Qarabağ üçün kritik bir ay: Nazir nəyə eyham vurdu?

Qarabağ üçün kritik bir ay: Nazir nəyə eyham vurdu?
Məhəmməd Əsədullazadə: “Mümkündür ki, bundan sonra danışıqlar fərqli istiqamətdə aparılsın”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsindən danışıb. “News.az” saytına açıqlama verən nazir jurnalistin “Ermənistanlı həmkarınız Vyana görüşündə Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına qoşulmadığını deyir. Bu barədə fikirlərinizi öyrənmək istərdik?” sualına cavabı belə olub: “Çox qəribə səslənir. Mənim kimi Ermənistan xarici işlər naziri də həmsədrlərin bəyanatına müəyyən redaktələr etməyə çalışdı, amma sonra o da Ermənistanın bu bəyanata qoşulmasından imtina etdi. Dövlət başçıları səviyyəsində bu ilin oktyabrında keçirilmiş Cenevrə görüşündən sonra mövcud danışıqların ruhuna və mahiyyətinə, danışıqlar masasında olan təkliflərə zidd bir formada onu şərh edən tərəf də məhz Ermənistan oldu”.


E.Məmmədyarovun sözlərinə görə, Vyana görüşünündən sonra razılıq əldə olundu ki, gələn ilin yanvar ayının ortalarında xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli üzrə intensiv, konkret və substantiv danışıqlar davam etdirilsin: “Bir aydan sonra biz Ermənistanın danışıqlarda nə dərəcədə ciddi şəkildə iştirak etdiyini görəcəyik və nəticə etibarilə, hansı istiqamətə doğru gedəcəyimiz aydın olacaq. Bütün beynəlxalq ictimaiyyətə aydındır ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

Məmmədyarovun yaratdığı gözlənti və reallıq

Məmmədyarov açıqlamasında qeyd edir ki, 1 aydan sonra danışıqların hansı istiqamətdə getməsi aydın olacaq. Lakin nazirin bu açıqlaması ilə hansı gözləntini yaratmasından asılı olmayaraq, reallıq budur ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilmək niyyətində deyil. İsveçrədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəndən sonra Ermənistan prezidenti Serj Sarkisyan da qəti şəkildə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması prinsipi ilə həll edilməyəcək. Yəni, Ermənistan Dağlıq Qarabağ bölgəsini Azərbaycana qaytarmaq niyyətində deyil, ətraf rayonları da o halda qaytara bilər ki, Azərbaycan Dağlıq Qarabağı ya “müstəqil subyekt” kimi qəbul etsin, ya da Ermənistana birləşdirilməsinə razı olsun. Azərbaycan da bu tələblə razı deyil. Rəsmi Bakının mövqeyi budur ki, Dağlıq Qarabağla yanaşı, ətraf rayonlar da Azərbaycana qaytarılmalıdır.

Sarkisyan sözünü deyib, bəs Azərbaycan...?

Başqa sözlə, münaqişə tərəfləri arasında ziddiyyətlər açıq formada ortadadır, bu da problemin həllinə mane olur. Ermənistan istər müstəqil, istərsə də iddia edildiyi kimi Rusiyanın təsirləri altında torpaqları geri qaytarmaq istəmir. Bunun fərqi yoxdur, reallıq budur ki, heç bir halda nə Rusiyanın, nə də Ermənistanın münaqişənin Azərbaycanın istəkləri daxilində həllinə razılığı yoxdur. Azərbaycan isə bu vəziyyətdə sonuncu alternativ kimi müharibəyə başlamaq niyyətindəymiş kimi görünmür. Ehtimal da budur ki, istər beynəlxalq təzyiqlər, istərsə də Rusiya kimi super-gücün Ermənistan tərəfində yer alması Azərbaycanı sonuncu variantı nəzərdən keçirməsinə mane olur. Lakin bu, torpaqların işğalda qalması reallığını dəyişdirmir. Vəziyyət də elə bir həddə çatıb ki, nə Azərbaycan, nə Rusiya, nə də Ermənistanın problem barədə hansı düşüncədə olması barədə fikir yürütmək müşkül məsələyə çevrilib.



“Danışıqlar fərqli istiqamətdə aparıla bilər”

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, son 4 ayda Qarabağ münaqişəsi ətrafında aktivlik müşahidə olunur. Politoloq qeyd edib ki, oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüş ən yadda qalan hadisədir: “Bu görüşdə tərəflər danışıqların davam etdirilməsi və cəbhə xəttində atəşkəs rejiminə riayət edilməsi barədə ümumi razılığa gəliblər. Hazırda danışıqlar Minsk Qrupu formatında, həmçinin Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərliyi səviyyəsində aparılır. Burada münaqişənin həllində əsas moderatorluğu Rusiya edir və onun irəli sürdüyü təkliflər üzrə danışıqlar aparılır. Lavrovun Bakı və İrəvana səfəri və nazirlər səviyyəsində keçirilən görüşdən də görünür ki, Azərbaycan tərəfi hələ də danışıqların nəticə verəcəyinə ümid edir. Elmar Məmmədyarov erməni həmkarı ilə görüşündən razı qaldığını dedi. Bir aydan sonra yenidən XİN rəhbərləri görüşəcəklər və bu görüşdən gözləntilər var. Hesab edirəm ki, bu görüşdə də işğal edilmiş ərazilərin qaytarılması barədə hansısa anlaşma olmayacaq və sənəd imzalanmayacaq. Mümkündür ki, bundan sonra danışıqlar fərqli istiqamətdə aparılsın”.

M.Əsədullazadə qeyd edib ki, gələn ilin aprel ayında Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra yeni konstitusiya uyğun olaraq, dövləti baş nazir idarə edəcək: “Hazırkı prezident Serj Sarkisyanın prezidentlik müddəti bitdiyindən baş nazir kimi hakimiyyətdə qalmaq iddiasındadır. Buna görə də Sarkisyanın Qarabağ münaqişəsində hansısa real razılığa gəlib, işğal olunmuş ərazilərin boşaldılmasına gedəcəyi inandırıcı görünmür. Amma bu siyasəti Sarkisyana daxildə əlavə problemlər yaradacaq. Lakin buna baxmayaraq, Azərbaycan fəal diplomatik danışıqlar aparsa da Rusiya imkan verməyəcək ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etsin. Rusiya öz şərtləri ilə Azərbaycanın qarşısına həll variantlarını qoyub”.

Mənsur

Cebhe.info
Tarix: 15-12-2017, 21:00
Xəbəri paylaş





Xəbər lenti