Gələn il ölkənin həyatında mühüm siyasi kampaniya- prezident seçkiləri keçiriləcək.
Müxalifət partiyalarının bəziləri artıq bu istiqamətdə hazırlığa başlayıb. Bir sıra partiyalar seçkiyə qatılacağını rəsmən bəyan edib. Ancaq müxalifətin seçkiyə hansı formada qatılacağı həllə müəyyən deyil. Bir çox partiyalar seçkidə birgə iştirak tərəfdarı olsalar da, bu istiqamətdə real heç bir addım atılmayıb. Xüsusilə, ənənəvi müxalifətin cığallığı yarana biləcək mümkün birliklərə maneə kimi görünür. Bu günə qədər ənənəvi müxalifətin yaratdığı heç bir birlik ciddi uğur qazanmayıb.
Maraqlıdır, bu dəfə necə olacaq? Müxalifət birləşə biləcəkmi? Müxalifətdə birlik üçün yetərincə iradə varmı?
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri
Əli Əliyev “Cümhuriyət” qəzetinə şərhində müxalifətin birləşəcəyini gözləmədiyini deyib: “Hesab edirəm ki, müxalifətin real seçicisi narazı elektoratdır. Bu narazı elektoral bazanı təşkil etmək üçün müxalifətin birləşməsi son dərəcə vacibdir. Prinsipləri, mübarizə vasitələri, hakimiyyətlə məsafəsi və asılılıq dərəcəsi uyğun olan partiyaların təmərküzləşməsi günün tələbidir. Ancaq təəssüf olsun ki, müxalifətin bu yaxınlaşması istiqamətində bu gün heç bir təşəbbüs, fəaliyyət yoxdur. Müxalifət nəzəri baxımdan birləşə bilər, amma ehtimalı çox aşağıdır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə müxalifətin birləşməsini mümkün hesab edir: “Müxalifətin birləşməsi üçün təşəbbüs, hərəkətlilik lazımdır və mən bunu təqdir edirəm. Niyə də birləşməsin ki? Nə var ki, burda?”
Ağ Partiyanın sədri
Tural Abbaslı isə müxalifətin birləşməsinə ehtimal vermədi. T.Abbaslı hesab edir ki, bunun üçün sosial sifariş yoxdur: “Birləşmə adətən cəmiyyətin partiyalara təzyiqi və sosial sifariş əsasında baş verir. Tarixə nəzər salsaq Azərbaycanda partiya sədrləri könüllü şəkildə heç vaxt bir araya gəlməyib, birləşməyib və buna heç maraqları olmayıb. Hazırkı vəziyyəti analiz edəndə isə görürük ki, müxalifətin bu günə qədərki fəaliyyəti və inamsızlığı cəmiyyəti siyasətdən ümumiyyətlə, uzaqlaşdırıb. Cəmiyyət artıq müxalifətin atdığı addımlarla maraqlanmır.
Dolayısı ilə bu gün ictimai qınaqdan və ya sosial sifarişdən söhbət gedə bilməz. Keçmiş təcrübəyə nəzər saldıqda asanlıqla demək olar ki, bu seçkidə də müxalifətin birliyi və ya vahid namizəd olmayacaq. Çox güman ki, bir çox partiyalar seçkiləri boykot edəcək. Seçkiyə qatılacaq partiyalar isə çox güman ki, ayrı-ayrılıqda iştirak edəcəklər. Ola bilər ki, hansısa partiyalar funksional əməkdaşlığa getsinlər. Seçkilərin müşahidəsi, təbliğat, təşviqat, imzatoplama kampaniyalarında bir-birinə yardım edə bilərlər. Amma bunu heç bir halda birlik və ya blok adlandırmaq olmaz.
Əslində problem Azərbaycanda müxalifətin bir araya gələ bilməməsi deyil. Bu məsələ artıq bitib. Bu günə qədər formalaşan birliklər göstərdi ki, birləşmək heç nəyi həll etmir. Müxalifət 2013-cü ildə bir araya gəldi, parlament seçkilərində vahid seçki bloku yaradıldı, Milli Şura və sair yaradılan birliklər heç bir nəticə vermədi, bu və ya digər səbəblərdən uğursuzluğa düçar oldu. Cəmiyyət müxalifətdən artıq birləşmə yox, inam və səmimiyyət gözləyir. Odur ki, müxalifətin hal-hazırda birləşməsi və birləşməməsi heç nəyi həll etmir. Xalqı müxalifətin səmimi mübarizə aparmasına inandırmaq lazımdır. Xalq şüur altında olsa da müxalifətin mübarizəni səmimi aparmasına inanmalıdır. Bir sözlə bü günə qədər müxalifətin qırdığı inamı bərpa etmək lazımdır”.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini
Ehtiram Mehtiyev xalqın ənənəvi müxalifətin birləşmə cəhdlərinin səmimiliyinə inanmadığını deyib: “İllərdir, müxalifətin birləşmə təşəbbüsü ənənəvi hal alıb. Ümumiyyətlə, ənənəvi müxalifətin birləşmə çabaları artıq səmimi görünmür. Çünki, hər seçkiöncəsi birləşib, seçkidən sonra parçalanmaqla ciddi uğur əldə etmək mümkün deyil. Birmənalı olaraq birləşməyə onların böyük iddiaları və şəxsi maraqları imkan vermir. Məqsədləri hakimiyyəti dəyişmək deyil, birincilik uğrunda mübarizə aparmaqdır. Bu da cəmiyyət tərəfindən normal qarşılanmır. Bu səbəbdən də müxalifət zəifləyir və xalqın inamını qazana bilmir. Xalq belə müxalifətçiləri qəbul etmir, onların arxasınca getmir. Belə olduğu halda xalqın taleyüklü məsələlərində sağlam düşünən, cəsarətli, dürüst liderlərə ehtiyac qalır.
Yeni simalar kənarda qalmamalıdır. Ənənəvi müxalifət kimi xalqa hakimiyyəti pisləmək yarışına girmək lazım deyil. Xalqın gözü tərəzidir. Pisi yaxşıdan ayırmağı müxalifətdən də yaxşı bacarır. Yeni dəyişiklik ümidi də formalaşdırmaq lazım deyil.
Real fəaliyyət göstərmək və müxalifətin içində iqtidara alternativ olan güc mərkəzi formalaşdırmaq lazımdır. Xalqın gözləntisinə uyğun dəyişiklik yaratmağa çalışmalıyıq. Əgər xalq yeni liderlərin birləşməsini istəyirsə AXCP olaraq biz buna hazırıq. Biz bu yolu özümüzə prioritet seçmişik. Azərbaycanda normal və müsbət dəyişikliklər yarada biləcəyik. Biz buna inanırıq və bacarağımıza əminik”.(Cebhe.info)
Tarix: 9-12-2017, 21:44