Siranuş Papayan
LRAGIR
13 dekabr 2017
Həmsöhbətimiz polittexnoloq Armen Badalyandır.
– Karen Karapetyan baş nazir vəzifəsində qalmayacağına görə Ermənistanda daxili siyasi trendlərin dəyişəcəyini iddia etmək olarmı?– Hesab edirəm ki, bu məsələdə xarici güc mərkəzlərinin Ermənistan hökumətinə təsiri çox böyükdür. Məhz onlar baş nazirin qalıb qalmayacağına qərar verəcək. Onun qalacağı ilə bağlı qərar daha az ehtimal olunduğu üçün müəyyən proseslər gedir: Rusiyanın Ermənistan hökumətinə təsiri hiss olunmadan azalır, Qərbin təsiri isə artır. Ancaq indi kimin – Rusiyanın, yoxsa Avropanın fikrinin həlledici olacağını deyə bilmərik.
– AB ilə sazişin imzalanması prosedurunu Serj Sarkisyan şəxs həyata keçirib. Bunu nəzərə alsaq, 2018-ci ildə Sarkisyanın Qərbin dəstəyini qazanacağını söyləmək olarmı? Belə olduğu təqdirdə Rusiyanın reaksiyası necə olacaq?– Noyabrın 24-ü prezident AB ilə saziş imzalayıbsa, onun gələn ilin apreli baş nazir postunu tutmaq üçün birmənalı şəkildə Qərbin dəstəyini qazanacağını iddia etmək olmaz. Qəddafi də Avorpada təntənəli qəbullara layiq görülüb, ancaq lazım olduğu anda Avropa ölkələri onu devirib və onun qətlində iştirak ediblər. Ona görə Avropa ilə yaxşı münasibətlər hələlik heç nə demək deyil.
Apreldə hökumətdən tamamilə başqa namizəd lazım ola bilər. Gəlin unutmayaq ki, 2018-2019-cu ildə Ermənistan xarici borcun ödənilməsi üçün böyük vəsait sərf etməli olacaq: 2018-ci ildə təxminən 500 milyon dollar, 2019-cu ildə isə təqribən 1 milyard dollar. Büdcədə isə belə bir məbləğ yoxdur. Bu, o deməkdir ki, Ermənistan Qərblə siyasi sazişə gedə bilər. Qərb isə öz növbəsində Ermənistan-AB sazişini implemantasiya etməyə hazır olan şəxsin baş nazir olmasını və imitasiya rejimindən çıxmağı tələb edə bilər.
Rusiyanın reaksiyasına gəlincə, mən də Rusiya telekanallarında yayımlanan tok-şoular zamanı onların ermənilərin ünvanına təhqiramiz ifadələrə yol verdiklərinə şahid olmuşam. De-yure bunu söz azadlığı adlandırmaq olar. De-fakto isə aydındır ki, insanlar yuxarının birbaşa göstərişi, səssiz razılığı olmadan belə bir addım ata bilməz. Hərçənd, onlara diqqət yetirmək lazım deyil.
Bu, təbii haldır. Belə ki, Ermənistan AB ilə saziş imzalayıb. Sonuncu isə Rusiyanı arzu olunan tərəfdaş qalsın bir kənara, hətta rəqib kimi nəzərdən keçirir. Və Ermənistanın AB ilə istənilən yaxınlığı Rusiyanın neqativ reaksiyasına səbəb ola bilər. Üstəlik, onlar bunun sonuncu saziş olmadığını başa düşürlər və belə bir sazişin ABŞ ilə imzalanacağı istisna edilmir. Bu isə o deməkdir ki, Qərbin Ermənistana təsiri artacaq. Ta ki ölkə tamamilə Qərbin nəzarəti altına düşənədək. Bu isə o deməkdir ki, Cənubi Qafqaz Rusiyanın təsir zonasından kənarda qalacaq.
Rusiya bu trendləri müşahidə edir. Və başa düşür ki, Ermənistan Qərbə borcludur, ölkə borclarını ödəməlidir, AB borcu siyasi ticarət predmetinə çevirə və hakimiyyətə qərbyönlü siyasətçini gətirə bilər. Bu isə Ermənistanın Rusiyanın təsir zonasından çıxmasını sürətləndirəcək. Çünki Moskva Ermənistanın borclarını ödəmək fikrində deyil.
– Yəni, Ermənistanda fors-major yalnız xarici qüvvələrin təsiri altında baş verə bilər? Daxili qüvvələr buna səbəb ola bilməz?– Fors-major olmayacaq, bu, normal siyasi prosesdir. Daxildən hərəkat gözləməyin. Cəmiyyət 90-95-ci illərdən ölüb. Yoxsulluq, həmçinin emiqrasiya tempi yüksək səviyyədədir, kiçik və orta sahibkarlıq yoxdur. Və cəmiyyətin hələ canlı olan 10 faizlik seqmenti Qərbə meyl edir. Rusiya da başa düşür ki, Ermənistanda rusiyayönlü kütlə yoxdur. Ermənistan-AB sazişini tənqid etmək üçün heç bir fürsəti əldən verməyən rusiyayönlü siyasətçilər var, ancaq onlar sosial qruplara təsir edə bilmir. Qərbyönlü kütlə isə, düzdür hələlik formalaşmayıb, ancaq onlar müəyyən addımlar ata bilər.
Ermənistanda fors-majora səbəb olmaq və ya hakimiyyəti dəyişmək üçün əlbəttə, 10 faiz azlıq edir. Lakin Rusiyada başa düşürlər ki, Ermənistan-AB sazişində qeyd olunan islahatlar həyata keçirilsə, onda bu 10% tezliklə 90%-ə çevriləcək. Eyni zamanda Rusiyanın təsiri azalacaq. Və “Qızılgül inqilabı” zamanı Saakaşvilinin etdiyi şey olacaq: cəmiyyətin meyli Qərbə tərəf dəyişəcək. Ona görə ruslar Ermənistan-AB sazişini belə ağrılı qarşılayır. (Xpress)
Tarix: 13-12-2017, 20:57