İlqar Məmmədov şərtlə azadlıq istəmir - Gəlişmə

 İlqar Məmmədov şərtlə azadlıq istəmir - Gəlişmə
REAL hərəkatı lideri İlqar Məmmədov şərti azadlığa buraxıla bilər; Lakin onun müraciət etmək istəmədiyini vəkilinin açıqlaması vəziyyəti qəlizləşdirib...

Palitika.Az xəbər verir ki, dekabrda əfvi gözlənilən REAL sədrinin prezidentə müraciət etməyəcəyi hakimiyyəti fikrindən daşındıra bilər.


İlqar Məmmədov şərti olaraq vaxtından əvvəl həbsdən buraxılmaq üçün müraciət etmək niyyətində deyil.

Bunu REAL Hərəkatının liderinin vəkili Fuad Ağayev prezidentin xarici siyasət üzrə köməkçisi Novruz Məmmədovun fikirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, İ.Məmmədov şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq üçün xahiş etmək, sonra da elektron bilərzikdə gəzmək niyyətində deyil.

Belə çıxır ki, Avropa Şurası ilə Azərbaycan hökuməti arasında əldə olunan anlaşmanı İ.Məmmədov nədənsə pozmağa çalışır.

Hər halda azadlığa çıxmaq üçün yaranmış imkanı dəyərləndirmək əvəzinə inad nümayiş etdirən REAL sədru bu formada iqtidarı qəzəbləndirir.

Təbii ki, bu 4 ildə hər iki tərəf prinsipiallıq göstərib. Nə İlqar əfv yazıb, nə də hakimiyyət onu azad edib.

Ancaq indi şərait fərqlidir və REAL sədri görünür ki, nədənsə narazıdır. Ola bilsin ki, onun azadlığa çıxması müqabilində qarşısına bilmədiyimiz öhdəliklər və şərtlər qoyulub.

Odur ki, ayın sonuna qədər Məmmədov haqda nə qərar veriləcəyi məlum deyil. Hətta onun prezidentliyə namizədliyi məsələsi də gündəmdədir.
Palitika.Az xəbər verir ki, Azərbaycan hökuməti heç də təzyiqlərə görə onu azad etmək istəmir.

Əksinə, AŞ-dan verilən qətnamələr və Avropa Məhkəməsinin çıxardığı qərarlar rəsmi Bakını tərpətmir.

Vaxtilə bunu Leyla Yunus da həbsdə yazdığı məktubda yazıb ki, Qərbin bəyanatları hakimiyyətin vecinə deyil.

Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun açıqlamaları da ondan ibarətdir ki, İ.Məmmədov şərtlə azad oluna bilər.

Sitat: “Müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir.

Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərdi".

N. Məmmədovun sözlərinə görə, İlqar Məmmədovla bağlı məsələ artıq bir müddətdir ki, Avropa Şurasının fəaliyyətinə istiqamət verə biləcək fiqurlardan olan baş katib Yaqlandın yuxusuna haram qatıb:

"O elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində “insan haqlarının müdafiəçisi” bayrağı edərək, nəyin bahasına olursa olsun, Azərbaycanı “cəzalandırmaq”, Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir.

Düşünür ki, buna asanlıqla nail ola bilər. Nahaq yerə Avropa İttifaqını - xristian klubu adlandırmırlar ki! Niyə Avropa Şurası da xristian klubu olmasın.
İslamofobiyanın bu səviyyəyə çatdığı bir zamanda ona kim mane ola bilər. Elə bu yolla da istədiyi “əsas məqsədinə” çata bilər.

Bu xüsusda, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər.

Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər”.
Tarix: 10-12-2017, 20:17
Xəbəri paylaş





Xəbər lenti