İlqar Məmmədov hakimiyyət qarşısında şərt qoydu: “Məni azad edin, vəsatət verim...”
Avropa Şurası Nazirlər Komitəsinin həbsdəki REAL sədri İlqar Məmmədovla bağlı Azərbaycana qarşı başlatdığı proseduranın üstündən bir həftə ötür. Bu müddət ərzində hələ ki vicdan məhbusunun azadlığa buraxılması istiqamətində diqqətçəkən müsbət elementlər müşahidə olunmur. Doğrudur, prosedura başladılan gündən iki gün sonra Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun REAL sədri ilə bağlı gündəm yaradacaq açıqlaması oldu. Avropa Şurasının ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirdiyini qeyd edən prezident köməkçisi İ.Məmmədovun cəzasının 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik olduğu anonsunu verdi. Amma bu mesaj da görünən odur ki, problemin həlli üçün hələ ki yetərli görünmür. Çünki REAL sədri hələ də məhkəməyə müraciət etməyib və müraciət etmək ehtimalları da az görünür. İ.Məmmədov bəraət almaq istəyir, o əgər məhkəməyə müraciət edib azadlığa çıxarsa, bu onun üzərindən məhkumluq hüququnun götürməyəcək. Məhz bu amil İ.Məmmədovun işini getdikcə qəlizləşdirir.
Bu gün REAL sədrinin vəkili Fuad Ağayev həbsxanada onunla görüşüb. Vəkil bununla bağlı feysbuq səhifəsində status paylaşıb: “Bu gün 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşdüm. Görüş zamanı prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun səsləndirdiyi təkliflər, o cümlədən, məsələnin həlli yollarının axtarılması üçün konstruktiv danışıqlara dair təklifi müzakirə edilib.
İlqar Məmmədov bir daha təsdiq edib ki, onun özü şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı yerli məhkəməyə müraciət etməyəcək, belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, onun həbsi və məhkum edilməsi siyasi fəaliyyətinin dayandırılması və susdurulması məqsədi güdüb, buna görə də, o, dərhal və qeyd-şərtsiz azad edilməlidir.
İqtidar nümayəndələrinin məsələnin həlli yollarının axtarılması üçün qısa və konstruktiv danışıqlar təklifi ilə bağlı bildirilib ki, Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəliklərinin icrası kimi İlqar Məmmədovun cinayət işi üzrə icraata bəraətverici əsasla – cinayət hadisəsi olmadığına görə xitam verildiyi və siyasi fəaliyyətinə əngəllər yaradılmayacağı təqdirdə, o, Avropa Şurası Nazirlər Komitəsindən Azərbaycana dair Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən sorğunun geri çağırılmasına dair vəsatət verməyə hazırdır”.
Cavanşir ABBASLI
Tarix: 11-12-2017, 14:48