Rusiyanın Azərbaycana “üç pisliyi” - Bakıdan etiraz siqnalı

Rusiyanın Azərbaycana “üç pisliyi” - Bakıdan etiraz siqnalı
Amerikalı politoloqdan Bakı-Kreml münasibətlərinə dair ilginc şərh; Pol Qobl: “Azərbaycan Qərbə açıq-aydın işarə vurur ki...”

Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı məlum açıqlaması nəzərə alınmazsa, 2017-ci ilin yanvarı Ermənistan üçün yetərincə uğursuz sayıla bilər. Söhbət təkcə siyasi-diplomatik meydanda düşmən tərəfin fiasko olan cəhdlərindən getmir. Məsələ həm də ondadır ki, hələ başa çatmamış yanvar ayında işğalçı tərəf rekorda sayda (7) hərbçi itirib.

Rusiya və Azərbaycan arasında sön dönəm yaşanan xoşagəlməz olaylardan biri də tərəflərin açıq büruzə verməməsinə rəğmən, Bakıya yeni səfir təyinatı ilə bağlı oldu. Yaxşı ki, problem tez də yoluna düşdü. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ötən həftə bəyan elədi ki, Azərbaycana səfir təyinatlı ilə bağlı bir neçə şəxsin namizədliyi müzakirə olunur və qərar qəbuluna kimi onların adları açıqlanmayacaq.

Bu, o deməkdir ki, rəsmi Moskva Bakının ermənipərəst olması səbəbi ilə aqreman vermədiyi Georgi Zuyevlə bağlı mövqeyini artıq qəbul edib. Hərçənd, Rusiya XİN başçısı Sergey Lavrov az sonra bildirdi ki, guya Moskva G.Zuyev üçün Azərbaycandan heç vaxt aqreman xahiş eləməyib. Lakin bu, daha çox daldan atılan daşa bənzəyir. Yaxud belə açıqlama konkret olaraq, Lavrovun öz pərtliyini ört-basdır eləmək cəhdi kimi qiymətləndirilə bilər. Hər halda, Rusiya üçün səfir təyinatında həlledici şəxs onun özüdür və uğursuz təyinatlara görə də ən böyük məsuliyyəti də o daşıyır.

İstənilən halda, Bakı-Moskva münasibətlərinə Rusiya XİN-də kök salmış və ermənin kökənli Lavrovun (Kalantarov) başçılıq elədiyi şəbəkənin yaratmaq istədiyi süni əngəlin aradan qalxdığını söyləmək olar. Ancaq ermənilərin Rusiya siyasi hakimiyyətinə təsir imkanları ciddiyə alınarsa, bu, yəqin ki, sonuncu de-marş olmayacaq. Bu üzdən rəsmi Bakı daima daha diqqətli olmaq zorundadır.

Hər necə olmasa, Rusiyada əsas söz sahibi prezident Vladimir Putin olsa da, tarixi və dini aspektlərdən erməni faktorunun rolu daim göz önündə tutulmalıdır. Təsadüfi deyil ki, bu ilin iyulunda Azərbaycan prezidenti İlham Əliyev Soçidə Putinlə görüşün məhz XİN başçıları olmadan keçirilməsini istəmiş, həmçinin ona erməni məkrli çevrələrin Azərbaycan-Rusiya münasibətlərinə yaratdığı əngəllərdən danışmışdı. Bəlli olduğu kimi, bu şəbəkənin yaratdığı əngəllərdən biri də ÜAK-la bağlı idi.

***

Rusiyanın Azərbaycana “üç pisliyi” - Bakıdan etiraz siqnalı

Sadalanan səbəblərdən iki ölkə arasında münasibətlər öz həssasiyyətini saxlamaqda davam edir. Bu xüsusda amerikalı nüfuzlu politoloq və sovetoloq Pol Qoblun “Eurasia Daily Monitor” nəşrində və “Jamestown Foundation” saytında yer alan analitik məqaləsi diqqət çəkir.

“Yeni Müsavat”ın haqqin.az-a istinadən verdiyi məlumata görə, məqalənin girişində deyilir: “Prezident İlham Əliyev öz atası Heydər Əliyev kimi həm Rusiya, həm də Qərblə yaxşı əlaqələr saxlamağa hesablanmış balanslı xarici siyasətə sadiqdir. Lakin Rusiyanın bir sıra hərəkətləri - hansıları ki, Bakı ziyanlı sayır, - bu yanaşmanı sual altına qoyub və iki ikitərəfli əlaqələrdə kəskin soyuqlaşma yaradıb. Noyabrın sonunda Azərbaycan hökuməti bəyan elədi ki, Rusiyanın təklif elədiyi yeni səfiri qəbul etməyəcək. Bununla tərəflər az qala, ”diplomatik qalmaqal" həddinə gəldi. Belə diplomatik qalmaqallar isə ehtimal ki, daha tez-tez olacaq, əgər Rusiya rəhbərliyi yenə də dövlətlərarası münasibətlərdə qəbul olunmuş beynəlxalq qaydalara uyğun davranmasa".

Ancaq politoloqa görə, əslində Rusiya-Azərbaycan ziddiyyətlərinin kökü hardasa başqa yerdədir: “Ötən ay Moskva Bakıdan ötrü təhqiramiz sayılan üç hərəkətə və hədələyici daha bir hərəkətə yol verib. Odur ki, prezident İlham Əliyev ehtimal ki, az öncəki ”diplomatik" motivdən Rusiyaya öz mesajını çatdırmaq üçün istifadə edib".

Amerikalı analitik Kremlin həmin üç neqativ hərəkətini (pisliyini) belə sıralayıb: “Bakının nöqteyi-nəzərincə, Azərbaycan üçün birinci həyəcanlı fakt odur ki, Rusiya və Ermənistan hərbçiləri öz tarixlərində ən böyük birgə təlimlərin pik mərhələsindədir. Bu, Moskvanın regionda neytral oyunçu olması və Dağlıq Qarabağ konfliktinin həllinin əsas tərəfdarı olması haqda iddiasını şübhə altına alır. Yeri gəlmişkən, heç də tam aydın deyil ki, Qərb dövlətləri bu imkandan yararlanıb danışıqların Minsk formatını dəyişdirməyə hazırdırmı? Halbuki Azərbaycan Rusiyanı daha balanslı oyunçu saymadığı haqda açıq siqnal verir.



Azərbaycana qarşı ikinci hərəkət birinci ilə sıx bağlıdır. Belə ki, bu yaxınlarda Türkiyə hökuməti Azərbaycan-Ermənistan konfliktinə görə əsas günahı Rusiyanın üzərinə qoydu. Yəni Moskva təkcə münaqişənin 1988-ci ildə qızışdırılmasına görə yox (nə vaxt ki, Mixail Qorbaçov açıq şəkildə Ermənistanın tərəfini tutmuşdu), həm də ondan sonra konfliktin həlli üçün göstərməli olduğu səylərə görə məsuliyyət daşıyır. İndiyədək bir çox Qərb analitikləri də belə güman edirdilər. Lakin Ankaradakı və Bakıdakı rəsmi şəxslər, bir qayda olaraq, bu haqda danışmamağa üstünlük veriblər ki, ikitərəfli inkişaf yolunda əngəl yaranmasın. İndi bu yanaşma artıq dəyişib. Və Azərbaycan hökumətinin əsəbiləşməsi təəccüblü deyil".

Pol Qobl Kremlin Bakıya üçüncü pisliyi kimi noyabrın 28-də ÜAK-ın ləğvi məsələsinə nöqtə qoyulmasını qeyd edir: “Tam mümkündür ki, Azərbaycan prezidenti bunu yolverilməz akt hesab edib və yeni səfirin təyinatını əngəlləməklə Kremlə siqnal göndərmək qərarına gəlib”.

Müəllif bunun ardınca qeyd edir ki, bütün bunlar Rusiyanın Azərbaycanın daxili işlərinə qarışa biləcəyi ilə bağlı əlamətlərlə daha da qəlizləşmiş durum yaradır: “Söhbət Azərbaycan daxilində etnik azlıqları qızışdırmaq səylərindən gedir. Məsələ ondadır ki, bu problem son illər ərzində arxa planda saxlanıb. Ancaq indi ruslar onu təzədən müzakirə edirlər. Hələ ki ”qırmızı xətti" heç kim keçməyib. Ancaq Bakı həmişə bu qəbildən separatçı müzakirələri nəinki qeyri-dost hərəkət, hətta təhlükəli hesab edir".

“Bəs bundan sonra nə olacaq”, - deyə politoloq sualı edir və ona belə cavab verir: “Rusiyanın Azərbaycana səfir təyinatı ilə bağlı diplomatik küskünlük yəqin ki, özü-özünə yoluna qoyulacaq. Hər iki paytaxtda həlledici vəzifələri vakant saxlamaq üçün Azərbaycan və Rusiyanın ortaq maraqları həddən artıq çoxdur. Lakin Bakı açıq-aydın işarə verib ki, o, Moskvaya bir çoxlarının düşündüyünün əksinə olaraq, indi daha skeptik (inamsız -red.) yanaşır. Bununla da o, Qərb ölkələrinin Cənubi Qafqazda keçmiş dönəmlə müqayisədə daha aktiv siyasət izləməsi üçün yol açmış olub. Rusiya hökuməti bilir ki, regionda hazırkı situasiya özünün maraqları üçün risk daşıyır. Odur ki, təxmini yəqinliklə söyləmək olar ki, Kreml öncə planlaşdırılanlara rəğmən, Bakıya doğru güclü meyl eləməklə öz mövqelərini bərpa eləməyə çalışacaq. Azərbaycanın hədəflədiyi də məhz elə budur”.

“Yeni Müsavat”ın,
Siyasət şöbəsi
Tarix: 12-12-2017, 09:44
Xəbəri paylaş





Xəbər lenti