mühüm dəyərlərə, texnologiyaya, iqtisadi, siyasi üstünlüklərə qovuşmaq imkanı deməkdir. Reallıq bundan ibarətdir ki, hazırda ən inkişaf edən qitə məhz Avropa arealıdır. Məsələnin önəmli tərəfi budur ki, həmin qitədə mövcud olan dövlətlər beynəlxalq siyasətlərində möhtəkir olsalar da, gerçəklik budur ki, nə Asiya ittifaqı, nə də Afrika cameəsi beynəlxalq münasibətlərə Qərb qədər təsirini göstərə bilmir. Ona görə də bizim ölkəmiz hər hansı bir şəkildə beynəlxalq qurumlardan izolyasiya olunmaq xəttini yürütmür. SSRİ-nin çöküşündən sonra hələ də geri dönüşün olacağı, hər hansı bir şəkildə bölgədə rus ittifaqında yer alınması üçün cəhdlərin də inkar olunmadığının şahidiyik. Hazırkı dövrdə məsələ Avropa Şurasının baş katibi ilə bizim dövlətimiz arasında deyil, bir qədər ölkəmiz əleyhinə bu müddət ərzində çevrilən total hücumları dəyərləndirmək lazımdır. Qurumun rəhbəri deyir ki, ölkəmizdə onların əleyhinə hansısa təbliğat var və buna da dözmək fikrində deyillər. Halbuki onlar özləri bir neçə media yazısına səbir nümayiş etdirə bilmirlər. Belə olan təqdirdə məsələnin mahiyyəti şəxsi kontekstdən, yəni İlqar Məmmədov hadisəsindən qat-qat yuxarıya çıxır. İlqar Məmmədov olmasa da, başqa bir adamı tapıb, ölkəmiz əleyhinə sanksiyalar düşünəcəkdilər. Hadisələr sanki sinxron gedir. Öncə Azərbaycan dövlət rəhbərinə heç bir aidiyyəti olmayan kompromatlar yayılır. Sonra Avropada ixtisaslaşmış jurnalistlər birliyi bunu özünün materialına çevirir və informasiya nəhəngləri işə qoşularaq, ölkəmiz əleyhinə təbliğata başlayırlar. Davamında da Avropa Şurasından çıxarılması ilə bağlı hüquqi prosedurları işə salırlar. Şübhəsiz ki, onlar bu sanksiyaları ayrı-ayrı hökumət təmsilçilərinə yönəldəcəklər. Ardınca isə Qarabağla bağlı hansısa müstəqillik hərəkatı baş qaldıracaq və sairə”.

İlqar Məmmədovu həbsdə saxlamaq israrı: səbəb nədir?

Deputat bildirib ki, məsələ İlqar Məməmmədovun personasında deyil: “Hazırda İlqar Məmmədovla qeyri-bərabər şəraitdəyik. Ona görə də sözügedən şəxsin siyasi portretini canlandırmaq fikrində deyilik. Çünki onun cavab vermək durumu yoxdur. Ancaq bununla bərabər, qeyd edim ki, onun təhtəlşüurunda qəribə bir transformasiya getdi və o, kəskin şəkildə təhqiri, çirkli bir dili özünə leksikon seçdi. Məlum hadisələrdə iştirakından sonra da bəlli məhkəmə hökmü verildi. Söhbət İlqar Məmmədovun şəxsindən gedirsə, onun buraxılması hər bir halda Azərbaycan dövləti və cəmiyyəti üçün xüsusi bir təhlükə törətmir. Bunu açıq söyləmək lazımdır ki, bu dövlət 1990-cı illərin durumunda deyil. Rəhim Qazıyevin, Ələkrəm Hümmətovun, Surət Hüseynovun o dövrdə mühüm siyasi qüvvələrlə hakimiyyət əleyhinə həyata keçirdikləri proseslərin fonunda, bu ölkənin hətta 0.1 faiz seçicisinin tanımadığı bir persona qeyri-adi dərəcədə ictimai-siyasi prosesi idarə edə bilməz ki, iqtidar cinahından guya bu təhlükə nəzərə alınsın. Ancaq bununla bərabər, problem həmin məsələdən çıxıb və Avropa qurumu ilə ölkəmiz arasındakı məsələni çözməkdir. Hesab edirəm ki, bu dönəmdə Avropa Şurasını və digər beynəlxalq təşkilatları sərt şəkildə tənqid etsək də, digər tərəfdən də hər zaman məramımızı ortaya qoyuruq. Prezident İlham Əliyev NATO-nun tədbirlərində iştirak etməklə, Avropa Şurasında 5 il nümayəndə heyətinə rəhbərliyi və ən son da iki il öncə elə o tribunadan ölkəmizin mövqeyinin təqdimi ilə bizim hansı strateji kursda maraqlı olduğumuzu ortaya qoydu. Bununla yanaşı, Qərb də eyni əməkdaşlıq istəyini ifadə etməlidir. Təhlükəsizliyimizin qorunmasında, digər mühüm proseslərdə özünü göstərməlidir. Yoxsa insan haqları məsələsi bütün proseslərdən üst nöqtəyə qoyulursa, bu, artıq münasibətlərin digər təməllərini zədələyir. Kənardan baxan adamlara elə gəlir ki, ayrı-ayrı şəxslərin, məsələn, Xədicə İsmayıl, Leyla Yunusun azadlığına görə Avropa strukturlarının ortaya qoyduqları iradə bir faiz Qarabağ üçün yönəldilsəydi, ərazilərimiz işğaldan azad olunardı. Məsələ budur. Bir daha söyləyirəm ki, ulu öndərin imzasını qoyduğu mühüm beynəlxalq strukturdan Azərbaycanın kənar durması və yalnız təcrid olunmuş vəziyyətdə xarici siyasəti kəskin şəkildə dəyişmək niyyəti anladığım qədərilə bu dövlətdə yoxdur. Əksinə, biz çox çətinliklər hesabına bu dövlətdə regional konfiqurasiyanı dəyişəcək addımlar atmışıq. Düşünmürəm ki, iqtisadi siyasətimizdə partnyor kimi Qərbi seçək, ancaq siyasi kursumuzu Asiyaya və ya başqa qitələrə döndərmiş olaq. Yəni bu niyyəti bizim üstümüzə qoymasınlar. Azərbaycan dövləti bu dövr ərazində balanslı siyasətdə ağırlıq mərkəzini Avroatlantik məkanla münasibətlərə yönəldib. Ən sonda Ukraynanı da böyük hərbi-siyasi xaosun içərisinə atıb, indi özlərinin problemlərini həll etməklə məşğuldurlarsa, o zaman bizim ölkəmiz Rusiya və İranla Qərbin hansısa strateji maraqları kontekstində nə üçün toqquşmalıdır? Ona görə də hesab edirəm ki, məsələ İlqar Məmmədovun adı ilə sayılmamalıdır”.

Əli RAİS
Tarix: 4-10-2017, 08:26
Xəbəri paylaş





Xəbər lenti