“VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR…” – İqtisadçıdan ŞOK açıqlamalar

“VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR…” – İqtisadçıdan ŞOK açıqlamalar “Mikayıl Cabbarova vergilər naziri təyin olunarkən ali xüsusi rütbənin verilməməsi təəccüblü oldu”
quluVergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimlinin (Hesabdaroğlu) “AzPolitika.info”ya müsahibəsini təqdim edirik:

– Dövlət başçısının 05 dekabr 2017-ci il tarixli Sərəncamı ilə vergilər naziri Fazil Məmmədovun vəzifədən azad olunması və onun yerinə Mikayıl Cabbarovun təyin edilməsi ilə bağlı mətbuatda müxtəlif şərhlər verildi. Keçmiş vergi işçisi, habelə bu sahənin peşəkarlarından biri kimi, sizin də mövqeyinizi bilmək maraqlı olar. Sizcə, niyə Vergilər Nazirliyinin daxilindən bu vəzifəyə təyinat olmadı?

– Ümumiyyətlə, hörmətli Aydın Əliyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinatı istisna olmaqla, son iyirmi ildə müvafiq icra hakimiyyəti orqanı statusu daşıyan qurumların rəhbəri vəzifələrinə təyinatlar, demək olar ki, kənardan olub. Son illərdə kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi, statistika, dövlət təhlükəsizliyi, rabitə, energetika sahələrində rəhbər şəxs təyinatlarını misal gətirə bilərik. Hətta müdafiə naziri vəzifəsinə cənab Zakir Həsənov kənardan – Daxili İşlər Nazirliyi sistemindən gətirildi. Deməli, bu, dövlət idarəçiliyimizdə bir prinsip kimi artıq qəbul olunub. Ona görə də, vergilər naziri vəzifəsinə həmin sistemin daxilindən deyil, məhz kənar şəxsin təyin olunmasında qeyri-adi heç nə görmürəm.

– Həmin sərəncamla tanış olanda ilk təəssüratınız nə oldu və indiyədək mətbuatda verilən şərhlərdən fərqli sizin hansı düşüncələriniz var?

– Cənab nazir Fazil Məmmədovun səhhəti ilə əlaqədar vəzifədən azad olunmasını ölkə rəhbərliyindən xahiş etməsi barədə cəmiyyətdə bir ildir ki, söz-söhbət dolaşırdı. Ona görə də, üzərimdə böyük haqqı olan hörmətli Fazil müəllimin vəzifədən azad olunması xəbəri məni təəccübləndirmədi.

Təəccübləndirən başqa məsələ oldu: bu, hörmətli Mikayıl Cabbarova vergilər naziri təyin olunarkən ali xüsusi rütbənin verilməməsi idi. Dövlət vergi orqanlarında xidmət haqqında əsasnəməyə əsasən vergi orqanlarının vəzifəli şəxslərinə tutduqları vəzifəyə görə xüsusi rütbələr verilməlidir. Ona görə də, vergilər naziri təyin olunarkən cənab Mikayıl Cabbarova həmin əsasnamədə ali rəis heyəti üçün nəzərdə tutulan xüsusi rütbələrdən biri cənab Prezident tərəfindən eyni zamanda verilməli idi.

Ali xüsusi rütbənin verilməsini görməyəndə, dərhal, tək vergi orqanlarını deyil, ümumiyyətlə bütöv dövlət gəlir inzibatçılığını özündə birləşdirən konkret institusional dəyişikliklər layihəsinin hökumətin əlində hazır olması barədə məndə ilk təəssürat yarandı. Təsəvvür edin, birinci şəxsin xüsusi rütbəsinin olmaması qalan vergi orqanı əməkdaşlarının xüsusi rütbəsi barədə qeyri-müəyyənlik yaradır. Ola bilsin ki, bu söhbətimiz dərc olunanadək, bəhs etdiyimiz layihə ilə bağlı başqa fərman və sərəncamlar da çıxsın.

– Dövlət gəlir inzibatçılığında islahat deyəndə nə başa düşülür?


– Qısaca desək, dövlət gəlir inzibatçılığı deyəndə dövlət gəlirlərini təmin edən, əsasən vergi, gömrük, dövlət sosial sığorta orqanları və onların işinin təşkili başa düşülür. Bunun normativ-hüquqi baza, kadr-insan resursları, maddi-texniki təchizat, ödəyicilərin maarifləndirilməsi – könüllü əməletmə və s. tərəfləri var. Gəlin, oxucuları terminalogiya ilə yormayaq. Proseslərin gedişatından belə görünür ki, bu sahənin nəzəri və praktik məsələləri ilə bağlı ayrıca müəllif yazıları ilə çıxış etməli olacağıq. Mən islahat demədim, dəyişikliklər dedim. Müsbət nəticələri görəndən sonra islahat deyə bilərik, əslində kifayət qədər risklər var.

Açıq desək, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin, bəlkə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən strukturlarının, birləşdirilərək yeni Milli Gəlirlər Nazirliyinin (və ya buna oxşar digər adda) yaradılması layihəsinin olduğunu düşünürəm. Bu orqanda xüsusi rütbələr ya olmayacaq, ya da fərqli adlarda olacaq. Özü də, ilin 25 gün sonra başa çatmasını gözləmədən vergilər nazirinin dəyişdirilməsi həmin layihənin icrasına çox qısa zamanda başlanacağını göstərir.

– İlin başa çatmasını və büdcənin illik vergi daxilolmaları proqnozunun icrasını gözləmədən vergidə kadr dəyişikliyinin edilməsi də cəmiyyətdə suallar yaratdı. Hesab edirsiz ki, yeni qurum ilin sonunadək yaradıla bilər? Yeni ili gözləmək olmazdımı?

– 19 sentyabrda mətbuatda, o cümlədən sizin saytda da 2017-ci ilin 8 ayında dövlət büdcəsinin faktiki daxılolmaları və illik proqnozun gözlənilən icrası vəziyyəti ilə bağlı yazım olmuşdu. Həmin yazıda Vergilər Nazirliyinin (VN) xətti ilə illik daxilolma proqnozunun icrasında çətinlik olacağı, Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən isə illik proqnoz tapşırığın 400 milyon manatadək artıqlaması ilə yerinə yetiriləcəyi göstərilmişdi. Eyni zamanda, VN proqnozun tam icrasına nail olarsa, illik dövlət büdcəsində nəzərdə tutulmuş 1,18 milyard manat kəsirin DGK-nin 400 milyon manat artıq əməletməsi hesabına azalacağı da qeyd olunmuşdu.

İndi DGK öz saytında 11 aylıq məlumatını açıqlayıb və məlum olur ki, 2,38 milyard manat gömrük ödənişləri yığmaqla, 2,25 milyard olan illik proqnoz tapşırığını 133,4 milyon manat artıqlaması ilə yerinə yetirib. DGK dekabr ayında təqribən 220-230 milyon manat da yığsa, illik proqnozdan artıq əməletmə 350,0 milyon manatdan da çox olacaq.

Daxilolmalar barədə məlumatın mütəmadi açıqlanmasında həmişə intizamlı olan VN-nin saytında məlumat, hələ də 9 aylıq dövrə aiddir. VN-nin illik proqnozu 7,64 milyarddır, 9 ayda 5,22 milyard manat yığıb. Oktyabr-dekabr aylarında 2,42 milyard, yəni orta aylıq 800 milyon manat yığmalı idi. 10 aylıq məlumat noyabrın ilk yarısında açıqlanmalı olduğu halda, ilk dəfədir ki, hələ də açıqlanmayıb. Deməli, oktyabrda proqnozun icrası vəziyyəti yaxşı deyil ki, açıqlanmır. Noyabrda da eyni vəziyyət olar. Onda, belə çıxır ki, VN dekabr ayında 1,0 milyard manatdan çox vergi yığmalıdır ki, bu da, SOCAR iri məbləğdə vergi ödənişi etməsə, fantastikadır.

Statistika Komitəsi, Maliyyə Nazirliyi, Dövlət Neft Fondu və Gömrük Komitəsinin 10 ay üzrə açıqladığı dövlət büdcəsinin icrası rəqəmləri əsasında əlaqəli hesablamalarla da müəyyən etmək olur ki, VN-nin proqnozunun icrasında çətinliklər var.

Ehtimal edilir ki, Vergilər Nazirliyinin proqnozunun icrasındakı kəsirini qabartmamaq üçün ilin sonunadək gömrük və vergi orqanları birləşdirilsin, illik proqnozun mədaxili barədə operativ məlumat yeni yaradılan qurum üzrə cəmlənib, elan olunsun. Belə olsa, ilin yekununda operativ məlumatın açıqlandığı vaxt verginin kəsiri gömrüyün təmin etdiyi artıq əməletmə hesabına diqqət cəlb etməyəcək. Axı, qarşıdakı 2018-ci ilin hər ayında eyni problem olacaq. Beləliklə, büdcənin vergi və gömrük ödənişləri üzrə mədaxilinin bir qurum üzrə elan olumasını birdəfəlik bu ildən həll etmək düşünülə bilər. Həm də nəzərə alaq ki, gömrük ödənişlərinin 70%-ni idxala görə ƏDV təşkil edir. Daxildəki ƏDV ilə idxaldakı ƏDV məbləği cəmlənəcək, büdcə daxilolmalarının tədiyyə növləri üzrə bölgüsü operativ məlumatlarda açıqlanmaya bilər.

Hesab edirəm, çox primitiv, səthi yanaşmadır. Məhz siyasi mülahizələri əsas götürüb, çox mürəkkəb məsələ olan dövlət gəlir inzibatçılığı barədə tələsik qərar qəbul etmək olmaz. Hökumət ictimai müzakirəyə çıxartmalı, alternativ fikirləri də eşitməlidir. Debatlar da təşkil etmək olar.

– Verginin proqnoz tapşırığı kəsirlə icra etməsini elan edəndə nə olar ki?

– Siyasi mülahizələri və təbliğatı əsas götürəndə, proqnozun kəsirlə yerinə yetirildiyini elan etmək qəbuledilməz olur. Amma iqtisadi məsələləri çox siyasiləşdirmək və həddən artıq təbliğata çevirmək düz deyil. İqtisadi problemə realist yanaşma olanda, həlli də asan olur.

Dünya iqtisad elminə tarixən öz dühaları ilə böyük töhfələr vemiş, iqtisad məktəbləri yaratmış Avstriya kimi ölkə də fikirləşə bilər ki, necə olur onlarda vergi proqnozu həmişə kəsirlə yerinə yetirilir, amma Azərbaycan hər il vergi proqnozunu dəqiqliklə yerinə yetirir? Birdən bizdən iqtisadiyyatı, proqnozlaşdırmanı öyrənməyə gəlsələr, nə deyəcəyik? Əslində, vergi proqnozunu kəsirlə yerinə yetirmək qəribə deyil, həmin proqnozu dəqiqliklə yerinə yetirmək qəribə olmalıdır. Siyasi mülahizələrə yüklənmədən, olanı elan etmək lazımdır.

– Vergilər Nazirliyi ilə Gömrük Komitəsinin birləşdirilməsi təklifini hökumətə ayrı-ayrı iqtisadçılar, hətta millət vəkilləri də irəli sürür…


– Söylənilən fikirlər bəzən siyasi hakimiyyətə və ya bəhs edilən dövlət qurumlarına, onların ayrı-ayrı rəhbər şəxslərinə olan qərəzdən də irəli gələ bilir. Jurnalistlərə söylənən qısa fikirlər istisna olmaqla, bu iki qurumun birləşdirilməsi zərurətindən bəhs edən və müəllifinin də müvafiq bilik, təcrübə üzrə ixtisaslaşdığı sanballı yazı qarşıma çıxmayıb.

Ölkənin vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi ayrı-ayrı inkişaf etmiş ölkələrin hökumətləri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq proqramları çərçivəsində onların tövsiyyələri, maliyyə, texniki dəstəkləri əsasında həyata keçirilib və illəri əhatə edən inkişaf yolu keçib. İstər Gömrük Komitəsi, istərsə də Vergilər Nazirliyi bir günün içində indiki səviyyəyə çatmayıb ki, qulaqdandolma səthi fikirlərə əsaslanmaqla, barələrində riskli və geri dönüşü çətin olan qərarlar qəbul edilsin. Siyasi şəxslər gəldi-gedərdi, dövlət qalıcıdır. Həvəskar deyil, elmi və peşəkar yanaşmalar əsas götürülməlidir. Vergilər Nazirliyinin və Gömrük Komitəsinin fəaliyyətində kifayət qədər müsbət məqamlar var ki, hətta başqa ölkələrə də örnək göstərilir. Hal-hazırda həmin beynəlxalq qurumların tövsiyyələri varsa, ilk növbədə onlarla da tanış olmalıyıq.

Sizə bir misal gətirim. 02.10.2015-ci il tarixdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilərək, Bakı Vergilər Departamentinə birləşdirildi. Hansıki, iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr üzərində vergi nəzarətini həyata keçirirdi. Mən özüm də bu Departamentdə işləmişəm. Büdcənin vergi daxilolmalarının 90%-ni bu Departament təmin edirdi. O vaxt yazdım ki, səhv qərardır. Üç ay keçmədi ki, 24 dekabrda Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradıldı və neft sektoruna aid müəssisələr bura qaytarıldı, bir il sonra o da ləğv edildi, Milli Gəlirlər Departamenti yaradılaraq, bu vergi orqanı ilkin vəziyyətə tam qaytarıldı.


Vergilər Nazirliyi insan resursları, kargüzarlıq proseslərini və vergi uçotu, digər vergi nəzarəti proseslərini mükəmməl şəkildə avtomatlaşdırdığı üçün çeviklik göstərə, daxildə struktur və kadr dəyişikliklərini asan həyata keçirə bilir, o cümlədən səhv qərarlardan tez geri qayıda bilir.

Fikrimcə, hələki vergi və gömrük qurumlarının tam avtonomluğu, onların rəhbərlərinin mərkəzi icra hakimiyyəti orqanının başçısı statusunu daşıması, ölkənin ali siyasi rəhbərliyinə birbaşa hesabatlılıq xətti saxlanmalıdır. Bir mürəkkəb struktur altında birləşdirilmələri hələ tezdir. Onlar ayrı olarsa, bu sahələrdə inzibatçılığın təkmilləşdirilməsi və problemlərin həlli daha asan olar.

Keçmiş MTN-nin əsasında iki ayrı qurumun – Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılmasına olan yanaşmanı vergi və gömrük orqanlarının ayrı olmasına da aid etmək lazımdır.

Xatırlayırsınızsa, 2015-ci ildə alkoqollu içkilərin dəyərinin nağd qaydada ödənilməsi hətta onların pərakəndə satışına da əvvəl tətbiq edildi, qısa müddət sonra qadağa aradan götürüldü. Fiziki şəxlər tərəfindən gömrük ərazisinə gətirilən istehsal, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan 10 min dollar məbləğində mallara gömrük güzəşti tətbiq olundu, lakin qısa müddət sonra ləğv olundu.

2016-cı ildə Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna 2026-cı ilədək qaytarılması şərti ilə 445,0 milyon manat kredit verildi. Sonradan bunun yanlış addım olduğu bəlli oldu, elə üç ay sonra 2017-ci ilin yanvarında dövlət büdcəsi hesabına Mərkəzi Banka geri qaytarıldı. SOCAR-a verilən 1,3 milyard manat kredit barədə də bunları demək olar.

Vergi və gömrük orqanlarının bir struktur altında birləşdirilməsi qərarının sonradan səhv olduğu üzə çıxsa, necə olacaq?

– Fazil Məmmədov barədə şəxsi təəssüratlarınız necədir?


– Şəxsimə görə necə olmalıdır? İlk əmək failiyyətimə cənab Fazil Məmmədovun əmri ilə o vaxtkı Səbail Vergilər İdarəsndə başlamışam. Qısa müddət sonra nazirliyin mərkəzi aparatına keçirib, orda ən gənc işçi olmuşam. Hərbi xidmətdən sonra yenidən İri vergi ödəyiciləri işi üzrə Departamentə təyin edib. Halbuki, o vaxt Depatrtamentə elə gənc yaşda işçi götürülmürdü. Məhz onun əmrləri ilə ölkə miqyaslı və dövlət əhəmiyyətli müxtəlif yoxlamalara cəlb olunmuşam. Vergi orqanlarından çıxmağım barədə ərizəmi gözlətdi, nazirliyin rəhbər şəxslərinə işdən çıxmamağım üçün mənimlə söhbət etmələrini tapşırdı. Artıq Dövlət Gömrük Komitəsinə əzrizə vermişdim, razılıq almışdım. Bu gün də vergidə qazandığım təcrübənin çörəyini yeyirəm. Hesab edirəm ki, cənab Fazil Məmmədovun üzərimdə böyük haqqı var. O cümlədən, insan resurslarının rəhbəri olmuş cənab Faiq Şahbazovun.

Onun vaxtında dövlət orqanları içərisində ilk regional qurumlar yaranıb, vergi orqanları yerli icra hakimiyyətlərinin təsirindən çıxıb. Dövlət qurumlarından ilk dəfə vergi orqanlarına test imtahanları ilə işçi qəbulu başlayıb. Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemləri tətbiq olunub, kargüzarlıq, insan resursları, vergi nəzarəti və vergi ödəyicilərinə xidmət prosesləri avtomatlaşdırılıb.

Həm vergi işçilərinin, həm də vergi ödəyicilərinin dövlət dilinə hörmət ruhunda tərbiyə olunmasında da işlər görüb. Vergi ödəyicilərinin vergi orqanına təqdim olunan xarici dillərdəki müqavilələr, fakturalar (invoys) və s. sənədlərinin mütləq Azərbaycan dilinə tərcümə edilməklə təqdim olunması tələb olunub, xarici şirkətlər müqavilələrini Azərbaycan dili də olmaqla iki dildə tərtib etməyə məcbur qalıb. İllik maliyyə hesabatlarını indi də öz saytlarında xarici dildə yerləşdirən bəzi dövlət müəssisələri ibrət götürməlidirlər.

– Mikayıl Cabbarovun təyinatı barədə nə deyə bilərsiz?


– Cənab Mikayıl Cabbarovu o vaxt onun İqtisadiyyat nazirinin müavini olanda həm “Barmek”in müvafiq elektrikşəbəkələrlə bağlı idarəetmə müqavilələrini yerinə yetirməsi vəziyyətinin yoxlanılması, həm də “Barmek”dən indiki “Azərişıq”a təhvil-təslim prosesləri ilə bağlı təmsil olunduğum dövlət komissiyalarından tanımışam. Hətta o vaxtkı nazir cənab Heydar Babayevin həmin komissiyalardakı işimə görə vergilər naziri cənab Fazil Məmmədova təşəkkür məktubu göndərməsində də rolu olub. Cənab Mikayıl Cabbarov savadlı, peşəkar insandır. Hesab edirəm ki, cənab Prezidentin göstərdiyi etimadı doğruldacaq, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi üçün işlər görəcək.

Vaqif NƏSİBOV
Tarix: 11-12-2017, 20:59
Xəbəri paylaş





Xəbər lenti