Çətin günlər başladı - Millət vəkili
Yaxın Şərqdə məzhəb qarşıdurmasından sonra ikinci - söndürülməsi daha çətin olan bir atəş yandırıldı.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə münasibətində qeyd edib. O bildirib ki, bu qərarından sonra Trampın necə biri olduğunu bütün müsəlman dünyası gördü:"Donald Trampın son açıqlamaları bölgəni daha da qarışdıracaq, gərginlikləri artıracaq. Çox çətin günlərin qarşıda olduğundan müsəlman dünyası hələ xəbərsizdir. Çünki onlar arasında birlik, bərabərlik yoxdur".
Millət vəkili vurğulayıb ki, biz bu mənzərəni Qarabağda - Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunanda görmüşdük:
"Həmin vaxt da müsəlman qardaşlarımız bizə köməyə gəlməmişdi, əksinə, onların bəziləri hələ də Ermənistanla yaxın əlaqələrini davam etdirir. Bu atəş nə qədər yanacaq, sonu nə olacaq, heç kim bilmir, amma üzülənlərin sayı çox olacaq".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün Qüdsü İsrailin paytaxtı elan edib və ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat verib.
Siam.az
Tarix: 7-12-2017, 09:49