TRAMPIN TƏHLÜKƏLİ YAXIN ŞƏRQ OYUNU –Bu dəfə Putinin Türkiyədən umacağı nə? – Təhlil

TRAMPIN TƏHLÜKƏLİ YAXIN ŞƏRQ OYUNU –Bu dəfə Putinin Türkiyədən umacağı nə? – Təhlil  Stanislav Tarasov

regnum.ru, 09.12.2017


Rusiya prezidenti Vladimir Putin Türkiyəyə işgüzar səfər edəcək. Bu haqda Kremlin saytında məlumat verilib, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın mətbuat xidmətinin də təsdiqi var. Xeyli telefon danışıqlarını saymasaq, bu, heç də ilk şəxsi görüş deyil. Lakin əvvəllər əsasən Suriya tənzimlənməsi problemi, həmçinin hərbi-texniki əməkdaşlıq daxil olmaqla ikitərəfli münasibətlərin inkişafı müzakirə olunurdusa, bu dəfə danışıqların gündəliyi başqa cür görünür
.

Aydındır ki, ABŞ Yerusəlimin İsrailin paytaxtı kimi tanınması haqda qərar alandan sonra Yaxın Şərqdə durum ciddi dəyişikliklərə məruz qalmağa başlayıb. Tarixən bu müqəddəs şəhərlə bağlı olan hər şey siyasi və dini hisslər qasırğası doğurub. Həm də təkcə Yaxın Şərqdə deyil. Buna görə də Amerika prezidenti Donald Trampın bəyanatına sərt reaksiya – qəzəbli nümayişlər, zorakılığın coşması, etiraz notaları, siyasi əlaqələr və diplomatik münasibətlərin kəsilmə ehtimalı, hətta açıq şəkildə terrora keçmək, yeni silahlı münaqişə və ya bölgədə münaqişələr tamamilə gözlənilən hadisələrdir.

Odur ki, ortalığa sual çıxır – Yaxın Şərqdə etiraz hərəkatına başçılıq etməyə hazır olan, “islam dünyasının alçaldılması və siyasi məğlubiyyəti” şüarını rəhbər tutan dövlət və yaxud dövlətlər qrupu meydana çıxacaqmı, yoxsa qarşıdurma alovu tədricən səngiyəcək?

Türkiyə bununla bağlı özəl önəm kəsb edir. Rəhbər tutulan yeni osmançılıq xarici siyasət doktrinasına əsasən, hüdudlarında İsrail dövləti formalaşdırılan tarixi Fələstin Türkiyənin milli maraq dairəsinə aiddir. Ankara bundan çıxış edərək Yaxın Şərq münaqişəsinin dinc tənzimlənməsi çərçivəsində özəl rola iddialı olub, indi isə geopolitik və tarixi həssaslıq sərgiləyərək yüksək reaksiya bəlirləyir.

Deməli, İstanbulun Mərmərə universitetinin professoru Cengiz Tomar təsadüfi saymır ki, Tramp öz bəyanatını Yerusəlimin Britaniya işğalından düz 100 il və Şərqi Yerusəlimin işğalının 50 illiyində verib. Türkiyənin "Anadolu" dövlət agentliyi öz növbəsində iddia edir ki, “Vaşinqtonun Yerusəlimin statusu üzrə qərarı sərhədləri dəqiq bilinməyən “Böyük İsrail” layihəsinin yalnız bir hissəsidir”, lakin “Türkiyənin cənubu və cənubi-şərqi dəqiq bu layihənin tərkib hissəsidir” və “Böyük İsrail” layihəsinin sıradakı hədəfləri “Türkiyə və Suriya olacaq”.

Ərdoğan yenə də təsadüfən bildiriməyib ki, “Tramp öz qərarıyla bölgəni atəş çəmbərinə atıb”, Yaxın Şərqin bir sıra dövlət liderləri, o cümlədən Putinlə telefon məsləhətləşmələrinin başlandığını xəbər verib. Rusiya prezidentiylə söhbət, həqiqətən, baş tutub. Rəsmi qaynaqların xəbər verdiyinə görə, söhbətin gedişində “tərəflər ABŞ-ın Yerusəlimin İsrailin paytaxtı kimi tanınması haqda qərarı və Amerika səfirliyinin Təl-Əvivdən ora köçürülməsinin elan edilməsiylə bağlı ”ciddi narhatalıqlarını ifadə edib”.

Onların fikrincə, “bu cür addımlar Yaxın Şərq sülh prosesinin perspektivlərini tam poza bilər”.

Putinin Türkiyəyə səfəri haqda məlumat məhz bundan sonra meydana çıxıb. Həm də dekabrın 13-də İstanbulda nəzərdə tutulan Yerusəlimin statusu haqda İslam Əməkdaşlıq Təşkilatının sammiti ərəfəsində baş tutacaq. Əlbəttə, Ərdoğanın sonrakı fəaliyyətində hər şey olmasa da, çox şey rusiyalı həmkarıyla danışıqların yekunlarından asılı olacaq. Axı Türkiyə-Amerika münasibətləri hazırda böhran zirvəsindədir və Ərdoğana “islam cinləri” vasitəsilə oxları ABŞ və İsrailə sarı yönəltmək imkanı verilir.

Türkiyənin Diyanət İşlər Vəkfinin hazırladığı və Türkiyənin 81 əyalətinin 87 935 məscidində oxunmuş, 17 milyon müsəlmanın dinlədiyi cümə xütbəsində artıq bəyan olunub ki, “Yerusəlim – açıq yaradır, hər birimizin toxdamayan ağrısıdır”.

Bundan savayı, Ankara Rusiya və İranla Suriya istiqamətində alyans kartını öz maraqlarında oynamağa səy edər, İsraillə kəskinləşməyə gedərək Ərəb Dövlətləri Liqasına daxil ölkələri öz tərəfinə meylləndirməyə cəhd edərək HƏMAS-a dəstək elan edə bilər. Ancaq İsrail də əl-qolunu sallayıb durmayacaq. Amerikanın “Foreign Policy” nəşrinin yazdığı kimi, o, sünni ərəb dövlətləriylə uyğun anlaşmaya çıxmaq üçün xeyli şansa malikdir – məsələn, İran kartını oynamaqla Səudiyyə Ərəbistanı, Misir və BƏƏ ilə.

Rusiyaya gəlincə, Suriyada İŞİD məhv ediləndən sonra Amerika ekspertləri Moskvanın “bölgədə üstünlük təşkil edən qüvvə kimi” dönüşü amilini və “bölgədə yeni şəraitdə güclü diplomatik manevr üçün imkanları” qeyd edirlər. Söhbət birinci növbədə Yaxın Şərq tənzimlənməsi üzrə danışıqlar prosesinin təzələnməsindən gedir. Rusiya XİN başçısı Sergey Lavrovun ABŞ dövlət katibi Reks Tillersonla görüşdən sonra qeyd etdiyi kimi, amerikalılar eyham vurublar ki, “Yaxın Şərq tənzimlənməsi üzrə “əsrin sazişi”ni bağlamağı nəzərdə tuturlar” və “anlamaq istərdik ki, bu, indi necə görünəcək”.

Bu arada fələstinlilər ABŞ vitse-prezidenti Mayk Pensi qəbul etməkdən imtina etdikdən sonra Tramp Fələstin muxtariyyətinin lideri Mahmud Abbasa Ağ Evə səfər təklifi edib. Tillerson isə Parisdə mətbuat konfransının gedişində “gözlənilmədən” bəyan edib ki, “Yerusəlimin statusu haqda yekun qərar israillilərlə fələstinlilər arsında danışıqlardan asılı olacaq”.

Atılan addımlardan yaranan dolaşıq şəbəkə Yaxın Şərq tənzimləməsinin fəal iştirakçısı olmağa çalışan Türkiyənin xarici siyasətini bütünlükdə sınağa məruz qoyur. Bu fonda Putinlə Ərdoğan arasında qarşıdakı danışıqlar asan olmaq vədi vermir. Nə qədər fırlatsan da, Tramp gedişini edib və “Deutsche Welle”-in fikrincə, “Yaxın Şərqdə durumu dəyişdirərək hər şeydən əvvəl ərəb dünyasına meydan oxuyub, amma ona öz gücünü və yaxud zəifliyini nümayiş etdirmək imkanı verib”.

Və bu, Yaxın Şərqdə yeni böyük oyunun yalnız başlanğıcıdır.

Tərcümə Strateq.az-ındır.
Tarix: 10-12-2017, 19:59
Xəbəri paylaş





Xəbər lenti