Kreml Yaxın Şərqdə yeni savaşa hazırlaşır- Putin ABŞ-ın köhnə dostu olan general Xaftara niyə dəstək verir? - TƏHLİL

Kreml Yaxın Şərqdə yeni savaşa hazırlaşır- Putin ABŞ-ın köhnə dostu olan general Xaftara niyə dəstək verir? - TƏHLİL K.Eggert, "Deutsche Welle" (Almaniya)



Görünən odur ki, Yaxın Şərqdə qələbə qazanmaq Vladimir Putini məmnun edib və Kreml rəhbəri yeni zəfərə hazırlaşır. Bütün dünyanın diqqəti Donald Trampın Qüdslə bağlı açıqlamasında olduğu vaxtda Rusiya baş naziri Dmitri Medvedev Yaxın Şərqdə vəziyyəti dəyişməklə bağlı sərəncam verdi. Söhbət, Misirdəki hərbi-hava bazalarının istifadəsi ilə bağlı hökumətlərarası razılaşmadan gedir. İlkin razılaşma hər iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanıb. Yekun saziş isə yaxın aylara planlaşdırılır.



Putinin liviyalı müttəfiqi


Kreml Yaxın Şərqdə yeni savaşa hazırlaşır- Putin ABŞ-ın köhnə dostu olan general Xaftara niyə dəstək verir? - TƏHLİL



Xəlifə Xaftar

Misirdə bazalar Moskvanın nəyinə lazımdır? Bu suala ən real cavab Rusiyanın Liviyada hərbi əməliyyatlara hazırlaşmasıdır. Məqsəd də liviyalı general, Milli Ordunun komandanı Xəlifə Xaftara dəstək verməkdir.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faiz Al-Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır. Bu ilin iyulunda tərəflər 2018-ci ildə Liviyada seçkilərin keçiriləcəyinə dair razılığa gəliblər.

Tobrukdakı hökumət tərəfindən "feldmarşal" adını alan Xaftar bir vaxtlar Qəddafinin yaxın silahdaşı olub. Lakin 80-ci illərdə liviyalı diktatorla münasibətlərinə son qoyaraq müxalifətə keçib.

Hazırda Xaftar bir neçə yerə parçalanmış Liviyada ən nüfuzlu səhra komandiridir.

ABŞ-da qaldığı illərdə vətəndaşlıq alan, Mərkəzi Kəşfiyyat İdarəsi ilə köhnə əlaqələrinin olduğu deyilən Xaftar bütün bunlara baxmayaraq, son bir neçə ildə Kremllə aktiv şəkildə münasibətləri yaxınlaşdırmağa çalışır.

Bir müddət əvvəl Moskvaya səfəri zamanı liviyalı generalı Rusiya müdafiə naziri Sergey Şoyqu, eləcə də XİN rəhbəri Sergey Lavrov qəbul etmişdi.

Xaftar Qəddafi dövrünün bir çox zabitləri kimi SSRİ-də təhsil alıb və rus dilində danışır.

Moskvanın generala olan marağı onun Liviyanı öz rəhbərliyi altında birləşdirmək istəyidir. Bundan başqa, Xaftarın Qərbin dəstəklədiyi Milli Barışıq Hökuməti (Tripolidəki) ilə münasibətləri pisdir.

"Reuters"in yazdığına görə, Rusiya xüsusi təyinatlıları Xaftara Qərbi Misir istiqamətindən dəstək veriblər və ehtimal ki, bunu indi də davam etdirirlər. Xaftarın nəzarətindəki ordu məhz orada yerləşir.

Hərbi bazalardan istifadəyə dair razılaşma həm Misir, həm Rusiya rəhbərliyi üçün məntiqli addımdır.



Obamanın izi ilə…


Kreml Yaxın Şərqdə yeni savaşa hazırlaşır- Putin ABŞ-ın köhnə dostu olan general Xaftara niyə dəstək verir? - TƏHLİL


ABŞ Misirlə arasına hələ Barak Obamanın prezidentliyi dövründə məsafə qoyub. 2011-ci ildə Hüsnü Mübarəkin devrilməsindən sonra hakimiyyətə islamçı Məhəmməd Mursi gəldi. İki il sonra Mursi hazırkı prezident Əbdül Fəttah Sisi tərəfindən devrildi.

Vaşinqton Sisi hökuməti ilə münasibətləri soyuq saxlamağa üstünlük verdi. Misir rəhbərliyi insan haqlarını pozmaqda ittiham olunurdu. Prezident Sisi isə ittihamları qəbul etməyərək radikal islamçılarla mübarizə apardığını iddia edirdi.

Yeni müttəfiq axtarışına çıxan Sisi istədiyini Moskvada tapdı. Kreml də 70-ci illərdən bu yana ilk dəfə Misirə qayıtmaq şansının yarandığını görüb fürsəti əldən vermədi.

Putin misirli həmkarına maliyyə yardımı və silah sözü verdi. Xaftarın verdiyi vəd – Liviyada stabilliyin olması və ölkənin radikal islamçılardan təmizlənməsi Qahirənin maraqlarına tamamən cavab verir.

Bu arada, Obamanın gedişindən və Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqtonun Yaxın Şərq siyasəti qeyri-müəyyən qalır. Bəlli olan yalnız ABŞ-ın İsrailə olan şəksiz dəstəyidir. Bu da bir çoxlarını Rusiyaya amerikalıların alternativi kimi baxmağa vadar edir. ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra rəsmi Moskva "ərəblərin gerçək dostu" imici üçün "alver" edəcək və şübhəsiz ki, rəğbət də görəcək.


Putin Qəddafinin qisasını ala bilər


Kreml Yaxın Şərqdə yeni savaşa hazırlaşır- Putin ABŞ-ın köhnə dostu olan general Xaftara niyə dəstək verir? - TƏHLİL


Suriyanın İŞİD-dən tam azad olduğunu bəyan edən Putin Yaxın Şərqdə daha bir qələbəyə imza atmaq istəyir. Sünni Liviyada nəzarəti ələ keçirmək onun üçün növbəti hədiyyə olar. Bu həm də sünni ölkələrdə Rusiyanın imicinin düzəlməsini təmin edər.

Moskva və Qahirə inanır ki, Rusiyanın Misirdə yerləşən hərbi-kosmik qüvvələrinin stabil dəstəyi ilə general Xaftar islamçılarla qısa zamanda baş edib Liviyanı birləşdirə biləcək. Qərbin isə bu nəticəni qəbul etməkdən savayı yolu qalmayacaq.

Əgər Rusiya və Misir hökumətlərarası məlum razılaşmanı tezliklə imzalasa, bu, Putinə prezident seçkiləri ərəfəsində daha bir savaşda qalib gəlmək imkanı yaradacaq. Bu da şübhəsiz ki, Putinin seçkiöncəsi populyarlığını artıracaq.

Birləşmiş Ştatlar isə istəsə belə, çətin ki Rusiyaya mane olacaq. Üstəlik Rusiya ehtimal edir ki, bu halda Vaşinqton üçün Yaxın Şərqin vacib oyunçularından olan Moskvaya sanksiya tətbiq etmək də çətinləşəcək. Eyni zamanda, Liviyanın fonunda Ukrayna və Krım bir qədər də unudulacaq.

Putinin Liviyadakı münaqişəyə müdaxilə üçün bir səbəbi də var. Deyəsən, o hələ də özünü günahlandırır ki, o vaxtkı prezident Dmitri Medvedevə Qərb ölkələrinin Liviyada hərbi əməliyyatlar keçirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədən kənarda qalmasına niyə imkan verib.

Putin hesab edir ki, məhz Moskvanın müdaxilə etməməyi Liviyanın dağılmasına və Qərbin Qəddafi ilə qəddarcasına hesablaşmasına şərait yaratdı.

Rusiya prezidenti düşünür ki, devrilmədən 3 il öncə Qəddafi dövlət başçısı kimi qəbul olunur, onunla neft-qaz sazişləri imzalanırdı. Lakin nüvə çalışmalarını dayandırmaq tələbinə "yox" deyəndən sonra Qərb Qəddafinin devrilməsinə yardım etdi. Putin bunu ikiüzlülük və xəyanət kimi qiymətləndirir. İndi isə o, Qəddafinin "qisasını" ala, üstəlik Liviya müxalifətinin bir hissəsi və Qərblə hesablaşa bilər. Hələ ki bütün kartlar Putinin əlindədir. Və o, yeni ildə ABŞ-ı növbəti dəfə udmağa hazırlaşır…

Tərcümə Strateq.az-ındır
Tarix: 8-12-2017, 21:34
Xəbəri paylaş





Xəbər lenti