Politoloq: “Biz torpaqlarımızı azad etməyin digər yollarını fikirləşməliyik”
“Qüds məsələsində ABŞ-ın vasitəçilk missiyası şübhə altına alındı və tərəflərdən biri artıq bununla bağlı konkret fikir bildirdi”.
Politoloq Qafar Çaxmaqlı İran prezidenti Həsən Ruhaninin ABŞ-ın İsrail-Fələstin münaqişəsindəki fəaliyyəti barədə mövqeyini “Yeni Müsavat”a şərh edərkən bunları bildirdi. Qeyd edək ki, Ruhani Qüds müzakirəsi keçirilərkən twitterdəki səhifəsində Vaşinqtonun siyasətini tənqid edib. Bildirib ki, ABŞ Yaxın Şərqdə heç vaxt ciddi vasitəçi olmayacaq. “ABŞ-ın Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması barədə qərarı Fələstin tərəfinin hüquqlarına hörmətsizlikdir və Birləşmiş Ştatların Yaxın Şərqdə sülh prosesində heç vaxt ciddi vasitəçi ola bilməyəcəyini sübut edir”-Ruhani qeyd edib.Məsələnin bizi narahat edən tərəfi odur ki, H.Ruhaninin ciddi vasitəçi saymadığı ABŞ ATƏT-in Minsk Qrupunun həmsədridir və biz illərdir bu ölkədən ədalətli qərar gözləməkdəyik. Belə bir yanaşma o zaman ortaya çıxıb ki, Azərbaycan da həmsədrlərin fəaliyyətindən ciddi şəkildə narazıdır. Xüsusilə də daha çox gözlədiyimiz ABŞ-ın xarici siyasətindəki prioritetləri sırasına Qarabağ məsələsini aid etməməsi faktı var. Hətta 2018-ci ildə həmsədrlərin tərkibinin dəyişdiriləcəyi barədə ehtimallar da səslənir. Xüsusilə də Rusiya- Türkiyə münasibətlərinin yaxşılaşması fonunda ABŞ-ın həmsədrlikdən uzaqlaşdırılması də Ankaranın prosesdə aktiv iştirakına yaşıl işıq yandıra biləcəyi barədə nikbin gözləntilər mövcuddur. Xüsusilə də Minsk Qrupu həmsədrlərinin bu yaxınlarda Ankaraya gedərək Türkiyə XİN-də görüş keçirmələri bu ehtimalları ciddiləşdirir.
Qüds məsələsindən sonra qeyri-ixtiyari belə bir narahatlıq ortaya çıxır ki, günün birində Qarabağla bağlı da bənzər situasiya yarana və ABŞ-ın Qarabağın “müstəqilliyini” tanıması ilə bağlı qərarı ortaya çıxa bilər.
ABŞ-ın öz etibarını itirməsi barədə fikirlərdən bəhs edən Q.Çaxmaqlı bildirdi ki, bununla bağlı narahatlıqlar əsassız deyil: “Qüds məsələsi Azərbaycan üçün bir təcrübədir. Onsuz biz də Qarabağ danışıqlarında həmsədr ölkələrin tutduqları mövqedən narazıyıq. Rusiya Ermənistanın strateji ortağıdır, Fransa açıq şəkildə erməniləri müdafiə edir. Hətta mən xatırlayıram, rəhmətlik Heydər Əliyevin vaxtında Fransanın başqa bir Minsk Qrupu üzvü olan Almaniya ilə əvəzlənməsi tələbləri vardı. ABŞ-ın nə dərəcədə bu prosesdə tərəfsizliyini bu illər ərzində görmüşük. Onun işi bu məsələdə Rusiya ilə rəqabət aparmaq olub ki, kim daha çox üstünlük əldə edəcək. Onsuz da bu ölkələrin yekdil olmasa da, burada yaşayan erməni əhaliyə öz müqəddəratını təyin etmə haqqı vermək məqsədi var, buna görə danışıqlar prosesi dalana dirənib. Amerika onsuz da bizim sözümüzü demir və günün birində istədiyini qəbul etdirmək üçün Qüdsdə tutduğu mövqeyə uyğun bir addım ata bilər. Təsadüfi deyil ki, ABŞ-ın bəzi ştatları ”Dağlıq Qarabağ Respublikası" deyilən heç kəsin tanımadığı separatçı qurumu tanıyıb. Bu proses davam etdirilir. Günün birində Amerika dövləti də bunu edə bilər. Erməni lobbisi də bu ölkədə yəhudilər qədər olmasa da təsiredici gücə malikdir". Politoloq hesab edir ki, Türkiyənin Amerika ilə əlaqələrinin pozulduğu indiki dövrdə Amerikanın Azərbaycana da münasibətinin dəyişəcəyi istisna deyil: “Mən hər zaman bu fikirdəyəm ki, Minsk Qrupunun həmsədr dövlətləri, içi Amerika qarışıq, Dağlıq Qarabağın Azərbaycanın əlindən alınmasına çalışıblar. Siyasi durum bu ölkələrin vasitəçiliyindən imtina etməyə hələlik imkan vermir. Amma şərait yetişsə, biz bu vasitəçilkdən imtina etməliyik. Qarabağ məsələsinin sülh yolu ilə həllini mümkünsüz edən faktorları sadalasaq uzun söhbət alınar. Biz torpaqlarımızı azad etməyin digər yollarını fikirləşməliyik”.
Belə yanaşmalar var ki, Türkiyə və Azərbaycan da öz növbəsində İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin Ermənistanın işğalçı siyasətinə qarşı belə bir konfrans çağırmalıdır. Bunu newscenter.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. “İslam ölkələri, başda Səudiyyə Ərəbistanı olmaqla, Azərbaycana dəstək verəcək. Qüdslə bağlı İstanbula gedən İran prezidenti Həsən Ruhani isə Ermənistana qarşı belə bir konfransa qatılmaz. Burada İran Ermənistanla həmrəylik nümayiş etdirər. İran və Səudiyyə Ərəbistanının siyasətinə fikir versək, iki ölkə müsəlman ölkəsidir, İslam liderliyinə iddia edirlər. Səudiyyə Qüds məsələsində İsrailin, İran isə Qarabağ məsələsində Ermənistanın yanındadır. Səudiyyə Ərəbistanı isə Ermənistanın işğalçı siyasətinə qarşı Azərbaycanın yanındadır”-ekspert deyib.
Q.Çaxmaqlı da öz açıqlamasında bildirdi ki, Qarabağla bağlı İslam ölkələrinin bir araya gəlməsini, Ermənistanın işğalı ilə əlaqədar vahid mövqeyin ortaya qoyulmasını zəruri sayır: “İndiyə qədər biz müsəlman dövlətlərinin gücündən istifadə etməmişik, yəqin çəkinmişik ki, ona dini don geyindirərlər. Amma əgər bir ölkənin ərazisi işğal olunubsa və bu təcavüz davam edirsə, İslam birliyinin buna biganə qalması anormaldır. İslam ölkələri Ermənistana çox böyük təzyiqlər göstərə bilərlər. Potensial var. İslam Əməkdaşlıq Təşkilatının İstanbul zirvəsi bəzi ölkələri təşvişə saldı, həm də İslam həmrəyliyi üçün imkanlar açdı. O imkanı dəyərləndirməliyik. İƏT-in belə bir konfransının keçirilməsi ideyası gerçəkləşərsə, onun faydalı olacağını düşünürəm. Ümumiyyətlə, biz alternativ variantlar fikirləşməliyik. Minsk Qrupu bu məsələnin həlli yox, uzadılması üçün bir fəaliyyətdir”.
Bizə proseslərin sonrakı gedişatını gözləmək qalır. Hələ ki cəbhədə gərginlik davam edir, 14 dekabrda ordumuzun şəhid verməsi də vəziyyətin danışıqlar yolu ilə həllinin mümkünsüz olduğunu təsdiqləyir. Belə görünür qarşıdakı dönəmdə heç vasitəçiyə də ehtiyac qalmayacaq və son sözü silahlar deyəcək.
Elşad PAŞASOY
Tarix: 15-12-2017, 10:07