Siam.az Moderator.az-a istinadən İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammiti ərəfəsində Türkiyə mediasının tanınmış imzası Levent Gültəkinin “Qüds məsələsi və müsəlmanlar” yazısının gündəmlə səsləşdiyini nəzərə alıb oxuculara təqdim edir.“ABŞ-ıın cahil, ərkəsöyün başçısı Tramp, İsrailin Qüdsü paytaxt elan edən qərarını tanıyaraq Orta Şərqə halqası çəkilmiş bir bomba buraxdı.
Əslində bu, bir gündə ortaya çıxan vəziyyət deyil. Hər il kiçilən bir Fələstin və haraya varmaq istədiyi əvvəldən bilinən bir İsrail var. İsrail məqsədinə çatmaq üçün Fələstindəki işğal etdiyi torpaqları hər il məskunlaşdırmaqla bir az da genişləndirir.Fələstin xəritədə bir nöqtə qədər kiçilmiş, açıq hava həbsxanasına dönmüş və İsrail Qüdsü tamamilə ələ keçirmiş bir durumda. Bu, on illərdir ki, addım-addım gedilən bir siyasətin nəticəsidir. Yaxşı, vəziyyət belədirsə Fələstini, Qüdsü vacib bilən müsəlmanlar nə etdilər? Nə edirlər? Bağırmaq, qızmaq, hədələmək. Bir də dua ilə bütün sorumluluğu Allaha həvalə etmək. 60 ildir “Allahım İsraili qəhr et” bədduasıyla nəticə alacağını düşünən milyonlarca müsəlman var. Fəqət neçə ildir milyonlarca insanın dualarının nədən bir sonuc gətirmədiyi üzərində düşünmədən, usanmadan, bezmədən eyni yolla gedirlər.
Hətta bu qədər duaya rəğmən necə olur ki, İsrail hər keçən gün daha çox güclənirkən, islam ölkələrinin isə hər keçən gün daha da təsirsiz hala gəldiyini soruşmurlar? Bəddua , müsəlmanlar üçün cavabdehlikdən, problemdən qaçmaq, təmbəlliyin səbəb olduğu gücsüzlüyün və çarəsizliyin üstünü örtməkdən başqa bir anlam daşımır. Yəni haqsızlıq edənə qarşı dura biləcək bir gücləri olmadığı üçün, o gücü əldə edəcək bir ağıl və enerjiləri olmadığı üçün məsələni Allaha həvalə etməyin asan yoluna qaçırlar. Halbuki islam bütün tədbirləri görməyi, bütün sorumluluğu üstünə götürməyi və nəticəni Allahdan gözləməyi öyrədir. Müsəlmanlar isə tam tərsi, heç nə etmir və şüar ataraq cavabdehlikdən qaçırlar. Bu da təbii olaraq bir nəticə vermir.
Yaxşı, müsəlman ölkələr niyə bu gündədir?Nədən gücsüzdürlər? Nədən dünyada bir varlıq göstərmirlər? Necə olur ki, bir İsrail, 56 müsəlman ölkəni heçə sayaraq belə bir addım ata bilir? Müsəlman ölkələrinin təpkisini, hərəkətini kimsə ciddi qəbul etmir.Çünki dünya məsələlərində dövlətlər gücünə görə söz sahibi olurlar. Yəni haqlı olmaq yetmir, güclü olmaq lazımdır. Gücün yoxdursa, istədiyin qədər bağır, hədələ bir sonuc almaq imkansız. Qəbul edək ki, 56 müsəlman ölkədən tək bir dənəsi də belə bir anlamda varlığını göstərə bilmir. Texnologiyada, elmdə, sənətdə, ədəbiyyatda, təhsildə...hər yerdə görünən qorxunc bir geri qalmışlığa səbəb olan gücsüzlük var.
“Düşmənlə” savaşmaq üçün belə, “düşmənin” silahına , iqtisadi-siyasi dəstəyinə ehtiyac duyan bir toplumdan kim, niyə qorxsun ki? Müsəlman ölkələrin geri qalmışlığının bünövrəsində inancın bütün məsələləri çözəcəyini zənn edən, buna görə yaşayış qurmağa çalışan anlayış yatır.
Yəni bu dünyada hüzurlu, yaşana bilir həyat qurmağa deyil, öldükdən sonra cənnətə getməyi vacib bilən anlayış bütün islam dünyasını çürüməyə məhkum etdi. İslam nə yazıq ki, müsəlman ölkələr üçün ayıbları, yetərsizlikləri, əksiklikləri, uğursuzluqları örtmək üçün istismar edilən bir dəyər olmaqdan başqa bir anlam daşımır. Sorumluluqdan qaçmanın, təmbəlliyin, yetərsizliyin, cəhalətin üstü islamla örtülür.
Bir tərəfdə yarımçıq, bacarıqsız, öz xeyirindən başqa heç bir şey düşünməyən siyasətçilər, digər tərəfdə o siyasətçilərin etdikləri inanc istismarına aldanıb, o siyasətçilərin yetərsizliyini, cəhalətini, təmbəlliyini, bacarıqsızlığını görməzdən gələn müsəlman toplumları var. Bu toplumlardan da sağlam bir nəticə gözləmək inandırıcı deyil.
Məsələn, bir ölkənin güclü ola bilməsi üçün yaxşı bir təhsil sisteminə, daha yaxşının, doğrunun tapılması üçün rəqabət şəraitinə, yəni azad bir ortama, cəmiyyətdə barışı saxlamaq üçün bərabər anlayışa və sağlam bir ədalət sisteminə, yəni güclü qurumlara ehtiyac var. Yaxşı bir təhsil sistemin yoxsa, azad ölkə deyilsən. Hüququ təsis edə bilməmiş, mübahisəni, rəqabət şəraitini qura bilməmiş, bərabərliyi saxlamamış, qurumları təsis edə bilməmiş, bütün səlahiyyətləri avtoritar bir adamın ixtiyarına vermişsən və güclənmirsən, tam tərsinə.., zəifliyirsən. Bu , əslində sadəcə müsəlmanların problemi deyil. İnancı və ya ideologiyanı cəmiyyət üçün norma kimi qəbul etdirən , basqıçı, avtoritar anlayışa sahib bütün ölkələr eynilə bu vəziyyətdədir. Nə yazıq ki, müsəlmanların da hər dərdə əlac gördükləri dini izahlar, bütün bu dəyərlərin var olması üçün ən böyük əngəl olaraq qalır.
Bu tikanlığa, geri qalmışlığa səbəb olan anlayışı sorğulamadan sadəcə bağıraraq, qızaraq, dua, bəddua edərək problemlərin öhdəsindən gələcəyini sanmaq cəhalətdən başqa bir şey deyil.
Bu anlayışdan qurtulmadığı, doğru bir gücə çata bilmədikləri üçün müsəlman ölkələr hər məsələdə olduğu kimi Fələstin məsələsində də həmişə uduzan tərəf oldu. İqtidarlarını qorumaq, sürdürmək üçün ABŞ-ın, İsrailin dəstəyinə ehtiyac duyan yarımçıq siyasətçilər, toplum qarşısında Fələstin məsələsində ən sərt sözləri söyləməkdən geri çəkilmədilər. Toplumun duyğularını sümürdülər. Heç bir şey etmədən sadəcə bağırdılar, qınadılar.
Bir neçə dini danışığa, duyğu qabardan sözə alət olan cəmiyyətlər də bu istismara qol açdılar.Məsələn, cumhurbaşqanı Ərdoğan və Numan Kurtulmuş kimi AKP-li siyasətçilər “ iqtidarı bizə verin Qazzə azad olsun”, “ cumhurbaşqanlığını verin Qazzə azad olsun”, başqanlıq sisteminə “hə” deyin Qazzə azad olsun” cümlələri ilə girdikləri hər seçkidə bu mövzunu istismar etdilər. Hər dəfə istədiklərini əldə etmələrinə rəğmən Qazzə məsələsində tək bir addım atmadı, ya da atmadılar. Çünki ölkəni böyük addımlar ata biləcək, böyük bir ölkə halına gətirmək kimi bir dərdləri yoxdur. Indiyədək heç bir şey etmədilər.
Azadlığı, bərabərliyi, hüququ, vətəndaş barışığını yox edən siyasətləri, yanaşmaları, siyasət anlayışı səbəbindən , bu siyasətçilər güclü ölkə olmanın önündəki ən böyük əngəldir.
Bu ikiüzlülük, bu teatr oyunu sadəcə Türkiyə siyasətçilərinə xas deyil.
Bütün müsəlman ölkələrindəki siyasətçilər bənzər bir yolla Fələstin problemini istismar etdilər.
Və nə yazıq ki, bu günlərdə “Qüds bizimdir” deyə meydanlara axan insanlar bu zavallılığa alət olurlar.Islam ölkələrində qorxunc bir saxtalıq sürüb gedir. Hamısı nömrə, hamısı oyun. Doğru-düzgün nəticə almaq üçün bir işə girişmədən, bir şey edən kimi görünmə oyunu bu. Ən acı olan isə odur ki, oyunun fiqurlarını o ölkənin xalqları oynayır.
Bütün bunların üzərində düşünmədən meydanlara getmək, mitinqlər etmək, İsrail və ABŞ-a lənətlər oxumaq, sabah-axşam bəddua etmək özümüzü aldatmaqdan başqa bir şey deyil. Ölkəmizi , torpaqlarımızı, dəyərlərimizi, gələcəyimizi və təbii ki, inancın önəm verdiyi dəyərləri qorumaq üçün gücə ehtiyacımız var. Elm, texnologiya, fəlsəfə, sənət, təhsil, kənd təsərrüfatı… hər sahədə varlılığımızı göstərməyə ehtiyacımız var. Hesab verən bir siyasət anlayışına ehtiyac var. İşini pis görən siyasətçinin ən dindarı da olsa, çevriliş edə biləcək bir siyasi anlayışa ehtiyac var.
Qüds, dindarlıq daş atmaqla qurtarıla bilməz. ABŞ kimi güclü dövlətlərin haqsızlıqlarıyla da başa çatmaq olmaz.
Gücsüzlüyümüzə səbəb olan anlayışı görməzdən gəlib ən havalı sözlərlə Qüdsə sahib çıxmaq, İsrailə meydan oxumaq, bağırmaq, hədələr sovurmaq ikiüzlülükdən, yalançılıqdan, saxtakarlıqdan başqa bir şey deyil.
Bu anlayış tərk edilməzsə qorxuram sadəcə Qüdsü deyil, hər şeyimizi itirəcəyik".
Tarix: 12-12-2017, 09:47