“Xalqın tələbi”ilə daha altı il Kremldə....

“Xalqın tələbi”ilə daha altı il Kremldə....
ABŞ prezidenti D.Trampın Qüdslə bağlı qərarı son günlərin daha bir maraqlı hadisəsini - Rusiya prezidenti V.Putinin növbəti prezident seçkilərinə qatılacağı haqqındakı açıqlamasını bir qədər kölgədə qoysa da, hər halda, bu olay da tamam-kamal diqqətdən kənarda qalmadı.

Əslində Putinin qərarında gözlənilməz cəhət yox idi, əksinə, çox təəccüblü olardı ki, hakimiyyətdə qalmaq üçün min cür fənddən çıxan və dünyanın siyasi leksikonuna “tandemokratiya” kimi yeni “termin” gətirən Rusiya prezidenti “ali qanun”nun ona verdiyi daha bir şansdan könüllü imtina etsin. Halbuki rusların çar Boris adlandırdıqları B.Yeltsin belə hakimiyyətdən bu cür iki əllə yapışmamışdı.

Rusiya nədir və yaxud da V.Putin kimdir,- bütün bunlar hamıya yetərincə bəllidir. Dünya liderlərindən kimin daha çox diqqətdə olması, kimin daha çox müzakirə və mübahisələrə səbəb olması haqda hər hansı ciddi sorğudan məlumatlı olmasaq da, düşünürük ki, Rusiya prezidenti belələrinin sırasında ən ön cərgələrdədir.

“Putin nə etdi?” sualının da üzərində oturub-durub baş sındırmağa ehtiyac yox, çünki cavabı bəllidir: Rusiya prezidenti artıq ölkənin içinə sirayət etmiş ciddi dezinteqrasiya proseslərinə son qoydu, üstəlik də, Rusiyanı yenidən böyük geosiyasi iddiaları olan ölkəyə çevirdi və hələki onun cəmi iqtisadiyyatı, ABŞ-ın bir ştatının - tək Kaliforniyanın iqtisadiyyatı ilə müqayisəyə gəlməsə də, daha heç kim Rusiyanı regional dövlət adlandırmır, çünki Kremlin əlləri yenə çox uzaqlara uzanır...

Ona görə də əvvəldə “xalqın tələbi” ifadəsini dırnaqda yazsam da, əslində ruslar Putindən prezident olmağı nəinki tələb, hətta xahiş edirlər və başqa məsələləri bilmirəm, hər halda, xalqın rəhbərinə sevgisini dırnaqdan kənara çıxarmaq həqiqəti təhrif etmək kimi yozula bilməz.

Amma bu, nə qədər sürəkli olacaqdır, Rusiya nə vaxtadək Dünya iddialıları sırasında qərar tuta biləcək, ümumiyyətlə, Putin erası Rusiya üçün son nəticədə nələrə gətirib çıxaracaq, - bax, bunun haqqında çox ciddi düşünməyə dəyər.

Xüsusən demokratiya sarıdan ölkə dəhşətli dərəcədə axsayır. Bir ara özümüz üçün Putin Rusiyasının ideoloji-təbliğat prinsiplərini müəyyən etməyə çalışdıq və axırda onu bir rus sosioloqunun yazısında tapdıq. Bu prinsiplər sovetinkindən heç fərqlənmir.

Birincisi, istənilən alternativ informasiyanı və fikri təcrid etməyə çalışırlar. İkincisi, ən axmaq siyasi qərarlar və ən axmaq siyasət belə “çoxluğ”un adından təqdim olunur, buna opponentlik edənlər agentlər, “beşinci kolon” adlanırlar...

Sovet çağından fərq yalnız ondadır ki, onda alternativ düşüncəli insanları həbs düşərgələrinə göndərir və yaxud da güllələyirdilər, indi isə belələrini marginal şəxslərə, ictimai “izqoy”lara çevirirlər...

Amma adda-budda alternativ fikir də cəmiyyətə yol tapa bilir. Məsələn, bir çox rusiyalı politoloqlar və iqtisadçılar ciddi şəkildə ikinci “perestroyka”nın vacibliyindən yazırlar. Düşünürük ki, onlar haqlıdırlar.

Bir haşiyə çıxaraq deyim ki, D.Trampı tənqid etmək üçün əsaslar çoxdur. Amma dedikləri tamam məntiqsiz də deyil. Tramp deyəndə ki, ABŞ üçün indi əsl rəqib, məsələn, Çindir və ABŞ öz içinə diqqətini artırmalıdır - o, həqiqətən də haqlı görünür, çünki ABŞ-ın geosiyasi gücü və qüdrəti onun möhtəşəm iqtisadiyyatının nəticəsidir və Yeni Dünya ilk olaraq bu müstəvidə liderliyini qorumağa çalışmalıdır.

Həmin müstəvidəsə artıq ABŞ-la rəqabət aparmaq gücündə dövlətlər meydana çıxmaqdadır, biri də, məsələn, Çindir...

Xoşbəxtlikdən Kreml ideoloqları bunu düşünmür və anlamırlar ki, böyük geosiyasi iddialar qüdrətli iqtisadiyyat tələb edir və sirr deyil ki, Rusiyanın geosiyasi iddiaları iqtisadi gücü ilə uzlaşmır və sovetlərin vaxtında olduğu kimi, bir gün ölkə ikinci dəfə çökəcək və onda ikinci “perestroyka” labüd olacaq.

Hələki ruslar eyforiyadadır və Putinə sevgi də aşıb-daşır: Krım qaytarıldı, Rusiya Suriyada ABŞ-ı üstələyərək dırnaqlarını Yaxın Şərqə ilişdirə bildi. Trampın Qüdslə bağlı qərarından sonrasa şanslarının bir az da artıdığını zənn edirlər.

Trampın qərarı isə elə məsələdir ki, adam tərəddüd içində qalır. Bir tərəfdən düşünürsən ki, böyük siyasətdə də bəzən “Qordiy düyünü”nü kəsməkdən savayı yol görünmür.

Amma həm də fikirləşirsən ki, Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ABŞ Yaxın Şərqdəki qapıları öz arxasınca həddindən bərk çırpmadımı?..

Dedik ki, ruslar bu qərarın da onların şansını artırdığını düşünür. Halbuki özləri də elə bu ilin aprelində Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımışdılar. Deməli, ortaqlıqda yarımşəhərin söhbəti var ki, hətta ABŞ üçün də geriyə yol saxlayır...

Hüseynbala Səlimov
Tarix: 12-12-2017, 10:22
Xəbəri paylaş





Xəbər lenti