İrina Corbenadze
rosbalt.ru, 15.12.2017
RF XİN başçısı Sergey Lavrovun məlumatına uyğun olaraq Xəzər dövlətləri, nəhayət, dənizin statusu haqda anlaşmaya gələ bilib və “faktiki hazır olan” müvafiq konvensiya layihəsi ümid etməyə imkan verir ki, iyirmi ildən artıq uzunmüddətli müsahibə yekunlaşmağa yaxındır – nifaq alması, demək olar, axıra kimi yeyilib. Onun son "tikəsi" gələn il Astanaya toplaşacaq və artıq “Xəzər konstitusiyası” adlanan konvensiyanı təsdiq edəcək Xəzər dövlətləri başçılarının “çərəz”inə saxlanıb. Ayrıntılar hələlik elan olunmur, amma artıq məlumdur ki, Xəzər dövlətləri ən önəmli məsələni uzlaşdırıblar – dəniz sektor prinsipylə, həm də həmişəlik bölünəcək.Xatırladaq ki, Xəzər dənizi dünyada ən böyük qapalı göldür. Bu, ən böyük axarsız göldür, lakin son dərəcə böyük ölçüsü səbəbindən – tam 371 min kv.km sahəsi var – dəniz kimi təsnif olunur. Dünyanın əsas nərə balığı və balıqların digər qiymətli növlərinin ehtiyatı orada cəmləşib. Amma başlıcası, onun proqnozlaşdırılan karbohidrogen ehtiyatları – neft və qaz – 18-20 milyard ton şərti yanacaq kimi qiymətləndirilir, yəni, ehtiyatlar üzrə Fars körfəzindən sonra ikinci yeri tutur.
İran qaynaqlarına əsasən, burada tam 50 milyard barrel neft və 260 trilyon kubikfuta yaxın təbii qaz var. Təəccüblü deyil ki, Xəzər bölgəsinə xeyli göz və ən müxtəlif, daha çox davakar maraqlar tuşlanıb.
Sovet dönəmində Xəzər dənizinin, haradasa, 83%-i SSRİ-yə, qalanı İrana məxsus idi. “İmperiya”nın çöküşüylə Xəzərin iki əvəzinə beş sahibi – Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan meydana çıxıb və hər biri öz payına iddia edir. Tərəflər bunun necə olmalı olduğu məsələsində 20 ildən çox dartışıb, danışıqların 49 raundunu keçirib, amma “araba” əsasən beş bərabər sektorun yaradılmasında israr edən, yəni, dənizin 20%-ə iddialı olan İrana görə yerindən dəbərməyib.
Türkmənistan da oxşar siyasəti izləyib. Lakin ehtimal ki, güvənlik maraqları və dənizdən münaqişəsiz istifadə imkanı üstün gəlib və Xəzərin beş dövlətinin hamısı onun sektor prinsipiylə bölünməsinə razılaşıb. Hətta İran xarici işlər naziri Məhəmməd Cavad Zərif təsdiqləyib ki, xarici hərbi qüvvələrin Xəzərdə yerləşməsinə yol verməmək Xəzəryanı dövlətlərin uzlaşdırdığı məsələlər siyahısındadır. Yəni, konvensiya təsdiq olunsa, “bölgədənkənar” deyilən oyunçular dənizdə olmayacaq, İran və Rusiya buna nail olmağa çalışırdı.
Məlum olduğu kimi, Birinci donanma burada üstündür və Suriyanın timsalında artıq öz imkanlarını sərgiləyib. Rusiyanın Xəzərdəki qonşularıyla silahlı münaqişəyə girə biləcəyindən şübhələnməyə hələlik səbəb yoxdur, lakin güman etmirəm ki, onlar dənizdə Moskvanın maraqlarına ziyan vuran və yaxud Xəzərin təhlükəsizliyini təhdid edən layihələri gerçəkləşdirməyə risk edərlər. Onun üçün isə güvənlik birinci dərəcəli mühüm məsələdir, çünki bölgə qaynar nöqtələrə yaxındır.
Bir sözlə, konvensiya üzrə anlaşmanın əldə edilməsini böyük irəliləyiş saymaq olar, amma sənəd hələ təsdiq olunmayıb. Lakin uzlaşdırılmış “konstitusiya” layihəsinin varlığı geopolitik və geoiqtisadi marağın sürətlə artdığı Xəzərdə fəaliyyət legitimliyi üçün ilkin şərtlər yaradır. Özü də təkcə karbohidrogen zənginliyi, nəqliyyat-logistika kontekstində deyil, həm də dünyanın aparıcı dövlətlərinin toqquşan maraqları baxımından.
Konsepsiya qəbul edilsə, transmilli şirkətlər Xəzərdə onun qaydaları üzrə oynamalı olacaq. Bu, bəzilərini pərt edir, amma başqaları yatırımların zəmanətli müdafiəsi ilə işləmək imkanı əldə edəcəklər ki, bu da təkcə neft-qaz korporasiyalarını deyil, həm də logistika şirkətlərini bölgəyə cəlb edəcək. Xüsusən də Avropaya çıxan yeni Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsi və Xəzər hövzəsi dövlətlərin limanlarının imkanları nəzərə alınmaqla. Belə ki, bu dəniz nifaq deyil, tam şəkildə “əməkdaşlıq dənizi” ola bilər.
Lakin, çətin ki, Xəzər dənizi dövlətləri arasında münaqişələr imkanını kimsə əminliklə inkar edə bilər. Başlanğıc üçün dənizin dibiylə Transxəzər boru kəmərinin inşası mübahisə predmeti ola bilər – Türkmənistan öz təbii qazının Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya ixracatı ideyasını çoxdan fikrində tutub və söhbət ildə 40 milyard kubmetr yanacaq tədarükündən gedir. Aşqabad sualtı boru kəmərinin inşasına əsaslı şəkildə hazırlaşıb – artıq öz ərazisində yerüstü uyğun infrastruktur quraşdırıb. Lakin Rusiya və İran əleyhinə çıxış edir – guya, ekoloji güvənlik təsəvvürləri ucbatından. Lakin konvensiya qüvvəyə mindikdən sonra RF səsdən məhrum olacaqsa da, Türkmənistan bu məsələdə Azərbaycan və İranla hesablaşmalı olacaq. Çox ehtimal ki, İrandan rədd cavabı alacaq, Azərbaycanın planlarını isə proqnozlaşdırmaq çətindir. Bir tərəfdən, Türkmənistan Avropaya qaz tədarükündə onun üçün ciddi rəqib ola bilər, digər tərəfdən Gürcüstan üzərindən Türkiyəyə 16 milyard kubmetr yanacaq ixracatı planlaşdırılan Cənubi Qafqaz boru kəmərinin doldurulması üçün ona öz qazı bəs etməyə bilər. 6 milyard kubmetr Türkiyənin, 10 milyard Avropanın ehtiyacı üçün nəzərdə tutulur.
Bundan başqa, mühasiəli yataqlar problemi hələ də açıq qalır və Azərbaycan-Türkmənistan, İran-Azərbaycan münasibətlərinin perspektivləri bir çox baxımdan bunun həllindən asılıdır.
Buna baxmayaraq, Xəzər konvensiyası üzrə anlaşma bütün iştirakçılara sərfəlidir. Rusiya və İran öz geopolitik, qalan üç “oyunçu” isə iqtisadi iddialarından məmnun olacaq.
Qeyd edək ki, RF baş naziri Dmitri Medvedyev keçən ay ilkin anlaşmaların əldə edilməsinə yaxın düz vaxtında Xəzər hövzəsində Rusiya dəniz limanlarının və onlara avtomobil girişinin 2030-cu ilədək inkişaf strategiyasının təsdiqi haqda sərəncam imzalayıb. Yəni, Rusiyanı da təkcə geopolitik deyil, həm də yükləri rəqiblərin əlindən almaq və Şimal-Cənub Rusiya-İran dəhlizinə cəlb etmək cəhdiylə nəqliyyat-logistika maraqları hərəkətə gətirir. Ancaq burası da var ki, bu da siyasətdir.
Konvensiyanın qəbulu Azərbaycana Xəzər bölgəsinin tamdəyərli nəqliyyat qovşağına transformasiya vəd edir – nəzərə alaq ki, ən azı, ixracat neft-qaz kəmərlərinin varlığı, Bakı limanının imkanları və Türkiyəyədək yeni dəmiryolu. Yada salaq ki, onun Rusiya və Qazaxıstanla dəniz dibinin bölünməsi haqda müqaviləsi artıq var. İndi İran və Türkmənistan növbədədir.
Konvensiya Qazaxıstan üçün də faydalıdır – ona yeni nəqliyyat və tranzit imkanları açacaq. Əslində, eyni sözü dəniz üzrə başqa qonşular haqda da söyləmək olar.
Ümumiyyətlə, Xəzərin “konstitusiya”sıyla bağlı uğurlu nəticə hazırda dövlət başçılarından – dənizin “sahibləri”ndən asılıdır. Xəzər başağrısı yenidən başlansa, bölgənin inkişafını, başlıcası isə güvənlik məsələsinin həllini uzun müddətə əngəlləyəcək.
Tərcümə Strateq.az-ındır.
Tarix: 15-12-2017, 20:39