Azərbaycan xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn Publika.az-a müsahibə verib.Siam.az həmin müsahibəni öz oxucularına təqdim edir:– Pənah bəy, sizdən ikinci dəfədir müsahibə alıram.– Hə, yadımdadır…
– Bir dəfə məni “Yeni Müsavat” qəzetinin redaksiyasına dəvət etmişdiniz, indi isə “Ümid” Partiyasına. Özünüzün yeriniz-yurdunuz yoxdurmu?
– Keçən bazar günü burada – Ümid partiyasının ofisində bizim partiyanın qurultayını keçirdik. İqbal bəylə şəxsi münasibətlərimiz yaxındır. Bir yerdə həbsxanalarda, məhkəmələrdə olmuşuq. Ümumiyyətlə, İqbal bəy bəzilərinin gördüyündən və düşündüyündən fərqli olaraq, yaxşı oğlandır. Bizim gələn ildən yeni layihələrimiz olacaq, bu ofis də o layihələrdə müəyyən rol alır. Amma sizi müsahibə üçün bura dəvət eləməyim sırf təsadüfən oldu.
– Özünüzün ofisiniz var?– Yoxdur.
– Bəs “Xalq” Partiyası harada yerləşir?– Partiyamın hüquqi ünvanı var, amma qərargahı yoxdur. Onsuz da, indi bir çox partiyaların qərargahı yoxdur. Əlbəttə, ofissiz fəaliyyət göstərmək çətindir. Amma indi virtual ofislər hər yerdə var. Ofisin olmamağı o demək deyil ki, partiya da yoxdur.
– Maraqlıdır, “Yeni Müsavat” və “Ümid”lə sizin mövqeyiniz üst-üstə düşürmü?– Rauf bəylə dostuq. Amma onun indiki siyasi və mətbu mövqeyi ilə mənim siyasi və mətbu mövqeyim əlbəttə ki, üst-üstə düşmür. İqbal bəylə də siyasi baxışlarımız və görüşlərimizdə xeyli fərqlər var. Mən ümumiyyətlə, siyasi baxışlarla şəxsi münasibətləri bir-biri ilə qarışdırmamağın tərəfdarıyam.
– Bildiyimizə görə, heç yerdə işləmirsiniz. Bəs necə dolanırsınız?– Bizim ailənin aylıq büdcəsi 1500-2000 min manatdır. Bunun 250-300 manatı mənim üçün ayrılır. Oğlum işləyir, gəlinim işləyir, qızım işləyir… Birtəhər dolanırıq. Allah yetirir.
– Maddi kömək eləyənlər olurmu?– Bəli, olur. Məsələn, məni tez-tez toya çağırırlar. Hamısına pul yazdırmaq mümkün deyil. Toyların böyük bir hissəsinə mənim əvəzimə dostlarım pul yazdırır. Bayramlarda bayram payları göndərənlər olur. Amma desəm ki, mənə böyük kömək eləyənlər var, yalan olar. Nə var, bərəkətdir.
– Pənah bəy, siz İsa Qəmbərlə küsülüsünüz?– Yox!
– Bəs onun rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzinin tədbirlərində niyə gözə dəymirsiniz?– Həm Əbülfəz Elçibəyin, həm də İsa bəyin siyasətinin müəyyən olunmasında rol oynayan adamlardan biri də mən olmuşam. Sonralar isə İsa bəylə müəyyən fikir ayrılıqlarımız oldu və düşündüm ki, bir az kənara çəkilim, bəlkə mənsiz İsa bəyin işləri daha yaxşı gedər. Və təxminən, iki ildir İsa bəyin siyasətinin müəyyən olunmasında rolum yoxdur.
– Gənc siyasətçi Tural Abbaslı da Müsavat Partiyasından ayrılıb yeni bir partiya yaratdı. Uzaqgörən bir siyasətçi kimi gənclərin bu işinə münasibətiniz necədir?– Təbii, Tural bəyə uğurlar arzulayıram. Amma mənim düşüncəm bundan ibarətdir ki, köklərdən əl çəkmək lazım deyil. Müsavat Partiyasından, Müsavat idealogiyasından, milli demokratik düşərgədən çıxmış gənclərin birdən-birə guya ağ səhifə kimi ortalığa çıxmasını mən uğurlu hesab eləmirəm. Amma bunlar mənim subyektiv fikirlərimdir. Bəlkə Tural bəy göstərəcək ki, yeni kök atmaq da mümkündür. İkincisi, yaxın 10-15 il hələ bizimdir. Gənclər bir şeyə nail olmaq istəyirsə, bizim nəslə kömək eləməlidir. Hələ bizim dövrümüzdür. İndidən gənclərin çiyninə böyük məsuliyyət və iş qoyulmasının əleyhinəyəm. Gənclərin görəcəyi işlər hələ qabaqdadır. Onların hələ 40 il vaxtı var. Bizdə isə az qalıb.
– Pənah bəy, bayaq Sabir Rüstəmxanlı ilə danışırdım, dedim ki, sizdən müsahibə almağa gəlirəm. Haqqınızda xoş fikirlər dedi, amma…– Bilirsiniz, Kəramət bəy, indi postmodernist yanaşma deyilən bir şey var, artıq ömrünün sonunu yaşamaqdadır. Bu yanaşmanın daşıyıcıları tərəfdən ən çox tənqidə məruz qalan ziyalılarımızdan, yazarlarımızdan biri də Sabir Rüstəmxanlıdır. Amma fakt budur ki, 1987-88-ci illərdə Sabir bəyin “Qan yaddaşı” kitabı bir çox masaların üstündə idi. Millət onu oxuyurdu. Sabir bəy Azərbaycan ictmai-siyasi fikrinin, milli şüurunun formalaşmasında əhəmiyyətli yer tutur. Və bu gün də barmaqla sayılacaq ziyalılarımızdan biridir.
– Amma Sabir bəy dedi ki, Elçibəyin prezident olması nə qədər böyük səhv idisə, Pənah Hüseynin Baş nazir olması da o böyüklükdə bir bir yanlış idi…– Əvvəla, fikirlərə hörmətlə yanaşmaq lazımdır. İkincisi, Elçibəyin prezident olması səhv yox, labüd idi. Böyük bir inqilab gedirdi, bu inqilabın da təşkilatçısı Xalq Cəbhəsi idi. Xalq Cəbhəsinin də qeydsiz-şərhsiz lideri Elçibəy idi. Və bu siyasi mübarizə də öz məntiqi sonu kimi Elçibəyin prezident seçilməsi və hakimiyyətinin formalaşmasını gətirdi. Həmin prosesdə Pənah Hüseynin də oynadığı rol vardı və Baş nazir olması da tamamilə təbii idi.
– Heç Baş nazir olmağın ləzzətini yaşadınız, yoxsa gəlməyi ilə getməyi bir oldu?– Kəramət bəy, yeri gəlmişkən, mən sizin “Vəzifə” hekayənizi oxumuşam. Amma səmimi deyirəm, mənim üçün bu sualınız çox primitiv görünür. Çünki elə məsələlər var, onu gərək yaşayasan, duyasan, sonra danışasan. Bu sualın qoyuluşu, üslubu, forması, səviyyəsi çox aşağıdır. Bir vəzifə haqqında “ləzzətli” ifadəsini işlətməyiniz doğrudan da, çox yanlış bir şeydir.
Həbsxanada qaldığım vaxtlar idi. Səhər yuxudan oyananda əl-üzümüzü yumaq üçün növbə olurdu. Orada qanlı tüpürcəkdən ayaq basmağa yer olmurdu. Çünki 700 nəfər dustağın yarıdan çoxu vərəm idi. Elə yerdə olan həzlər Baş nazir vəzifəsindəki həzlərdən heç də az olmur. O cümlədən sən özünü o qanlı tüpürcəyin içində Baş nazir olduğundan da yüksək hiss eləyə bilərsən. Yəni nədənsə ləzzət almaq insanın öz halı ilə bağlı olan məsələdir. Ona görə də məsləhət görürəm ki, daha bu sualı heç kimə verməyəsiniz. Xüsusən, bizim tip insanlara. Təkcə ona görə yox ki, bizdə qıcıq yaradır. Həm də sizin haqqınızda yaxşı təəssürat formalaşdırmır.
– Belə çıxır ki, həbsxana həyatınız Baş nazir vəzifəsindən daha çox yadda qalıb…– Təbii, həbsxanada keçən günlər də bizim ömrümüzün tərkib hissəsidir.
– Dostunuz Rauf Arifoğlunun həbsxana ilə bağlı maraqlı xatirələri var… Bəs içəri sizin yadınızda necə qalıb?– Rauf bəylə mən həbsxanada “ölüm korpusu”nda qalmışıq. İlk iki ayda Amerika filmlərində olduğu kimi çox sərt həbsxana rejimimiz olub. Amma Rauf bəy ora çöldən buğlana-buğlana isti xəngəl gətizdirib. Ümumiyyətlə, Rauf bəy kənardan xasiyyətcə o qədər də simpatik görünmür. Mən onu lap gəncliyimdən tanıyıram. Əvvəlcə elə bilmişdim Maştağadandır. Saqqal, başında da papaq vardı. Özünü çox yekə aparan bir adam təsiri bağışlamışdı. Amma mən həbsxanada tamamilə başqa bir Rauf gördüm. Bəlkə də çoxları onun necə qayğıkeş, dostlarının, yoldaşlarının işinə gələn, çəkinməyən, qorxmayan bir adam olduğunu bilmir. Mən isə onun bu xüsusiyyətlərinin hamısını birlikdə həbsxanada qaldığımız vaxtlarda görmüşəm.
O ki qaldı həbsxana yaddaşımda necə qalıb sualınıza… Mən qalan otağın pəncərəsinin – heç ona pəncərə də demək olmazdı, balaca bir yer idi – ağzına bir göyərçin qonurdu. O göyərçinə bir dəfə çörək qırıntısı verdim. Səhəri gün göyərçinlərin sayı çoxaldı. Və çörək qırıntılarının üstündə bir-birini qırmağa başladılar. Sözün düzü, həbsxana ən çox o göyərçinlərlə yadımda qalıb.
– İçkiyə, siqaretə münasibətiniz necədir?– Ola bilər kimsə bir-iki dəfə siqaret çəkdiyimi görsün, amma ümumiyyətlə, siqaret çəkən deyiləm. Arağı isə 1979-cu ildən bəri içməmişəm.
– Dini baxışlarınıza görə içmirsiniz?– Yox. Bir nəfərə “sən öl” vurmuşam ki, araq içməyəcəm, o gündən bəri də içmirəm. Arada çaxır, pivə, konyak içirdim. 1984-cü ildə isə aspiranturamla bağlı Moskvada qalası oldum. Ailəmi də aparmışdım. Oradakı vəziyyətə baxdım, fikirləşdim ki, ailə ilə burada içmək alınmaz. Və birdəfəlik spirtli içkilərdən uzaqlaşdım.
– Bildiyimizə görə, əvvəl atesit olmusunuz… Hə?– Bəli, əvvəl ateist olmuşam. İndi dindaram.
– Namaz qılırsınız?– Qılıram.
– Gündə neçə dəfə?– Bəzilərinin dediyi kimi gündə üç dəfə, beş dəfə olmasa da, namaz qılıram.
– Maraqlıdır, “Quran”ı axırıncı dəfə nə vaxt oxumusunuz?– “Quran”ı ateist olanda oxumuşam. Ümumiyyətlə, mən çox mübariz ateist olmuşam. Ateizmi əqidəyə çevirmişdim və dini insanlığın əsas problemi hesab eləyirdim…
– Bəs necə oldu ki, dinə gəldiniz?– Mənim universitetdə diplom işimin mövzusu islam sosializm nəzəriyyələri ilə bağlı idi. “Quran”ı oxumaq isə o dövrdə qadağan idi. Yalnız bu mövzuya görə icazə ala bildim. “Quran”ı təbii ki, ərəb dilindən oxumamışam. Müxtəlif tərcümələrdən oxumuşam. Sizə də məsləhət görürəm ki, məsələn, Vasim Məmmədəliyevin və Ziya Bünyadovun birlikdə tərcüməsini heç olmasa, beş səhifə oxuyasınız…
– Oxumuşam…
– Ürəkdən oxusanız, özünüzü sanki, nəyinsə içində hiss edəcəksiniz. Mən “Quran”ı oxudum və ilk təəssüratım ondan ibarət oldu ki, burda pis nə var ki, qadağan eləyiblər?– İndi cənnətə, cəhənnəmə inanırsınız?– Cənnəti və cəhənnəmi məntiqə, ağıla, rasional şüura sığdırmaq doğru deyil. Məşhur bir tarixi hadisə var. Peyğəmbər meracdan gələndən sonra orda baş verənləri danışmağa başlayır. Onda bir qrup müsəlman peyğəmbərə qarşı çıxır və deyirlər ki, ona görə sənə yaxınlaşdıq ki, bizə xurafatdan, cəhalətdən, nağıllardan uzaq, doğru-düzgün təlim verəsən. Amma sən də xurafat və nağıl danışmağa başlamısan. Ona görə bizim sənə inamımız azaldı. Digər qrup isə peyğəmbərə deyir ki, ya Allahın rəsulu, sənin dediklərin bizim ağlımıza batmır. Amma sən deyirsənsə, biz inanırıq.
Doğrudan da, cənnətə, cəhənnəmə və bir çox dini məsələlərə bu şəkildə yanaşmaq lazımdır. Allaha, “Quran”ı peyğəmbər vasitəsilə göndərdiyinə inanırsansa, o kitabda yazılanlara da inanmalısan. Orda deyilirsə ki, cənnət var, cəhənnəm var, bunu bu şəkildə də qəbul eləyirsən. Bu bir haldır. Dediyim kimi, mən vaxtilə ateist olmuşam və ateist olmağın da halını bilirəm.
– Son sualım… Vaxtilə Milli Məclisdə dediyiniz məşhur bir söz var: “Allah yalançının evini yıxsın!”. Axı “Quran”a görə qarğış eləmək günahdır…
– Bəli, bizim dində qarğış eləmək günah sayılır. Çalışmaq lazımdır qarğış eləməyəsən. O dövr çox çətin vəziyyətdə olmuşuq, elə bir hal olub ki, qeyri-iradi ağzımdan elə bir qarğış səslənib. Amma mən onu konkret olaraq etiraz elədiyim adamın evinin yıxılması üçün deməmişəm. Söhbət konkret evdən də getmir.
Kəramət Böyükçöl
Tarix: 19-12-2017, 20:54