Təğyiri-libas olub islahatçı rolunda səhnəyə çıxan nazirin - Dosyesi

Təğyiri-libas olub islahatçı rolunda səhnəyə çıxan nazirin - Dosyesi
Səlim Müslümov...Bu ad İsmayıllı qiyamından sonra hakimiyyətdən qovulmuş Füzuli Ələkbərovun yerinə təyinat alanda populyarlaşdı.

Anaxeber.Az yazır ki, Azərbaycanın ən yaralı-xoralı yeri olan sosial sektorun, əhalinin sosial müdafiəsinin çoxdan müdafiəsiz və hücuma məruz qaldığı, rüşvət içində çabalayan bu sahənin dirçəldilməsinin, şəffaflaşmasının qeyri-mümkünlüyü iki üstəgəl iki qədər sadə idi.
Qarabağ, Çernobıl əlilləri, şəhid ailələri, köçkünlər, aztəminatlı ailələr, fiziki qüsurlu insanlar, pensiyaçılar, sosial ünvanlı yardıma göz dikən minlərlə kasıb evlər Ələkbərovdan sonrakı dönəmin necə olacağını maraqla gözləyirdi.

Əslində, “qiyamçı oğul”un atasının nazir vəzifəsindən çıxarılmasından ardınca yerinə gələn Səlim Müslümov bu sahəyə yad kadr deyildi.
Dövlət Sosial Müdafiə Fondundan nazirliyə gətirilən S.Müslümovun kifayət qədər peşəkar məmur olması ona müəyyən ümidlər yaratmışdı.
Yuxarıda adı çəkilən zümrələr də güman edirdilər ki, təğyiri-libas olub islahatçı obrazında səhnəyə çıxan təzə nazir saxta əlillik dərəcələri, VTEK-lərdə rüşvətxorluq, sağlam insanlara pensiya, xəstələrə təqaüd verilməsində süründürməçilik, ünvanlı sosial yardımın kəsilməsində 6 ay prinsipinə son qoyacaq.
Ölkənin ürək-damar sistemi olan sosial təminat sektoru birinci dərəcəli müalicəyə ehtiyacı olan sahə idi.
Ona görə də ilk vaxtlarda F.Ələkbərovun kadrlarını işdən azad etməklə, mətbuatın qarşısına şəstlə çıxıb müsahibələr verməklə, vaxtilə ANS-də Mirşahinə “rüşvətin kökünü kəsəcəyik” deməklə az qala Saakaşvili, reformist görkəmi yaratmışdı.
Ancaq çox çəkmədi ki, onun reputasiyası öz fəaliyyətinin nəticəsi olaraq “sabun köpüyü” kimi dağıldı və əslində “gözü kül üfürmək”lə məşğul olduğu aydınlaşdı.
Axı əvvəldən məlumu idi - təpədən dırnağa qədər rüşvətə, saxtakarlığa bulaşmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yerlərdəki şöbələri heç zaman şəffaf fəaliyyət göstərə bilməz.

Səbəbini soruşsanız çox sadə izahı var - böyük pullar, korrupsiya, bulağı qurumayan rüşvət axını...
Əlbəttə, nazirlik yenə sual edə bilər, harda rüşvət, şikayət var, göstərin araşdıraq. Ancaq heç bir yeni fakt təqdim etməyə hacət yoxdur.
Açsınlar qəzetləri, saytları, nazirliyin elektron poçtuna gələn müraciətləri, qəbul otağında günlərlə növbədə gözləyən, ümidləri puç olan, rayonarda şöbə müdirlərinin qapılarından qovulan, təhqir edilən vətəndaşların məktublarına baxsınlar, yüzlərlə fakt şahidi olacaqlar.
Elə son olaraq Gədəbəydə icra başçısının da iştirakı ilə müharibə veteranı olmayanlara nazirlik tərəfindən veteranlıq bileti satılması ittihamlarının prokurorluqda araşdırılmasını xatırlatmaq kifayətdir.

Odur ki, S.Müslümovun F.Ələkbərovu əvəzləməsi fiqurların dəyişməsindən başqa heç bir mahiyyət kəsb eləməyib.

Anaxeber.Az yazır ki, S.Müslümovun rəhbərlik etdiyi sahənin çoxşaxəli olması saysız-hesabsız nöqsanların ortaya çıxması baxımdan anlaşılan ola bilərdi.
Ancaq 2013-cü ildən bəri nazir vəzifəsində olan S.Müslümov 4 ildə ölkənin sosial müdafiə sistemində heç bir yenilik, müsbət islahatlar həyata keçirməyib. Əksinə, pensiya yaşı qaldırılıb, sosial müavinətlərin kəsilməsinə hazırlıq başlanıb.
Halbuki, Avropa dövlətləri sosial idarəçiliyə üstünlük verirlər, sosial proqramları artırırlar, vətəndaşların rahatlığı üçün mürtəce deyil, humanist qanunlar, dəyişikliklər qəbul edirlər.
Hər halda S.Müslümov Avropa dövlətlərində səfərlərdə olub və onların sosial siyasət sahəsindəki təcrübəsindən nələrisə öyrənib. Amma nazirimizin əməlləri Avropada öyrəndiklərinin tərs mütənasibidir.
S.Müslümovun sayəsində əlillərin, aztəminatlı ailələrin, sosial yardım alanların dövlətin bu imtiyazlarından, yardımlarından istifadə etmək imkanları məhdudlaşdırılıb.
İndi sosial yardım almaq da olmur, elektron müraciət isə lotoreya kimi bir prosesdir. O halda S.Müslümov və kadrları, nazirliyin şöbələrində işləyənlər nə ilə məşğuldurlar?
Elə bu yaxınlarda deputat Zahid Oruc da nazirə ithafən bildirmişdi ki, Qarabağ əlillərinin vəziyyətini dərk etmək üçün nazir müavinlərindən biri cəbhə xəttinə getməli və səngərdə yaralanıb əlil olub qayıtmalıdır.

Sadəcə, ƏƏSMN və onun rəhbər şəxsləri pafoslu çıxışlarla islahatlar həyata keçirdiklərinin imitasiyası ilə məşğuldurlar.
Səlim Müslümovun DSMF-dəki fəaliyyəti dövründə DSMF-də çoxlu yeni terminlər yaranmışdı: "ölü canlar”, "yalançı təqaüdçülər”, saxta əlillik pensiyası və s. kimi.
Səlim Müslümov ilk olaraq 1999-cu ildən başlayaraq pensiya yaşını qadınlar üçün 55-dən 57-yə, kişilər üçün 60-dan 62-yə qaldırmağa nail oldu.
Bunu ona görə etdi ki, qurduğu korrupsiya şəbəkəsinin vintləri olan işçiləri tərəfindən o qədər saxta yolla pensiya təyin olunmuşdu artıq plan artıqlaması ilə dolmuşdu.
Lakin hətta baxmayaraq ki, pensiya yaşı artırıldı Səlim Müslümovun korrupsiya aparatı yeni saxta pensiyaçılar "istehsal” etməyə daha sürətlə davam edirlər.
Ünvanlı sosial yardımın təyinat müddətini 1 ildən 2 ilə qaldırdı. Bununla onun yerlərdəki işçiləri başladılar rahat şəkildə kasıb insanların 2 il müddətinə təyin olunan yardımlardan 8-9 ayın pulunu mənimsəyərək Nazirlikdə qurulan korrupsiya şəbəkəsinin başçısı Əjdər Cəbiyevə ötürməyə.
Pul aldıqlarına görə kimə gəldi yardım təyin etdilər. Nəticədə planı artıqlaması ilə doldurduqlarından başladılar həqiqətdə yardıma ehtiyacı olanlara yardım təyin etməmək üçün əngəllər yaratmağa. Bu isə bu təbəqədən olan insanlarda haqlı narazılıqlar yaratdı.
Anaxeber.Az yazır ki, S.Müslümovun fəaliyyətindən əlavə bioqrafiyası da son vaxtlar mətbuatda diqqət çəkir.
Nazirin keçmişi haqda heyrətamiz iddiaları ortaya çıxması geniş müzakirələrə və sosial şəbəkələrdə reaksiyalara səbəb olub.
Səlim Müslümovun keçmişi çox maraqlıdır. Hazırda müxtəlif saytlarda – reportyor.org, 24saat.org və s. portallarda yayılan məlumata görə, o, nazir olmamışdan əvvəl Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib.
Bu vəzifəyə isə həbsdən azad olduqdan sonra təyin edilib. Bəli, düz oxudunuz, heç bir yerdə sözü keçməsə də, Səlim Müslümov əslində, 6 ay həbsxana təcrübəsinə malikdir.

Doğrudur, onun günahkar olub-olmadığını detalınadək bilməsək də, hesab edirik ki, cənab Müslümovun bu məsələni israrla ört-basdır etmək istəməsi, keçmişində utanılacaq xatirələrin olmasına işarədir.
Məlumata görə, S. Müslümov həmin vaxt, yəni, 2000-ci ildə Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.
Onun həbsə düşməsi isə Azərbaycan Əmanət Bankından (indiki KapitalBank) milyonlarla pulun “yoxa” çıxması ilə əlaqədar olub.
O dönəmdə Səlim Müslümovla birgə sözügedən bankın Səbayel fililalının rəhbəri Bəşər Hacıyev da həbs edilmişdi. Hətta bu məsələyə görə Samir Şərifovun da başı ağrıyıb. Onun Beynəlxalq Bankın keçmiş sədri Elmar Məmmədovla açdığı şərikli bank Azərbaycan Əmanət Bankından pulların müxtəlif sxemlərlə nəğdləşdirmə əməliyyatında iştirak etdiyinə görə bağlanıb.
Sözügedən maliyyə maxinasiyasına görə, Bəşər Hacıyev uzun müddətli həbsə göndərilib; Səlim Müslümov isə qısa zaman kəsiyində azadlığa buraxılıb.
Bəzi məlumatlara görə, Səlim Müslümovun azadlığa çıxmasında o zaman Dövlət Gömrük Komitəsinin sədri, indisə fövqəladə hallar naziri vəzifəsində işləyən Kəmaləddin Heydərovun müstəsna xidmətləri olub.
Səlim Müslümov azadlığa buraxıldıqdan sonra isə yenə də Kəmaləddin Heydərovun dəstəyilə yüksək vəzifəyə – Dövlət Sosial Müdafiə Fondunun sədri, daha sonra indiki vəzifəsinə təyin olunub.

Cumhuriyyet.az-ın yazdığına görə, Rusiyanın Kazan şəhərində doktorluq disertasiyası müdafiə edən o zamankı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun “Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları” adlı elmi işinin plagiat olması haqda xəbər yayılmışdı.
Məlumatlarda bildirilirdi ki, Səlim Müslümovun doktorluq desertasiyası Rusiya Federasiyasının Maliyyə Nazirliyində, Dövlət Maliyyə Nəzarəti, audit və mühasibat şöbəsinin direktoru, iqtisadiyyat elmləri doktoru, professor Leonid Şneidmanın elmi işinin plagiatıdır və Səlim Müslümov həmin elmi işinin plagiat olduğunu yaxşı bildiyindən leb.nlr.ru/edoc/179285/ ünvanında yerləşdirilmiş disertasiyasına “müəllif hüquqları qorunur” adı altında baxmağa yasaq qoydurub. Bütün bu məsələlər barədə nazirliyin rəsmi cavabını dərc etməyə hazırıq.

Anaxeber.Az
Tarix: 14-12-2017, 09:38
Xəbəri paylaş





Xəbər lenti