Azərbaycanda yeni təhsil naziri, Yasamal rayonuna icra başçısı təyinatları gələn ilə qala bilər
Palitika.Az xəbər verir ki, hər iki vəzifəyə namizədlərin adları çəkilsə də, təsdiqini tapmır. Xeyli zaman olar ki, Yasamal rayonuna icra hakiminin təyinatı gecikir. Təhsil naziri vəzifəsinə isə iqtidaryönlü movqe.az saytı Yusif Məmmədəliyevin təyin edildiyi xəbərini yaysa da, bir qədər sonra saytlarda silindi.
Belə çıxır ki, ya xəbər səhih olub, ya da kimlərinsə oyunbazlığı imiş. Faktiki isə icra başçısı və nazir vəzifələrinə iddialı olan, can atan namizədlər varsa da, onların arzuları gerçəkləşmir.
Ona görə də bəzi məlumatlarda deyilir ki, təyinatlar yeni ilə qala bilər. Hər halda cəmiyyətdə maraqla gözlənilən bu təyinatlar prezidentin səlahiyyətindədir.
Dövlət başçısı isə hər iki mühüm vəzifəyə elə kadrlar təyin etməlidir ki, onlar islahatçı olsunlar, insanları sevindirsinlər, qayda-qanun yaratsınlar.
Son illərdə Yasamal rayon rəhbərliyindən də, Təhsil Nazirliyinin fəaliyyətindən də şikayətlər az olmayıb. Odur ki, qüsurları aradan qaldıran məmurlar vəzifə başına gətirilməlidir.
Məsələn, Yasamala ən çox adı çəkilən məmur Tağı Əhmədov və Niyazi Bayramovdur. Biri YAP-ın yerli təşkilatının sədri, digəri Mingəçevirin icra hakimidir.
Təhsil naziri kimi isə Qənirə Paşayevadan başlayaraq bir sıra şəxslərin adları keçib. Cəmiyyət yeni təhsil nazirinin, təhsil problemlərinə yeni baxışı olan və korrupsiyadan uzaq şəxs olmasını istərdi.
Bu, ölkənin, bəlkə də, ən çox strateji əhəmiyyətə malik nazirliyidir, bütü əhali təbəqəsini əhatə edən və marağına aid nazirlik olduğuna görə ictimai rəyin mahiyyətini anlayan bilgənin təyin olunması yaxşı olardı.
Təhsilimizdə kifayət qədər həllini gözləyən məsələlər var. Arzu edirik ki, keyfiyyət dəyişikliklərinə gətirib çıxaran işlər görülsün.
Nəhayət, dərsliklərin, dövlət məktəblərinin vəziyyəti yaxşılaşsın. Uşaqlar sinif otaqlarında dərs oxusunlar, fərdi müəllimlərin qapısında yox.
Abituriyentlər xaricdə təhsil almaqdansa, vətəndə qalıb oxumağa üstünlük versinlər.
Palitika.Az xəbər verir ki, hər iki vəzifəyə sürpriz şəxslər də təyin oluna bilər. Ancaq gedişat göstərir ki, bütün deyilənlər gələn il reallaşacaq.
Əlbəttə, iqtidarın siyasi kulislərində nələrin baş verdiyini səhih şəkildə bilmək mümkün deyil. Lakin bu vəzifələrə uğurlu kadrların təyinatı üçün məsləhətləşmələr gedir.
Təhsil Nazirliyinin rəhbərliyinə elə adam lazımdır ki, həm təhsil sistemini yaxşı bilsin, həm də yüksək təşkilatçılıq qabiliyyəti olsun. İndiki nazir müavini Ceyhun Bayramov həmin ölçülərə uyğun gəlsə də, şansı azdır.
Təbii ki, bu vəzifəyə layiq olanların sırasında Səməd Seyidov, Qənirə Paşayeva və Fuad Muradovun da adları çəkilir.
Son illərin praktikası göstərir ki, Azərbaycanda vəzifəli şəxslər rəhbərlik etdikləri sahələrdə xüsusi dəyişikliklər edə bilmir, sistemin ümumi qərarlarının qeyd-şərtsiz icrası ilə məşğul olurlar.
Ona görə də, bu yanaşma dəyişməyənə qədər şəxsi keyfiyyətlərindən, bilik və bacarığından asılı olmayaraq, həmin vəzifəyə kim təyin olunsa, xüsusi dəyişiklik müşahidə olunmayacaq.
O ki qaldı icra başçısına postuna, prezident İlham Əliyev keçmiş başçı İbrahim Mehdiyevi iyulun 1-də, rəsmi versiyaya görə, Hacı Cavad məscidinin sökülməsini “özbaşına həyata keçirdiyi üçün” vəzifəsindən azad etmişdi.
Bu gözlənilməz sərəncamdan dərhal sonra hakimiyyətdaxili qruplaşmalar böyük söküntü-tikinti işlərinin aparıldığı “yağlı tikə” olan Yasamal uğrunda mübarizəyə başladılar.
Mübarizənin kəskinliyi və namizədlərin çoxluğu nəticəsində 4 aydan artıqdır ki, Yasamal başsız qalıb. Lakin belə görünür ki, artıq qəti qərara gəlmək mümkün olub.
Tarix: 12-12-2017, 08:41