Bakı klanı üçün “fövqəldaş” - Kamaləddin Heydərovun qum saatı başlayır...

Bakı klanı üçün “fövqəldaş” - Kamaləddin Heydərovun qum saatı başlayır... 2017 iki nazir - büdcə talanı ilə məşğul olan Ziya Məmmədov və sahibkarların dərisini soyan Fazil Məmmədov üçün sonuncu vəzifə ili oldu.

AnaXeber.az yazır ki, onların yenidən hakimiyyətə qayıdışı mifologiya olar. Axı “yorulmuş atları” qamçılamırlar?!
Və hər iki nazir sistemə xəyanət etmədilər. O baxımdan siyasi rəhbərliyin Məmmədovlara kin-küdurəti, hiddəti yoxdur. Sadəcə, getməyin vaxtıydı...
Hökumət daxilində gedən proseslər 26 sentyabr referendumunun nəticələridir. İqtidar adamları bəyan eləmişdilər ki, mərhələli dəyişikliklər gözlənilir.
Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva mövcud komanda ilə işləmək istəmirlər. Xalqın da onları görməkdən gözü yorulub.
Hakim elita onu da yaxşı təhlil edir ki, belə idarəçiliklə və hazırkı komanda ilə hər nə qədər kəmərləri bərkitmək olsa da, artan narazılığı, çürüməkdə olan sistemi saxlamaq nonsensdir.


Nə etməli sualının cavabları isə tək-tək verilir: Naxçıvan və Qərbi azərbaycanlılardan ibarət köhnə qvardiya üzvləri hakimiyyətdən uzaqlaşdırılırlar.
2018-ci ildə azı 2-3 nazirin də yola salınacağı şək-şübhə doğurmur. Özəlliklə də fövqəladə hallar naziri Kamaləddin Heydərovla bağlı həssas və çox incə proses başlanıb.
Əslində, nəzərlər FHN rəhbərinə yönəlmişdi ki, onun yeznəsini işdən azad edən vergi nazirinin özünü işdən çıxardılar. Yəni, hökumət sağı göstərib, solu vurmaqla qəribə gediş elədi.

F.Məmmədovun istefaya göndərilməsi K.Heydərov üçün bir tramplin oldu söyləmək mümkündür. Ən azı “fövqəlnazir”in vəzifədən getməsi üçün nəzərdə tutulan zaman uzadılacaq.
Təbii ki, bu möhlət hüququ K.Heydərovun özünü toparlaması və komandada qalmasını təmin etməsi üçün əlverişli imkandır.
Bundan sonra nazir siyasi rəhbərlik və hakim ailə qarşısında etimadını birə beş, birə on yaxşılaşdırmalıdır. Və aralıq dövründə daha bir nazirin başını “yemək” olar ki, öz gedişi yenə də ertələnsin.
Lakin bu ehtimal və versiyalar analitiklərin, siyasi şərhçilərin mülahizələridir. Hər halda son məlumatlar FHN rəhbərinin vəziyyətinin ürəkaçan olmadığını deməyə əsas verir.

Elə F.Məmmədovun gedişinə qədər “Gilan holdinq”in obyektlərində audit yoxlamaları aparılması, “Neftchala fish factory” MMC-nin nazirlikdən qeydiyyata alınması və Heydərovun “Caspian fish” şirkətinə alternativin rəsmiləşdirilməsi, yeznəsinin işdən qovulması və s. Bakı qruplaşmasının “fövqəlnazir”i bir küncə sıxışdırmasının detallarıydı.
Hətta iddialar var ki, Bakı klanı K.Heydərovdan biznesini təhvil-təslim etməsini və audit yolu ilə “Paşa holdinq”in nəzarətinə keçməsinə şərait yaratmasını tələb edir.

AnaXeber.az yazır ki, Azərbaycan hakimiyyəti uzunömürlüyünə görə tayfa-klan, quda-qohum ideologiyası əsasında kök atıb.
Ona görə də bir nazirin vəzifədən getməsi təkcə onun işini itirməsi deyil, ətrafında böyük bir qüvvənin yox olması ilə nəticələnir.
Necə ki, Ziya Məmmədovun bütün ətrafı və yaxınları vəzifələrdən alınırlar, analoji tale F.Məmmədovu da, K.Heydərovu da gözləyir.
Lakin sabiq nazirlər və “vurulmuş” komandaları təşkilatlanıb hakimiyyət əleyhinə iş apara bilmirlər. Bunun gerçək səbəbləri var.
Əvvəla, onların hər biri haqda kompromat materiallar, cinayət işləri, dəhşətli dosyelər siyasi rəhbərliyin masasındadır.

Hansısa sabiqlərdən biri müxalifətə dəstək, qadağan olunmuş KİV-ə maliyyə yardımı, partiyalara, beynəlxalq fondlara yardım edərsə, onun özünü həbsə göndərirlər, ifşa edirlər, yaxınlarını ortalıqdan təmizləyirlər.
Buna misal olaraq, sabiq nazir Nicat Quliyevin həbsini göstərmək olar. Həmçinin, Əli İnsanov, Fərhad Əliyev nümunələri göz qabağındadır.
Belədə, K.Heydərovun əlindəki resurslardan vəzifədən gedəcəyi halda müəyyən qədər qalsa belə, hakimiyyət əleyhinə istifadə etmək üçün tükünü də tərpədə bilməz.
Məsələn, ADP sədri Sərdar Cəlaloğlu bir müddət əvvəl demişdi ki, Ziya Məmmədov heç vaxt Azərbaycandan kənara çıxa bilməz və ölkədən çıxışı qadağan olunub.
Partiya sədri yetərincə informasiyaya malik adamdır və bu açıqlaması ilə keçmiş nazirin Rusiya və ABŞ-la əlaqələrinin olduğuna işarə vermişdi.
Təbii ki, Abbas Abbasov və AST Telmanla Moskvaya çıxışı, oğlu Anar Məmmədovun vasitəçiliyi ilə Trampa mesajlar verməsi imkanları olduğunu nəzərə alan Azərbaycanın hakim elitası onun ölkə hüdudlarından kənara çıxmasını yasaqlayıb.
Eynilə, K.Heydərov da yüksək beynəlxalq əlaqələrə malikdir. Onun Rusiya və Türkiyə prezidentlərinin barışmasında vasitəçilik etdiyini türk baş naziri Binəli Yıldırmını söyləməsi kifayət qədər incə nüansdır.

Məhz iki nəhəng dövlətin rəhbərinin barışmasında Azərbaycanın fövqəladə hallarla bağlı sahəyə rəhbərlik edən naziri vasitəçilik edir.
Ona görə də K.Heydərov 2018-ci ildə istefaya göndəriləcəyi təqdirdə, heç bir siyasi kampaniya başlatmaq iqtidarında olmayacaq. Yoxsa onu da “sürgün”ə göndərərlər.
“Fövqəlnazir” bu saatdan etibarən yığdığı sərvətləri, maliyyə resurslarını “Paşa holdinq”ə təslim etməklə özünə bəs edəcək qədərini saxlayıb öz hücrəsinə çəkilməsi daha məntiqli seçim olardı.
Gedişat belə göstərir ki, K.Heydərov da F.Məmmədov və Z.Məmmədov kimi komanda ilə vidalaşmalı olacaq.
Bununla Bakı qruplaşması daha bir iri fiquru, tərpədilməsi çətin olan ağır daşı qaldıraraq böyük yükdən azad olacaq.
Eyni zamanda büdcə talançılığı və vergi soyğunçuluğu kimi gömrük monopoliyası da arxivə gedə bilər...
AnaXeber.az
Turan
Tarix: 7-12-2017, 10:15
Xəbəri paylaş





Xəbər lenti